16_128
Məqalələrim

KARYERA haqda deyilməyənlər- TƏLƏ QURMA və TORBA TİKMƏ – niyə GƏNC KADRLARA işləməyə imkan vermir?

     
     2001.ci ildən Türkiyədə ali təhsil aldıqdan və orada uzun müddət işlədikdən sonra Azərbaycana böyük həvəs, ümidlər, əminlik və məqsədlərlə geri dönürdüm. Xaricdə beynəlxalq şirkətlərdə topladığım təcrübələri toplamışam, Vətənə böyük fayda verə bilərəm, mən öz bilik və təcrübələrimi paylaşacam.
     Bir il sonra Azərbaycan reallıqları məni nəinki oyatdı və soyuq duş effekti yaratdı – 3 şirkətdə işlədim və hər birindən maksimum bir neçə ay sonra ayrıldım. Şirkətdə o dövr üçün işləyən əksər insanlardan daha bilikli olmağıma, xarici dil bilməyimə baxmayaraq, şirkətə ilk aylardan etibarən anormal fayda verməyimə belə rağmən məndən öncə orda işləyənlər mənim üçün elə peşəkarcasına tələ qururdular ki, mən işdən ayrılmalı olurdum. Və hər dəfə də qarşımda olan 50-55 yaşlı ağsaqqal kişilərə qarşı çox iyrənc hisslərlə.
     Şirkətlərdən birində qəribə yerlibazlıq vardı. Mənimlə tanış olan hərkəs “Adın nədir?” sualından sonra “Haralısan?” sualını verirdi mənə, və “doğru” yerdən olmadığıma görə hərkəs mənə qarşı narazı poza tutmaqla bərabər, sahibkardan da inciyirdilər – niyə axı kənardan biri onun firmasında çörək yeməliydi?
     Bir müddət sonra peşəkar idarəçilik fəaliyyətimə davam etdim, amma Azərbaycanda vəziyyət dəyişmədi, və bu gün də eynidir. Amma daim köhnələrdən, yaşlılardan, yerlibazlıqdan zərər gördüyümə görə özümə söz vermişdim ki, rəhbər olduğumda əsla və əsla bu kimi məqamlara yer verməyəcəm. Buna görə də mənim rəhbərlik etdiyim şirkətlərdə mənimlə işləyən insanlar bu yanaşmalarımı bilir – şirkət daxilində kimin hardan olduğu qətiyyən əhəmiyyətli deyil, yerlibazlıq ən bəsit formada belə qadağandır, qruplaşmalar olmaz, və ən əsası – köhnə komanda ilə şirkətə dünən işə alınan insan arasında fərq qoyulmamalıdır.
     Daim iş dünyasının tam ortasında olduğuma görə orta və böyük şirkətlərimizdə baş verənlər haqda tam məlumatlıyam. Bununla bərabər, daim müxtəlif sahələrdən olan sahibkar, rəhbər və idarəçilərlə, əsasən də işə yeni başlayan gənclərlə ünsiyyətdəyəm və görürəm ki, şirkətlərin inkişafının qarşısını məhz elə köhnə komandanın gənclərə qarşı qurduğu tələlər alır.
     Klassik bir vəziyyət.
     Şirkət böyüməkdədir və sahibkar yeniliklər tətbiq etmək arzusundadır və buna görə də kənardan gənc kadrları işə cəlb edir. Ancaq bir müddət sonra maraqlı bir mərhələ başlayır : işə böyük həvəslə və enerjiylə başlayan gənclərin bir hissəsi işdən ayrılır, qalanlar isə həvəssiz və sönmüş vəziyyətdə işə davam edir. Şirkətin “qocaları” isə sahibkara “bu uşaq-muşaqla” iş alınmaz nəzəriyyəsinin sübutlarını təqdim edirlər.
     Əslində isə vəziyyət çox sadədir – gənc kadrları, onların bilik və savadlarını özlərinə təhlükə kimi görən “köhnələr” gənclərə müxtəlif formalarda təqyizlər edirlər. İstifadə edilən alətlər müxtəlifdir – psixoloji təzyiq, ələ salma, məlumatların tam verilməməsi və ya bilərək səhv məlumatların verilməsi, proseslərin icrasının süni şəkildə uzadılması, sahibkar və digər rəhbərlər qarşısında utanc verici vəziyyətlərə salma.
     Qısa müddət sonra gənc kadrların enerjisi toqquşmalara və mübarizəyə gedir.
     3 ay sonra isə gənclərin enerjisini boşa xərcləyən adamlar sahibkara yeni kadrların qeyri-effektiv olduğunu sübut edirlər.
     Bu, klassik torba tikmə vəziyyətidir. Təbii ki, zərəri çəkən ancaq şirkətdir.
     Təklif edirəm ki, öncə niyə bu halların baş verməsini və köhnə komandanın belə davrandığını təhlil edək, sonra isə belə hallarda gənclərin necə davranması gərəkdiyini düşünək.
     SƏBƏBLƏR
     – 50 yaşlı bir insan düşünün. Son 15 ili bir qurumda işləyir və özünə möhtəşəm bir komfort zonasını qurub. İş yerində keçirdiyi 8 saatın cəmi 3 saatınıeffektiv işləyən bu insan, heç bir yenilik və inkişaf barəsində nəinki düşünmür – o ümumiyyətlə hesab edir ki, bəsdir artıq oxudu. Ölkədə dəyişən iqtisadi reallıqlar, müştəri davranışları haqda eşitmiş olsa belə, o hesab edir ki, indiyə qədər işlədikləri kimi işləsələr, hər şey yaxşı olacaq. Və bir iclasda onun qarşısında bir gənc kadr çıxır – və sübut edir ki, şirkətin vəziyyəti əslində çox gərgindir, maliyyə göstəriciləri zəifdir, daha effektiv, daha çox və daha az xərclə işləmək vacibdir. Onun yanında oturan digər gənc müştərinin əhəmiyyəti haqda danışıq və deyir ki, müştərilərin HƏR şikayəti araşdırılmalıdır və qərarlar alınmalıdır. Üçüncü yeni gənc deyir ki, şirkətin satış komandası passivdir – ofisdə oturub çay içərək müştəri gözləmək olmaz – aqressiv satış komandası qurulmalıdır və artıq müştəri ziyarətləri başlanmalıdır. Və satış komandasının maaşı stabil deyil – satış həcminə görə olmalıdır. İndi isə o masada oturan köhnə komandanın nələr düşündüyünü təsəvvür edir…
     – Bunun davamı olaraq digər məqamı da düşünün – sahibkar bu gəncləri diqqətlə dinləyir və onlara bütün dediklərini etmək üçün sərbəstlik və səlahiyyət verir. Və əlavə edir ki, bu yeniliklərə qarşı insanlar şirkətdən qovulacaqlar.
     – Köhnə komandanın gözündə kimdir günahkar? Təbii ki, gənclər. Nə etmək lazımdır? Bəli, onları hər vasitə ilə işdən çıxarmaq.
     – Bu vəziyyətdə köhnə komandanın əslində iki seçimi var – dəyişmək, inkişaf etmək, daha effektiv işləmək, amma bu çətindir. Və ikinci yol – gənclərin şirkətdə uğursluğu üçün şərait yaratmaq, torbalarını tikmək və işdən çıxarmaq. İndiyə qədər 1.ci yolu seçən maksimum 5 % olar.
     SƏBƏBİ anladıq. İndi isə gələk bəzi vacib məqamlara, sonra isə nələr edilməlidirmövzusuna.
     Gənclər, karyera barəsində BUNLARI MÜTLƏQ NƏZƏRƏ ALIN
     – Bilikli və savadlı olmaq vacibdir, amma yetərli deyildir – psixoloji güc, zərbə qəbul edə bilmə ən az o qədər, və bəzi hallarda daha da vacibdir. Dəfələrdə şahidi olduğum vəziyyət – çox savadlı bir gənc qarşısında olan 3 bisavadla mübarizə apara bilmədiyinə görə işdən ayrılır;
     – Xarici dil bilmək, təcrübəli olmaq, müasir idarəçiliyi bilmək əladır, müsbət hallardır, gücünüzdür, amma qarşıınızda olan şirkətin köhnə komandasını vecinə belə deyil. Köhnə komanda şirkəti, sahibkarı düşünmür – onlar ANCAQ öz rifahlarını düşünür və onu itirməkdən qorxurlar. Bir şirkətdə mən ancaq bir sərgidə apardığım doğru və effektiv danışıqlar sayəsində şirkətin 6 aylıq GƏLİRİ QƏDƏR şirkətə fayda vermişdim. Şirkət sahibi iclasda məni tərifləyəndə qarşıda oturan köhnələrin gözündəki nifrət dolu baxışlardan anladım ki, mənim hökmümü onlar artıq veriblər;
     – Kişilikdən daim danışan yaşlı insanlara çox da güvənməyn – ehtimal var ki, sizinlə bu gün kişilikdən dəm vuran adam naharda direktora ən bəsit və ən səviyyəsiz şəkildə sizi satacaq
     – Dürüstlükdən dəm vuran insanların sözlərinə inanmayın – indiyə qədər şirkətlərdə tutduğum BÜTÜN oğrular və rüşvətxorlar, otkat alanlar dürüstlük haqda diplom müdafiə edə bilərdilər. Bir nəfər insan oğurluğa görə işdən qovulmuşdu – bir gün sonra facebookda status yazdı ki, ölkəni tərk edəcəm, çünki bu ölkədə dürüstlərə yer yoxdur.
 
     MƏSLƏHƏTLƏRİM
     – İlk növbədə bilik və savadınızınn dərinliyini dərhal göstərməyin – qarşınızdakı insanlar məhz elə bilik səviyyənizə görə sizin onlar üçün nə qədər təhlükəli olduğuna qərar verəcəklər;
     – Şirkət sahibinin təriflərini gözləməyin və istəməyin – o adamlar illərini veriblər göZə girmək üçün, siz isə bir doğru təkliflə təriflənirsizsə, onlar bunu bəyənməyəcək;
     – Şirkəti, şirkətdə olan prosesləri tənqid etməyin – sizdən soz alınacaq və dərhal lazım olan ünvana “əsl kişi” tərəfindən çatdırılacaq;
     – Psixoloji baxımdan güclü olun – karyera, ANCAQ savad və bilik demək deyil. Bir holdinqdə hətta belə bir insan vardı – hərkəs onun müdaxiləsini gözləyirdi. Bu adam ciddi provokator idi və istənilən insanı özündən çıxara bilərdi. Mənimlə ilk toqquşmada özü də fərqində olmadan hərkəsin içində pərt oldu, daha sonra kobuqluq etmək istədi, gözləmədiyi tərzdə olduqca kobud və aqressiv şəkildə cavabını verdim, və imicini itirdi.
     – Birləşin. Dəfələrlə şahidi olmuşam – məndən öncə düşmən olan qruplaşma, mənim komandama qarşı birləşib. Siz də mütləq ətrafınızda eyni tərzdə düşünənləri toplayın və güclənin. “Güc birlikdədir” sözü həqiqətdir;
     – Emosiyalarınıza TAM hakim olun. Sizi bilərək söz oyunu ilə özünüzdən çıxarmaq istəyəcək. Hər dediyiniz sözü düşünün;
     – Bir çox mövzularda Sizə verilən suallara ümumi cavablar verin və ya münasibət bildirməkdən qaçının. Sizin ən bəsit və sadə bir cümlənizi elə bir formada çevirərlər ki, özünüz də təəccüblənərsiniz. Bir dəfə böyük bir şirkətdə işə yeni başlamışdım. Naharda yemək verilirdi, amma bir növ yemək. 3.cü iş günümdə bir iş yoldaşım (hələ yaxşı tanımırdım onu) mənə belə bir sual verdi : “Sizcə bir ədəddən ibarət nahar vermək doğrudur mu? Ümumiyyətlə, öncəki təcrübələrinizdə belə hal olub?” Sakit olmağa çalışsa da, səsindən provokator olduğunu hiss edirdim. Ümumi cavab verdim ki, bu və digər mövzular şirkət rəhbərinin baxış açısına bağlıdır. Susdu. Bir həftə sonra mənim yanımda eyni sualı yeni işə başlayan bir gəncə verdi, o da cavab olaraq dedi ki, yox eeee, bu çox azdır, belə bir şey mi olar? 2 dədiqə sonra sualı verən yoldaş (provokator) bir qrup içərisində “filankəs dedi ki, buranın yeməkləri azdır və bu da biabırçılıqdır, mən heç vaxt belə bir şey görməmişəm dedi mənə” dedi (daha öncə yazdığım məqalədən sitat);
     – “Peşəkarlıq” sözünü doğru anlayın. Sizin peşəkarlığınız bilik və savaddırsa, qarşınızdakı insanın peşəsi “torba tikmək” ola bilər.
 
     Belə halların baş verməsinin ÜMUMİ SƏBƏBİ isə ölkədə ƏSL və ŞƏFFAF bazar iqtisadiyyatının olmamasındadır, çünki rəqabətcil bazarlarda şirkət sahibi qohum, əqrəba, dost, tanış, yerlilərini işə almaz. Düzələcək mi? Bəli, düzələcək. Amma zaman lazımdır.
     Bütün bu məsləhlətələrimin sonunda isə ƏN VACİB MƏSLƏHƏTİM – daim inkişaf edin, daim özünüz üzərinizdə işləyin ki, bir gün bu məqalədə yazdıqlarımı etməyə və gənclərin qarşısını siz özünüz də almağa məcbur qalmayasınız :)
     Hərkəsə şəxsi və peşəkar həyatında daim gənc qalmağı arzu edirəm!
     Mövzu ilə əlaqəli bir məqaləm daha var : Azərbaycan şirkətlərində MOBBİNQ : psixoloji təzyiqlər, izolasiya, sıxışdırma (keçid almaq üçün məqalə adını klikləyin)

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *