manipulation
Məqalələrim

Sahibkarla MANİPULASİYA edən yaxınları. Nə etməli?

     Uzun müddət müxtəlif firmalarda rəhbər vəziələrdə işləmişəm. Əsasən işi dəvət almağımın və cəlb edilməyimin məqsədi, şirkətdə idarəçilik sisteminin qurulması – iş şəxslərə bağlı olmasın, işlər daha effektiv aparılsın, xərclər azaldılsın, idarəçilər daha bilgili olsun, şirkət sahibinin qurduğu biznes daha uzun ömürlü olsun, işə peşəkarlar cəlb edilsin, vs.

     Sahibkarlara çox yaxın olduğuma görə onların ən çox güvəndikləri və ətraflarında olan qohum-əqrəba-dost-tanışlarının rəhbərin zəifliklərindən necə öz mənafelərinə görə suistifadə etdiklərinin dəfələrlə şahidi olurdum.

     Bu məqaləmdə, sahibkarların başlarına açılan oyunlardan, onlara qurulan tələlərdən yazıram və bu vəziyyətdən çıxış yollarını təklif edirəm. Düşünürəm ki, bu məqalədə yazılanları miqyasından asılı olmadan bir çox sahibka özünə yaxın görəcək.

  1. Bir sahibkarın beynini düşünün : qonaqlar, görüşlər, ziyarətlər, dövlət qurumları, maaş ödəmələri, gecikdirilən işlər, öhdəliklər, borclar, müzakirələr, uzun müddətli işlər, xaricə tələlsik səfərlər… Beyin və yaddaş buna dözə bilməz. Buna görə də bəzən verdiyi sözləri unudan sahibkara bir neçə dəfə sözünü yada salan və bu xüsusiyyətini bilən insanlar, artıq demədiklərini də onun sözü kimi böynuna qoyurlar. Standart dialoqda bu belə olur :

     Sahibkar : “Bu qərarı kim verdi və mənim niyə xəbərim yoxdur?”

     İdarəçi : “Müəllim, Siz dediniz. Yadınızsa deyil?” (üstü örtülü günahlandırma)  və əlavə edir “O gün iclasdan sonra Sizinlə söhbət etmişdik, o zaman dediniz” (təfərrüatı da yadına salan kimi olur).

     Yadına salmaqda çətinlik çəkən sahibkar sözünü də geri çevirə bilmədiyinə görə, məcbur demədiyini qəbul etməli olur. Məsuliyyət də özündə qalır.

  1. Hər insanın beyin konsentrasiya və diqqətini toplaması zaman və məlumat həcminə məhduddur. İncə xətti tutan sahibkarın yaxınında olan insanlar bundan istifadə etməyə çalışırlar. Təcrübəmdə bir neçə böyük biznes sahibkarları vardı – onların konsentrasiya gücü ancaq 2 mövzuya tam bəs edirdi. 2 mövzu müzakirəsindən sonra beyni yorulan insan üçün növbəti mövzularda diqqəti toparlamaq çətin olurdu. Bunu bilən ətrafındakı insanlar bu sahibkarlara yeni mövzuları təqdim edərkən həm də qısa yoldan həlli yollarını da təqdim edirdilər – amma öz lehlərinə olan formada.
  2. Sahibkarın güvəndiyi insanın şirkətdə öz məqsədləri üçün sahibkara məlumatı isədiyi hissələri ilə təqdim etməsi. Şəxsi təcrübəmdən misal. Holdinqin maliyyə direktoruna güvəndiyinə görə geniş səlahiyyətlər verilib. Holdinqin nəzdində olan fabrikə yeni direktor təyin edilir – maliyyə rəhbərinin qruplaşmasından olmayan insan. O fabrikin məhsullarının qiymətini bir anda yüksəldən maliyyə direktoru, uzun müddətli quyu qazır yeni direktora. 3 ay sonra yüksək qiymətə görə satışlar azalır – və maliyyət direktoru holdinq sahibinə “müəllim, bu adam bacarmır, satışlar düşdü” deyə məlumat verir və direktorun işdən çıxarılaraq, yerinə öz adamının təyin edilməsini əldə edir. Təbii ki, qiymətlər endirilir və satışlar yüksəlir. Bir ay sonra xoşbəxt maliyyə direktoru sahibkara xoş xəbər verir – yeni direktorla satışlar yüksəldi. Nəticədə isə görün nə olur – şirkətin imicinə bazarda zərbə dəyir (əsassız yerdə qiymətlə oynayır) + işəgötürən imicinə zərər dəyir (işdən çıxarılan direktor olanları hərkəsə danışır) + şirkət bazar payını itirir (qiymət yüksələndə bazar payını rəqiblər alır). Yəni, itirən yenə də sahibkarlar. Bəs kim qazanır? Maliyyə direktoru, çünki öz adamını təyin edir vəzifəyə + sahibkarın qarşısında doğru insan təyin edən və holdinq üçün can yandıran adam olur.
  3. Bir digər aldadma üsulu – şirkət sahibinə işçilər adından səhv məlumatların verilməsidir. Rəhbərin işçilərin düşüncələri və fikirləri haqda məlumatlı olmadığından əmin olduğuna görə ətrafında olan insanlar özlərinə uyğun olan şərtləri işçiləri adından qopardırlar.
  4. Sahibkarın kefinin yaxşı və ya pis olduğuna görə mövzuların ona təqdim edilməsi. Sahibkarın əsəbi halda emosinal vəziyyətdə dərhal və tələskən qərar verdiyini bilən ətrafdakılar, rəhbəri əsəbi vaxtında özlərinə uyğun formada məlumatı təqdim edirlər və bir az da məlumata öz rəylərini əlavə etdikdən sonra istədiklərini əldə edirlər. Daha sonra sakitləşən sahibkar nə etdiyini görür – amma artıq gec olur.
  5. Sahibkarın məşğul olduğunu bilən insanlar ona veriləcək məlumatı qəsdən gec verirlər – və məsələ aktuallığını itirir;
  6. Sahibkar üçün vacib olan bir insanı süni şəkildə ondan uzaqlaşdırırlar – daha sonra müxtəlif psixoloji təsirlərlə elə edirlər ki, o adam işdın ayrılsın. 3 həftə sonra sahibkarın yadına o gənc mütəxəssis düşür – filankəs necə oldu? Hardadır indi? – Müəllim, o getdi, başqa təklif gəldi. Təbii ki, sahibkarın araşdırmağa zamanı yoxdur. Bəs zərər kimə dəyir? Sahibkara;
  7. Sahibkar tapşırıq verir. Cavab olaraq qəti və dəqiq “Bəli, oldu müəllim, elə indi başlayıram, 100 % edəcəm” tərzində cavab olur. Və sahibkarın işi tapşırdıqdan sonra təqib etmədiyini bilən yoldaş işi boş verir. 2 həftə sonra layihəni yadına salan sahibkar layihənin gedişatı haqda sual verir və “müəllim, az qalıb, bitəcək, bilirsiniz də, camaat bizdə necə işləyir” deyə cavab alır. Nəticə? 3 günlük işin icrası 1 ay çəkir.

     Əslində bütün bunların baş verməsinin bir neçə səbəbləri var və səbəblər də ANCAQ sahibkarın özünə və idarəçilikdə etdiyi səhvlərə bağlıdır.

     Birinci səhv odur ki, ən yaxın insanların belə şirkəti və sahibkarı düşünəcəyinə güvənmək və buna inanmaqdır : insanlar, və əsasən də yüksək vəzifədə olanlar,  əksər hallarda öz maraqlarını güdürlər. Nə qədər sahibkar tanıyıram ki, ən yaxın qohumları və hətta övladları da onlara bilərək və qəsdən zərər veriblər – öz rahatlıqları və şəxsi mənafeləri üçün.

 

BƏS NƏ ETMƏLİ? BELƏ HALLARDA MƏN SAHİBKARLARA NƏ MƏSLƏHƏT EDİRƏM?

     – İlk öncə məsləhətim budur ki, ətrafınızda olan qohum-əqrəba-dost və tanışlarınızın yaxşı niyyətinə güvənməyin. Demirəm inanmayın – inanın, amma etibar etməyin. Buna görə də tədbirli olmaqda fayda var;

     – Özünüzə emosional qərar verəməyi qadağan edin – bundan istifadə edəcəklər. Gərgin, əsəbi, stresli olduğunuzda sadəcə susun və qarşınızdakı insan dərhal cavab gözləsə belə, məsələ haqda fikirlərinizi sonra deyin. Əksər hallarda sahibkarı bilərək zamanla sıxışdıran adamlar özünə uyğun cavabı almaq üçün yalan danışır;

     – Hansısa bir mövzuda 1 % belə olsa obyektivlikdən şübhəniz olsa – “yox” deyin. Tanıdığım bir sahibkar var – xarici vətəndaşdır və bu gün də Azərbaycanda uğurlu fəaliyyət göstərir – əsla çox düşünmədən heç bir mövzuda fikir belə bildirməz. Uzun-uzun dinləyəcək və cavab verməyəcək – bir neçə gün zaman istəyəcək. Əgər kimsə ondan təcili cavab istəyirsə- qəbul etmir. Və təcrübə göstərir ki, adam haqlıdır;

     – Daim əliniz şirkətin nəbzində olsun və bunun üçün də Sizə obyektiv məlumat verən alternativ mənbələriniz olsun. Fərqli mənbələrdən məlumatınız olduqda daha dərin təhlil etmə və daha doğru və SİZİN ÜÇÜN faydalı olan qərarlar almaq imkanınız olacaq. Belə bir halda qısa müddətdə Sizi necə ən güvəndiyiniz insanların aldatmağa çalışdığını görəcəksiniz;

     – Tapşırıqları yazı ilə, ən yaxşısı isə mail ilə verin və mail ilə də cavab tələb edin. Qısa yazı belə olsa – amma yazı ilə olsun, çünki yazı bütün verilən tapşırıqları fiksasiya edərək dəqiqləşdirir. Yazını danmaq olmayacaq. Şifahi tapşırıq verməkdən isə qaçının;

     – Ətrafınızda olan insanların real problem və ehtiyaclarını, güclü və zəif tərəflərini bilin. Bunu bilməlisiniz. Belə bir halda istənilən təklifin və fikrin su altı hissədə olan gözə görünməz məqamlarını başa düşəcəksiniz. Mənim bir köməkçim vardı – bütün ölkədə olan layihələrin pis olduğunu sübut edərək ancaq xaricdə olanları dəstəkləyirdi ki, xaricə səfərlərə getsin. Ölkədə, yanımızda canlı pul yatdığı halda xaricdə böyük yatırım edərək iş gördürməyə çalışırdı;

     – Verdiyiniz tapşırıqları bir yerə qeyd edin və daim daha qısa müddətli zaman dilimlərində insanlara soruşun. Ətrafınızda olanlar əmin olmalıdırlar ki, verilən tapşırıqlar soruşulacaq və rəhbər  heç nəyi unutmur.

 

    Bu problemin olması normal deyil, çünki şirkət sahibinin ətrafında olan insanlar ona yaxın olduqlarına görə onun zəif tərəflərini bilərək bundan istifadə edirlər. Buna görə də şirkət sahibkarı sükanı möhkəm şəkildə əllərində tutmalıdır – yuxarıda qeyd edilən kiçik alət və texnikalarla.

Sahibkarlar və Rəhbərlər üçün Biznes KONSULTASİYA (konsultsiya haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *