Gördüklərim, eşitdiklərim

Universitet illərindən xatirələrim

Əslində universitet illərində yadda qalan hadisələr çox oldu. O dövrlərdə Türkiyədə oxuyan dostlarımızın hamısını ordakı həyatı çox ağır idi. Dərs oxumaqdan başqa gündəlik həyatın çətinliklərinə o zamandan alışırdıq artıq. Çox sadə düsturlarla yaşayırdıq : pulun varsa, yeməyin var, yoxdursa – yoxdur. Yemək olsa da, olmasa da, ac ya da tox – dərslərini oxumalısan. Çox acsansa – get işlə. Amma imtahanlarını yenə də verməlisən.  Eyni otaqda 4 nəfər qalmaq. Ac olmaq. Imtahan dövrlərində pendirlə çörək yemək.  Xəstələnəndə valideyinlərinin yanında olmaması. Bu yazdıqlarım quru sözlər kimi görünsə də, mənim kimi Türkiyədə o dövrlərdə oxuyan hərkəs bu sözlərin arxasında NƏLƏRİN olduğunu çox gözəl bilir. 

Indiyə qədər O GÜN yadımdadır : bir gün ərzində 2 imtahanım olacaqdı : səhər saat 10.00-da və 16.00-da. Yanımda ancaq yol pulum vardı – universitetə bir dəfə gedib geri dönmək üçün. Universitet yataqxanadan ÇOX uzaqda idi. Səhər yemək yemədim, imtahana getdim. 11.00-da imtahandan çıxdım. May ayı idi. Ətrafımda hərkəs yaşıllıqlarda uzanmışdı, sevinirdilər, yemək yeyirdilər, çay kofe içirdilər. Mən isə 16.00-a qədər digər imtahanı ÇOX AC olaraq gözləməli idim. Bu işin bir tərəfi. Digər məsələ o idi ki, mən bilirdim ki, imtahandan sonra isti evimə geri dönmürəm ki, Anamın bişirdiyi qaynar və doyurucu  yeməklərdən  yeyim : yataqxanaya geri dönəcəkdim ki, yeməkxanadakı adama xahiş edim ki, mənə borca bir pendir və yarım çörək versin.

17.00-da imtahan bitdi və mən yataqxanaya  geri dönürdüm.  Indiyə qədər o an  yadımdadır : pendirlə çörəyi necə yeyəcəyimi düşünürdüm və özümü çox çarəsiz, tam divara sıxılmış hiss edirdim.

Yataqxanaya gəldim, və kafedə işləyənə xahiş etdim ki, mənə pendirlə çörək versin, borca yazsın… pendirlə çörəyi alanda bir ana pişik gördüm, yanında balaları vardı. Kafe rəhbərinə dedim ki, mənə ancaq kolbasa ver. Kolbasanı aldım və ana pişiyə verdim. Özüm isə onların kolbasa yeməyinə və tox və rahat şəkildə özlərini yalamağlarına baxdım. 

İllər keçdi, karyera qurdum, maddi imkanları çox gücləndi. Amma içimdə olan o Fəxri hələ də qalıb : avtomobilimin baqajında daim it, pişik və quş yeməkləri var. Küçədə harda görsəm və nə zaman heyvanları görsəm, avtomobilmi durdurub yemək verirəm onlara.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *