eee
Məqalələrim

Sahibkarlıq haqda əfsanələr

    Sahibkarlıq fəaliyyəti ölkəmizdə olduqca romantikləşdirilmiş fəaliyyət növlərindəndir.

     Hərkəs sahibkarları zəngin, pulu çox, villalarda yaşayan, daim bahalı avtomobillərdə, 5-ulduzlu otellərdə kef edən, bir dəfə iş qurduqdan sonra yeganə işi pul saymaq və gəzəcəyi ölkələri seçmək olduğunu düşünür.

     Bu yazımı yazmağımın məqsədi, sahibkarlıqla məşğul olan insanarın ƏSL vəziyyətlərini göstərmək məqsədi ilə projektor və rəngli işıqlarla dolu səhnənin arxasını insanlara göstərməkdir.

  MİSAL. Bir sahibkar təsəvvür edin – geyim mağazası var, mərkəzdə yerləşir və aylıq 20.000 AZN satışı var.

     Hərkəs, 20.000 manatı görür və bunun mənfəət olduğunu düşünür.

     Gəlin pərdəni qaldırım və səhnə arxasına baxaq.

     20.000 AZN gəlir – ən az 10.000 maya dəyəridir.

     3.000 AZN mağaza və anbar kirayəsi

     3.000 AZN maaşlar (mağaza rəhbəri,  satıcı, xadimə, anbar)

     Kommunal, internet, telefon, vergilər, muhafizə xidməti, reklam vs – 3.000 AZN

     Nə qədər qaldı? 1.000 AZN. Əgər qalsa.

     Amma gəlin səhnə arxasına bir az daha dərinə gedək.

     20.000 AZN satış etmək üçün anbarda heç olmasa  40.000 AZN.lik  mal  olmaldır. Bu, ölü puldur.

     Bir az daha dərinə gedək səhnə arxasına.

     Ayda heç olmasa bir dəfə Türkiyəyə, Çinə, Dubaya uçmalıdır? Alın sizə ən az 1000 AZN daha. Bu hansı 1.000 manatdır? Bəli, özünə qalan 1.000 manat.

     Elə bilirsiniz ki, xaricə gedəndə sahibkar 5 ulduzlu oteldə qalır? Yox. Ən yaxşı halda ucu 4 ulduzluda qalır – adətən isə 3 ulduzluda – xərcləri çoxdur deyə.

     Xaricdə nə edir? Gəzir, yeyib içir, tarixi yerləri gəzir? Yenə də yox. Ayağındakı ayaqqabı cırılana qədər, ayaqları şişənə qədər gəzir, mal seçir.

     Xaricdə rahatdır adam? Yenə də yox. Mağazadan zəng gəlir – sahə müfəttişi gəlib, müdiri soruşur və kobud danışdı. Al sənə stres.

     Malı gətirəndə Bakıya gömrükdə stres yaşayır? Bəli. Hər qəpik üçün vuruşmalıdır. HƏR QƏPİK.

     Bura əlavə edin böhranları, bazarda çalxantıları, böyük rəqiblərin oyunlarını.

     İlk devalvasiyadan sonra səhər idman zalında idim. Bir işadamı dostumu gördüm. Bir gecədə saçları ağarmışdı. Yüz minlərlə manat pulu itirmişdi. Bir gecədə. Heç bir səhvi, günahı olmadan. Yox, səhvi vardı – inanmışdı ki, devalvasiya olmayacaq.

     Bunlara dövlət qurumlarının “ziyarətlərini” də əlavə edin. Bölmə rəisi peşəkar bayramda “təbrik” gözləyir… Cəsarətin çatırsa, təbrik etmə..

     İş bir dəfə quruldu – sonra yat, pulları say. Uzun illərin idarəçisi kimi tam məsuliyyətlə sizlərə deyirəm – iş bir dəfə qurulmur. Hər gün qurulur. Hər həftə. Hər ay.

     25 Aprel 2017.ci ildə Sahibkarla Günü kimi təyin ediləndə mən ASAN Radioya müsahibəyə dəvət edildim və orada sahibkarlarla əlaqəli bir neçə ana məqamı qeyd etdim :  

  • Sahibkarlıq, olduqca mürəkkəb və məsuliyyətli fəaliyyətdir;
  • Azərbaycanın gələcəyi ANCAQ 2 məyyara bağlıdır : təhsilin və sahibkarlığın inkişafına;
  • Azərbaycanda sahibkarlıqla məşğul olmaq QƏHRƏMANLIQDIR.

    Sahibkarlarımıza dövlət və xalq olaraq sahib çıxmalıyıq!

Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU (kurs haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

Sahibkarlıq haqda digər məqaləm – ƏFSANƏLƏR-2 (keçid almaq üçün klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin