Картинка: Бизнес жизни 24
Məqalələrim

Şirkət, RƏHBƏRİN aynasıdır

 

     “Hansı meyyarlara görə işləyəcəyim şirkəti seçim?” sualını alanda cavabım qısa və konkretdir : “Rəhbər”. Rəhbərin kim olması, necə insan və idarəçilik tərzi seçimi olduqca vacibdir – həm şirkət, həm də əməkdaşların və tabeçiliyində olan idarəçilərin özlərini rahat, sərbəst, peşəkar baxımdan xoşbəxt hiss etmələri və inkişafları üçün.

     Və nə qədər də gözəl sözlər danışsa, onun əsl mesajları – hərəkətləri, atdığı addımlar, aldığı qərarlar və bədən dili daha doğru və əsaslı mesajlar verir insanlara. Əməkdaşlar da aldıqları mesajlara görə davranırlar.

     Rəhbər müştərilərin əhəmiyyəti və  məmnunluğu haqqında nə qədər də gözəl danışsa, müştəri haqqında danışarkən kobud sözlər istifadə edirsə və müştəri probleminə səthi yanaşırsa, insanlar aldıqları ƏSL mesajlara görə davranacaqlar.

     Avraam Linkoln bu fikri çox gözəl ifadə etmişdir : “Mənə özünüz haqqınızda danışmayın. Bədəniniz və hərəkətləriniz o qədər yüksək səslə danışır ki, mən sizin sözlərinizi eşitmirəm”.

     Rəhbər və ANCAQ rəhbər şirkət daxilində ab-havanı yaradır və mövcud atmosferə görə məsuliyyət daşıyır. Əgər şirkət daxilində dedi-qodu, tələ qurma kimi hallar çiçəklənirsə, səbəbini rəhbərdə görmək lazımdır. Ya görmür və diqqət etmir, ya da ki belə hallar üçün şərait yaradır.  Amma hər iki halda da o günahkardır.

     Diqqət etmişəm – şirkətlərdə rəhbər necədirsə, əməkdaşlar da sanki onun kopyalarıdır. Əgər o geyiminə əhəmiyyət vermirsə, insanlar da o qədər dress koda əhəmiyyət vermir və bu mövzuda rahat davranırlar. Əgər şirkət rəhbəri effektivlik mövzularında ilk öncə özünə qarşı tələbkar deyilsə, tabeçiliyində olan orta idarəçilər də eynidirlər.

     Şirkət rəhbərləri mənə “şirkətim necədir?” sualını verəndə də cavabım qısa olur : “sənin kimi”.

     Şirkət, rəhbərin aynasıdır. Rəhbər, öz dəyərlərinə, fikir, düşncələr və prinsiplərinə görə işçiləri seçir.

     Və şirkətini dəyişmək istəyən rəhbər ilk öncə özü dəyişməlidir. Çünki hər şey onunla başlayır.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *