stoletie-brilliant
Məqalələrim Sual və cavablar bölməsi

Bizə pislik edənlərə qarşı necə davranaq?

     Insanlar hər zaman bizə qarşı xoşniyyətli olmurlar. Ətrafımızda bizi bəyənməyən, bizim uğurları qəbul edə bilməyən şəxslər olur və özümüz də fərqində olmadan onlardan bəzən gözəl dərslər alırıq.

     Bizə qarşı pislik edən insanlara qarşı necə davranaq? Onlar haqqında necə düşünək? Necə olur bu əməllərinin nəticəsi?

     Şəxsi təcrübəmdən misal çəkərək bu məsələyə münasibətimi bildirmək istəyirəm.

     Türkiyədə 10 il yaşadıqdan sonra 2001.ci ildə Azərbaycana geri döndüm. Mən heç kimi tanımırdım, heç kim məni tanımırdı. SSRİ yeni dağılanda ölkəni tərk edən bir insan 10 il sonra tamamən fərqli bir ölkəyə geri döndüm. Azərbaycanda o illərdə iş həyatı tam oturmamışdı, firmalar kor təbii işləyirdilər, Bakıda əsasən türk və iran firmaları bizneslə məşğul idilər. Işadamlarının işə aldıqları insanlarda diqqət etdikləri meyyarlar içində peşəkarlıq ən son idi.

     Ali təhsilimə, biliklərimə və böyük xarici təcrübəmə baxmayaraq iş tapmaqda çətinlik çəkirdim. Sonunda böyük bir holdinqdə işə başladım. Holdinqdə məndən başqa BÜTÜN idarəçilər holdinq sahibinin yerli, qohum, əqrəba, dost və tanışları idilər. Bu holdinqdə insanlara “Adın nədir?” sualından sonra verilən ikinci sual “Haralısan?” idi. Mənim ən bəyənmədiyim sualdır bu sual. Holdinqdə idarəçilərin ancaq qohumluq əlaqələrinə görə seçildiklərinə görə komanda içində bilik, təcrübə və işə yanaşmamla çox seçilirdim. Statistikaya əsaslanan təkliflərimə “bu alınan deyil, burda mümkün deyil” kimi ümumi və emosional cavablar alırdım iclaslarda. Bir ay sonra komanda məni sevməməyə başladı.

     Holdinq sahibi məni bir şirkətə rəhbər təyin etdi. Məsuliyyətim artdı. Ancaq mənə qarşı rəftar da kəskinləşdi. Birbaşa rəhbərim məni süni şəkildə “sıxmağa”  başladı : holdinq rəhbərinə mənim fəaliyyətim haqqımda səhv sözlər və fikirləri bildirirdi, zamanımı alacaq lazımsız hesabatlar istəyirdi, rəhbəri olduğum şirkətdə mənim pozisiyamı zəyiflədəcək işlər görürdü məndən xəbərsiz. Iş günüm çox gülməli və qeyri adi keçirdi. İşə sanki müharibəyə gedirdim : “kim mənə dünən nələr dedi, kiminlə bu gün nələri hansı formada danışmalıyam, kimlərə qarşı diqqətli olmalıyam” kimi fikirlər daim beynimdə idi.

     Bu insanlara qarşı aciz idim : mən holdinq sahibini həftədə 1 dəfə iclasda görə bildiyim halda onlar onu hər gün axşam onun bağında və ya villasında, toylarda və digər tədbirlərdə görürdülər.

     Bir müddət sonra holdinq sahibi iclasda mənə tamamən əsassız şəkildə səsini yüksəltdi. “Mən ilk öncə şəxsiyyətəm, daha sonra vəzifə sahibiyəm və mənimlə heç bir zaman belə danışa bilməzsiniz” sözlərindən sonra özümü müdafiə etdim və şirkətdən ayrıldım.

     Yeni ailə qurmuşdum. Kirayədə yaşayırdım. Maaşsız, gəlirsiz məni heç kimin tanımadığı bir şəhərdə tamamən tənha qaldım. Iş axtarmağa başladım. Maddi vəziyyətim “pis idi” demək vəziyyətimi tam ifadə edə bilməz : tamamən dibdə idim. Mən, xanımım və  pişiyimiz. Mobil telefonumu satdım, evin bir aylıq kirayə pulunu ödədim, və hər gün ancaq düyü və çörək yeyirdik.  Kiçik qardaşım Kamran o dövrlərdə kompyuter dərsləri verirdi, ayda 5 “şirvana”. Bu kiçik məbləğı aldıqdan sonra marketdə alışveriş edib bizə gəlirdi.

     Hər gün məni belə vəziyyətə salan insanlara lənətləyirdim. Onlardan qat qat daha bilikli və bacarıqlı olmağıma baxmayaraq onlar işləyirdi, mən isə işsiz qalmışdım. Beynim düşdüyüm vəziyyəti qəbul etmirdi.

     Düşünün : mükəmməl ingiliscə və rusca bilən, beynəlxalq diplomu olan, xaricdə böyük işləmə təcrübəsi olan insan bu vəziyyətdə idi.

     Sonunda tərcüməçi kimi iş tapdım. Uzun müddət xarici təşkilat və firmalarda peşəkar tərcüməçi işlədim, çevrəm genişlədi. Daha sonra təkrar peşəkar idarəçi olaraq işləməyə başladım… Bu günlərə qədər gəldim.

     Bu hadisəni niyə yazdım…?

     1. O holdinqdə işləyən mənə və tələ quran, arxamca danışan rəhbərlərimə, mənə kobudluq edən holdinq sahibinə ÇOX TƏŞƏKKÜR edirəm. Sağolun!!! Siz mənə qarşı belə davranmasaydınız mən komfort zonamda olacaqdım və məcbur qalmadan o zonanın kənarına çıxmayacaqdım. Bir gün kabinetimdə məni satan, mənə arxadan zərbə vuran insanların şəkillərini divarda asacam və onları təşəkkür etmək üçün ora dəvət edəcəm.

     2. Hər zaman özünüzü inkişaf etdirin. Şansnlar qarşınızda çıxanda onlara hazır olmalısınız. Bizim biliklərimiz və təcrübələrimiz olduqdan sonra hər bir çətinlik bizim üçün müvəqqəti olacaq – ilk şans qarşımıza çıxana qədər. Mən işsiz qalsamda, mənim maddi imkanların ən son həddə olsa belə mənim biliklərim və bacarıqlarım mənimlə idilər. Heç bir zaman inkişafınızı durdurmayın. Mülkiyyətinizi, malınızı əlinizdən ala bilərlər, amma biliklərinizi və təcrübənizi əsla.Heç bir zaman şəxsiyyətinizi, ləyqaətinizi itirməyin : heç bir vəzifə və ya maddi imkanlar buna dəyməz. Heç bir zaman Yaradana olan inancınızı itirməyin, çünki O hamımızı görür, və hərkəs haqqı olanını alacaq!!!!

     3. Bir almaz parçasının yolun kənarında toz içində qaldığını düşünün. Insanlar onun yanından keçərək onun şüşə parçası olduğunu düşünəcəklər və heç kim onun tərəfinə baxmayacaq belə. Onun üstünü toz örtəcək, yoldan keçən insanlar onu ayaqları ilə yolun kənarına itələyəcəklər, o çirklənəcək. Amma o yenə də almazdır və tərkibini, möhkəmliyini dəyişmədən, itirmədən qalır. Yoldan keçən bir ZƏRGƏR isə əyiləcək, onu götürəcək, cilalayacaq və brilliant edəcək. Öz peşənizdə mükəmməl olun, daxili prinsinplərinizi, dəyərlərinizi heç bir zaman almaz parçası kimi dəyişməyin və Sizin qarşınıza Sizin əsl dəyərinizi anlayan bir zərgər mütləq çıxacaq. Sizin dəyərinizi anlayacaq zərgəri gözlərkən isə almaz olana qədər inkişaf edin!!!

 

     Bu mövzuda yazdığım digər məqalələrimi də oxuya bilərsiniz (məqaləyə keçid almaq üçün adını klikləyin) : 

     Peşəkar həyatın görünməyən hissələri 

     KARYERA haqda deyilməyənlər – TƏLƏ QURMA və TORBA TİKMƏ – niyə GƏNC kadrlara işləməyə imkan vermirlər?

     Müəlimlərim

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *