1-hold23
Məqalələrim

Effektivliyimi təmin edən 8 vərdişim

“Fəxri, bu qədər işi necə çatdırırsan?”  sualını daim alıram. Həqiqətən də, bəzən düşünəndə, özüm də bu sualı özümə verirəm. Bu qədər işi mən necə çatdırıram?

Işlərimin çox geniş əhatəsi var

  • AAAF Holdinqin vitse-prezidentiyəm və fərqli işlər, layihələr və yeniliklər üzrə məsuliyyət daşıyıram ;
  • Müxtəlif şirkətlər və işadamlarına konsultasiyalarım davam edir ;
  • Təlimlər + Seminarlar və Master klaslarım da eyni sürətlə keçirilir ;
  • Konfranslar, açılışlar, fərqli tədbirlər və yarışmalarda dostlarımın dəvəti ilə iştirak edirəm ;
  • Işadamları klublarının iclaslarında aktiv şəkildə iştirak edirəm ;
  • Tələbələr və gənclər üçün seminarlarım eyni sürətlə davam edir və heç bir seminar təklifini geri çevirmirəm. Azərbaycanın gələcəyi olan gənclərimiz üçün daha faydalı olmaq üçün mütəmadi olaraq həftə sonları günlərində “Çay süfrəsi” görüşlərini Holdinqdə keçirməyə başladım ;
  • Gənclərin hazırladığı layihələrə fərqli formalarda dəstək verirəm ;
  • Qəzetlər üçün məqalələr yazıram ;
  • az bloqum üçün məqalələr yazıram ;
  • Daim idmanla məşğul oluram və yarışlara hazırlaşıram ;
  • Özümü inkişaf etdirmək üçün kitablar və məqalələr oxuyuram. Bu sahədə ciddi standartlarım və qəti qaydalarım var ;
  • Kitab yazmaq fəaliyyətim davam edir. 2.ci kitabımı bitirdim və artıq Dekabr ayında satışda olacaq. 3.cü və 4.cü kitablarım üzərində işlər yekunlaşmaq üzərədir ;
  • ci kitabımın Amerikada satışı üçün çalışmalar aparılır ;
  • Dostlarımla və mənə dəyərli olan insanlarla daim görüşürəm ;
  • Mənin üçün çox böyük dəyər təşkil edən ailəmə zaman ayırıram, ailəmlə bərabər istirahət edirəm, əyləncəyə də gedirik.

Bir məsələni də nəzərə almaq lazımdır ki,Yeni Günəşlidə yaşayıram, holdinqin ofisi isə Xırdalandadır. Hər gün yolda ən az 2,5 saat keçirirəm.

 

Bəs mən bütün bunları necə çatdırıram?  

Əslində hər şey çox sadədir.  Və Təbii ki, bütün bu işlərin arxasında hər hansısa bir sirr yoxdur.  Sadəcə bir neçə əsas qayda və texnikalarım var, onlara əməl edirəm və beləliklə də, bütün işlərimi çatdırıram, ailəmə zaman ayırıram, idman və sağlamlığım daim nəzarətdədir.

İllərdir istifadə etdiyim qəti qaydalarım var və bunlardan bir neçəsini mən aşağıda oxucularımla paylaşıram.

 

Plansız işim olmaz

Hər ay, həftə və günüm dəqiq planlaşdırılır.  Planlarımda həyatımın hər sahəsinə yer ayırıram : holdinqin işləri, idman və sağlamlıq, ailə, şəxsi işlər, konsultasiyalar,  bloqum, məqalələrin yazılması, inkişafım.

Iclas olacaqsa – iclasdan öncə 10 dəqiqə ərzində nitqimi, sözlərimi, ana fikir və ya problemləri və həlli yolları üzrə təkliflərimi hazırlayıram.

Kabinetimdə bütün divarlar löhvələr və planlarla doludur.

Necə ki, bir memar binanı inşa etmədən onun necə olacağını planlaşdırırsa, bizlər də günümüzün və həftəmizin planını hazırlamalıyıq.

Effektivliyimin birinci sütunu planlaşdırmadadır. Planlaşdırmanın əhəmiyyəti isə çox sadədir : fərqli sahələrdə məqsədlərim və öhdəliklərim var. Məhdud və çox dəyərli sərmayən var : sutkada 24 saat. Bu 24 saat içərisində mən seçimlərimi etməliyəm : məni məqsədlərimə aparan və ya onlardan uzaqlaşdıran. 

 

Disiplinliyəm

Planlarımı TAM icra etməyə çalışıram. Planları yazmaq vacibdir, amma yetərli deyi. Bu planların icra edilməsi də çox vacibdir. Bura isə ön plana disiplin mövzusu çıxır.  Planlama effektiv günün birinci mərhələsidirsə, disiplinli şəkildə planı icra etmək ikinci və vacib mərhələdir.

Disiplin mövzusunda insanların adətən ən böyük səhvləri budur ki, bir dəfəlik sıçrayışla məqsədlərə doğru gündəlik kiçik addımları qarışdırırlar. Məqsədlərimizə, müvəffəqiyyətə gedən yol hər zaman uzun yoldur və bu yolda hər gün, hər həftə ruhdan düşmədən addımlamaq lazımdır. Bunun üçün də disiplin vacibdir.

 

Minimalistəm

Kabinetimdə ən zəruri əşyalar xaricində HEÇ NƏ yoxdur.  Funksional olaraq mənə fayda verəcək heçnə kabinetimdə olmaz.

Işləyən zaman masamda qarşımda notbukum, onun yanımda lazım olan bir sənəd var. Vizual diqqətimi yayındıracan heç nə kabinetimdə olmur.

Bir iş üzərində maksimum konsentrasiya edərək işləməliyəmsə, tamamən qapanıram, telefonların səsi kəsilir və işləyirəm. 1 saat ərzində anormal böyüklükdə və həcimdə işlər etmək olar.

Həftədə ən az bir gün notbukumu,otağımı və masamı təmizləyirəm. Mənə lazım olmayan heç nə ortalıqda qalıb diqqətimi və fokusumu yayındırmamalıdır.

 

Görüşlər

Mənimlə “Fəxri, necəsən? Gəli bir stəkan çay içək” taktikası keçmir.

Bütün görüşlərim ən az iki həftə öncədən planlaşdırılmalıdır.

Yanıma görüşə gələn idarəçilər və konsultasiya üçün mənə müraciət edən firmaların idarəçiləri də bilirlər : bir mövzu haqqında ümumi “lak lak” edilməz.   

Görüşlərim üçün hər zaman öncədən zaman müəyyənləşdirilir. Misal üçün, Namiq adlı bir insanla bir mövzu haqqında görüşüm varsa, öncədən xəbərdarlıq edirəm : “Görüş 15 dəqiqə olacaq. Buna görə zamanını tənzimlə”.

Anidən və gözlənilməyən, amma təxairə salınmaz görüşlərə gələn insanlara da öncədən zaman deyirəm : “10 dəqiqə zamanımız var”.

 

Mənfi insanlar və zaman oğruları uzaq oluram

Mənfi aurası və düşüncə tərzi olan insanlar bizə, biz özümüz də fərqində olmadan bizim düşüncə tərzimizə birbaşa təsir edirlər. Bu insanların şəxsi və peşəkar həyat, sağlamlıq və karyera mövzusunda fikiləri adətən mənfi havada olur və bu bir müddət sonra bizə də təsir edir.

Zaman oğrularını yaxşı tanıyıram və zamanımı boş yerə, qeyri effektiv şəkildə xərcləyəcək insanlara zaman ayırmıram. Boş söhbətə verdiyim 1 saatı mən idmanımdan, ailəmdən, inkişafımdan və işimdən almış oluram.

Görüşlərin sonunda məsələrin müzakirə artıq bitibsə və görüş ümumi söhbətlərə keçirsə, nəzakətli şəkildə ayrılmağı tərcih edirəm.

 

Problem görəndə, dərhal üstünə gedirəm

Bu gün diqqətə almadığımız və kiçik görünən problem, sabah qarşımıza ciddi maneə olaraq çıxa bilər.  Buna görə də problemin  böyüməsini gözləmirəm və dərhal həll edirəm.

Əgər qarşımdakı maneə bir insandırsa və o insanlar döyüşmək lazımdırsa, bunu uzatmıram : saldırıram və birinci zərbəni endirirəm.

 

Müsbətəm

Nə olursa olsun,müsbət düşünürəm.

Diqqət etmişəm, mənə qarşı nə edilirsə edilsin, müsbət bir tərəfi var. Qarşılaşdığım hər maneə və ya problemdən bir nəticə çıxardıram və buna görə də özümü uğurlu hesab edirəm.

Bir problem nəticəsində itirdiyim 99 % yerinə, əldə etdiyim 1 %.i düşünürəm. Buna görə də ruhdan düşmürəm və yoluma davam edirəm.

 

Suallar

Hər həftə sonu özümə bu sualları verirəm

  • Bu həftə ərzində məni məqsədlərimə doğru aparan hansı işləri etdim və bu işlərə nə qədər zaman ayırdım?
  • Hansı günlərdə və ya vəziyyətlərdə zamanımı boşa keçirdim?
  • Mənim inkişafımın qarşısını nə aldı və bunları aradan necə qaldıra bilərəm?
  • Sağlamlığım, enerjim və gümrahlığım üçün nə etdim?

Keçən günümüzü və həftəmizi retrospektivdə dəyərləndirmək, nəticələr çıxarmaq və yeni qərarlar vermək çox vacibdir ki, hər keçən gün və keçən həftə eyni səhvləri etməməliyik.

 

Təbii ki, mənim istifadə etdiyim yanaşma və alətlər ancaq bunlar deyil. bu məqaləmdə mən sadəcə bir neçəsini ifadə etdim.

Bütün bunların bünövrəsi isə, Zamanın İdarə Olunması texnikalarını tam istifadə etməklə yanaşı, həm də durmadan bu alətləri inkişaf etdirirəm və yenilərini kəşf edirəm.

Bütün bunları etmək və ya etməmək təbii ki, seçim məsələsidir və hər birimiz seçimlərimizi edirik və qərarlarımızın nəticəsində mükafatlarımızı da alırıq, cəzalarımızı da. Məqsədimiz, çox işləmək olmamalıdır – effektiv işləmək olmalıdır.

Unutmamaq lazımdır ki, həyat bizə bir dəfə verilib və biz bu həyatın bütün vacib hissələrini doya-doya yaşamalıyıq və məhdud olan 24 saatı ən effektiv şəkildə, öz məqsədlərimiz üçün xərcləməliyik ki, həyatımızın sonunda geriyə baxanda ailəmizə, sağlamlığımıza ayırmadığımız zamanlar üçün üzülməyək.

Hərkəsə həyatınızda balans arzulayıram!

1-hold23

One comment

  1. Faydalı məsləhətlərdi. Sizi qismən tanıyırdım amma yazılarınızı oxuduqdan sonra yaxınımızda olmağınızın bizlərə faydasının çox olacağını düşünürəm Good Luck!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *