ff
Düşüncələrim Məqalələrim

Ali təhsilə başlayan TƏLƏBƏLƏRƏ məsləhətlərim

     Universitetlərimizdə yeni tədris ili başladı. Birinci kursa başlayan tələbələr üçün qarşıda onları gözləyən 4 il nə qədər uzun zaman kimi görünsədə, əslində tez keçir.  Karyerasını sıfırdan başlayan, davamlı gənclərlə ünsiyyətdə olan və fərqli sahələrdən fərqli şirkətlərə insanları işə götürmə prosesində birbaşa iştirak edən insan kimi univertsitetdə oxuyan gənclərin gələcəklərinə birbaşa təsir edən səhvlərini görürəm. Zaman və enerjisini dörd il ərzində effektiv və gələcəyi üçün faydalı şəkildə istifadə etməyən  gənclər universiteti bitirdikdən sonra real iş dünyası ilə qarşılaşır və onlardan olan gözləntilərin fərqli olduğunu görür. Bu mövzuda dəstək olmaq məqsədi ilə gənclərimiz üçün əsas 5 tövsiyyələrim haqqında məqalə yazdım.

     1. GƏLƏCƏYİNİZİ DİPLOMA, ALİ TƏHSİLƏ, MÜƏLLİMLƏRİNİZƏ ETİBAR ETMƏYİN

     ilk öncə bunu qeyd edim ki, ali təhsilin alınması və diplomun olması iş, məşğulluq və karyera qarantiyası deyil. Bəli, ali təhsil vacibdir  və hər bir insanın həyatında həll edici hissədir.  Ancaq “ali təhsil” sözləri tamamilə nisbi anlayışdır və bir gəncin 4 il universitetə getməsi və orda fiziki olaraq mövcud olması ali təhsilli olması anlamına gəlmir.  Bəli, diplomu var, amma bu insan haqqında savadlı və biliklidir demək olmaz.

     Məsələnin digər tərəfi odur ki, universitetlərdə hər şey öyrədilmir. Öyrədilməli deyil də. Universitetlərdə  verilən dərslər və biliklər haqqında gənclərimiz bir neçə vacib məqamı unutmamalıdırlar :

  • Müəllimlər, dərs saatları ilə məhdud olduqlarına görə, bütün mövzulara çox dərin və geniş daxil ola bilmirlər;
  • Müəllimlərimizin bəziləri özlərini inkişaf etdirmədiklərinə görə, tələbələrimizə də ən müasir bilikləri vermirlər;
  • Universitet təhsil proqramı, peşəkar həyatda vacib bir çox mövzunu əhatə etmir və tələbələrə ən sadə və səthi bilikləri belə verilmir.

     Əgər ancaq universitetin verdiyi biliklərlə kifayətlənəcəksinizsə, o zaman bilin ki, iş axtarırkən minlərlə insan arasında sizi fərqləndirən heç nə olmayacaq. Bəs şirkət niyə məhz sizi seçməlidir?

     Nə etməli?

     Oxuyun. Çox oxuyun. Durmadan oxuyun. Oxumaq, həyatınızda ən vacib vərdişlərdən biri olmalıdır.

     Nitqinizin gücləndirilməsi, müxtəlif sahələrdə müasir biliklərin alınması, fərqli mövzularda məşhur insanların fikirlərinin öyrənilməsi, bədən dili, ünsiyyət qabiliyyəti, idarəçilik və müştəri psixologiyası, uğurlu insanları uğur hekayələrini bilmək üçün oxumaq lazımdır.

     Hər gün oxumağa cəmi 30 dəqiqə zaman ayırsanız, bu ayda 2, ildə 24, təxmini olaraq 4 ali təhsil illərində 100 kitab deməkdir.  4 ildə 100 kitab oxuyan insan iş dünyasında qətiyyən rəqib tanımaz.

     Kitab, gələcəyiniz üçün yanacaqdır. Öz beyninizə bu yanacağı maksimum doldurun və doldurmağı da əsla durdurmayın.

     Oxuduğunuz hər kitabdan bir fikir ala bilərsiniz. Olsun. Hər dəyərli fikri bir almaz parçası kimi düşünün – 4 il sonra ovucunuz almazlarla dolu olacaq, amma bir almaz üçün bir kitab oxumaq istəməyən insanların əli boş qalacaq.

     Özümdən misal çəkim : mən 25 il öncə oxuduğum Mərmərə Universitetində aldığım o dövrün ən müasir biliklərində qalsaydım və özümü davamlı inkişaf etməsəydim, bu gün bu nailiyyətlərimi əldə etmiş olmazdım.

     Unutmamaq lazımdır ki, ali təhsil 4 il davam edir və bizim inkişafımız 4 il sonra ali təhsilin bitməsi ilə durmamalıdır – inkişafımız daimi olmalıdır.

     2. XARİCİ DİL

     Universiteti bitirəndə xarici dil bilməyi özünüzə ən vacib məqsəd kimi müəyyən edin. Mütləq 4 il ərzində xarici dil öyrənin. Hesab edirəm ki, universitetdən məzun olan insanın xarici dil bilməməsi ən böyük zəifliyi və nöqsanlarından biridir.

     Xarici dil bilmək nə üçün vacibdir?

  • Mənə kimsə bu gün “liderik, nitq, idarəçilik, psixologiya, biznesin əsasları, reklam, marketinq” kimi mövzularda hansı kitabları oxumağı tövsiyə etdiyimi soruşsa, mən bu kitabları ya rusca, ya da ingiliscə deyəcəm;
  • Xarici dil bilən insanın iş dünyası və seçdiyi peşə haqqında ən müasir və ən son məlumatları alması məhz xarici dil bilgisi sayəsində mümkündür.

     İngiliscə bilən insan Harvard Business Review, Forbes kimi ən məşhur jurnallardan ən son və ən müasir  məlumatları alma şansı var;

  • Məşhur işadamları və uğurlu insanları bloq və saytlarını birbaşa izləmə və oxuma şansınız olacaq. Sadə bir misal – ingiliscə bilən insan Bill Gates.in blogunu birbaşa oxuya bilər. Sizə maraqlı deyil mi ki, həyatını sıfırdan quran və dünyanın ən varlı insanı yay aylarında hansı 5 kitabı və niyə oxumağı tövsiyə edir?
  • Xarici dil bilməyən insanın bütün inkişaf və yeniliklər mövzularında tərcüməçilərə bağlı olur; xarici dil bilən insanla onun peşəkar inkişafı arasında isə sadəcə internet var : daxil olduğu anda bütün məlumatları almış olacaq;
  • Xarici dil bilgisi insanın əmək bazarında olan rəqabət gücünü və inkişaf etmə şansını artırır. Yenə sadə misal. Düşünün ki, gələcədə böyük bir firmada işləyirsiniz. Xaricə səfərlər tələb edilir. Firmanın qarşısında iki mütəxəssis var : xarici dil bilən və bilməyən. Sizcə firma hansını tərcih edəcək?

     Nə etməli?

     Pulsuz və ya az ödənişli dil kursları çoxdur – onlara yazılın, və davamlı xarici dil bilginizi gücləndirin. Hər həftə kursa ayrılan bir neçə saat ərzində dilin ana qaydalarını öyrəndikdən sonra, insan özü dil üzərində işləyə bilər.

     Hər gün söz əzbərləyin.

     Hər gün CƏMİ 10 söz əzbərləsəniz – 4 il sonunda 12.000 söz bilmiş olacaqsınız.

     Sizə hər gün verilən 1440 dəqiqənin CƏMİ 10 dəqiqəsini  ayırmaqla 4 il sonunda 12.000 öyrənmə imkanınız var.

     Bunu hər gün etməmək üçün səbəbiniz və bəhanəniz nədir?

     3. İŞLƏYİN, STAJ YIĞIN, TƏCRÜBƏ TOPLAYIN

     Universitetlərdə öyrədilməyən çox sayda kiçik, amma olduqca vacib və sizin karyeranızın gedişatına, sürəti və effektivliyinə  birbaşa   təsir edəcək bacarıq və məlumatlar var.

     Buna əlavə olaraq, universitetlərdə sizlərə verilən və kitablardan aldığınız nəzəri biliklərə əlavə olaraq praktiki məlumatları almaq, iş həyatını hiss etmək, insanları görmək vacib məsələdir.

     Universitetdə imtahan olmayan dövrlərdə part-time işlərdə işləyin və yay və qış tətillərində müxtəlif şirkətlərdə staj keçin. Bu, sizin gələcəyiniz üçün atacağınız ən əhəmiyyətli addımlardan biridir.

     Staj Sizə nə verəcək?

     Seçdiyiniz peşə və ya işləmək istədiyiniz sahə haqqında daha reallığa yaxın məlumatları, o sahədə işləyən mütəxəssis və peşəkarları şəxsən tanıma imkanı, şirkətlərdə insan qruplaşmaları, iclasların aparılması, insanları geyim tərzi, ünsiyyəti və uinversitetlərdə öyrədilməyən, amma karyeranız üçün ÇOX vacib olan onlarla məqamları canlı şəkildə görmüş olacaqsınız.

     Nə etməli?

     Staj üçün firmalara müraciət edin. Sizi seçmirlərsə, pulsuz işləməyi təkilf edin. Dəfələrlə şahidi olmuşam – işləməyi pulsuz təklif edən şirkət, dinamikası, aktivliyi, məsuliyyəti, zəhəmətkeşliyi və yeni biliklərə açıqlığı ilə özünü göstərən 2-4 həftə sonra gəncə maaş da təklif edir.

     Staj üçün müraciət edərkən, Sizə təklif edilən maaşa diqqət etməyin. Sizin məqsədiniz gəlir əldə etmək deyil – maaşdan daha dəyərli təcrübə toplamaqdır. Bunun üçün də öz xidmətlərinizi şirkətlərə pulsuz təklif edin – amma əslində Siz pulsuz işləmiş olmursunuz. Bütün bu təcrübə və praktiki biliklərə əlavə olaraq isə Siz iş həyatınızda ən vacib sərmayələrdən biri olan insanlarla da tanış olmuş olacaqsınız və universiteti bitirdikdən sonra iş axtarırkən və ya çətinlik yaşadıqda müraciət edəcəyiniz güclü peşəkarları şəxsən tanımış olacaqsınız.

     4. ÇEVRƏ DƏ DOSTLAR SEÇİMİNDƏ DİQQƏTLİ OLUN.

     İnsan, özü də fərqində olmadan bir il sonra ətrafında olan insanların danışıq və düşüncə tərzi, davranış və bədən dilini qismən də olsa, alır.

     Yaxın çevrəniz haqqında belə düşünün : uzun yola səyahətə çıxarkən öz istəyinizlə yola savadsız, məlumatsız, psixoloji zəif və sizi daim ruhdan salan, geri çəkən insanı götürərsiniz ki, yolda Sizə həm də yük olsun?  

     Hər ay ünsiyyətdə olduğunuz insanları dəyərləndirin – onlar sizi geriyə mi çəkir, irəli getməyinizə köməkçi mi olur?

     Pis vərdişləri olan, məqsədləri və planlı həyatı olmayan, gələcəyini düşünməyən, küçə dilində danışaq insanlardan uzaq durmaq lazımdır, çünki biz özümüz belə fərqində olmadan, davamlı ünsiyyətdə olduğumuz insanlar bizə təsir edir.

     “Sən bunu mütləq bacaracaqsan” sözlərinin bizə əlavə güc verdiyi kimi “sən bunu edə bilməzsən” sözü də bizim gücümüzü alır.  Bir çox hallarda ətrafımızın bizim haqqımızda fikirləri altında biz hipnoz edilmiş oluruq.  Bizi inandırmağa çalışırlar ki, bu yaşda oxumaq olmaq, bu yaşda artıq evlənmək lazımdır, bu yaşda və statusda artıq biraz ağır olmaq lazımdır. Cəmiyyət bizim üçün müəyyən standartları artıq hazırlayıb və bu standartların içinə sığmayan insan “bizdən deyil” statusunu alır və hərkəs onu “doğru yola” istiqamətləndirməyə çalışır.

     Nə etməli?

     Ətrafınızda müxtəlf insanlar olar  bilər, amma ünsiyyətdə olduğunuz ən yaxın 5 nəfərin seçimində çox diqqətli olun. Hər ay özünüzə bir sual verin : bu insanlar məni gələcək məqsədlərimə getməyimdə dəstəkçidirlər və ya yükdürlər və məni geri çəkirlər. 

     5. MÜVƏFFƏQİYYƏT ÜÇÜN VACİB OLAN 3 SÜTUNU UNUTMAYIN

     Məqsədlər

     Məqsədləriniz olsun. Böyük məqsədləriniz. Manyakca böyük məqsədləriniz. Hər birinizi səhər qaranlıqda yuxudan oyadacaq qədər böyük məqsədləriniz.

     Məqsədlər insana hər mövzuda istiqamət göstərir – geyim və danışıq tərzində, dərs, seminar, təlim və kitab seçimində. Məqsədləri olan insan nələri nə üçün etdiyini bilir.

     İnsanın gündəlik fəaliyyətində daxili motivasiyasının olması, yorğun olduğunda ona güc və enerjinin verilməsi birbaşa məqsədləriini olması ilə bağlıdır.

     Birinci kursdan artıq 10 il sonra harada olacağınızı düşünün, peşəkar karyeranızda gələcəyiniz nöqtəni gözlərinizin önünə gətirin və o insanın xüsusiyyətlərini düşünün : xarici dil bilən, güclü savad və biliyi olan, bədən dili, nitqi və psixologiyası güclü bir insan, hərkəslə ünsiyyət qura bilən. Və bu məqsədlərinizə görə də illik, aylıq və həftəlik inkişaf planlarınızı qurun.

     Planlama

     Planlı olun. 5 illlik, 1 illik, aylıq,  həftəlik və gündəlik planlarınız olsun.

     Məqsədlərdən sonra gələn ikinci vacib addım, bizi məqsədlərə aparacaq işlərin planlaşdırılmasıdır. Bizi məqsədlərimizə aparacaq iki ən vacib sərmayəmiz – zaman və enerji – məhduddur. Buna görə də biz bunların ikisinin də istifadəsini sistemləşdirməli və planlamalıyıq.

     Planlar, sizin gün ərzində 24 saatınızın və həftə ərzində 168 saatınızın sistemləşdirilməsi və effektiv istifadəsi üçün çox vacibdir.

     Gün ərzində görəcəyiniz rutin işlər, görüşləriniz, oxuyacağınız ədəbiyyat, xarici dil öyrənilməsi, idman – bütün bunların planlaşdırılması insanın öz üzərində nəzarət sisteminin qurulması üçün olduqca vacibdir.

     İcraat

     Məqsədlər var.

     Planlar var.

     Bu işlərdə nöqtə, icraatla qoyulur. Nə qədər böük məqsədlərimiz olsa da, nə qədər təfərruatlı yazılmış dəqiq planlamız olsa da, icraat olmadıqda bunların heç birinin anlamı olmayacaq.

     Məqsədlərə gedən yol uzundur, ağırdır, və hərkəs o yolu gedə bilmir, bizim qarşımızda o yolda maneələr, problemlər çox çıxır. Özünüzə yazığınız gəlməsin, özünüzə acımayın. Hər gün, hər saat məqsədlərinizi düşünün və planlarınıza görə davranın. Bəhanələrə sığınmayın.

     Bəxtə inanmayım. Həyatda bəxt olmur.  Böyük əmək, iradə gücü, disiplin, psixoloji dözümlülük, əzmkarlıq var və bəxt də bunların təbii nəticəidir.

     Şanslar isə var. Həm də çoxdur. Amma o şanslara hazır olmaq lazımdır.

     Sadə misal. Xarici firma vakansiya elan edir. Bu, hərkəs üçün bir şansdır. Və ancaq müsahibədə davranma qaydalarını bilən, özünü yadda qalacaq şəkildə təqdim edə bilən, digər gənclərdən fərqli olaraq stajı və iş təcrübəsi olan və xarici dil bilən insanlar bu şansı dəyərləndirə bilərlər.

     Son sözüm.

     Burada yazılanlar, bir insanın əsla əyləncədən, gənclik illərinin rəngli keçməsindən uzaqlaşması demək deyil. Tam tərsidir – davamlı, planlı və nizamlı şəkildə insan hər gün öz üzərində işləsə, 4 il sonunda böyük nəticələr əldə etmiş olacaq, minlərlə universitet məzunlarından fərqlənəcək və karyerasının başlaması üçün ciddi üstünlüklər əldə etmiş olacaq. Bunun üçün isə bir insanın zaman və enerjisini doğru istifadə etməsi lazımdır ki, həyatında vacib olan digər sahələrə də diqqət ayırsın : ailə, sağlamlıq, idman, əyləncə, şəxsi əlaqələr.

     Məqalədə yazılanlar bir cümlədə bu şəkildə ifadə etmək olar : gələcəyinizi universitetə, müəllimlərə və diploma etibar etməyin, öz əllərinizə alın və həyatınızda ən vacib bölümlərdən biri olan 4 ili maksimum şəkildə effektiv istifadə edin.

     Əslində universitet illəri təyyarənin uçuş öncəsində sürət yığması kimidir və çox əhəmiyyətli bir hazırlıq dövrüdür. Müvəffəqiyyətli karyera qazanmaq istəyən insan bu dövrü gələcək karyerası məqsədi ilə güclü bünövrənin qurulması üçün istifadə edir.

     Hər birinizə böyük məqsədlər, planlı və intizamlı həyat, zəhmətiniz, əzamkarlığınız və disiplininiz nəticəsində bol şanslar arzu edirəm!

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

7 comments

  1. Heiqetende çox super,menalı motivasiyadır.Menimde çoxlu meqsedlerim var.düşünüremki bu sözlerinde mene kömeyi olacaq.Her şey üçün təşəkkürler Fexri mellim

    1. Xoş sözlər üçün ÇOX təşəkkür edirəm.
      Məqsədlər hər zaman vacibdir. Ümid edirəm ki, onlara və daha da böyüklərinə çatacaqsınız

  2. Bu dəyərli sözlər üçün təşəkkür edirəm,sizin kimi duyarlı və biz gənclərə həyatı anladan belə məqalələr çox vacibdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *