team
Məqalələrim

Komandanın əhəmiyyəti

     Komanda. Komandanın əhəmiyyəti, gücü, sinerji. Tək əldən səs çıxmaz. Birlik gücdür.

     Bu sözləri bütün şirkətlərdə rəhbərlər deyirlər, daim danışırlar, insanlara bu mövzuda təlimlər keçilir, “team-building” tədbirləri, komandanı bir yerdə şəhərdən kənara pikniklərə, tədbirlərə çıxarmaq… Amma olmur. İnsanlar futbol oynayır, kabablar yeyir, gülür, danışır, amma ofisə geri döndükdə eyni müharibə davam edir.

     Nədir problemin kökü? Kimdir komandanın bir araya gətirilməməsində günahkar? Və sahibkar – rəhbərlər nələr etməlidirlər ki, şirkətdə komanda olsun?

     Bu mövzunun əsaslı həlli yolları barədə danışmaq üçün ilk öncə onu dərindən təhlil etmək lazımdır. Komanda olmayanda rəsmi və qeyri-rəsmi şəkildə nələrin baş verdiyinə göz ataq.

     Vəziyyət 1. Böyük bir şirkətdə bütün şöbələr var – marketinq, satış, anbar, maliyyə, insan resursları, satın alma, mühasibatlıq. Təsəvvür edin ki, marketinq və satış müdirləri bir-biri ilə müəyyən səbəblərə görə anlaşa bilmirlər.

     Marketinq tərəfindən təklif edilən bütün kampaniya və aksiyaları iclaslarda kökündən çürüdən və mənasız sayan satış şöbəsi, icra edilən kampaniyaların alınmaması üçün mağazalarda əlindən gələni edir və şirkət mərkəzində hər görüşdə bu mövzularda mənfi tərzdə danışır.

     Marketinq və satış müdirlərinin bir-biri ilə komanda şəklində işləməsi halında isə hər iki tərəfdə eyni istiqamətdə beyin yoracaq və işlərin getməsi üçün səylər xərcləyəcək. 

     Nəticədə, kim zərər görür? Şirkət.

     Vəziyyət 2. Şirkətin maliyyə rəhbəri və servis rəhbəri satınalma rəhbərinə qarşıdırlar. Servisin tələbi ilə xaricdən gətirilməsi lazım olan bütün sifarişləri maliyyə şöbəsi süni formada gecikdirir, servis rəhbəri isə gətirilən materialların və alətlərin daim keyfiyyətindən narazılıq edir. Satın almaq rəhbəri daim gərginlik və stres altında işləyir və belə bir ortamda daha da çox səhvlər edir.

     Nəticədə, kim zərər görür? Şirkət.

     Vəziyyət 3. İclas. Bütün şöbələr toplanıb və şirkət daxilində xərclərin optimallaşdırılması müzakirə edilir. Şirkətin real vəziyyəti qalıb kənarda – komanda daxilində qruplaşan şirkət direktorları sahibkarın önündə bir-birini əzirlər. Müzakirə mövzusu obyektiv deyil, tamamilə subyektiv olur. 

     Nəticədə, kim zərər görür? Şirkət.

     Məsələnin digər tərəfi

     Gün ərzində hər insanın müəyyən miqdarda enerjisi olur. Azərbaycan iş dünyasında insanların enerjisi əsasən, mübarizə, dedi-qodu, didişmələr, tikilən torbalar və qazılan quyularla mübarizə apamağa xərclənir. Bura həm də yeni müharibə taktikalarını düşünmək və gələ biləcək zərbələrə qarşı özünü müdafiə taktikalarını düşünməyi də əlavə etmək lazımdır. Bu da azdır.

     Özünə tərəfdaşlar seçmək lazımdır, onlarla mübarizə taktikaları müzakirə edilməlidir. İclaslardan öncə şirkət üçün fayda verəcək təkliflər yerinə, insan minimum danışmağa çalışır ki, onda tutulacaq səhvlər də az olsun.

     Mübarizədən yorulan insanın gücünü bərpa etməsi üçün ciddi zaman lazımdır. Bu, işin enerji tərəfidir.

     Amma burada da mövzu bitmir. Həvəs və motivasiya, işə qarşı müsbət yanaşma və sevgi  insanın gündəlik enerjisini artırmaqla bərabər, həvəssizlik və demotivasiya enerjini alır.
     Gün boyunca enerjisini tükədən insan işə və peşəkar fəaliyyətinə konsentrasiya ola bilməz. 

     Hörmətli sahibkarlar, rəhbərlər, direktorlar!

     – Şirkətinizdə belə halların baş verməsi çox ciddi sıxıntıdır. Bu vəziyyəti “team-building” tədbirləri, pikniklərlə, futbollarla həll etmək olmaz. Bu, bilirsiniz, nəyə bənzəyir? Dərisində problem olan insanın dərisinə məlhəmin çəkilməsinə – müvəqqəti olaraq problem sadəcə görünmür, amma daha dərindən həll olmadığı üçün yenə də dəridə yaralar çıxacaq;

     – Uğurlu biznes üçün komandanıza güclü peşəkarları cəlb etmək vacibdir, amma özü özlüyündə yetərli deyildir. O adamların arasında olan və gözlə görünməyən əlaqələri idarə etmək uğurlu biznesin ikinci, vacib və olmazsa-olmaz mərhələsidir;

     – Biznesdə idarəçilik, məhz elə insan əlaqələrinin doğru idarə olunmasından ibarətdir. Gerisini peşəkarlara buraxın;

     – Sözlə iş olmaz. İdarəçilik ancaq sözlərdən ibarət deyil – əməllər, doğru atılan addımlar və alınan qərarlardır;

     Məsuliyyət kimdədir? Ancaq və birbaşa şirkət sahibi və rəhbərində.

     Bu mövzuda məsləhətlərimi diqqətlə oxuyun!

     – Oyunun qaydalarını öncədən siz özünüz müəyyən edin. Siz etməsəniz, o zaman komandada olan insanlar istədikləri kimi edəcək;

     – Şirkətdə dedi-qoduların olmasına əsla icazə verməyin. Heç bir formada. Belə bir hala emosional belə olsa, maraq göstərsəniz, artıq hadisələrin qarşısını ala bilməyəcəksiniz;

     – İnsanları işə alarkən mütləq dəyərlərini diqqətə alın. Öncəki şirkətlərdə işlərindən başqa necə davrandıqlarını nəzərə alın;

     – Şəxsi keyfiyyətlər bəzi hallarda peşəkar biliklərdən daha çox vacibdir. İki nəfər satış müdiri təsəvvür edin: biri çox güclü peşəkardır, amma oyun oynamağı, qruplaşmaları, tələ qurmağı, tərəfdaş toplamağı sevir.

     İkinci insan isə peşəkarlıqda ondan 20 faiz daha geridədir, amma komanda oyunçusudur, insanların arxasınca oyunlar oynamır, digərləri ilə ünsiyyət qurmada çətinlik çəkmir. İkincini işə götürün, çünki peşəkarlıq artırıla bilər, amma şəxsi keyfiyyətlər dəyişmir;

     –  Komandanı və şirkəti böləcək bəzi mövzuların müzakirə və danışılmasını qəti qadağan edin. Şirkət daxilində dini, siyasi, dil, yerlibazlıq söhbələri əsla olmamalıdır – bu müzakirələrin sonu və həqiqəti olmaz, amma insanları bölər və parçalayar;

     – Daim əlinizi şirkətin qeyri-rəsmi tərəfinin nəbzində tutun. İclaslarda insanların mimikalarından, bir-biri ilə baxışmalarından əsl əlaqələrini hiss etməli, başa düşməli və ona görə davranmalısınız;

     – Daim rəhbərlərlə kommunikasiyada olun. Düşünməyin ki, bir insan peşəkardırsa, artıq hər şeyə göz yumub rahat otura bilərəm. Şəxsən dəfələrlə şahidi olmuşam – iki ciddi 40 yaşlı peşəkar aralarında olan anlaşılmazlıqları böyüdərək şəxsi müstəviyə keçirirlər və şirkət sahibi oyanana qədər böyük zərbələr alır – maddi və mənəvi;

     – Komanda daxilində bütün konfliktlərə kökündən müdaxilə edin və insanları birləşdirin, aralarında olan anlaşılmazlıqları mütləq aradan qaldırın. “Bir təhər düzələr” dediyiniz kiçik bir anlaşılmazlıq qığılcım kimi böyük yanğına qədər böyüyə bilər;

     – Müzakirələrin şəxsi zəmində mübahisələrə keçməməsinə diqqət edin.

     Şirkətdə olan əlaqələr buz dağı kimidir – suyun üzərində görünən rəsmi və kiçik hissə var. Əsas və böyük hissə isə gözlə görünməyən, suyun altında olandır, həlledici də odur.

     Sahibkar-rəhbər olmaq ilk baxışda göründüyü kimi romantik fəaliyyət deyil.  Rəhbərin ən vacib funksiyalarından biri məhz elə komanda quruculuğudur: şirkətə güclü insanları cəlb etmək və onları bir komandada birləşdirmək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *