_MG_8822
Məqalələrim

Vinegret.az saytına müsahibəm

Professional idarəçi və biznes consultant Fəxri Ağayev vinegret.az saytına bu mövzular haqqında danışdı : kiçik və orta biznesi inkişaf etdirmək lazımdır mı,dövlət işadamlarında dəstək verməlidir mi, ikinci dalğa devalvasiya  gözləntisi və  böhranın faydaları.

 

– Kiçik və orta biznesdə bu günkü vəziyyəti necə dəyərləndirirsiniz? Bu yaxınxlarda olan devalvasiyadan və onun nəticələrindən o nə qədər güclü zərər çəkdi?

– Təklif edirəm ki, məsələyə daha geniş aspektdən baxaq və suala bundan sonra cavab verək. Məsələ devalvasiyada deyil. Devalvasiya sadəcə tətik rolunu daşıdı və bu tətiyin çəkilməsi nəticəsində   biznesimiz bir “güllə” yedi. Əslində bizim biznesimizin problemləri çox öncədən başlamışdı. Ölkəmizdə biznesdə baş verənləri qısaca anlatmaq istəyirəm.

Alqoritm çox sadə idi – ölkə iqtisadiyyatına böyük malil vəsaitlər axırdı. Istehlak partlayışı baş verdi – insanlar çox qazanmağa, çox istehlak etmək və xərcləməyə başladılar. Qeyrireal həyat tərzi istehlakçıların qeyrirasional qərarlarında görünürdü.  Insanların xərcləri qazandıqlarından çox idi. Bu vəziyyətə banklar tərəfindən təkan gəldi – rahat əldə edilə bilən kreditlər verilməyə başladı. Rahat və gözəl həyat tərzi üçün vəsaitlərin çatışmamazlığı qənaətcil həyat tərzi hesabına yox, yeni borcların alınması ilə örtülməyə başladı.

Və bu vəziyyət biznesə birbaşa təsir etdi. Biznes satışlardan şişməyə başladı. Ancaq bu artım fiziki və coğrafi idi – real və keyfiyyətli böyümə deyildi. Şirkətlərin satışları artmağa başladı və daha çox mağazalar, anbarlar açılırdı və inşa olunurdu, məhsullar xaricdən itxal edilirdi.

Şirkətlərdə hər şey satışlara istiqamətləndirilmiş idi. Bütün diqqət satış fəaliyyəti üzərində idi. HR, marketinq, reklam, biznesin effektivliyi kimi biznesin stratejik əhəmiyyətli sahələri satışların kölgəsində qalmışdır. Şirkətlərin idarəçiləri sürətli “hücumlara” öyrəşmişdilər və illik iclaslarda hər kəs satışların yüksəlməsi, mağaza sayının artması haqqında hesabatlar verirdi.

Müştərilərə xidmətlərin göstərilməsi sənayeləşmiş vəziyyətdə idi. “Müştəri”, “Müştərilərə xidmət” kimi sözlər sloqan xarakteri daşıyırdı və bunların arxasında iş və fəaliyyət yox idi. Ən əsası isə hər kəs inanırdı ki, belə olmalıdır və belə də olacaq. Milli valyutamızın arxasında ancaq neftimiz vardı və bu neftin qiyməti bir gecədə dəyişə bilərdi.  Bunun nəticəsində isə bütün biznesin sistemi domino prinsipi ilə çökə bilərdi. Və bu da baş verdi. Devalvasiya son damla oldu.

Yüksək satışlar və böyük gəlirlər biznesimizdə olan xəstəliklərin və yaraların üzərində yaxşı bir ortü idi. Devalvasiya biznes üzərində olan örtüyü bir anda çəkib qaldırdı və hər kəs biznesin nə vəziyyətdə olduğunu gördü. Effektiv iş sisteminə alışmamış idarəçilərimiz dondular. Deməli, sadəcə işləmək kifayət deyilmiş, effektiv işləmək lazım imiş.

 Indi isə kiçik və orta biznesdə olan vəziyyəti mənim necə dəyərləmdirməyim haqqında.

Böhran var. Və çox ciddidir. Insanlar pulun real dəyərini anlamağa başladılar. Istehlakçılar artıq firmalardan qiymət, məhsul keyfiyyəti və xidmət nisbətini tələb etməyə başladılar. Biznes anladı ki, dərin və keyfiyyətli daxili artım ilə müşaiyət olunmayan böyümə təhlükəlidir, çünki ən kiçik bir sarsıntıda belə biznes çalxalana bilər. 

 

– Bunu bir çoxları gec anladı və biznesi bağlamaq məcburiyyətində qaldılar…

– Biznes anladı ki, qısamüddətli hədəflər üzərində düşünmək olmaz – uzunmüddətli düşünmək lazımdır, insan resurslarını inkişaf etdirmək lazımdır; ancaq avadanlıq, binalar, təmirlərə yatırım etmək olmaz – şirkətlərin ən dəyərli sərmayəsi olan insanlara da investisiya etmək lazımdır.

– Amma bu böyük biznesə aiddir yəqin ki. Kiçik biznes hər zaman uzun müddətli hədəfləri düşünmür.

– Bilirsiniz, son 3-4 ildə müxtəlif şirkətlərə stratejik inkişaf, müasir idarəetmə sistemlərinin tətbiq edilməsi mövzularında  konsultasiyalar təqdim edərkən bir maraqlı qanunauyğunluğa diqqət etdim : məni konsultasiyaya dəvət edən 10 şirkətdən 9-u minimum xərc çəkərək ən qısa müddətdə satışların artırılmasını gözləyir, və bu 10 firmadan ancaq biri uzun müddətli xərcləri diqqətə alır – personalın inkişafı, effektivliyin dəyərləndirmə və artırılma sisteminə yatırılmarı v s. Ən sadə nümunə – orta miqyaslı və 3 il öncə böyük sıçrayışlarla “inkişaf edən” şirkətə mən belə böyümənin təhlükəli olacağını və şirkətin artıq peşəkar idarəetməyə ehtiyacı olduğu haqda xəbərdarlıqlar edirdim. Bu fikirlər diqqətə alınmırdı. Indi bu şirkət iflas ərəfəsindədir.

– Bu gün satışlar bazarda olan bütün oyunçularda – kiçik, orta və böyük – azalmaqdadır. Bazarda ayaqda qala bilmək üçün kiçik və orta biznesin ilk addımları necə olmalıdır? Universal məsləhətlər var mı?

 

–  Bəli, var.  Birinci növbədə xərclər kontrol edilməlidir : hər miqdar olaraq həm də xərclərin keyfiyyəti. Finans üzərində TAM nəzarət olmalıdır. “Tam” sözü mənim tərəfindən ona görə böyük hərflərlə yazıldı ki, bəzən şirkətlərə elə gəlir ki, onlar xərcləri kontrol edirlər, ancaq real böhran dövrlərində lazımsız olan xərclər yenə də aşkar edilir.

Xərclərin azalmasında diqqət ediləcək xüsusiyyət ondan ibarətdir ki, onları kəskin şəkildə azaltmaq yerinə onların keyfiyyətli olması diqqətə alınmalıdır. Şirkətlərin ilk diqqət etdikləri xərclər maddəsi  reklam və maaşlardır. Və mən şirkətlərə məhz bu xərcləri  kəsməməsini tövsiyə edirəm – bunları optimizasiya etmək lazımdır.

İkincisi,  şirkətin ən vacib aktivi olan komanda ilə sıx işləmək lazımdır. Sözsüz ki, insanlar korporativ həyatın ən vacib dəyərləridir. Şirkət liderinin əsas məqsədlərindən biri  şirkətdə elə bir psixoloji atmosfer yaratmaqdır ki, həm rəhbərlik, həm də əməkdaşlar eyni mövqedə olsunlar. Üçüncüsü, mövcud olan müştərilərlə əməkdaşlığın gücləndirilməsi və aqressiv satışlar. Bir məsələni daha anlamaq lazımdır. Böhran  bizim sadəlövhlüyümüzün, hazırlıqsız olmağımızın və komfort bölgəsində olmağımızın nəticəsidir. Neft ilə şişirilən iqtisadiyyat böyüməkdə idi. İqtisadiyyat ilə bərabər şirkətlər də böyüyürdü, istehlak artmaqda idi, istehlakçıların iştaha və tələbələri artırdı, iştahanın artması ilə bərabər, bankların təklf etdikləri “sərfəli” təkliflər də artırtı. Banklar tərəfindən təqdim edilən təkliflər, insanların real imkanlarına uyğun olmayan yeni ehtiyaclar doğururdu insanlarda.  

Iqtisadiyyat və biznesin belə böyüməsi keyfiyyətli artım ilə müşaiyət olunmurdu – xərclərin optimizasiyası, effektivliyin ölçülməsi ilə əlaqədar heç bir işlər icra olunmurdu : bütün səylər satış uğrunda idi. Belə bir vəziyyətdə biznesin nəzarətsiz qalan xəstəlikləri və problemləri böyüməyə davam edirdi. Devalvasiya bizə əsl vəziyyətin necə olduğunu göstərdi.

– İndi ikinci dalğa devalvasiyadan və neftin qitmətinin azalmasından danışılır. Sizin bu mövzuda təxmininiz nədir? Bizi irəridə nə gözləyir?

– Mənim fikrimcə, ikinci dalğa devalvasiya olacaq. Və biznes bu ikinci dalğanı gözləyir. Neft haqqında isə barrelinin 120 dollar olduğu gözəl zamanların artıq keçmişdə qalması xaricində heç nə deyə bilmərəm. Bu bir yuxu idi, gözəl, rahat yuxu, ancaq bu yuxu bitdi. Artıq oyanmağın və işləməyin zamanı gəldi.

– Belə çıxır ki, kəmərlərimizi sıxmalıyıq?

– Kəmərləri sıxmaq çoxdan lazım idi, neftin qiymətinin endiyi andan etibarən. Düşünürəm ki, artıq insanlar kreditlə yox, real həyat yaşamağa başlamalıdırlar. Xarici ölkələrdə istirahət  kreditlə,məişət texnikası kreditlə,avtomobil almaq kreditlə. Həyat real pullarla yaşanmalıdır, borclarla və hissələrlə yox.

– Biznes və əhali üçün iqtisadi zərbələrin təsirinin yumuşaldılması üçün dövlət, hökümət hansı addımları atmalıdır?

– Biznes üçün ən yaxşı dəstək biznesə mane olmamadır. Biznes  özü bütün problemləri həll edəcək, çünki onları həll etməmiş iflas edəcək. Dövlət qurumlarının biznes və əhali ilə əlaqələri  çox həssas və eyni anda çox da vacib bir mövzudur. Əlaqələrdə olan şəffaflıq, düşünürəm ki, biznes və əhali üçün dəstəyin birinci qaydasıdır. Təəssüflər olsun ki, real həyatda bu, hər zaman belə olmur.

– Mümkünsə, Sizdən dövlət tərəfindən biznesin dəstəklənməsi üçün hansısa konkret addımlar haqqında eşidmək istərdik. Misal üçün, bir və ya iki illik yeni qurulan şirkətləri vergidən azad tutmaq kimi.

– Düşünürəm ki, dövlət tərəfindən yerli istehsalçıya ciddi dəstək lazımdır.Bu, həm uzunmüddətli kreditlərin təmin edilməsidir, həm də vergilərdən azad olunma.

Bizdə olmayan sənayeyə real kömək lazımdır. Bu sənaye qurulmalıdır. Ancaq sənayenin qurulması kifayət deyil – onu həm də, yerli mütəxəssislərlə təmin etmək lazımdır, misal üçün, mühəndislərlə. Və bu da uzun illərin işi və zəhmətidir.

Yerli istehsalçını ixracda dəstəkləmək lazımdır, çünki zəif manat o deməkdir ki, bizim məhsullarımız ixrac üçün cazib olur. Hesab edirəm ki, “yaxşı” vaxtlarda alınan kreditlərin geri ödənməsi məsələsində əhaliyə mütləq dəstək lazımdır : hal-hazırda banklar və əhali pat vəziyyətindədirlər. Hamı Konstitusiya Məhkəməsi qərarını gözləyirdi, ancaq məhkəmə qərarı da dəqiq cavab olmadı.

Sonunda əlavə etmək istərdim ki, mənim ümumi olaraq böhran haqqında fikrim belədir: böhran faydalıdır. Faydalıdır o mənada ki, böhran silkələyir, düşünməyə vadar edir; və hər kəs daha öncəki addımlarını və fəaliyyətini tənqidi baxışla kənardan analiz edir. Börhan hər kəsdə olan xəyalları tərk etmək zamanıdır : əhalidə, biznes rəhbərlərində, idarəçilərdə. Böhran  insanı yuxudan oyadan ciddi silkələnmədir : oyanın və artıq normal işləyin : effektiv və məhsuldar şəkildə.

Müsahibə tarixi : 25 May 2015

http://vinegret.az/index.php/ru/home/article/193

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *