liderlik
Məqalələrim

İDARƏÇİLİK haqda deyilməyənlər

 

  • İnsanlara qarşı anlayışlı olun, və onlar da sizə qarşı addım atacaqlar mütləq;
  • Davamlı dəyərlərinizi başa salın – qəbul edəcək və sizinlə eyni istiqamətdə gedəcəklər;
  • Durmadan məqsədləriniz haqda danışın ki, onlar da sizin məqsədlərinizi başa düşsün – gerisi artıq rahat olacaq.

     Bütün idarəçilik kitablarında bu və bənzəri cümlələri oxuyanlar Azərbaycanda da bir gün belə rəhbərlərin olacağını arzu edirlər. Bəli, belə yanaşma doğrudur və olmaldır. Amma… Kiçik bir neçə “amma”lar var. Baxır harada, hansı şəraitdə və necə insanlarla.

     Azərbaycanda olan böyük şirkət və holdinqlərdən real misal.

     Böyük şirkətə rəhbər gəlirsiniz.

     Qarşınızda olan insanlar, sahibkarın qohum, əqrəba, dost, tanış, yerli və əskərlik yoldaşlarıdır.

     Önünüzdə bir biznes oğrusu var – adam ayda 5.000-20.000 arası fərqli formalarda (rüşvət-otkat-birbaşa oğurluq ) əlavə gəlir əldə edir. Və siz gəlib adama deyirsiniz ki, ayda 1.000 manat maaşla, hər gün işə gecikmədən, axşam saat 18.00.a qədər effektiv şəkildə işləməlidir. Ömründə bir kitab belə oxumamış və bunu boş şey hesab edən bir adama davamlı inkişafdan danışın. Və ayda 1000 manat maaşla.

     Müştərini “qaz” kimi görən insana müştərinin əhəmiyyətini başa salın. 

     Bilik və savadı olmayan və buna görə də daim yaltaqlanan insana aylıq və həftəlik iclaslarda rəqəmlərlə hesabat verməyi istəyin.

     Dünyada az-çox tanınan bütün idarəçi və işadamlarının demək olar ki, həyatlarını oxumuşam. Nəinki oxumuşam – dərinləməsinə getmişəm. Hiss etməyə çalışmışam.

     “Liderliyin 5 qaydası” – “Uğurlu idarəçiliyin 7 qaydası” – “Əsl rəhbərin 10 prinsipi” kimi kitablarda deyilməyən məqamlar var.

     Və o kitabları oxuyan insan aldanır. Sətir arasını görmür. Yazılmayanlarla yazılanlar birləşdirə bilmək çox vacibdir.

     Deyilməyən məqamlardan əsas olanı isə odur ki, sizinlə eyni dəyərləri paylaşmayan insanlarla irəli nəinki getmək mümkün deyil – şirkət də, komanda da geriləyəcək. Eyni dəyərlərə malik olmayan insanları nə qədər ruhlandırsanız, nə qədər də həvəsləndirsəniz – xeyri olmayacaq.

     Sadə misal. Şirkətə rəhbər gəlir. Strategiyasının ana xəttlərini qeyd edir :

  • Şirkətdə bütün prosedurlar müştərinin maraqları və rahatlığı istiqamətində olacaq;
  • Ön plana BÜTÜN mövzularda – xərclər, iş saatı, müştərilərlə əlaqələrdə – effektivlik çıxacaq;
  • Bütün qərarlar uzun müddətlilik prizmasından alınacaq.

     Şirkətdə 500 nəfər əməkdaş və 20 nəfər orta idarəçi var. 20 nəfər orta idarəçidən çox yox – cəmi 5 nəfəri oğru, sabotajçı, provokator, komfort zonasında illərlə yatan insanlar olsa – o şirkətdə heç bir irəliləyiş və ya qeyd edilən 3 ana istiqamətdə işlər görülməyəcək, çünki içəridə virus var ikən, əsla dəyişikliklər baş verməyəcək.

     Və həmin uğuru idarəçilik kitablarda cəmi 2-3 cümlə ilə əslində böyük bir iş haqda yazılır – dəyərləri şirkət dəyərləri ilə üst-üstə düşməyən insanlar işdən uzaqlaşdırıldı. Və bu da normaldır.  

     Burada vacib olan məqam budur ki, şirkət irəli ANCAQ eyni dəyərlərdə olan, ANCAQ frekansları üst-üstə düşən insanlarla gedə bilər. Qarışdırmamaq lazımdır : fikir və düşüncələr fərqli ola bilər, amma DƏYƏRLƏR eyni olmalıdır, çünki hər şirkətin bünövrəsi məhz elə dəyərləridir – pis ya da yaxşı.

     Dəyərləri başa salmaq lazımdır – bəli. Amma doğru insanlara –eyni dəyərləri özündə də olanlara.

     Əks halda bu bilirsiniz nəyə bənzəyəcək? Bir dəfə bir şirkət sahibinə qohumunun ticari cinayət etdiyini sübut etdim və tələb etdim ki, o adamla əlaqəli rəsmi addımlar atılsın. “Müəllim, gəl onu dəyişək” dedi mənə. Yəni adam ayda 3000-10000 AZN arası oğurluq edirdi – mən onu islah edəcəm (strategiya, idarəçilik sistemi,gənc idarəçilərin inkişafını kənara qoyaraq), və o da səhvlərini başa düşüb, artıq 600 manata maksimum effektiv şəkildə işləyəcək. Dedim ki, bəli, dəyişək. “Amma bir xahişim olacaq Sizdən – gedək zooparka, canavara göyərti yedizdirin. Canavar vegetarian olanda, illərlə işləmədən  illərlə böyük və haram gəlirlər əldə edən insanı mən danışaraq dəyişərəm”.

     Hə, burada bir məqam var. İnsanları dəyişək, onlara zaman ayıraq. Sürətli biznes dünyasında o qədər zaman olur mu? Daim sahibkar, rəqiblər, bazar təzyiqi altında olan bir rəhbərin zamanını xərcləməsi nəinki effektiv deyil – ümumiyyətlə doğru deyil, çünki eyni dəyərləri paylaşdığımız insanlara belə fikir, düşüncə və qaydalarımızı başa salmaq uzun zaman alır.

     Bu hallar ancaq Azərbaycanda mı baş verir? Xeyr. Xaricdə iş təcrübəm də, oxuduğum kitablar da, qərb ölkələrində işləyən rəhbər dotslarımdan çox gözəl bilirəm ki, tək Azərbaycanda deyil.

     Təcrübəm göstərir ki, insanlar dəyişmir – maska taxır, qısa zaman üçün dəyişmiş kimi görünür – amma dəyişmir. Buna görə də şirkət rəhbəri hər hansısa böyük dəyişikliklərə başlamadan öncə, İLK ÖNCƏ özünə onunla eyni dəyərləri paylaşan komandanı seçməlidir ki, döyüş vaxtı geridə, öz arxa cəbhəsində provokasiyalarla üzləşməsin.

     İdarəçilik, gözəl sözlər, möhtəşəm əməllər, xarizmatik davranışlar, rahat həyat kimi görünsə də, əslində olduqca məsuliyyətli və o qədər də ağır bir peşədir. Səhnədə rahat davranış və gözəl sözləriylə seçilən direktor, səhnə arxasında bəzən qətiyyən populist olmayan və şəxs olaraq əsla almayacağı qərarları almaq məcburiyyətindədir.

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *