Вода_в_зажигалке
Məqalələrim

Sahibkarlar peşəkarlara niyə etibar etmirlər?

     Biznesin müxtəlif sahələrindən olan peşəkarlar – marketinq, satış, insan resurslarının idarə edilməsi, peşəkar rəhbərlər, Pr mütəxəssislər – daim öz aralarında söhbət edərkən böyük biznes sahiblərinin peşəkarlara inanmadıqlarını, onlara şübhə ilə yanaşdıqlarını, ilk başdan yüksək maaş verməməyə çalışdıqlarından danışırlar. Sahibkarlıqla bağlı bir neçə məqaləmdən sonra bu yaxınlarda bir dostum mənə belə bir məqalə yazmağı da məsləhət etdi – niyə  sahibkarlarımız peşəkarlara inanmır?

     Bu mövzu üzərində düşünməyə, tanıdığım sahibkarların mənə dediklərini yadıma salmağa başladım, və bütün məlumatları sistemləşdirdikdən sonra anladım ki, əslində sahibkarlarımıza haq vermək olar.

     İnsanlar sahibkarların bu gün və bu günə olan son mərhələdə verdikləri qərarı görür, amma o qərara, o düşüncə tərzinə və inamsızlığa necə gəldiyini görmə imkanı olmur. Bu məqaləmdə mən, sahibkarların peşəkarlara və ümumilikdə “peşəkar” sözünə niyə etibar etmədikləri mövzusunda fikirlərimi yazıram.

     İlk öncə, sahibkarlarla əlaqəli bütün beynimizdə olan romantikləşdirilmiş fikirləri – böyük gəlirlər əldə edirlər, ancaq kabinetdə oturub pul sayırlar, insanlara az verib özləri çox qazanırlar – qoyaq kənara və sahibkarların böyük riski üzərinə alan, işə aldığı insanlardan qat-qat daha çox işlədiklərini, bəzən maaşları, vergiləri, kiraları ödədikdən sonra pulsuz qalan insan kimi qəbul edək.

     Xarici “mütəxəssislər”. Nağılçılar. 2000.ci illər. Biznesi böyüməkdə olan sahibkar anlayır ki, işə ciddi mütəxəssislər cəlb edilməlidir, amma Azərbaycan gənc dövlət olduğuna görə peşəkarlar formalaşmayıb. O dövrlərdə kimlər ön planda idi ölkəmizdə? Yaxın dost ölkələrdən gələn “mütəxəssislər” – gözəl nitqi olan, Türkiyədə, Ukrayda, Rusiyada böyük uğurlarından danışan (heç bir sübut olmadan), nəhəng şirkətlərdə iş prinsiplərindən danışan və ən əsası da, özünü gözəl sata bilən adamlar sahibkarlarımıza öz xidmətlərini təqdim edirdilər. Bu mütəxəssislərin bəziləri keçmiş təcrübələrindən misallar verərək qısa müddətdə böyük nəticələrlə bağlı vəədlər verirdi. Amma danışmaq ayrı – iş görmək ayrı.

     Bir müddət sonra sahibkarlarımız anlayırdı ki, nağıl danışanlarla iş getməz. Və artıq belə vəədlər verən nağılbazları seçməyə başladılar.

     İkinci mərhələdə digər növ xarici mütəxəssislər ön plana çıxmağa başladı -öz ölkəsində ciddi uğurlara imza atmış peşəkarlar.  Sahibkarlarımız nağılbazlardan nəticə almayınca, bir az daha dərin araşdırma edərək, işlərində uğur qazanan mütəxəssisləri Azərbaycana dəvət etməyə başladı. Misal üçün, Türkiyədə böyük bir mağazalara şəbəkənin uğurlu satış direktoru Azərbaycana işə yüksək maaşla dəvət edilirdi. Hər iki tərəfə də böyük ümidlərlə başlayırdı – həm idarəçi, həm də sahibkar. Amma yenə də uğursuz olurdu – və bir il sonra peşəkar işdən ayrılaraq öz ölkəsinə geri dönürdü. Səbəbi isə çox sadə – öz ölkəsində HAZIR sistemdə işləyən peşəkar, bizim ölkədə SİSTEMSİZ bir şirkətə gəlirdi, və bir neçə ay sonra anlayırdı ki, öz ölkəsindəki uğurları ancaq onun şəxsinə bağlı deyildi – bütün  şirkət ona dəstək olurdu.

     Daha sonra ölkəmizdə artıq öz mütəxəssislərimi yetişməyə başladı – və demək olar ki, əksər sahələrdə peşəkarlar iki hissəyə bölündü : çox və gözəl danışanlar, amma az işləyənlər, və az danışıb nəticə verənlər. Sahibkarlarımızın qarşılarında olan mütəxəssisin bilikləri ölçmək üçün özlərində bilik olmadıqlarına görə üstünlüyü gözəl və terminlərlə danışanlara verirdilər. Sahibkara qısa müddətdə böyük nəticə vəədlərini verənlər daha sonra müxtəlif səbəblərə görə işin alınmadığı bəhanələrii gətirirdi – şərait olmadı, imkan vermədilər, alınmadı, vs. Amma nəticə vardı – nəticəsizlik. Bu proses də bir neçə il davam etdi.

     Növbəti mərhələdə sahibkarlarımız yerli mütəxəssisləri də dərin araşdırma apararaq işə götürməyə başladı. Ön plana çıxdı savadlı peşəkarlar. Bu  mərhələdə dövrəyə girdi biznes dünyasının gözə görünməz qəhrəmanları – qohum, əqrəba, tanışlar. İlk arqumentləri bu idi “indiyə qədər bizə nə qədər Rusiya, Turkiyədən, özümüzdən adamlar gəldi – heç nə də bacarmadılar”. Və sözlərlə yetinməyərək, klassik milli tələ qurma, torba tikmə, sabotaj və provokasiya əməllərinə keçdilər. Daim alternativ iş təklifləri olan savadlı peşəkarlar işdən çıxmağa başladırlar – mədəni heç bir insan savadsız kobud insanlarla mübarizə ilə özünü boş yerə yormaz. Qohumların sahibkar qarşısında duruşu sadə oldu : “Gördün? Alınmadı”

     Bir digər bənzəri vəziyyət – peşəkar sözünün nisbi anlayış olmasıdır. Eyni işi 500 manat maaşla edən də var, 3000 manata da. Bilik, savad, şəxsi keyfiyyətlər və təcrübə baxımından arada böyük uçurum var. Ən sadə versiyanı seçən sahibkar sonda da zəif nəticə əldə edirdi.

 

     İndi isə 20 il fəaliyyətdə olan sahibkarı təsəvvür edin. Bütün yolları sınayıb. Hər növ peşəkarlarla işləyib. Qarşısına çıxan hərkəsə yüksək maaş da təklif edib, şərait yaradıb, dəstək olmağa çalışıb. Amma hər dəfə də eyni nəticə alıb və korlanan işi toparlamaq özünə qalıb. Hələ arada onu aldadan, hər növ rüşvət və korrupsiyaya əl atan insanları demirəm. Bilmir kimə inansın – yerli mütəxəssislərə mi, xaricilərə mi.

     Çıxış yolu var mı bu vəziyyətdən? Var. Və çıxış yolu sahibkarların özlərindədir.

     İlk öncə bunu qeyd edim ki, bütün anlaşmazlıqların və yalançı peşəkarların doğru olanlardan seçimi edəcək yeganə məqam var – o da, rəqabətcil bazardır. Bazar hər şeyi zamanla özü tənzimləyəcək.

     Bir digər vacib məsələ – sahibkarlarımızın müasir idarəçilik mövzülarında  bilgilənməsi və maariflənməsidir. Gözü bağlı özünü kiməsə təslim etməmək üçün sahibkarlarımız bir çox mövzuda maariflənməlidirlər, bilik toplamalıdırlar ki, qarşılarında olan mütəxəssislər onları ən sadə məqamlarda terminlərlə və əfsanələrlə aldadmasınlar.

Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU (kurs haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

Sahibkarlıq haqda digər məqaləm – ƏFSANƏLƏR (keçid almaq üçün klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *