рука_циферблат_стрелки_время
Məqalələrim

Şəxsi effektivlik texnikaları

     Klassik vəziyyət : işlər, layihələr, karyeramızda uğur və uğursuzluqlar bizim tam diqqətimizi alır.  İşdən evə gec saatda yorğun və bəzən də gərgin geri dönən insan ailəsinə zaman ayıra bilmir və ya tam ayırmır. Buna əlavə olaraq sağlamlığına, qidalanması və aktiv həyat tərzində də diqqət etməyən bu insanın səhhətində sıxıntılar başlayır və artaraq davam edir. Bu da azmış kimi, iş gününü ancaq gündəlik işlərə ayıran bu insanın peşəkar inkişafına zamanı qalmır, və bunun əhəmiyyətini anlamasına baxmayaraq, bilik və məlumatlarının yenilənməsinə və gücləndirilməsinə vaxt tapa bilmir. Həftələr, aylar və illər belə keçir. Hər yeni dövürdə insan özünü təsəlli edir : “bu layihəni də bitirim, artıq idmana başlayıram”, “bu ili də tamamlayım, artıq tam zamanım ailəmindir”. Aylar illərə döndükcə, səhhətimizdə problemlər yavaş-yavaş başlayır, işlədiyimiz sahədə hər gün gərgin işləsək də, inkişafımıza zaman qalmır və bir müddət sonra bilik və bacarıqlar baxımından geridə qaldığımızı görürün və bu da öz növbəsində stresi artırır. Və beləliklə insan, öz karyerasının tələsinə düşür.

     Həyat demokratikdir və hamımızı dünyaya göz açanda eyni başlama şərtləri ilə təmin edir. Bizə verilən iki vacib sərmayəni – zaman və sağlamlığı biz azalda, artıra və ya uzada bilmərik.  

     Hər birimizə bir gündə 24 saat verilir. Heç kim bir dəqiqə belə çox almır. Çox insanın daim etdiyi şikayət, zaman çatışmamazlığıdır – idmana, sağlamlığa, ailəyə, dostlara, inkişafa. Əksər hallarda insanlar özlərini vəziyyətin və şərtlərin qurbanı kimi göstərir və əsas bəhanə  “zamanım yoxdur” olur.

     Nə etməli?

     Təcrübəm göstərir ki, əslində problem, bütün yaş kateqoriyalarda insanların ən bəsit şəxsi effektivlik texnikalarını bilməmələrindəndir və  bəzi alətlərin istifadəsi nəticəsində insanların həyatlarında ciddi dəyişikliklər etməklə bərabər, həm də sağlamlıq, inkişaf əv ailələrinə də zaman ayıra biləcəklər.

     1. Plansız gününüz olmasın

     İşgüzar insanın beynini düşünün : işlər, görüşlər, iclaslar, zənglər, müzakirələr, problemlər, bitirilməyən layihələr, şəxsi işlər və gözlənilmədən baş verən və konsentrasiyanı pozan hadisələr. Buna əlavə olaraq etmək istədiyimiz, amma zaman ayıra bilmədiyimiz işlər : idman, sağlamlıq, xarici dilin öyrənilməsi, peşəkar inkişaf. Hər gün axşam iş günü sonunda “aaax, bunu da etməliydim; filankəsə zəng edəcəkdim; bu layihəni də 2 gün sonra bitirməliyəm, amma son 1 həftə heç yadıma da düşməyib ki, üzərində işləyim” kimi fikirlərlə beynimiz dolu olur.

     Planlama, ayın, həftənin və günün xəritəsidir. Necə ki, sıx meşədə xəritəsiz insan orada itəcəksə, planı olmayan da işlərin içində eyni şəkildə özünü itirəcək. Planlar, bütün işləri sistemləşdirmə, bir vərəqdə görmə və bu işlər arasında öncəliklərə görə addımlama şansını verir.

     Planlama mövzusunda vacib 3 ana məqam var :

  • Bütün işlərin qeyd edilməsi;
  • Bunların arasında təcili və vacib olanların qeyd müəyyən olunması.
  • Planları ANCAQ gündəlik təcili və vacib işlərə bölmək kifayət etməz – həm də sağlamlıq, inkişaf, ailə kimi əhəmiyyətli hissələrə də bölmək lazımdır.

     Aylıq planın hazırlanması maksimum 1 saat, həftəlik plan 30 dəqiqə, gündəlik plan isə 10 dəqiqə zaman alır. Düşünün : hər gün bizə verilən 1440 dəqiqənin cəmi 10 dəqiqəsini plan qurmağa ayırsaq, geri qalan 1430 dəqiqədə unudulan, nəzərdən qaçan və zaman ayırmadığımız heç nə qalmayacaq.

     2. Disiplin

     Planların hazırlanması və işlərin sistemləşdirilməsi vacibdir, amma ancaq bunların edilməsi azdır – növbəti, vacib addım, bu planların icrası edilməsidir. Günün planlaması cəmi 10 dəqiqə zamanımızı alsa da, bütün işlərin edilməsi üçün günümüzü sərf edirik və bunun üçün də disiplin lazımdır.

     Disiplin, bizim işlərimiz və planlarımız arasında yerləşdirdiyimiz sement kimidir. Kərpiclər (planlar) var, amam onları birləşdirən və güclü bina edən məhz elə disiplindir.

     Disiplinin və disiplinli çalışmanın olmadığı yerdə məqsədlər sadəcə arzu, planlar isə kağız parçası olaraq qalacaqlar.

     3. Görüşlər

     İş həyatı digər insanlarla müxtəlif ünsiyyət formalarına bağlıdır və bu qaçınılmazdır. Görüşlərin olmaması mümkün deyil – amma vacib olan odur ki, görüşlər effektiv keçsin.

     Görüşlərin məhsuldar olması üçün isə sistemli və öncədən planlaşdırılmış olması vacibdir.  Birincisi ona görə ki, görüşün mövzusunu öncədən düşünmək, müxtəlif məqamları hərtərəfli nəzərə alma  imkanı verir. İkincisi, görüşdən öncə mövzunu düşünəndə, insan müzakirə ediləcək mövzunun ardıcıl və sistemli təqdim edilməsini planlaşdıra bilər.

     Mən adətən görüşlərdən öncə insanlardan bunları xahiş edirəm :

  • Mövzuları düşünsünlər (əgər mövzunu mən təklif edirəmsə);
  • Əgər görüşü qarşı tərəf planlaşdırırsa, mənə öncədən yazılı qısa məlumat göndərsinlər ki, mən də düşünə bilim və görüş əsnasında “bədahətən” fikir bildirməyim;
  • Görüşün müddətini öncədə müəyyən edirəm ki, biri-birimizin zamanımıza qarşı hörmətsizlik olmasın. Müddətin öncədən müəyyən edilməsi hər iki tərəfin də lakonik və yığcam danışmasıdır.

     Belə halda 1 saatlıq ümumi söhbətlər yerinə konkret mövzu üzərində dəqiq və lakonik görüş olur və əksər hallarda ikinci görüşə ehtiyac qalmır.

     4. Mənfi insanlar

     İlk baxışda nə qədər qəribə gəlsə də, mənfi insanlardan uzaq durmaq effektivliyinizi və məhsuldarlığınızı artıracaq. Hamımızın qarşılaşdığı haldır : bəzən bir insanla 5 dəqiqə ünsiyyətdən sonra elə bil ki, üzərinizdə bir ağırlıq olur, qarşınıza çıxan məsələlərə mənfi bucaqdan baxırsınız və buna əlavə olaraq hərəkətləriniz, düşüncələriniz də ağırlaşır. Bəzən də iş gününün sonuna qədər mənfilik və ya bir ağır çöküntü içimizdə qalır. Mənfi auralı insanların istifadə etdikləri sözlər, səs tonları və hətta bədən dili də neqativ olduğuna görə, bu aura bizə də keçmiş olur. Bu insanların şəxsi və peşəkar həyat, sağlamlıq, karyera kimi mövzularda düşüncələri adətən mənfi olur və onlarla ünsiyyətdən müəyyən müddət sonra o aura və fikirlər bizlərə də keçir.

     Sizə mənfi təsir edən və neqativ enerji verən insanlardan uzaq durun. İşinizlə əlaqəli olaraq bu insanlarda ünsiyyətə məcbur olduğunuz zamanlarda onlarna kontaktı minimuma endirməklə bərabər, həm də çalışın təsir altında qalmayın və ayrıldıqdan dərhal sonra müsbət fikirlərlə beyninizi doldurun.

     5.«Xeyr»

     Hesab edirəm ki, bir insanın “xeyr” deyə bilməsi bəlkə də ən güclü 3 şəxsi effekvitlik texnikalarından biridir. Bəzən iş həyatında hərkəslə əlaqələrimizin yaxşı olması üçün “xeyr” deməkdən çəkinirik, və ətrafımızdakı insanlar, iş yoldaşlarımız, rəhbərlər bu zəiflikdən istifadə edirlər. Nəticədə isə kiminsə məsuliyyətsiz işini siz təmizləməli olursunuz, rəhbərinizin öz rəhbərliyi qarşısında yaxşı görünməsi üçün siz axşamları qalıb işləyirsiniz, və hər “xeyr” deyə bilmədiyiniz və buna görə də artıq işlədiyniz 2-3 saatı ailənizdən, idman, sağlamlıq və inkişafınızdan aldığınız zamandır.

     Sahibkar və rəhbərlər üçün kursumda dediyim cümləni olduğu kimi bura yazıram : “indiyə qədər hərkəsə “bəli” deyən bir nəfər də uğurlu insan görmədim, amma tanıdığım bütün uğurlu insanlar “xeyr” deyə bilənlərdir”.

     Məqalənin davamı olacaq.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *