Gördüklərim, eşitdiklərim

Şikəst it

2010.cu ildə işlədiyim firmaya Dərnəgül yolu ilə gedirdim. Bir gün işə gedəndə Dərnəgül yol tam orta hissəsində, yolun kənarında bir it gördüm – amma onun duruşu mənə qəribə gəldi. Avtomobili durdurdum, düşdüm və gördüm ki, bu itin beldən aşağı hissəsi və arxa ayaqları işləmir və hərəkətsizdir. Və harasa gedmək üçün ön ayaqları ilə sürünür. Məni görüb qorxdu və sürünə sürünə bir ağacın arxasına getdi. Orda yaşayan insanlar dedilər ki, avtomobil altında qalıb və zədələnib.
Avtomobildə olan it yeməyindən ona tökdüm, bir qab tapdım su üçün, su doldurdum və getdim. Hər gün səhər işə gedəndə ona yemək qoyurdum və suyunu doldururdum. İlk həftə hər dəfə məni görəndə uzaqlaşırdı, amma mən onunla xoş səslə danışırdım. 1 həftə sonra mən avtomobildən düşəndə artıq sürünərək gedmədi. Olduğu yerdə qaldı. Mən ona yavaş yavaş yaxınlaşdım və yeməyi qoydum, su tökdüm… Gözlərindəki ifadəni başa salmaq mümkün deyil. Sadəcə danışdım onunla məsafədən və getdim.
Artıq hər gün yaxından görüşürdük – məni qarşılayanda yaxınlaşırdı və qeyri adi baxışlarla baxırdı. 10-15 gün sonra isə artıq hər səhər məni gözləyirdi – şənbə və bazar günləri də işləmədiyimə baxmayaraq mən gedirdim ona yemək verməyə.
Çox maraqlı formada minnətdarlığını bildirirdi – mən ona yemək qoyurdum, suyunu tökürdüm, o isə mənim əllərimi yalayırdı və gözlərimin içinə baxırdı. Mən avtomobilə oturub gedəndən sonra da, avtomobil gözdən itənə qədər arxamca baxırdı.
Bir gün səhər onu orda görmədim – nə qədər çağırdım, yox idi. Ətrafda olan insanlar dedilər ki, yolun kənarında uzanmışdı, və avtomobilin altında qaldı. Hansısa işinə tələsən bir “insan” onu əzib keçmişdi.
Bu itin gözlərindəki minnətdarlıq hissini, mənim əllərimi yalamağını, avtomobilin arxasına baxmağı hələ də gözlərimin önündədir. Belə kiçik, amma əslində böyük hadisələrə bizə həyatda çox vacib dərslər verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *