businessman_lawyer_law
Məqalələrim

SAVADLI və TƏCRÜBƏLİ insan iş tapa bilmir

     Görüşdüyüm, ünsiyyətdə olduğu insanlardan sıx-sıx eşitdiyim şikayət, savadlı və təcrübəli insanın iş tapmamasıdır.

     İlk öncə onu qeyd edim ki,  “savadlı və təcrübəli insan” anlayışı çox nisbidir. Dəfələrlə mənə “savadlıdır” kimi təqdim edilən insanlarla 5 dəqiqəlik görüş nəticəsində anlamışam, “savad” sözünü deyəndə bu insanın universitetdə oxuduğunu demək istəyirlərmiş. Bir neçə sualdan sonra isə anlaşılır ki, bu insan  4 il ərzində universitetə gedib gəlib, dərslərsə oturub, imtahanları “bir təhər” verib, və diplom alıb. Bu, savad DEYİL. Bu, diplomlu savadsızlıqdır.

     Təcrübə məsələsinə gəlincə. Bu da olduqca nisbi anlayışdır. Bir insanın iş yerində illərlə mövcud olması və avtomat şəklində eyni işləri etməsi təcrübə anlamına gəlmir. Bu haqda çox yazmışam və buna görə də təfərrüata girmək istəmirəm.

     Maraqlı bir məqamı qeyd edim : AZƏRBAYCANDA İNDİ DƏ İŞ VAR. Şəxsən mən konsultasiya verdiyim və partnyorum olan bir neçə şirkətə rəhbər və orta idarəçilər axtarıram. İşləmək istəyən çoxdur, amma işin haqqını verə biləcək insanlar azdır.

     ÇIXIŞ YOLU NƏDİR?

     Birinci növbədə insan özünü dürüst və dəqiq şəkildə təhlil etməlidir. Heç kimi ittiham etmədən zəif tərəflərini müəyyən etməlidir və onları aradan qaldırmaq üçün plan hazırlamalıdır. Cəmiyyəti, ətrafımızda olan insanları, dövləti, iş dünyasını “iş yoxdur, savada əhəmiyyət verilmir” kimi sözlərlə aldada bilərik, amma bu məsələnin həlli deyil. Yüzlərlə özəl biznesdə və dövlət qulluğunda öz savad, zəhmət və əməyi ilə karyera quran insanları tanıyıram Hər şey, özümüzə qarşı dürüst olmağımızdan başlayır;

     Daimi inkişaf həyat tərzinə çevrilməlidir. Universitetdə son imtahanda son kitabı bağlayıb, “bu qədər oxudum, bəsdir daha” deyən və bir daha kitab açmayan insan əslində özünə quyu qazımağa başlayır. “İnkişaf” sözü ancaq peşəkar biliklərə ait deyil, çünki peşəkar həyatımız ancaq biliklərdən ibarət deyil. Danışıq, nitq, ünsiyyət qurma, psixilogiya, qısa və lakonik fikirləri yazılı şəkildə ifadə etmə kimi vacib məqamlar karyeramıza birbaşa təsir edən amillərdir.

 

     Hərkəsə peşəkar həyatında uğurlar arzulayıram!

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *