life_road_by_snarbaz-d5vs2ev
Məqalələrim

“İDEAL” axtarışı

Müxtəlif yaşlarda olan insanlardan daim eşitdiyimiz şikayətlər :
– Xarici dil bilsəydim, əminəm ki, karyeramda artış olardı. Amma nə edim?
– Çox yorulmasaydım, idmanla məşğul olardım
– Heç zamanın olmur, yoxsa inkişafıma da ayırardım
– Bir az dəstək olsaydı, mütləq sağlamlığımla məşğul olardım
– Yaxşı müəllim olsaydı, mənə xarici dil öyrədərdi.
Və həftələr, aylar, illər bu fikirlərlə və gözləntilərlə keçir.
Zaman keçdikcə, bu düşüncələr bəhanə olmağa başlayır.
İnsanın səhhətində, karyera və iş həyatında problemlər başlayanda bu cümlələr artıq şikayət kimi səslənir.

Insan yaşlandıqda isə “kaş ki”lər başlayır, çünki həyatın böyük hissəsi artıq geridə qalıb.

Sağlamlığımıza, şəxsi və peşəkar inkişafımıza, ailəmizə ayrılacaq ideal zaman tapmadıqca və münasib şərtlər gözlərkən bütün bu sahələrdə geriləyirik. Uyğun zaman və rahat şərait axtaran insanlar arzularına çatmaq üçün adətən aralıqsız və sıxıntısız, maneələrsiz 3-6 ay zaman axtarışındadırlar : onları heç kim narahat etməsin, heç bir problem qarşılarına çıxmasın ki, onlar sağlamlıqlarına, xarici dil öyrənməyə, peşəkar inkişafa tam fokuslansınlar.

Bu yaşa çatmışam, bu mövzuda dəqiq bildiyim 3 məqam var :
– İDEAL ZAMAN və ŞƏRTLƏR yoxdur və olmayacaq. Axtarmayın və gözləməyin;
– İdeal zaman axtarışları başlamamaq üçün sadəcə bəhanədir;
– Hər birimizə verilən 24 saat içərisində bütün bu işlər üçün zaman var.
 
ÇIXIŞ YOLLARI?
– Gündəlik zaman “pəncərələrindən” səmərəli istifadə etmək lazımdır. Hər keçən 24 saatımıza baxsaq görmək olar ki, nə qədər boşa və ya bizi məqsədlərimizə aparmayan işlərə zaman ayırmışıq : 20 dəqiqə internetdə boş keçən zaman, 2 saat televizor, 30 dəqiqə + 20 dəqiqə + 15 dəqiqə… Və günün sonunda yorğunluq, boşluq və narazıçılıq;
– Sağlam, güclü və atletik vücuda sahib olma üçün idmana zamanın yoxdur? İdeal zaman axtarmağı və “həftədə 3 gün hər dəfə 2 saat vaxtım yoxdur” bəhanəsini düşünməyin belə. Sağlam olmaq üçün idman zalına və ya hovuza getmək şərt deyil. Hər gün 20 dəqiqə idman + doğru qidalanma ilə bu məqsədə çatmaq olar.
– Peşəkar inkişaf üçün lazım olan kitab oxumağa zaman yoxdur? Hər gün cəmi 30 dəqiqə kitab oxumaqla ayda ən az 1 kitab oxumaq olar. Və gününüzü analiz et : boş işlərə, faydasız görüşlərə, facebooka, instagrama nə qədər 30 dəqiqələlr gedir?
– Kitab oxumağa zaman olmur? Hər gün yola nə qədər zaman xərcləyirsiniz? 1-2 saat? Yolda nə edirsiniz? Müsiqi dinləyirsiniz? Bəs niyə audio kitab dinləmirsiniz? Hər gün yolda keçirilən zamanın 1 saatı ərzində insan audio kitab dinləsən, bu ayda ən az 1 kitab deməkdir. Və son bir ilinizə baxın – yolda nə qədər zaman keçirmisiniz və il ərzində nə qədər kitab, bilik, məlumat itirmisiniz?
– Gündəlik işlər, məsuliyyət daşıdığımız layihələr, yorğunluğun sonu olmayacaq. Gündəlik işlərimizi o qədər effektiv aparmalıyıq ki, inkişafımıza və bizi irəli aparacaq işlərə zaman ayıra bilər. Buna əlavə olaraq, gündəlik fəaliyyətimiz nə qədər yorucu olsa da, sağlamlıq və inkişaf mövzularına içimizdə güc tapa bilməliyik.
 
 
İdeal zaman mövzusunda 4 əsas məqamı unutmamaq lazımdır :
– Həyat seçimlərdən ibarətdir. Məqsədlərimizə görə gün ərzində seçimlərinizi doğru etmək lazımdır. Bu seçimlərin mükafatını və cəzasını hər kəs bir gün alacaq;
– Həyatımızın bütün sahələrində müvəffəqiyyət uzun yoldur. Qısa zaman ərzində heç bir sahədə kəskin və uzun müddətli stabil dəyişiklik əldə etmək olmaz;
– Uzun müvəffəqiyyət yolu kiçik addımlardan ibarətdir. Hər gün məqsədlərimizə doğru bir addım belə atsan, məqsədlərinə çatmış oluruq;
– Bizi gücləndirən məhz bütün şərtlərə baxmayaraq apardığımız mübarizədir.
 
ƏN VACİB MƏQAM İSƏ BUDUR : hər birimizə hər gün 24 saat verilir.
Bu 24 saatı darıxdırıcı saatlar toplusu və ya bizi məqsədlərimizə aparan ideal zamana çevirmək hər birimizin şəxsi seçmimizdir.
Zaman sıxıntısı və gündəlik işlər yükü hamıda eynidir. Güclü və zəyif, müvəffiqyyətli və uğursuz insanları fərqləndirən şərtlər və imkanlar deyil : üzləşdiyimiz vəziyyətə qarşı davranmağımız və maksimum effekt əldə edə bilməkdir.
Əsl müvəffəqiyyət, münasib şərtlətə GÖRƏ deyil, mövcud vəziyyətə və zamanın olmamasına RAĞMƏN qazanılandır.
Hərkəsə hər gününün ideal gün olaraq yaşamağı arzu edirəm!

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *