0e68f50fd83c
Gördüklərim, eşitdiklərim

TƏLƏBƏLİK XATİRƏLƏRİMDƏN :)

     Türkiyədə ali təhsil aldığım illərdə mən də kiçik yaşlarımdan mənim beynimə yeridilən stereotiplərin məhbusu idim. Biri də bu idi : əgər getdiyin yolda qara pişik önündə keçsə, demək ki, işin alınmayacaq.
     Tam inanmasamda, işimə gəldiyi zamanlarda uğursuzluğu bağlayırdım yazıq qara pişiklərə və ətrafımda olan insanlara həyatımdan “real case”ləri danışaraq, qara pişiklərə qarşı olan mənfi fikirləri artırırdım :)
     Bir dəfə imtahana gedirdim. Makroiqtisadiyyat imtahanı idi. Müəllimimiz, illərlə Türkiyənin bir neçə hökümətinin iqtisadi məsələlər üzrə danışmanı olmuş, cəllad kimi bir insan idi. Adamın imtahanından universitetin tarixi boyunda ən yüksək bal alan insan 63 almışdı, və onu hərkəs dahi kimi bilirdi. 
     Makro imtahanından 50 alanlar artıq universiteti bitirmiş havalara girirdilər.
     Düz 1 həftə gecəmi gündüzümə qataraq oxumuşdum və imtahana tam hazır idim. Imtahandan öncəki gecə yatmamışdım. Özümü qəhrəman kimi hiss edirdim. Beynimdə imtahanı artıq keçmişdim.
     Yataqxanadan çıxdım və… önümdən bir qara pişik keçdi. O anda dizlərimin bağları çözüldü və adımı belə soruşsalardı, deyərdim ki, bilmirəm – bu qara pişiyin əməlləridir :)
     O qara pişik bilsəydi ki, mənim üçün bu makro imtahanı nə qədər vacibdir, bəlkə də o gün küçəyə çıxmazdı.
     Bütün əminliyin bir anda duman oldu. Artıq təslim olmuşdum. Imtahana “formalite icabı” gedirdim və yol boyunca pişiklərin bütün rənglərinə lənət oxuyurdum. Amma özümə yolda təsəlli verirdim ki, bəlkə bir qara pişik daha çıxsa, durum düzələr, çünki iki mənfi bir müsbətə bərabərdir :) (insan cahil və boş şeylərə inananda, özü də artıq yenilərini istehsal edir beynində).
     İmtahan başladı. Sualları oxudum, amma beynimdə biliklərimi toparlamaqda çətinlik çəkirdim.      Çox pis yazdım. Təbii ki, imtahandan kəsildim. 
     Növbəti il imtahandan bir öncəki gecə gözümü yumanda qara pişikləri görürdüm. Yataqxanadan imtahan üçün çıxanda artıq tədbirli idim – 3 saat öncə çıxdım, uzaqda qara rəngdə bir ləkə belə görəndə, bir neçə kilometr dairə vurub keçirdim. 
     Universitet binasına yaxınlaşanda artıq gözümdə hər yerdə qara pişiklər vardı.
     Həftələrlə oxuduğum tonlarla kitabla qalmışdı kənarda, mən qara pişiklərə gizlən-paç oynayırdım. 
     O il imtahanı keçdim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *