Mas33
Məqalələrim

Peşəkar həyatın görünməyən hissələri

     Sizə iş həyatınızda pislik edənlərə qarşı aqressiyalı, gərgin olmayın. Anlayışlı olun və onları, olduqları kimi qəbul edin. Bu tip insanlar, karyeranızın bütün mərhələlərində olacaqlar.

     Öz iş həyatımdan Sizə bunu başa salım. Azərbaycanda iş həyatına yeni başlayanda 2000.ci illərin başlanğıcı idi. O illərdə ölkəmizdə nəinki biznes yox idi – biznesin nə olduğu belə bilnmirdi. Bir ildə 5 şirkət dəyişdim. Işləmək mümkün deyildi. Hər yerdə qohumbazlır, dostlar, yerlilər, tapşırıqla gələn insanlar. Bu insanları hamısını birləşdirən bir neçə xüsusiyyətləri vardı :

  • Savad sıfır ;
  • Özgüvən 100 % ;
  • Yeni tanış olarkən adınızdan sonra soruşulan ilk sual “haralısan?” idi;
  • Az-çox işdən anlayışı olan insana qarşı birləşirdilər, çünki o insanı özlərinə təhlükə olaraq görürdülər.

     Təsəvvürünüz tam olsun deyə, bir neçə şirkətdən (ad vermədən) misal çəkim :

  • Təklifimlə şirkətdə aylıq iclaslar keçirilməyə başladı. Müdirlər hesabatları belə veridrilər : yoo, şükürlər olsun, işlər yaxşıdır; hələ daha da yaxşı olacaq; canımızı qoyuruq, hər şey yaxşılaşmağa doğru gedr. Soruşdum – bəs rəqəmlər?!!!
  • Torba tikmə sənətində yeni qədəm qoyanlarla bərabər dövlət qurumlarından gələn bu işin peşəkarları vardı : tələni elə ustaca qururdular ki, insan özü düşürdü və hər hərəkəti ilə batdıqca batırdı;
  • O dövrlərdə qoltuğuna kataloq vurub küçə-küçə gəzən insan özünə marketoloq deyirdi;
  • “Müştəri xidmətləri” sözünün “M”-si belə yox idi. Bir şirkətdən satıcı rəqib firmaya keçdi – BÜTÜN müştəriləri özü ilə apardı – tək telefonla :)

 

     İndi isə mənim vəziyyətimi düşünün : Mərmərə Universitetində “Economics and Business Management” fakultəsi ingiliscə bitirən, ən müasir biliklər, rusca və ingiliscə tam sərbəst, 10 il Türkiyədə yaşayan və illərlə orada işləyən, Türkiyədə satış və marketinqi, idarəçiliyi və idarəçiləri, almanlarla disiplini, punktuallığı və effektivliyi görmüş təcrübəli insan gəlir düşür şirkətə, bu insanların qarşısına…..

     Xaricilərlə görüşlərdə onlarla sərbəst ingiliscə danışmağın, iclaslarda onlar kimi “qulsayağı” oturmamağın və sərbəst fikirlərimi deməyin, sahibkarın təkliflərimi qəbul etməyi kimi hallarda insan özünə qarşı bir qısqanclığın yaranmasını və cəbhənin alındığını açıqca görə bilirdi.

     İdealist düşüncələrimlə və ünsiyyətə açıq olmağımla özüm də bu tərz insanlara çox “material” verirdim. Bəyənmədiyim məqamları rahatca deyirdim, çünki fikirlərimi sərbəst ifadə etməyə öyrəşmişdim, amma bu düşüncələr rəhbərə “bəzədilərək” çatdırılırdı, rəhbərliyin də mənimlə şəffaf danışmağa müdirkliyi çatmırdı bəzən.

     Haqsızlıqla qarşılaşırdım, sərt reaksiya verirdim, işdən ayrılmağa qərar verirdim.

     Bir dəfə böyük bir holdinqin sahibi ona haqqımda verilən səhv məlumata görə mənə səsini yüksəlti, mən də hərkəsin içində ona “mənimlə yüksək səslə danışa bilməzsiniz, mən vəzifəmdən və işimdən öncə bir şəxsiyyətəm” dedim və etiraz olaraq işdən ayrılacağımı dedim. Indi isə o təəccüblənərək mənə “Nədir ki? Mən hərkəslə belə danışıram. Sən indi buna görə işdən çıxacaqsan?” deyə soruşdu.

     İşdən ayrılarkən isə bu torba tikən və tələ quran insanlar mənə qarşı olduqca isti davranırdılar, 10-15 nəfər toplaşırdı ətrafıma və mənə “aaaayyyy, çox üzüldük, sənin kimi insan iş tapacaq mütləq, narahat olma” kimi deyirdilər. Hiss edirdim  hər şeyi, amma sübut edə bilmirdim, çünki bəzən həyatda ÇOX haqlı olursan, bunu hərkəs bilir, amma heç kimə haqlı olduğunu rəsmi şəkildə sübut edə bilmirsən.

     İllər keçdi. Təcrübə topladım. Psixoloji gücləndim, insanları daha yaxşı tanıdım, oxudum, durmadan inkişaf etdim. Sərtləşdim. O insanların hamısı peşəkarlıq, vəzifələr, imkanlar baxımından keçdim və qat-qat daha yüksəkdəyəm. Mənim kimi insanların sayı iş dünyasında artmağa başladı, xaricdə oxuyub gələnlər və sözünü rahat deyən savadlı peşəkarlar çoxaldı.

     Bəzən mənə o dövrlərdə pislik edən, tələ quran o insanları görürəm. Hər dəfə görəndə gözlərinin içinə baxaraq, işlərinin gedişatını soruşuram. Baxışlarımız toqquşanda hər birimiz anlayırıq ki, mən hər şeyi anlamışam. Amma onlardan qisas almayacaq qədər güclüyəm. Türklər demişkən, günahları öz boynuna. Mən onlarla yarışsaydım, qalardım orada və onların taktikasını seçərdim. Mən, özümlə yarışmışam.   

     Daha öncəki dövrlərdə bu mövzularda çox düşünürdüm. Niyə bu insanlar var? Niyə bu insanlar kiməsə torba tikirlər, tələ qururlar? Daha sonra anladın. Səbəbi və cavabı əslində çox sadədir.  Iş həyatı davamlı mübarizədən ibarətdir. Peşəkarlar adətən bilik, savad, təcrübə və əldə etdikləri nəticələrlə mübarizə aparırlar. Lakin savadı və biliyi olmayan insan bunlar edə bilməz. Nə etməlidir? Savadlını geri çəkməlidir, peşəkarın nəticələrinə kölgə salmalıdır, ona məlumat tam verməyərək işini ləngitməlidir, onun dediklərini bilərəkdən səhv formada digər insanlara deməlidir. Torba tikmək və tələ qurmaq da mübarizənin bir formasıdır. Hərkəs də sahib olduğu silahlarla mübarizə aparır – kimi savadı, kimisi də belə.

     Nə demək istəyirəm?

  • Bu gün Sizə pislik edənlər əslində nə edirlərsə, özlərinə edirlər. Biz ancaq özümüzlə yarışmalıyıq. Özünüzü ölçü vahidi olaraq götürün – dünənizi, bu gününüzü və gələcəyinizi;
  • Siz onlardan ayrılacaqsınız, onları keçəcəksiniz, inkişaf edib artacaqsınız, amma onlar elə öz pis əməllləri ilə qalacaqlar;
  • Əsla bu kimi insanlara görə ruhdan düşməyin – bunlar, iş həyatımızın ayrılmaz parçalarıdır və karyeranızın bütün mərhələlərində olacaqlar. Siz, daha səbirli, psixoloji dözümlü və möhkəm olmalısınız və bu insanlara qarşı mübarizə apara bilməlisiniz;
  • Bəzi hallarda sizlərin bilikli olmağınız çox da vacib olmur – biliklərinizi nümayiş etmək üçün özünüzə şərati yaratmalısınız və burada sizin güclü iradəniz, səbirlə mübarizə apara bilməyiniz ön plana çıxacaq.

     Hərkəsə iş həyatında uğurlar arzu edirəm!

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *