14188148_10154110897393649_6048612758918820165_o
Məqalələrim

Niyə gənclərlə görüşlərə zaman ayırıram? 

     Seminarlar, təlimlər, master klaslar, çay süfrəsində kafe və restoranlarda, kabinetimdə görüşlər.
        Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Gəncə.
        Universitetlərdə, tələbə-gənclər təşkilatlarında, cəmiyyətlərdə.
        Yeni mövzular axtarmaq, gecələri təqdimatlar hazırlamaq.
        Mənə hər gün yazan onlarla və bəzən də yüzlərlə insana sosial şəbəkələrdən cavab yazmaq, karyera və iş seçimində sualları olanlarla görüşmək, gənc sahibkarlarla səhər saat 07.00-dan başlayaraq görüşlər.

     Suala cavab vermək üçün, mövzuya bir az daha geniş açıqlama vermək istəyirəm.

     ALİ TƏHSİLİM
Ali təhsilimi Türkiyədə almışam. Xaricdə oxuyanlar bunu yaxşı bilir – təksən, aldığın suyun belə hesabını ödəməlisən, bəzən ac, bəzən yarıtox. Xəstələnsən – valideyinlərin yoxdur, sənin üstünə yorğan örtəcək ancaq yataqxana dostların olacaq. O illərdə mənim üçün iş dünyası olduqca cazibədar, amma qaranlıq və dumanlı görünürdü. Nəyin necə olduğunu bilmirdim. Stereotiplər içində yaşayırdım. Doğruları və əyriləri ancaq özüm kimi təcrübəsizlərdən öyrənirdim. Hələ də düşünürəm ki, kaş ki o illərdə mənə kimsə mənəi dəstək olaydı. O mənəvi yalnızlığı çox yaşamışam.

     Bir dəfə Türkiyədə bir tanışım mənə dedi ki, Ziraat Bankası Zincirlikuyu filialında bir filial direktoru mənimlə görüşəcək. Bu gün bank sahiblərini tanıyıram, idarə heyətləri sədr və üzvləri dostlarımdır, amma o dövrdə mənim üçün bir bankın filial direktoru olduqca böyük insan kimi gəlirdi. Yanına getdim, kabinetində 2 dəqiqə oldum, mənə bir neçə sual verdi və ayrıldım. BÖYÜK motivasiya olmuşdu mənim üçün. Hələ də o insana minnətdaram. Cəmi 2 dəqiqə. Bir neçə sual və diqqət. Bir neçə həvəsləndirici söz məni uçurtmaq üçün bəs etmişdi.

     KARYERAM
     Karyerama öncə Türkiyədə, daha sonra Azərbaycanda sıfırdan başladım. Nə qədər savadlı, xarici dil bilən biri olsam və xaricdə iş təcrübəm olsa da, Azərbaycana geri döndüyüm 2001.ci ildə iş dünyası ölkəmizdə hələ formalaşmamışdı. Mənim bilik və bacarıqlarım, ambiisiyalarım, təcrübəm nə qədər paradoksal görünsə də olmuşdular mənim düşmənim. Şirkətlərdə toplaşan insanlar mənim sahibkarların necə diqqətlərini çəkdiyimi gördükdə, məni fərqli formalarda “vurmağa” çalışırdılar. Insanlarla dil tapa bilmirdim, mənə elə gəlirdi ki, savad və ambisiyalar karyera qurmaq üçün yetərlidir.

     O dövrlərdə mənə dəstək olan, istiqamət verən insan yanımda olsaydı, o qədər səhvlər etməzdim. Insan səhvləri ilə hər şeyi öyrənir, amma inandığım təcrübəli birinin mənə məsləhətləri bir çox zərbələrin və sıxıntıların qarşısını alardı.

     Kitablarda karyera haqqında nə qədər gözəl yazılar yazılsa da, iş dünyasının yazılmamış və bəzən də sərt qaydaları var. Mənə Azərbaycanda karyeramda dəstək olan olmayıb, tam tərsi- köstək olanlar çox olub. Təkliyin, daxili mübarizənin, şübhələrin, prixolojik çarəsizliyin nə olduğunu yaxşı bilirəm.
     İndi gələk sualıma. Mən niyə gənclərə bu qədər zaman ayırıram?

     Istiqamətləndirmək, ruhlandırmaq, gücləndirmək üçün Cəmiyyətimizdə gəncləri həvəsdən salacaq çox məqamlar var. Onlara səhv istiqamət verən və pis nümunə olan çox insanlar var. 
     “Gənclərimizi bizim gələcəyimizdir” sözləri mənim üçün şablon sözlər deyil. Gənclərimizin bu gün bir çox mövzuda : sağlamlıq, təhsil, inkişaf, oxuma, karyera, şəxsi həyat, seçimlər – dəstəyə və doğru məsləhətlərə ehtiyacları var. 
     Məhz bu səbəblərə görə də gənclərimizə zaman və enerji ayırıram. Bu işim daim davam edəcək.

 
 
 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *