corporate-management
Məqalələrim

Azerbaycanda böyük biznesin esas 5 daxili problemi

 

     Uzun illər ərzində dotasiyalar və bank kreditləri üzərində duran Azərbaycan biznesi kritik bir vəziyyətlə üz üzədir. Bu gün biznesimiz üçün, öncəki illərdə atdığı addımların və aldığı qərarların hesabını ödəmə zamanı gəlib.

     Azərbaycan iş dünyası və biznesinin son illərdə hansı problemləri bu günə olan vəziyyətə gətirib çıxardı?

      1. Peşəkar idarəçilər tərəfindən idarə edilməmə

     Ölkəmizdə  “idarəçi  və peşəkar idarəçi” qədər ucuzlaşmış sözlər yoxdur.

     Hərkəsin özündə gördüyü bir istedad varsa, o da idarəçilikdir. Müsahibələrdə “idarəçiyəm” deyənlərə niyə belə düşündüklərini soruşanda əksər hallarda aldığım cavab bu tərzdə olur : “Nə bilim. Oxumamışam da heç. Amma bilirəm ki, idarə edə bilirəm. Eliyərəm. Məndə bu var. Bu mənə verilib.”

     İllərdir sürətli, nəzarətsiz inkişafa və böyük gəlirlər ədə etdiklərinə görə biznes sahibləri ancaq bir meyyara görə insanları işə almağa üstünlük verirdilər – şəxsi əlaqələr. Yəni qohumluq, yerlilik, şəxsi tanışlıq.

     Şirkətin idarə edilməsi üçün ancaq 2 şöbəyə – satış və muhasibatlıq (pul gətirən və pul sayan) – ehtiyac görən bu tərz insanlar effektivlik, uzun müddətli strategiya, əməkdaşların peşəkar inkişafı, korporativ idarə etmə kimi mövzuları nəinki ikinci dərəcəli, ümumiyyətlə lazımsız fəaliyyət və mənasız xərc olaraq qəbul edirlər.

     Təbii ki, bu tərz insanlar ətraflarında heç bir zaman əsl peşəkarı görmək istəməzlər, çünki bu, onların “rifahı” və komfortu üçün əsl təhlükədir.

     Nəticə isə göz önündədir : bir neçə çalxantıda “uğurlu” bizneslərimiz çürük alma kimi töküldülər.

     2. Korporativ idarə etmənin olmaması

     Elmi dildə desək, şirkətlərin fəaliyyətlərinin bütün aspektlərdən şəffaflığının, effektivliyinin təmin edilməsi məqsədi ilə istifadə edilən korporativ idarəetmə çox vacibdir.

     Xalq dilində desək, korporativ idarə etmə sayəsində şirkətlər “insan” faktorundan “sistem” faktoruna keçirlər. Artıq şirkətlərdə “parıldayan ulduzlar” yerinə sistem işləyir və 10 rəhbərin hər birinin “mən belə istəyirəm” düşüncəsi yerinə vahid standartlar ön plana çıxır.

     Korporativ idarə etmənin əhəmiyyəti haqqında çox yazmaq istəmirəm – bu mövzuda minlərlə kitab və tonlarla məqalələr var. Qısaca olaraq bir məqamı qeyd etmək istəyirəm : korporativ idarə etmə olmadığı müddətcə heç bir şirkət ən vacib məqsədinə – maksimum effektivlik nəticəsində maksimum gəlir əldə etmə şansını itirir.

     Dəqiq yazılmış, müəyyən edilmiş və istifadə edilən şirkət daxili qanunlar, qaydalar, standartlar, prosedurlar, əməkdaşarı və idarəçiləri birləşdirən missiya və məqsədlər olmadan qurumlar effektiv fəaliyyət göstərə bilməzlər.

 

     3. Effektivliyin olmaması.

     Əksər dövlət qurumlarında və özəl bizneslərimizdə effektivlik olmayıb. Alınan avadanlıqlar,  əməkdaşlar və idarəçilər, biznesdə olan proseslər, şirkətlərin sərmayəsi və inventarında effektivliyin olmaması uzun müddətdə şirkətlər üçün böyük təhlükədir.

     Bunu sadə bir misal ilə nümayiş edirəm. “Uğurlu” bir Azərbaycan şirkətini düşünün.

     Əməkdaşları.  Hər gün iş yerində 8 saat keçirən əməkdaşlar, bu zamanın bir hissəsini işləyirlər, geri qalanını isə işə aid olmayan işlərə xərcləyirlr. Əgər bir şitkətin maaş büdcəsi aylıq 50.000 manatdırsa və işçilər günlərinin 30 %.ni qeyri effektiv keçirirlərsə, bu o deməkdir ki, şirkət hər ay 15.000, bir ildə isə 180.000 manat pulu boşa xərcləmiş olur.

     İdarəçiləri. Məşhur və “uğurlu” böyük şirkətdə bir dəfə hesablama aparmışdım : idarəçilər, günün 90 %-ı öz “obyektlərin” idarəçiliyinə xərcləyirdilər. Geri qalan 10 %, yorğun və gərgin  zamanlarını rəhbərlik etdikləri şirkətə xərcləyirdilər.

     Heç bir sahədə effektiv olmayan bir şirkətin uzun müddətdə ayaqda qalması ancaq möcüzə nəticəsində mümkündür, çünki ən bəsit riyazi hesablama bu qurumların sonunu sübut edəcək. 

 

     4. Oğurluq və daxili korrupsiya.

     Sirr deyil ki, biznesimizdə oğurluq, otkat və korrupsiya var. Çox böyük həcimlərdə. Hansı şirkət rəhbərlərinin və idarəçilərinin hardan necə qazandığını və oğurladığını hərkəs açıq şəkildə bilir. 

     Bu hallar bal kimi də çiçəklənir. 700 manat rəsmi maaşı olan bir insanın 40.000 manatlıq avtomobil idarə etməsi, mənzillər alması və çox bahalı siqaret çəkməsi  heç bir riyazi düsturlara sığmır.

     Keçirilən “şəffaf” tenderlərdə dost tanış şirkətlərin udması, reklam və digər xərclərin şişirilməsi haqqında hər bir Azərbaycanlının bildiyi bir hekayə var.

     Otkat və bənzəri iyrənc vəziyyətlər o qədər “normal” hala çevrilib ki, artıq xarici şirkətlər belə, onlarla ünsiyyətdə olan insanın “maraqları” haqqında sual verirlər.

     Rəhbərlər bilmirlər mi? Bilirlər. Onlarla şirkət sahibi və rəhbəri tanıyıram ki, oğruluqları və yeyintiləri bilərək səslərini belə çıxarmırlar. Kimisi öz adamı olduğunda görə dinmir, kimisi elə özü də öz miqyasında bunu edir. Hərkəs biri birini bir təhər yola verir və bütün bu şərəfsizliklərin örtüyü də var : “bacarana can qurban”.

     

     5. Uzun müddətli və stratejik düşünməmə.

     Uzun illər boyunca məqsədlər ancaq satış etmək və sürətli genişləmə olan biznes çox nadir hallarda uzun müddətli planlar üzərində işləyib. Çox az şirkətdə uzun müddətli marketinq, reklam, satış, əməkdaş və idarəçilərin yetişdirilməsi, maliyyə planları və strategiyaları olub.

     Işəgötürənin imicinin formalaşdırılması, gənc idarəçilərin yetişdirilməsi, təhsil ocaqları ilə uzun müddətli əməkdaşlıq, şirkətin ümumi reputasiyası, müştərilərlə uzun müddətli əlaqələrin qurulması lazımsız xərclər kimi qəbul edilirdi.

     Bu məqaləni oxuyan hər bir insan strategiya haqqında vəziyyəti əyani olaraq görməsi üçün işlədiyi və ətrafında gördüyü 10 şirkət rəhbərinə bu sadə sualları versin :

  • İllik fəaliyyət planınız var mı? (aylara və fəaliyyət sahələrinə görə bölünmüş çox ümumi plan)
  • Şirkətinizin imicinin formalaşdırılması üçün strategiya var?
  • Şirkət əməkdaşları və idarəçilərinin inkişafı strategiyası var?

 

     NƏTİCƏ?

     Keyfiyyəsiz məhsul, oğrular, korrupsiya və otkatlarla dolu biznes, rəqabət gücü olmayan xidmətlər, narazı müştərilər, ilk böhran çalxantısında dağılan bizneslər, iş dünyasında pessimistik düşüncələr.

     İllərlə komfort zonasında  olan, özünü dünyanın aparıcı şirkətləri içində görən  Azərbaycan biznesi bu gün hələ də yatır və möcüzə gözləyir. Oyanmaq və vəhşi kimi işləmək zamanı gəldi.

     

     Biznesi alverdən fərqləndirən yeganə xüsusiyyət odur ki, biznesdə elmi-analitik yanaşma var. Alverdə bu yoxdur. Ölkədə biznesi biznes edən meyyarlar, amillər yox idi və bu gün də yoxdur. 

      Artıq, məhsuldarlıq və insanların inkişafı haqqında bar-bar bağıran insan resursları peşəkarları, yaradıcılıq, müasir marketinq alətlərin və texnikaları haqqında durmadan danışan marketoloqları, insanları və biznes prosesləri idarə edəcək peşəkarları dinləmə zamanı gəldi.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *