cv
Məqalələrim

CV – Müvəffəqiyyətin başlanğıcı

     İş axtaran, amma tapa bilməyən insanlardan daim eşitdiyimiz klassik şikayətlər var:

     – O qədər yerə CV vermişəm, amma bir dəfə də görüşə dəvət etməyiblər;

     – Bizdə CV-yə baxan yoxdur – göndərirəm, görüşə belə dəvət etmirlər.

     İşsizlik bütün ölkələrdə olmaqla bərabər, ölkənin iqtisadi vəziyyəti, dünyada baş verər proseslərdəki yerinə görə nisbət və miqyası dəyişə bilən problemdir. 

     Bu gün ölkədə baş verən proseslərin nəticəsində şirkətlərin fəaliyyət və miqyaslarını kiçiltmələrinə baxmayaraq, Azərbaycanda işsizlik problemi daha da böyümüş kimi görünür. Hamımızın ətrafımızda gördüyümüz səhnə eynidir: iş tapmaqda çətinlik çəkən insan sayı durmadan artır, insanlar hər yerə CV-lər göndərirlər, müsahibələrə gedirlər, amma yenə də iş yoxdur. 

     Bu mövzuda maraqlı bir məqamı qeyd etmək istəyirəm: bu gün də Azərbaycanda iş var. Daim ünsiyyətdə olduğum şirkətlərin əksəriyyəti mütəmadi olaraq işçi, mütəxəssis və rəhbər axtarışındadırlar. 

     Bu şikayətləri edənlərin, əslində, iş tapma ehtimalı yüksəkdir: ali təhsil də var, xarici dil də, məsuliyyət, təcrübə və s.

     Niyə o zaman onların CV-ləri nəzərə alınmır, onları şirkətlər görüşlərə dəvət etmir və onları işə almırlar? Diqqət etmişəm ki, əksər hallarda problem məhz elə iş axtaranların özlərindədir – daha dəqiq desək, onların CV-lərində və müsahibədəki davranışlarında.

     Bu məqaləmdə iş axtaranların diqqət etmələri gərəkən məqamları barədə danışacam. Peşəkar idarəçilik fəaliyyətim ərzində minlərlə CV qəbul etmişəm, görmüşəm, analiz etmişəm. İncələdiyim CV-lərin böyük hissəsi nəinki iş həyatı standartlarına uyğun deyil – bunlar heç sadə bir kontrolu keçə bilmir.

     CV nədir?

• Sizi şəxsən tanımayan bir insanın Sizin həm peşəkar, həm də şəxsi keyfiyyətləriniz haqqında məlumat alacağı ilk mərhələdir;

• Sizin peşəkar bacarıqlarınıza əlavə olaraq CV həm də insanın detallara qarşı olan yanaşmasını göstərir;

• CV hər birinizin kartvizitidir, şəxsi brend, stil və özünüzü təqdim etmə bacarığınızı göstərən sənəddir;

• CV-ni “soyuq satışlarla” müqayisə etmək olar və burada məqsəd bir sonrakı mərhələyə, müsahibəyə dəvət əldə etməkdir;

• CV vasitəsilə potensial işəgötürənin diqqətini özünüzə cəlb edə bilərsiniz ki, Sizi tanımayan insan Sizi görmədən görüşmək istəsin.

     CV hazırlayanda 10 xüsusiyyətə diqqət edin:

     Müşayiət məktubu

     CV rəsmi bir sənəddir və özünüz haqqınızda demək istədiyiniz hər şeyi ona daxil edə bilməzsiniz. Misal üçün, CV-də “niyə məhz bu şirkətdə işləmək istəyirəm” yaza bilməzsiniz. CV-də emosiyaları göstərmək mümkün olmur.
     Müşayiət məktubu Sizin özünüz haqqınızda danışmaq və əlavə məlumat vermək imkanlarınızı artırır. Müşayiət məktubunun əsas məqsədi işəgötürənin diqqətini cəlb etmək və yadında qalmaqdır.

     Təcrübəm: Bir həftə öncə bir şirkət üçün satış personalı axtarılırdı. Göndərilən 100 CV-dən cəmi birində müşayiət məktubu vardı. Digərlər insanlar CV-ni əlavə edərək boş məktubla göndərmişdilər.

     Qrammatik səhvlərin olmamasına diqqət edin

     CV incələyərkən məni ən çox narahat edən məsələlərdən biri qrammatik səhvlərin olmasıdır. Mətndə çox sadə qrammatik səhvlərə yol verən insan səliqəsiz insan olaraq görünür və qəbul edilir.

     Şəxsi keyfiyyətlər

     CV-ləri analiz edəndə bəzən mənə elə gəlir ki, ölkəmizdə  insanların hamısı eynidir: hərkəsin kommunikasiya bacarığı güclüdür, hamı disiplinlidir və özünü inkişaf etdirməyə hazırdır.

     Bəzən müsahibə zamanı bu xüsusiyyətləri yazan insanlara sual verirəm – zəhmət olmasa, bu keyfiyyətləri nümayiş etdirdiyiniz real vəziyyət haqqında danışaq. Bu xüsusiyyətlər yazılıbsa, CV-də, o zaman bunları sübut edəcək halları da düşünmək lazımdır.       

     CV məzmunu

     CV məzmunu aydın, dəqiq şəkildə bölünmüş, Sizin peşəkar məqsədləriniz  və bacarıqlarınız haqqında məlumat verməlidir. Heç kim Sizin demək istədiklərinizi kəşf etmək məcburiyyətində deyil.  Hər gün onlarla CV analiz edən insanlar CV-də yazılmayanları təsəvvür edə bilməzlər. CV-ni sistemli şəkildə özünüz haqqınızda təqdimat olaraq düşünməlisiniz.

     Buna görə də ikinci dərəcəli bütün məlumatlardan uzaq durun və ancaq vacib məqamları qeyd edin. Məqsədiniz CV-də çox yazı yazmaq olmamalıdır, keyfiyyət baxımından əhəmiyyətli məqamlar qeyd edilməlidir.

     Getdiyiniz bütün seminar, kurs, təlim, konfransların siyahısını yazmayın – şirkətlərin adlara və sertifikatlara gözübağlı etibar etdiyi dövr Azəbaycanda bitib. Əsas üç təlim və ya seminarı qeyd edin və onlarla əlaqəli suallara hazır olun.

     Sadə misal

     CV-də “Türkçə dil bilgisi” və ya “Word”ü “İnterneti bilirəm” kimi yazıların yazılması tamamilə mənasızdır, yer tutur, məlumatı kəmiyyət baxımından artırır, amma keyfiyyət vermir.

     CV-də məlumat nə qədər çox olsa, o qədər də ikinci dərəcəli məlumatlar vacib olanları kölgədə qoyacaq, ya da onlarla qarışmış olacaqlar.

     Dəqiq məqsəd

     Gələcək peşəkar məqsədlərin olması çox vacibdir və bunu CV-də bir cümlədə belə olsa, qeyd etmək fərqlilikdir. “Maraqlı iş tapmaq” və “öz bilik və bacarıqlarıma uyğun iş tapmaq” kimi ümumi ifadələr ciddi qarşılanmayacaq. 

     CV-də məqsədi qeyd etmək, Sizi digər işaxtaranlardan fərqləndirən xüsusiyyətlərdən biri olacaq, çünki çox insan öz məqsədlərini yazmır.

     Təcrübəm: Məqsədini CV-də qeyd edən insan dərhal diqqətimi çəkir, çünki məqsədi olan və bunu ifadə edən insanlar azdır. Bu qərar verməkdə vacib bir amil olmur, ancaq kiçik də olsa, bir müsbət işarət alır işaxtaran.

     İş təcrübəsi

     İşlədiyiniz şirkətlərin adlarını yazanda hansı sahədə fəaliyyət göstərdiyiniz və hansı məhsul və xidmətləri təklif etdiyini də yazın. Biznes sahəsində çox fəal olmağıma baxmayaraq, bəzi şirkətlər haqqında məlumatım olmaya bilər.

     İş təcrübəniz haqqında yazanda ümumi vəzifə öhdəliklərinin geniş şəkildə yazılması yerinə əsas üç işi yazqdıqdan sonra əldə etdiyiniz nailiyyətləri rəqəmlərlə (mümkünsə əgər) qeyd edin. Bu, çox vacib xüsusiyyətdir: insanın nəinki lakonik və dəqiq olmasını göstərir, bu, həm də işaxtaranın müvəffəqiyyəti ölçə bildiyinin nümunəsidir.

     Hobbi

     Hobbilər də, şəxsi keyfiyyətlər kimi – eyni: “musiqi dinləmək, kitab oxumaq, istirahət”. İstirahət hobbidir? :)

     Real maraqlarınız haqqında yazın və bilin ki, hər bir insanı digərlərindən fərqləndirən həm də maraqlarıdır.

     Müsahibələrdə sual verirəm:

• CV-də yazmısınız ki, özünüzü inkişaf etdirirsiniz. Son üç ayda inkişafınız üçün nə etmisiniz?

• CV-də yazmısınız ki, kitab oxumaq hobbinizdir? İndi hansı kitabı oxuyursunuz?

• Hobbi olaraq idman yazmısınız. Hansı idman növü ilə məşğul olursunuz?

     Və insanın verdiyi cavabdan anlaşılır ki, bu mövzularda ciddi və məsuliyyətli deyil – sadəcə, yazmaq üçün yazıb.       

     Foto

     Şəkliniz rəsmi olmaldır. “Mən və mənim evim” və ya “mənim avtomobilim” tərzində olmamalıdır. Yeni çəkilmiş olmalıdır – üç il öncəki yox. Bəzən elə gəlir ki, otağa girən və CV-dəki şəkildə olan insanlar fərqli insanlardır.

     Əlaqə məlumatları

     CV-ni öz “ciddi” e-mail ünvanınızdan göndərin. Bəzən aşağıdakı kimi e-mail ünvanlarından CV-lər gəlir :

•  zoroglan1992@yandex.ru

• canabakinka1994@mail.ru

• tənhadovşan1992@mail.ru

• mestanka1994@yandex.ru

• nyedinka1987@yahoo.com

     (Bu mail ünvanları real deyil, özüm düşünmüşəm. Varsa, sadəcə, təsadüfdür).

     Bunları etməyin

• CV-nizi dövlət qurumlarının hazır formalarında hazırlamayın. Bu formlar çox uzun və mənasız məlumatlarla dolu olur. Ya Siz onları doldurmalı olursunuz, ya da boş buraxırsınız. Nəticədə isə görüntü ya məntiqsiz olur, ya diqqət yayındırıcı. CV-nin əsas məqsədi Sizin xüsusiyyətlərinizi, keyfiyyətlərinizi, bacarıqlarınızı qısa, konkret, məntiqli və ardıcıl şəkildə göstərməkdir. Bir xanım üçün isə “Əsgərlik” bölümündə “olmamışam” yazılması çox da mühüm məlumat deyil;

• İngiliscə bilmirsinizsə, CV-nizin bu dildə hazırlanmasının heç bir mənası yoxdur. Dəfələrlə şahidi olmuşam ki, ingiliscə CV-si olan bir insan CV-də yazılanlar haqqında məlumatlı deyil;

• Unutmayın ki, XXI əsrdə yaşayırıq. CV-də “kompüter bilikləri” bölməsində “İnterneti bilirəm” yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim var” da yazmaq olar;

• Real təcrübə və bacarıqların olmamasını ümumi vədlərlə doldurmayın : “tez öyrənirəm”, “qarantiya edirəm”. CV emosinal vədlərdən ibarət olmamalıdır;

• Elanları oxuyun. Sıx-sıx elanı oxumadan iş üçün müraciət edən insanlarla qarşılaşıram. İnsan müsahibəyə dəvət edilir və görüş vaxtı elanda yazılan tələbləri və maaşı oxumadığı müəyyən olur. Bir insanın dərman aldığını düşünək. Dərmanı ancaq “dərman” olduğuna görə alıb və tərkibini, hansı xəstəlikləri və nə qədər zamana müalicə etməsini oxumadan içmək nə qədər məntiqli olar?

• Səhv və doğru olmayan məlumatları CV-də yazmayın. Bir insanın işlədiyi firmada beş nəfərə şirkət haqqında məlumat verməsi o demək deyil ki, təlimçi işləyib. CV-də yazılan hər söz doğru olmalıdır. Müsahibə vaxtında verilən suallara tam və dolğun cavab verməyiniz və ya verməməyiniz bütün REAL təcrübənizi ortaya qoyacaq. Unutmayın ki, hər gün onlarla insanlarla görüşlər keçirən HR mütəxəssisi artıq bu mövzularda kifayət qədər təcrübə toplamış olur. CV-də yazdığınız hər bir cümləyə görə məsuliyyət hiss edin.

• UNUTMAYIN. CV iş tapmaq və peşəkar məqsədlərimizə çatmaq üçün birinci və ən vacib addımlardan biridir. Öz bilikləriniz, bacarıqlarınız və məqsədləriniz haqqında elə tərzdə məlumat vermək lazımdır ki, Sizi tanımayan insan Sizi ikinci mərhələ olan müsahibəyə dəvət etsin.

     CV-niz hazır olduqdan sonra, tanıdığınız bir nəfər İnsan Resursları peşəkarından ona tənqidi gözlə baxmasını xahiş edin.  

     İŞ AXTARMAQLA BAĞLI ƏLAVƏ MƏSLƏHƏTLƏRİM

     – İş tapmaq hər zaman çətin olub. “Iş tapmaq” nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək.  “CV hazırlama” + “CV göndərmə” + “Müsahibə” kimi vacib mərhələlər var. Hər mərhələ mükəmməl olmalıdır ki, nəticə olsun; 

     – Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bir neçə şirkətə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. Bu, artıq müxtəlif münasib şərtlərin bir araya gəlməsi deməkdir. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar şəxsən Sizi görüşə dəvət etsin;

     – Unutmayın ki, hər gün işə götürmə mütəxəssisi yüzlərlə CV-yə nəzər yetirir və bəzən onlarla insanlarla müsahibələr keçirir. Sizin üçün bir hadisə olan görüş o insan üçün 20 görüşdən biridir. Hər görüşdən sonra yadda qalmağı bacarmalısınız;

     –  “Ofis işi “axtarmayın. “Ofis işi” dövrü bitib. Ölkədə pulun çox olduğu dövrlərdə hər kəs ofislərdə işləmək istəyirdi. O dönəm bitdi. 

     – Çox yerə müraciət etdiniz və yenə də alınmırsa, demək ki, yenə də haradasa problem var. Ruhdan düşməyin! Müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, hərkəs müvəffəq olardı;

     – Həyatda çətinliklər olur və olacaq. Çırpının, vuruşun, çabalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin.

     Təcrübə

     – Təcrübəniz yoxdursa, Sizi işə alana qaşrı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, hələ pul da verəcək;

     – Təcrübəniz yoxdursa, nə maaş versələr, qəbul edin. Düşünün ki, Sizə dərs keçirlər (universitetdə öyrədilməyənləri öyrədirlər) və ödəniş də edirlər. Sağ olsunlar. Siz oradan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız. Əsas pul və karyera oradadır;

     – Sizin məhsul keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıtmaq məqsədilə qiyməti endirin. Az maaşla, o da olmazsa, pulsuz işləyin! “Bəs məni üç ay sonra çıxarsalar, nə olacaq?” TƏCRÜBƏ qalacaq! Təcrübə qazanmış olacaqsınız, və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz. 

     – Sizin bilikləriniz satışa çıxardığınız məhsuldur. Bu məhsulun rəqabət üstünlüyü olmalıdır. Mənim rəqabət üstünlüyüm nədir? 

     Bu məsləhətləri yazan insan karyerasını tamamən  sıfırdan başlamış biridir. Xaricdə – Türkiyədə təhsil aldığım dövrlərdən iş həyatım başlayıb. Heç bir tanışım, qohumum, dostumun olmadığı bir ölkədə gənc bir insan olaraq iş axtarmaq MƏCBURİYYƏTİNDƏ idim. İş tapmamaq kimi şansım yox idi və yəqin ki, elə buna görə də bütün imkanlardan istifadə edirdim.

     “Sıfırdan” başlayan karyeramla bu günə olan vəziyyətimə və imkanlarım gəldim. Amma yenə də o günlərimə minnətdaram. O dibdə olan pilləkənlər olmasaydı, çətinliklərim olmasaydı, mən güclənməzdim və bu günlərim olmazdı.

     Ən əsası isə odur ki. HEÇ BİR ZAMAN RUHDAN düşməyin. Çırpının, vuruşun, çabalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin.

     Müvəffəqiyyət 5-6 cəhdin nəticəsi olsaydı, hamı müvəffəq olardı…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *