шахматы_ситуация_фигуры
Məqalələrim

“Peşəkarların faydası olmadı” – biznesimizdə əfsanələr

  • Peşəkarların heç bir faydası olmadı;
  • Çağırdıq, istədikləri maaşı verdik – amma 3 ay sonra getdilər;
  • Gəldilər, 2 ay maaş yedilər, heç nə də bacarmadılar.

     Şirkət rəhbərləri və sahiblərini işə cəlb etdikləri peşəkarlar haqda dedikləri təxmini bu tərzdədir.   

     Devalvasiya biznesin reallıqlarını hərkəsə göstərdi və yeni reallıqlarda sahibkarlarımız bəzi faktlarla barışmaq məcburiyyətində qaldı :

  • Öncəki böyük pul kütləsi və yüksək istehlak dövrü bitdi;
  • Bazarda ciddi rəqabət var;
  • Öncəki dövrdən daha çox işləmək lazımdır;
  • Amma daha çox işləməklə iş bitmir – effektiv və savadlı işləmək lazımdır.

     Qısaca desək, bu o deməkdir ki, artıq üzərrik yandırmaqla və ya bacı oğlunu “əşşi, bir təhər öyrənər” sözləri ilə SMM mütəxəssisi təyin etməklə nə satışlar artar, nə imic formalaşar, nə də ki, müştəri cəlb edilər.

     Və öncəki dövrdə “böyük uğurlara” imza atmış, hər biri ən az bir dəfə müxtəlif qurumlar tərəfindən “ilin firması” seçilən şirkətlərimiz peşəkarlara müraciət etməyin məcburiyyət olduğunu qəbul etdi.

     Və yeni problem məhz elə bu mərhələdə başverməyə başladı. Peşəkarların işə cəlb edilməsi ilə möcüzə olacağına inanan firmalar devalvasiyadan sonra ikinci şoku yaşadı – sən demə peşəkarlar heç də peşəkar deyillərmiş.

     Belə hallarla son 2 il ərzində çox qarşılaşdığım, şəxsən özüm yaşadığım üçün bu haqda hər iki tərəf üçün də – həm sahibkarlar, həm peşəkarlar üçün – məqalə yazmağa qərar verdim.

     Peşəkarların işə cəlb edilməsi və xilaskarlıqları haqda əsas ƏFSANƏLƏR və bu halların baş vermə səbəbləri bunlardır :

  1. Peşəkar idarəçi, ordu ilə tək və əli boş döyüşən Rambo deyil. Və biznes həyatı da film deyil.

     Təsəvvür edin ki, Bakıya futbol komandalarımızdan birinə Ronaldounu dəvət edirik oynamağa. “Peşəkardır, bacaracaq”  düşünərək ona deyirik ki, Ronaldo, sən bizi hələlik bağışla, imkan yoxdur futbol topu almağa, sən hələlik kələmlə oyna. Və məşq etmək üçün də stadionumuz yoxdur – sən hələlik elə məhlədə asfalt üstündə məşq et. Massajist, həkimə də imkan yoxdur – bir təhər elə bu yaxınlıqda olan dövlət poliklinikasına get.

     Bunu düşünmək belə gülməldir.

     Şirkətə dəvət edilən peşəkara isə bu sözlər adətən deyilir.

     Məsələ budur ki, peşəkar öz bilik, bacarıq və savadını, ancaq ona doğru şərait təmin edildiyinə göstərə bilər.

     Bəzi şirkətlərimiz işə cəlb edilən mütəxəssisə lazım olan şərait təmin etmir və o da öz bacarıqlarını buna görə tam göstərə bilmir.

  1. Köhnə komandanın qısqanclığı fonunda işə başlayan peşəkar, daim müxtəlif formada sabotaj, tələlər və bəzən də açıq provokasiyalarla qaşrılaşır. Təsəvvür edin ki, bir şirkətə rəhbər gedirsiniz və sahibkarın müxtəlif qohum-əqrəba-dost tanışının sizə qurduğu tələlərlə mübarizə aparmaq zaman və enerjinizin əksər hissəsini alır. 3 ay sonra eyni insanlar sahibkara “gördün, heç nə də edə bilmir” deyəcəklər.

     Bu məsələnin həll edilməsi üçün sahibkarın duruşu sərt və qətiyyətli olmaldır, əks halda ona “sənə canım qurbandır” deyənlər şirkəti batıracaqlar.

     Bu mövzuda Milli Marketinq Forumu 2018-də çıxışımdan bir hissə :

     Real misal. Böyük şirkətdə işə başlayırsınız. Firmada konservatorlar var – köhnə komanda və reformatorlar – müasir idarəçilik sistemlərini tətbiq edən idarəçilər. Siz yenilikçisiniz… və hər həftəniz və bəzən də gününüz müxtəlif formada mübarizələrdə keçəcək;

     Təzyiq altında işləmə, davamlı haqlı və haqsız tənqidlərə məruz qalaraq yola davam etməli və irəli gedə bilməlisiniz;

     Və nəinki irəli getməlisiniz – müştərilər, tabeçiliyinizdə olan insanlar, rəqib departament və şöbələr, rəhbərlik və sahibkarlar qarşısında davamlı dik durmalı və müsbət enerji verə bilməlisiniz;

     Və yolunuza davam etməyə və müsbət olmağa əlavə olaraq– həm də işinizdə rəqəmlərlə nəticə verməlisiniz. 

  1. Qısa zamanda böyük nəticələrin gözlənməsi problemin digər tərəfidir. Biznes – olduqca mürəkkəb, bir çox məqamlara bağlı bir fəaliyyət növüdür. Təsəvvür edin ki, illərlə dağıdılan şirkətə peşəkar idarəçi cəlb edilir. İnsan resursları deyə bir şey yoxdur – marketinq ən primitive formada televiziya reklamlarından və bilbordlardan ibarətdir – müştərilərin etibarı tamamilə itirilib – satış komandası illərlə passiv satış etdiyinə görə aktiv satış etmək niyyətində belə deyil – şirkətdə disiplin sözünün “d”-si belə yoxdur. Belə bir halda mütəxəssisdən qısa müddətdə nəticə gözləmək ən azından sadəlövhlükdür. Bütün bu işləri toparlamaq üçün zamanla bərabər yeni insanlar, komanda, mütəxəssislər lazımdır. Və bütün bunları quran idarəçi həm də köhnə komandanın müqavimətinə də zaman ayırmalıdır.

Bu mövzularda hər iki tərəfə də məsləhətlərim bunlardır

     Sahibkarlara – dəyişmək istəyən, stabil və uzun müddətli sistemə dayalı biznes qurmaq istəyənlərə

  • Peşəkarlara qısa müddətli bütün işləri düzəldən insanlar kimi baxmayın. Bu heç bir yerdə yoxdur, bizdə də olmayacaq. Bir peşəkarın öz bilik, bacarıq və savadını göstərməsi və nəticə verməsi üçün ona zaman, dəstək, komanda və şərait lazımdır. ANCAQ bunlar təmin edildikdən sonra o nəticə verə bilər;
  • Peşəkarı işə cəlb etdikdə, rahatlaşıb işlərdən uzaqlaşmayın – tam tərsi, işlərin gedişatını daha da diqqətli və yaxından izləyin ki, qohum-əqrəba-köhnə işçiləriniz onlara mane olmasınlar;
  • Peşəkarları işə cəlb etdikdən sonra, daim onlarla sıx və yaxın ünsiyyətdə olun və etdiklərini anlamağa çalışın. İşin spesifikasını ilk mərhələdə bilməyən peşəkara köhnə komanda bilərək səhv məlumat verər və işinizə, biznesinizə zərər dəyər;
  • Biznesə yatırım, ancaq bina-avadanlıq-təmirı olan yatırım demək deyil – bunlarla bərabər həm də peşəkarlara, onların bilik və bacarıqlarına edilməlidir;
  • Qohum-əqrəba-yerli dövrü bitmişdir. Bunu qəbul edin. Ya da iflasa hazır olun. Əgər qohumunuz savadlıdırsa – onun sizə ehtiyacı olmayacaq; əgər bisavaddırsa – sizin ona ehtiyacınız yoxdur. İndiyə qədər şahidi olduğun oğurluqların əksəriyyətini məhz elə şirkət sahibinə “sənə canım qurban” deyən yaxınları olub;
  • Biznes qısa müddətli iş deyil – uzun müddətli bir işdir və buna görə də bundan sonra öncəki dövrdən daha az marjalara, daha efffektiv işləməklə uzun müddətli düşüncə tərzi çox vacibdir. Bütün mövzularda – xərclər, müştərilərlə əlaqələr və ünsiyyət, satış, marketinq, şirkətin işö gətürən imici. Biznes dediyimiz də məhz elə budur.

     Peşəkarlara və mütəxəssislərə

  • İlk öncə, gedəcəyiniz şirkət haqda dərin məlumatlar alın. Çox “uğurlu” şirkətlərimiz var ki, daxildə tamamilə çürümüş ağac kimidirlər.;
  • Şərtləri sahibkarla öncədən danışın – və dəqiq və təfərrüatlı şəkildə. Sahibkarın “müəllim, nə lazımdırsa olacaq” kimi ümumi sözlərinə inanmayın, çünki onun üçün “lazımlar” sizin “lazımlardan” fərqli ola bilər. Komanda üzvləriniz, əlavə dəstək və ya avadanlıq, işə müdaxilənin olmaması kimi mövzular dəqiq danışlmalıdır. Düz gözlərinin içinə baxaraq.
  • Adətən peşəkarın üzərinə belə öhdəlik qoyulur : “Siz gəldikdən sonra satışlar artacaq, ondan sonra nə desən edəcəyik müəllim”. Bu o deməkdir ki, adam sizdən möcüzə gözləyir – gəl satışları artır, sonra dediyin hər şeyi verərik. Amma lazım olan avadanlıq-komanda-dəstək olmadan satış artmaz;
  • Qısa müddət ərzində nəticələr verəcəyinizi vəd etməyin – 2 ay sonra “nooldu, hələ də heç nə olmadı” sözləri artıq narazıçılıq və sizə qarşı köhnə komandanın deyəcəyi sözlərə qulaqların açıqlığının əlamətidir;
  • Öz psixoloji gücünüzü bilin və buna əlavə olaraq, köhnə komanda ilə toqquşmalara hazır olun. Konfliktlərdən nəinki qaçın və ya uzaq durum – üzünüzdəki ifadə belə qətiyyətli olmağınızı göstərməlidir. Əgər gündəlik işlərlə bərabər döyüş etməyə səbriniz-həbəsiniz-psixoloji gücünüz yoxdursa, o zaman daha güclü bir reformatorun komandasına daxil olun ki, o sizi qorusun və şərait yaratsın;
  • Unutmayın ki, nə qədər savadlı olmağınıza baxmayaraq, edəcəyiniz hər şey sahibkarın vizyonu ilə məhduddur. Dəfələlərlə şahidi olmuşam : mütəxəssis ciddi kampanya-layihə planlaşdırır, sahibkar tam qəbul edə bilmədiyinə görə də “müəllim, əladır, amma il sonunda edək” sözləri ilə yola verir. Buna görə də sahibkarla daim sıx ünsiyyətdə olmaq və onu işlərin bünövrəsi haqda maarifləndirilməsi çox vacibdir.

     Bu gün Azərbaycan biznesi çox vacib yol ayırıcındadır – yeniliklər edilməlidir, reformalar aparılmalıdır, biznesimiz fərqli və müasir idarəçilik texnika və alətlərini istifadə etməlidir. Bir tərəfdən buna ehtiyacı olan biznes və sahibkarlarımız var, digər tərəfdən də bunu edə biləcək peşəkarlar. Tək vacib məqama ehtiyac var : bu iki tərəf arasında doğru ünsiyyət

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *