4202
Sual və cavablar bölməsi

Xaricdə təhsil və müvəffəqiyyət

 Sual : Xaricdə təhsillə Azərbaycana təhsil arasında fərq nədir?

Azərbaycanda təhsil alıb uğur qazanan insanlardansa xaricdə təhsil alıb gəlmiş və daha yaxı vəzifələrə yüksələn, daha da bilikli və aktiv olan insanlar daha çox üstünlük təşkil edir. Uğurlu olmaq üçün xaricdə təhsil almaq vacibdir mi?

Sualın müəllifi : Nailə Vəliyeva

Cavab : Suala cavab verməyə keçmədən öncə “xaricdə təhsil” sözləri haqqında kiçik açıqlama vermək istəyirəm.. Əgər daha öncələri “xaricdə təhsil” deyəndə ağlımıza xarici dil bilən və illərini elmə verən insanlar gəlirdisə, bu sahənin də günümüzdə kommersiyalaşması və biznes aləmi təsiri altında qalması və bəzi insanların zəhmət çəkməkdən diplom almaq sevdası nəticəsində belə olub ki, Rusya və ya Ukraynada “təhsil” alan insanlar rusca danışa bilmirlər və ya İngiltərənin bəzi universitetlərində oxuyanlar bir neçə il orda yaşamaqlarına baxmayaraq nə dilə hakim olurlar, nə də ki biliklərə. Təklif edirəm ki, bu sualda olan “xarici təhsil” sözlərini “keyfiyyətli təhsil” olaraq qəbul edək.

Sözsüz ki, xaricdə təhsil ölkəmizdə olan təhsildən fərqlidir və bir çox məqamlarda daha da üstündür – həm universitetlərin müasir texnika ilə  donanması, həm müəllimlərin kvalifikasiyası və ya təcrübəli və müasir nəzəri və praktiki biliklərə malik olmaları açısından. Texniki fənlər üzrə universitetlərin laboratoriya və praktiki bilik alma imkanları təbii ki, çox daha genişdir.

Əlbətdə ki, xaricdə təhsil almaq həm müasir nəzəri, həm praktiki biliklərin alınması baxımından daha da geniş imkanlar verir. “Müvəffəqiyyətli olmaq üçün xaricdə təhsil almaq şərtdir mi?” sualına cavabım “Qətiyyən yox”-dur. Yox, və bir daha yox. Xarici dildə fikirlərini ifadə edə bilməyən, bilik bazası çox dar olan və Qərbdə  gözəl adları olan universitetlərdə “oxumuş” saysızca insanlar görmüşəm. Bununla bərabər ölkəmizdə sadə bir dövlət universitetində təhsil almış çox sayda gənclər görmüşəm ki, öz bilik və bacarıqlarını özləri inkişaf etdiriblər.

Burda çox vacib olan məqam budur ki, universitetin bir tələbəyə təmin edə biləcəyi imkanlar qədər bir gəncin özünü inkişaf etdirmə istəyi də vacibdir. Insan oxumayacaqsa, zəhmət çəkməyəcəks, insanın məsuliyyət hissi və disiplini, iradə gücü və zəhmət çəkmə istəyi yoxdursa, vaxtını boş keçirməyi xoşlayırsa, gələcəyi üçün məqsədləri yoxdursa, harda mövcud olması çox da vacib deyil. İstər Amerikada olsun, istər Bakıda – belə bir insan öz həyat tərzini olduğu kimi davam edəcək. Əgər insanda adını çəkdiyim xüsusiyyətlər yoxdursa – o onları özü ilə bərabər Amerikaya da, Almanyaya da aparacaq. Bu insan hər yerdə özünü səthi və rahat aparacaq. Nəticədə isə onlarla xaricdə təhsil almış insanlarda gördüyüm hal olacaq – bu tip insanlar ancaq xarici dil bilirlər və sahib olduqları xarici dil akademik və ya peşəkar terminlərlə dolu deyil  – küçə səviyyəsindədir.

Təbii ki, mən Qərb təhsilnin dəyərini azaldmaq  istəmirəm. Demək istədiyim odur ki, Qərbdə təhsil almaq uğurlu olmaq üçün mütləq və yeganə şərt deyil. Universitetlərdə dərs deyən müəllimlər nə qədər də peşəkar olsalar, tələbənin şəxsən özünün əzmkarlığı, bilik aclığı və inkişaf etmə istəyi, zəhmət çəkmə vərdişi və daxili disiplini olmasa, təhsilin çox da faydası olmayacaq.

Bir çox insan üçün zəyif maddi imkanlar bəhanə olur. Müasir elektron və texnologiyalar dövründə bir insanın özünü inkişaf etdirməsi üçün bütün imkanlar var.

Xarici dil mi öyrənmək istəyirsiniz? İstər şəhərimizdə, istərsə də internetdə kifayət qədər pulsuz kurslar var ki, Sizin xarici dil öyrənməyə dəstək olsunlar. Öyrəndiyiniz xarici dildə ədəbiyyat mı lazımdı? Buyurun, online kitabxanalardan endirin.

İdarəçilik sahəsində biliklərinizi artırmaq mı istəyirsiniz? Menecmentin əsaslarından müasir liderlik nəzəriyyələrinə qədər bütün idarəçilik mövzularında kitablar və məqalələr tapmaq çox sadədir.

Dünyanın tanınmış və bahalı təlimçilərinin təlimlərində mi iştirak etmək istəyirsiniz? Onlar Sizə əslində çox yaxındırlar – yetər ki, youtube.com saytına daxil olun və adlarını yazın.

Xarici təhsil uğurun qarantiyası deyil  : o, doğru istifadə olunduğunda sadəcə şansları artırır.

Məsələ məqsədlərimizdədir – qısa müddətli zövqlərimizi uzun müddətli məqsədlər üçün qurban verə bilirik mi?

Məsələ bizim fiziki olaraq harda olmağımızda deyil – mövcud imkanlardan necə istifadə etməyimiz vacibdir.

Məsələ bizim seçimlərimizdədir. Biz seçimlərimizi doğru etməliyik ki, öz həyatımızı dəyərləndirəndə daha sonra “kaşki” sözünü istifadə etməyək.

4202

Leave a Reply

Your email address will not be published. Required fields are marked *