10273201_672769426112126_5812596627966870846_o
Müsahibələrim

“Zaman pula bərabər deyil – zaman puldan daha dəyərlidir”

Həyatımız boyunca pul qazanmaq imkanımız var, ancaq zamanı heç bir şəkildə uzada və ya artıra bilmərik – biz zamanımızdan ancaq səmərəli və ya səmərəsiz istifadə edə bilərik.
 
“Zamanın idarə edilməsi həm fərdlər üçün, həm şirkətlər, həm də ölkə üçün çox vacibdir. Hər bir insan həm işləməli və karyera qurmalıdır, həm ailəsinə zaman ayırmalıdır, həm idmanla məşğul olmalıdır, sağlam olmalıdır və digər mənəvi dəyərlərinə də zaman ayırmalıdır. Bunların hər hansı birinin olmaması insan həyatının bir bütün olaraq problem olması deməkdir”. Bu sözləri bizimlə söhbətdə tanınmış təlimçi Fəxri Ağayev bildirdi.  Fəxri Ağayev eyni zamanda “Zamanın İdarə Olunması” mövzusundakı şəxsi təcrübələrini də bizimlə paylaşdı.

– Zamanı idarə edə bilmək bizə nə qazandırır?

– Həyat artıq çox sürətlidir və yerində duran insan mütləq “yıxılacaqdır”. Deyirlər ki, zaman puldur; yəni, zaman pula bərabərdir. 21-ci əsrdə artıq bu fikir təsirli deyil: zaman pula bərabər deyil – zaman puldan daha dəyərlidir, çünki həyatımız boyunca pul qazanma imkanımız var, ancaq zamanı heç bir şəkildə uzada və ya artıra bilmərik – biz zamanımızdan ancaq səmərəli və ya səmərəsiz istifadə edə bilərik. Ətrafımızdakı insanlardan daim eşitdiyimiz narazıçılıq və şikayət: idman etməliyəm, ancaq zamanım yoxdur. Özümə, hobbilərimə zaman ayırmaq lazımdır, ancaq vaxtım yoxdur. Artıq çəkimi azaltmalıyam, ancaq idmana zamanım yoxdur.

Daim vaxtını, enerjisini işə ayıraraq ailəsinə və şəxsi həyatına vaxt ayıra bilməyən insan nə qədər uğurludur? Daim vaxtını, enerjisini işə ayıraraq səhhətinə diqqət etməyən və müəyyən yaşdan sonra səhhətində ciddi problemlər meydana gələn insan nə qədər müvəffəqiyyətlidir? 50-60 yaşına qədər həyatını ancaq işinə həsr edərək səhhətinə ciddi şəkildə zərər verən onlarla insanı şəxsən tanıyıram. Bu insanların həyatlarında əsas hissə işləri və karyeraları olmuşdur. Təəssüflər olsun ki, həyat acımasızdır və bizim həyatımızda “restart” (təkrar başlama) düyməsi yoxdur.

Zamanımızı doğru idarə edərək, zamanımızın qiymətini bilərək, doğru texnika və texnologiyalardan istifadə edərək, zamanımızı “yeyən” və bizim məqsədlərimizə nail olmaq üçün bizə uğur gətirməyən işlərdən qaçaraq biz həyatımızı daha rəngli, daha canlı bir hala gətirə bilərik.

Təlim verdiyim bütün firmalara daim dediyim məsələ belədir: şirkətlər öz əməkdaşlarına maaşı işdə keçirdiyi zamana görə vermirlər: maaş əməkdaşın firmaya gətirdiyi dəyər üçün verilir. Hər bir əməkdaş işlədiyi qurumda günlük 8 iş saatını maksimum səmərəli şəkildə istifadə etməlidir. Bunu sadə bir misalda nümayiş etdirmək olar: əgər bir qurumda bütün əməkdaşlar hər gün 2 saat zamanı səmərəli, firmaya fayda verəcək şəkildə istifadə etmirlərsə, bu o deməkdir ki, firmanın aylıq maaş büdcəsinin 25%-i səmərəsiz şəkildə istifadə edilir. Əməkdaşın iş saatlarında zamanını idarə etməsi artıq onun şəxsi işi deyildir – hər bir əməkdaş zamanını şirkətin mənfəət və hədəflərinə görə ən səmərəli şəkildə istifadə etməlidir.

– 35 yaşında 120 kq çəkisi olan şirkət direktoru necə olduda 40 yaşında 75 kq çəki ilə “Qitələrarası Atlet” adını qazandı?

– Uzun müddət – 18 illik siqaret çəkmə təcrübəm var. Aktiv həyat tərzinin və idmanın olmamasına görə çəkimin 35 yaşımda 120 kq-a çatması səhhətimdə də ciddi sıxıntılar yaratmağa başladı. Belə bir həyatın məni uçuruma apardığını anladım və dərk etdim – hər bir orqanımla. Səhhətimdə sıxıntılar meydana gəlməyə başlamışdı artıq, xroniki yorğunluq, daim narazıçılıq, enerji çatışmamazlığı… Dünyada direktor, rəhbər, idarəçi, effektiv lider obrazı artıq dəyişməkdədir. Və mən diqqət etdim ki, artıq öncəki iş və həyata yanaşma tərzi effektiv deyildir və həyatımda və xüsusiyyətlə də səhhətimdə ciddi dəyişikliklər etməsəm, getdiyim yolun sonu məni əzəcək. Həyatımda ciddi dəyişikliklər etməyə qərar verdim və siqaretlə vidalaşdım, daha sonra çəkimlə əlaqədar cəsarətli addımlar ataraq, 3 ayda 40 kq üzərində arıqladım və mənim üçün tamamən yeni bir həyat başladı.

Qidalanma sistemin və rejimim dəyişdi, istifadə etdiyim qida və mayelərə diqqət etməyə başladım, idman həyatımda ciddi yer tutdu və 3 il öncə 150 metrdən qaçmağa başlayan 120 kq çəkisi olan bir insan 40 yaşında bir nəfəsə 42 km məsafəni qət edərək həm marafonçu həm də “qitələrarası atlet” adını qazanmış oldu.

– Fikrinizcə, yaxşı təhsil müvəffəqiyyətli karyeranın qarantiyasıdırmı?

– Hesab edirəm ki, ali təhsil vacibdir, amma müvəffəqiyyətli olmaq üçün mütləq bir şərt deyil. Bir gəncin 4 il universitetə getməsi və orda fiziki olaraq mövcud olması vacib olan. Bu 4 ili gələcək həyatının bünövrəsini qurmaq üçün necə istifadə etdiyidir. Bir gənc öz gələcək karyerası və gələcəyini ancaq universitetə etibar etməməlidir.

Mənim üçün çox təəccüblü bir haldır ki, univeristet tələbələri təhsil illərini ancaq dərs oxumaq və imtahanlarla keçirilər və diplomu uğurlu karyera üçün yetərli bir sənəd olaraq qəbul edirlər. Universitet bitdikdən sonra acı həqiqətlərlə üz üzə gəlirlər – diplom vacibdir, amma yetərli deyildir; nəzəri biliklər iş həyatında o qədər də vacib olmur; lazım olan praktiki bilikləri uinversitetdə verilməyib; iş həyatında kiçik, ancaq əhəmiyətli olan vərdişlər haqqında bilik yoxdur.

Əslində 4 universitet ili – uçuş öncəsi və çox əhəmiyyətli bir hazırlıq dövrüdür. Müvəffəqiyyətli karyera qazanmaq istəyən insan bu dövrü gələcək karyerası üçün güclü bünövrənin qurulması üçün istifadə edir.

Unutmamaq lazımdır ki, ali təhsil 4 il davam edir və bizim inkişafımız 4 il sonra ali təhsilin bitməsi ilə durmamalıdır – inkişafımız daimi olmalıdır.

– Daim bizneslə sıx əlaqədə olan bir insan olaraq, Azərbaycanda biznesin qarşılaşdığı hansı problemləri görürsünüz?

– Azərbaycanda biznesin əsas problemlərindən biri, biznesin sistemli şəkildə idarə edilməməsidir. Maraqlı haldır ki, biznes sahibləri binalara, ən bahalı avadanlığa, əşyalara, mebelə böyük vəsaitlər xərcləyir – ancaq bütün bu yatırımları geri ödənişini təmin edəcək, bu avadanlıqları, əşyaları, mebelləri istifadə edəcək insanların inkişafına xərc etmək istəmirlər.

Marketinq bir çox hallarda ancaq reklam və qısa müddətli reklam olaraq qəbul edildiyinə görə uzun müddətli marketinq planları və brend üzərində işlər sistemli aparılmadığına görə, bununla bərabər satış personalına diqqət ayrılmadığına, müştəriyə göstərilən xidmət standartların müəyyən edilmədiyinə və satıcıların inkişaf etdirilmədiyinə görə, bütün marketinq xərclərinin əslində firmaya ziyan verməsi ilə nəticələnir – reklam sayəsində daha çox insan pis məhsul və ya pis xidmət haqqında məlumatlandırılır.

Firma rəhbərləri idarəetmə stilini dəyişdirmək istəyir – ancaq konservativ düşüncə tərzi və alışdıqları stereotiplər onları geri çəkir. Firmalarda idarə etmə, müştəri əlaqələri, satış və bənzəri standartların yazılmasına baxmayaraq bunların icrası “bura Azərbaycandır” şuarı altında gecikdirilir və ya ümumiyyətlə icra edilmir.

– Bəs yaxşı tərəfləri nədir?

– Biznesdə mühim müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər Cənab istehlakçı tərəfindən istiqamətləndirilməkdədir. Məşhur iqtisadçı Michael Porter “Ölkələrin rəqabəti” adlı kitabında bunları yazır: “Tələbkar istehlakçı firmaları yenilikləri daha da sürətli icra etməyə və rəqabət etməyə məcbur edir. Yerli istehlakçıların ən tələbkar və seçici olduğu zaman firmalar rəqabət üstünlüyü əldə edirlər”. Azərbaycanda istehlakçı dəyişir və bu dəyişikliklər sürətlə davam etməkdədir.

Azərbaycanlı istehlakçı tələbkar olmuşdur – artıq biz, istehlakçıları, ancaq qiymət, ancaq məhsul keyfiyyəti və ya bizə göstərilən xidmətdə keyfiyyət qane etmir. Biz, doğru qiymət, yüksək keyfiyyət və əla xidmət nisbətini axtarırıq. Və firmalar da məcburi olaraq bu mövzulara diqqət etməkdədirlər.

Firma əməkdaşlarına qarşı qayğı artmaqdadır – əgər 10 il öncəsinə qədər təklif edilən işi dəyərləndirmək üçün maaş nəzərə alınırdısa, indi artıq maaşdan əlavə olaraq iş və istirahəm rejimi, məzuniyyətlər, insanların özlərini inkişaf etdirmə, əlavə sosial qayğı, maddi və qeyri maddi motivasiya imkanları da firmalar tərəfindən təmin edilir. Firma idarəçiliyinə professionallar cəlb edilir və bu idarəçilərə səlahiyyətlər verilir. Bu proses təbii olaraq gec və ağır baş versədə, yenə də davam etməkdədir.

Elvin Əliyev

“Zaman” qəzetinə müsahibəm, 2 mart 2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *