mobb
Məqalələrim

Azərbaycan şirkətlərində MOBBİNQ – psixoloji təzyiqlər, izolasiya, sıxışdırma

     Mobbinq nədir?

     Vikipediya deyir ki, mobbinq – insana iş yerində göstərilən psixoloji zorakılıqdır.

     Heyvanlar dünyasında otyeyənlər sürüsü bəzən bir yırtıcıya hücum edir (bioloq Konrad Lorentz tərəfindən təsvir edilən bir fenomen) – bu hala da mobbinq deyilir.

     Pxisoloq və tibb alimi Heinz Leymann  ilk dəfə bu mövzuda İsveçdə araşdırmaları 1980.li illərdə iş yerlərində aparıb. O, bu davranış tərzini mobbinq olaraq adlandırıb və psixoloji terror olaraq təsvir edib. Daha geniş təsviri isə budur : bir insana qarşı sistemli şəkildə davam edən bir və ya bir neçə insanın düşməncil və qeyri-etik  davranışları. Leymann mobbinqə aid edilən 45 davranış tərzi haqqında yazmışdır : lazım olan məlumatların gizlədilməsi, sosial izolasiya, şər və böhtanın atılması, davamlı tənqid, yalan məlumatların yayılması, ələ salma, vs.

     İnkişaf etmiş Avropa ölkələrində xroniki mobbinqlə qarşılaşanların sayı 1-4 % arası dəyişir (və bu da yüz minlərlə insanlar  deməkdir), periodik mobbinqlə isə işçilərin 8-10 %-i qarşılaşır. Bəzi Avropa ölkələrində rəqəmlər daha yüksək ola bilir. 90.cı illərin sonlarında Böyük Britaniya-da 18.3 %, Norvegiyada isə 8.6 % mobbinglə Amerika Workplace Bulying Insitiute tərəfindən 2014.cü ildə dərc edilən araşdırmada qeyd edilir ki, amerikan işçilərinin 27 %-i iş yerində mobinqlə qarşılaşırlar.  (rəqəmləri və məlumatları, Rusiyada dərc edilən Sosioloji jurnaldan almışam-2016).

     Bəs Azərbaycanda necə, mobbinq var?

     İqtisadiyyatımız kimi, mobbinq də bizdə sürətlə inkişaf edib :)

     Bir neçə həftə öncə “Navigator Business Review” adlı online jurnala müsahibəmdə mənə sual verildi : “Bu gün Azərbaycanda idarəçilərin ən böyük problemi nədir?” Mən belə cavab verdim : “Ümumi baxsaq, idarəçilərin ən böyük problemi, kommunikasiyadır – müştərilərlə, personal ilə, öz aralarında. Amma biznes üçün ən böyük problem olan kommunikasiya növü daxildə olandır – “köhnə” və yeni nəsil idarəçilər arasında olan.” Məsələ belədir : Avropa ölkələri, ABŞ, Türkiyə, Rusiyada təhsil alan və Azərbaycana geri  dönən çox sayda gənc idarəçilərimiz var. Müasir idarəçilik sistemləri mövzularında çox geniş və dərin nəzəri biliklərə malik olan bu gənclərin iş təcrübəsi nisbətən ya azdır, ya da ki, xarici təcrübədir. Digər tərəfdən şirkətlərimizdə bir qrup öncəki dövrlərdə real praktika ilə yetişmiş idarəçilər var. Və biznes sahibləri şirkətlərində müasir idarəçilik sistemləri  tətbiq etmək məqsədi ilə işə gəncləri cəlb edəndə, paradoksal bir vəziyyət alınır : gəncləri nəzəri bilikləri ilə yaşlıların praktiki təcrübəsinin birləşməsi və ortaya bir güc və inkişaf çıxarması yerinə şirkətdə toqquşmalar baş verir, təcrübəlilər və daha yaşlı olanlar gənclərə qarşı sərt duruş sərgiləyirlər, və biznes geri gedir. Ofis müharibələrində daha təcrübəli olan və yaşlarına görə psixoloji cəhətdən daha güclü yaşlılar, gənclərə qarşı etdiklərinin adı məhz elə mobbinqdir mobbinqdir – səhv məlumatlar verilir, şaiyələr yayılır, işləri sabotaj edilir, sosial izolasiya edirlər, vs.

     Mən şəxsi karyeramda mobbinqlə qarşılaşmışam mı? Bəli, dəfələrlə. Karyeramın HƏR mərhələsində.

     Bu məqalələrimdə bu mövzuda yazmışam  : (keçid almaq üçün məqalə adını klikləyin)

     Peşəkar həyatın görünməyən hissələri

     Bizə pislik edənlərə qarşı necə davranaq?

     Bir hadisəni danışım.

     Yerli beynəlxalq firmada işləyirdim. Xaricdə tədbirdə idik. Sahibkarın ətrafında qohum, dost və tanışları olan idarəçilər oturmuşdu. Yeganə “çujoy” insan mən idim və masanın uzaq tərəfində oturmuşdum. Sahibkar mənə yüksək səslə “sabah səhər bir neçə məsələni oteldə müzakirə edək” dedi. 10 dəqiqə sonra idarəçi “həmkarlarım” mənə “çıxaq hava alaq” dedilər və küçədə “havamı sıxmağa çalışdılar” :). Biri açıqca bunu dedi mənə : “sən elə bilmə ki, hardasa əvvəlləri nəysə etmisən, və burda da alınacaq. Buranın qanun qaydaları başqadır”.

     Şirkətlərdən birində isə hər gün səhər oyananda özümü həvəssiz, müharibəyə gedən insan kimi hiss edirdim. İşdən daha çox zamanım və enerjim mənə deyilən sözlər, qurulan tələləri kəşf etməyə və onlara qarşı qoymağa gedirdi.

     Peşəkar karyeramda mobbinqin fərqli formaları ilə qarşılaşmışam. Ən son hədd isə, mənə edilən fiziki təqyiq formalı hədə-qorxular olub.

     Mobbinqin əsas səbəbləri əslində çox sadədir :

  • Paxıllıq – daha cavan, daha müasir bilikləri və ya daha çox diqqət mərkəzində olan birinə qarşı;
  • Qorxu – öz karyera və gələcəyi üçün təhlükə görmə.

     Mobbinqin məqsədləri :

  • zəiflətmək və diqqətdən kənara çıxarmaq;
  • həvəsdən salmaq;
  • işdən çıxarmaq və ya insanın özünün bezərək çıxması üçün şərait yaratmaq.

 

     Mobbinqlə üzləşən insan ruhdan düşür, özgüvəni azalır, işə qarşı həvəsi qalmır, işdə nəticələri zəifləmiş olur, enerjisi mübarizəyə gedir.

     Bəzi hallarda sizin dürüstlüyünüz belə sizə qarşı təzyiqlər üçün səbəb ola bilər.  Təsəvvür edin : bir qurumda işləyirsiniz. Əsas idarəçilərin “dolanışıq” yerləri var. Sizin yoxdur. Sizin davranışınızın bir gün sahibkarın diqqətini müsbət mənada cəlb edə bilər. Buna görə də Sizin kimi insanın orda olması belə o insanlar üçün narahatçılıq səbəbidir.

     Azərbaycanda şirkətlərdə mobbinqin fərqli formaları :

     Yerlibazlıq. Ən yayılmış formadır. Bir şirkətdə bu ifrat formada idi – “adınız nədir?” sualından sonra ikinci sual : “haralısan?” idi. Qəbul edilən “standarta” uyğun deyilsinizsə, cavabınızdan sonra üz ifadəsindən belə reaksiya hiss edilirdi.

     Dillərə görə : rus dilli, azərbaycan dilli, ingilis dillilər.

     Oxuduğu ölkələrə görə : Avropada oxuyanlar və ingilis dillilər bəzən Azərbaycanda oxuyanlara yüksəkdən baxır. (amma insanın oxuduğu ölkə ilə bilik və savad səviyyəsi hər zaman birbaşa əlaqli olmur).

     Köhnə komandalar yeni komandaya qarşı. Adətən belə vəziyyət baş verir : şirkət dəyişikliklər etməyə qərar verir və yeni insanları işə alır. Öncədən o şirkətdə işləyən insanlar bunu öz rifahları üçün təhlükə görürlər və yeni komandaya fərqli formalarda təqyizlər göstərməyə başlayırlar : məlumatların gizlədilməsi, tam verilməməsi və ya bilərək səhv məlumatların verilməsindən başlayaraq birbaşa hədə-qorxuya qədər alətlər və texnikalar istifadə edilir. Nəzərə alsaq ki, köhnə komanda adətən daha yaşlı, psixolojik daha güclü, ofis müharibələrindən keçmiş və başqa iş tapma şansı olmayan insanlardan ibarətdir, çox rahat anlaşılır ki, gənclərdən ibarət yeni komanda üzərində ciddi təqyiqlər olur. 

     Mobbinqin baş verməsində kimdir günahkar?

     ANCAQ RƏHBƏR, çünki onun şirkətdə yaradılan ab-havada rolu olduqca vacib və danılmazdır.

     İndiyə qədər işlədiyim fərqli qurumlarda az ya da  çox mobbinq olub. Amma miqyası fərqlənib. Miqyası isə birbaşa sahibkara bağlıdır : sərt, hərkəsə qarşı eyni səviyyədə tələbkar olan rəhbərin şirkətində də mobbinq olur, amma açıq-aşkar olmaz və edənlər də bunu çəkinərək edirlər. Rəhbərin zəif, tələbkar olmayan və ədalətsiz olduğu şirkətlərdə isə “güclülər” qalib olur.

     Mobbinqin olmaması üçün Rəhbərlik nə etməlidir?

  • Şirkət daxilində sağlam ortamın olmasını təmin etmək və insan əlaqələrini davamlı diqqətlə izləmək;
  • Şirkətdə ədalətli karyera inkişaf sistemini qurmaq və qohumluq, yerlilik, dil və digər göstəcirilərə görə seçilmə etməmək;
  • Dedi-qoduçu və intriqa edənlərə qarşı kəskin reaksiya vermək;
  • Şirkətin DƏYƏRLƏRİ və MƏQSƏDLƏRİ olmalıdır – yazılmış, aydın şəkildə ifadə edilmiş və bunları hərkəs bilməli, ANCAQ bunlara görə insanlar seçilməli və qiymətləndirmə də ancaq bunlara görə edilməlidir.

     Mobbinqlə əsasən insanlar işə yeni başlayanda qarşılaşırlar.

     Bəs nə etməli? Necə davranmalı? Necə mübarizə aparmaq lazımdır?

     Ümumiyyətlə, yeni işə başlayan hərkəsə tövsiyyələrim bunlardır :

  • Bir çox mövzularda Sizə verilən suallara ümumi cavablar verin və ya münasibət bildirməkdən qaçının. Sizin ən bəsit və sadə bir cümlənizi elə bir formada çevirərlər ki, özünüz də təəccüblənərsiniz. Bir dəfə böyük bir şirkətdə işə yeni başlamışdım. Naharda yemək verilirdi, amma bir növ yemək. 3.cü iş günümdə bir iş yoldaşım (hələ yaxşı tanımırdım onu) mənə belə bir sual verdi : “Sizcə bir ədəddən ibarət nahar vermək doğrudur mu? Ümumiyyətlə, öncəki təcrübələrinizdə belə hal olub?” Sakit olmağa çalışsa da, səsindən provokator olduğunu hiss edirdim. Ümumi cavab verdim ki, bu və digər mövzular şirkət rəhbərinin baxış açısına bağlıdır. Susdu. Bir həftə sonra mənim yanımda eyni sualı yeni işə başlayan bir gəncə verdi, o da cavab olaraq dedi ki, yox eeee, bu çox azdır, belə bir şey mi olar? 2 dədiqə sonra sualı verən yoldaş (provokator) bir qrup içərisində “filankəs dedi ki, buranın yeməkləri azdır və bu da biabırçılıqdır, mən heç vaxt belə bir şey görməmişəm dedi mənə” dedi;
  • Şəxsi söhbətlərdən uzaq durun. Özünüz haqqınızda nə qədər az məlumat versəniz, o qədər yaxşı olar və dedi-qodu üçün material az olar;
  • İnsanlarla müsbət, amma neytral əlaqələr qurmağa çalışın;
  • Din, irq, dil, reqion, şəhər-kənd kimi həssas mövzularda müzakirələrdən və bu məsələlərdə fikir bildirməkdən qaçının;
  • İmkan varsa, daxili qruplaşmalardan uzaq durun (əksər hallarda bu mümkün olmur). Şirkətdə açıq qarşıdurma varsa, bir qrup üzvləri ilə nahar edərkən belə digər qrup baxışlarını hiss etmək olur. Qruplarla balansı qorumağa çalışın;
  • Dedi-qodulardan mütləq uzaq durun. Biri sizə “filankəs belə dedi” deməsi və sizin ona “aaaa, doğrudan?” deyə rekasiya verməniz, o insanın digərlərinə haqqınızda “o da şok oldu və üzündən hiss etdim ki, bəyənmədi” kimi qələmə verilə bilər;
  • “Dişlərinizi” göstərməkdən çəkinməyin. Bəzən ilk başda açıq və konkret cavab alanda geri çəkilirlər və sizinlə çox “uğraşmırlar”;
  • Şirkət sahibkarları, rəhbərləri ilə şəxsi və ya özəl əlaqələrinizi bildirməyin. Diqqət etmişəm – bəzən hava atmaq üçün “dünən axşam Rəhman müəllim mənə zəng etdi” deyən və səbəbini açıqlamayan və “öz aramızda söhbət etdik” mesajını verən insan bir neçə gün sonra etdiyinə peşman olur. Rəhbərlə əlaqəniz var? Ok, əla. Bunu hərkəsə bildirmək məcburiyyətində deyilsiniz. Bu, sizin üçün qoruma olmayacaq, amma problem olacaq;
  • Birbaşa rəhbərinizi aşaraq bir üst rəhbərlər əlaqə qurmamağa çalışın. Əgər sizdən bir neçə pillə üstdə olan rəhbər sizi otağına dəvət edərək söhbət edirsə, söhbət mövzusunu öz birbaşa rəhbərinizə bildirin. Əks halda onun beynində narahatçılıq və qeyri müəyyənlik qalacaq;

 

Ən əsası isə – səbirli və dözümlü olun. İş həyatında uğur əldə etmək üçün, ancaq bilikli, savadlı və təcrübəli olmaq kifayət etmir – insan həm də pxisoloji olaraq da güclü olmalıdır, ünsiyyət qurmağı və digər insanları əlaqə yaratmağı bacarmalıdır.

     Mövzu ilə əlaqəli bir məqaləm daha var : KARYERA haqda deyilməyənlər- TƏLƏ QURMA və TORBA TİKMƏ – niyə GƏNC KADRLARA işləməyə imkan vermir? (keçid almaq üçün məqalə adını klikləyin)
     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

3 comments

  1. salam bura qeyd olunanlar cox deyerli meslehetlerdi .di gelki bu problemlerle dovlet idaresinde uzlesesen ‘ve bu vezziyeti yaradanda mudriyyet ola bax onda Keremi aglamax tutur

    1. Dövlət idarələrində iş ortamı və digər mövzular özəl sektordan bir az fərqli olur adətən 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *