MG_8822111111111113445
Məqalələrim

42 yaşım oldu. Nələr anladım?


Yaş 40 keçdikdən sonra çox insan hesab edir ki, həyatın yarısı artıq geridədir. Mən isə düşünürəm ki, mənim həyatım hələ indi başlayır : indiyə qədər mən yaşamağı öyrənirdim və bu mənim uşaqlığım idi.

Nələr anladım mən bu yaşa qədər? Anladım ki….

– Maddi hər şey aldadıcıdır. İnsanlar içlərində olan mənəvi vakuumu əşyalarla doldurmağa çalışırlar. Insanın daxili dünyası boşdursa, bu insan öz əhəmiyyətini hansısa formada göstərməlidir. Buna görə də bahalı avtomobillər, saatlar və müvəffəqiyyətin xarici aksessuarları insanın yanında olur. Bəzi hallarda insan elə bunlardan ibarət olur. Bu aksessuarlar əlindən alındığı anda insan yerinə bir boşluq qalır;   

– Dünyanın sonu kimi qəbul etdiyimiz bütün problemlər əslində hamının həyatında olur. Ancaq bəzən ciddi təzyiq altında insan özü seçimini edir : şəxsiyyət olaraq ölür və ya dəyərlərini və ləyaqətini itirmədən daxili gücü hesabına dözür və daha da güclü olur;

– Həyatımızda olan ağır dövrlər  bizi gücləndirir. Geriyə baxanda mən görürəm ki, bu dövrlər məni gücləndirib və bu gün olan Fəxri Ağayev mübarizənin nəticəsidir;

– Heç bir zaman təslim olmamaq lazımdır : nə öz zəyifliyimiz, nə də ki cəmiyyətin təsiri altında;

– Nəfəs verdiyim müddətcə öz taleyim üçün iki əlli döyüşməliyəm; əllərim yorulsa dişlərimlə vuruşmalıyam. Qollarıma, dişlərimə, əzələ və baxışlarıma güc verən daxilimizdəki enerjidir. Hər zaman içimizdə enerji vulkan qaynamalıdır;

– Böyük vəzifə sahibləri bir çox hallarda xoşbəxtliyin nə olduğunu bilməyən insanlardır. Özləri də fərqində olmadan kreslo, vəzifə və böyük adların qulu olurlar və bir müddət sonra natamamlıq kompleksi və gücün iyrənc qarışımı olurlar;

– Həyatımız elə yaşamalıyıq ki, yaşlananda və geriyə baxanda “kaşki” sözlərini istifadə etməyək. Elə yaşamaq lazımdır ki, arzularımız real olsunlar və son anlarımızda gülümsəyərək dolu dolu yaşadığımızı düşünək;

– Xoşbəxtlik heç də dağın zirvəsi deyil : dağın zirvəsində olanlar bəzən tənha qalırlar;

– Biz hamımız cəmiyyətin zəyif üzvlərinə görə məsuliyyət daşıyırıq. Ancaq etdiklərimizə görə yox – həm də edə biləcəyimiz halda etmədiklərimizə görə;

– Yaş nisbi bir anlayışdır. Bəzi insanlar cismən ölmədən öncə mənəvi ölürlər;

– Mən təqaüdə qədər  yaşamayacam. Bu o deməkdir ki, mən özümü taqətsiz və zəyif görmürəm : hər zaman gənc, enerjili, hərəkətdə və dinamik olacam. Və belə də ölmək istəyirəm;

– Biz bəzən yüzlərlə insan içində yalnız olduğumuz halda, dəniz kənarında tək oturanda yalnız olmaya bilərik;

– Başqalarına pislik edənlər əslində xoşbəxt olmayan insanlardır, çünki xoşbəxt insan onu alçaldacaq işləri edəcək səviyyəyə enməz;

– Bizə məsləhət verən insanlar çox olur, ancaq aldığımız qərarların sevinc və acısını hər birimiz özümüz çəkəcəyik. Qərar vermək və məsuliyyəti qəbul etmək vacibdir. Cəmiyyət isə onun kimi davranmadığımıza görə bizi qınayacaq;

– Bizə pislik edən insanlar əslində bizə böyük fayda verirlər. Mənə tələ quran, məni satan, pis vəziyyətlərdə qoyan insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar olmasaydılar, mən heç bir zaman komfort bölgəmi tərk etməzdim;

– Keçmişimizlə əlaqədar nəticələr çıxarmalıyıq, daha sonra isə onun qapısını bağlamaq və açarlarını itirmək lazımdır. Ancaq belə bir halda bu günümüz zövq ala bilərik və gələcəyimizdən planlaşdıra bilərik;

– Mənim planlarımın icra olunmasında və arzularımın reallaşmasına yeganə maneə olacaq insan mən özüməm;

– Bəzən şəxsi dəyərlərimizə və prinsiplərimizə görə doğru davranaraq məğlub olmaq səhv davranaraq qalib olmaqdan daha yaxşıdır.

 

Əminəm ki, anladıqlarım bunlarla bitməyəcək və ömür boyu tələbə kimi doğruları seçərək nələrisə anlamağa çalışacam.

Ad günümü təbrik edən hər bir insana dərin təşəkkürümü bildirirəm…

MG_8822111111111113445

Leave a Reply

Your email address will not be published. Required fields are marked *