Fəxri Ağayevin bloqu

Sağlamlıq, Biznes, Məsuliyyət, Seçim

 “Lay divar kimi adam idi, birdən öldü. Həkimlər onu öldürdü.”

“Sapa sağlam adam idi. Heç bir şikayəti yox idi. Birdən birə nə oldu ki? 100 % həkimləri səhvidir.”

Sual : Orta statistik Azərbaycanlı həkimə nə zaman gedir?

Cavab : Komaya girəndə.

Insanlarımızın sağlamlıqlarına qarşı yanaşmalarında bir neçə ortaq məqam var  :

  • insanlar tibbə ƏN SON anda müraciət edirlər – tibbin tamamən çarəsiz qaldığında ;
  • ən son anda müraciət edən insan həkimdən möcüzə gözləyir ;
  • möcüzə ən qısa zamanda gözlənilir ;
  • ən qısa zamanda möcüzə gözləyən insan bu möcüzənin reallaşması üçün barmağını belə tərpətmək istəmir ;
  • barmağını belə tərpətmək istəməyən insan, öncəki həyat tərzini davam etmək istəyir : pis vərdişlər, sistemsiz və zərərli qidalanma ;
  • bir həkimdən ən qısa zamanda böyük möcüzə gözləyən insan, bu möcüzə üçün ödəniş etmək istəmir.

Düşünün : gənc yaşlarından siqaret çəkən, səhhətinin qayğısına qamayan, ən bəsit gigiyenik qaydalara riayət etməyən, aktiv və hərəkətli həyat tərzi olmayan, alkoqollu içkilər içən, qida rejiminə əməl etməyən, qarşısına çıxan hər şeyi yeyən, streslə mübarizə aparmağı bilməyən, qısaca desək – ölmək üçün əlindən gələn hər şeyi edən insan qısa müddətdə, illərlə itirdiyini satın almaq istəyir. Özü də ucuz qiymətə. Həm də ən qısa zamanda.

Bir dəfə uzaqdan tanıdığım bir insan dünyasını dəyişmişdi. Hüzür yerində mənə onun haqqında danışanlar rəhmətə gedəni belə tərif edirdilər : “Divar kimi idi. Əsl pəhlivan idi. Bir oturuma 4 qab bozbaş yeyirdi, sonra da şirniyyat. Həkimlər onu öldürdü”.  Bir insanın 40 il ərzində dağıtdığı qara ciyəri, ürəyi, mədəni, bağırsaqları həkim qısa müddətdə bərpa edə bilməz.

BİZNESİMİZDƏ də vəziyyət eynidir. Neftin qiymətinin yüksək olduğu və hərkəsin böyük gəlirlər əldə etdiyi uzun illər ərzində biznesimiz kefdə idi.

Mali analiz, marketinqin effektiv fəaliyyəti, satışların maksimum həddə çatdırılması, müştəri məmnunluğu üzərində iş və bunun analizinin aparılması, əməkdaşların və idarəçilərin bilik və bacarıq, təcrübə və peşəkar savad səviyyələrinin artırılması mövzusunda heç bir addım atmayan şirkətlər bir anda ayıldılar.

Bir anda – hansı anda və nə zaman? Şirkət komaya girəndə. Tibbdə koma nədir? Vikipediya belə deyir : “Xəstənin vəziyyətinin, şuurun itməsi ilə əlaqəli olan və ölümlə nəticələnə bilən son dərəcə ağır olması”

Şirkətlər də komaya girirlər.

İllərlə idarəçi, mütəxəssis və işçilərinə doğru vərdişləri öyrətməyən, disiplin və planlı və sistemlə işləmə tələb etməyən, mali analizlər aparmayan, xərclərə nəzarət etməyən şirkətlər anlayırlar ki, artıq işlər donub və şirkət komaya girib. Nə etmək lazımdır? Həkimə getmək. İş dünyasının həkimi isə, peşəkar idarəçilərdir. Qohum, dost, tanış, “brat” olmayan, bilikli, savadlı, təcrübəli peşəkarlar.

Və yenə də, həkimlərlə olduğu kimi, gözləntilər eyni olur.

  • Möcüzə ;
  • Qısa müddətdə ;
  • Insanları dəyişmədən ;
  • Xərc çəkmədən.

 

Uzun illər böyük şirkətləri və minlərlə insanları idarə etmiş insan olaraq TAM məsuliyyətlə deyirəm : biznesdə MÖCÜZƏ olmur. Biznesdə müvəffəqiyyət, uzun yoldur. Və bu yol, gündəlik qərarlarımız və seçimlərimizdən ibarətdir. Uzun illər ərzində dağıdılan biznesi, pis vərdişləri bir insansan qısa zamanda dəyişməsini istəyirlər. Ən əsası isə, HEÇ KİMİ dəyişmədən. Yəni, bir insan 10 il firmada işləyib, istədiyi zaman gəlib və gedib, sistem nədir bilmir, plan və planlı fəaliyyəti həyatında görməyib, aylıq və illik büdcə haqqında eşitməyib, müştəri onun üçün heç nədir – belə bir insanla işin dəyişməsini gözləyənlər var. Yəqin ki, bu insanlar Şaxta Babaya da inanırlar.

 “Ucuz ətin şorbası olmaz” kimi dərin mənalı ata sözümüz var. 600 manat maaş alan və özünü idarəçi hesab edən mütəxəssislə 3.000  manat maaş alan peşəkar arasında yerlə göy qədər fərq var. Davranış və danışıq tərzindən, insanlarla ünsiyyət qurma qabiliyyəti və əməkdaşlarə motivasiya etmək və sistem qurma bacarığına qədər. Verdikləri nəticələr də yer ilə hö qədər fərqlidir.

Bir şirkət sahibi mənimlə görüş zamanı belə bir istəyi dilə gətirdi : şirkətin dövriyyəsini artırmaq olar mı? Bəli dedim, olar, amma komandanın bəzi oyunçuları dəyişməlidir. “Yox, onlara toxunmayaq” dedi. Güldüm, və qarşımda olan stəkana bir vedə su tökməyi xahiş edim ondar. Anladı. Məsələ, kapasite məsələsidir. 100 milliqramlıq stəkana, 2 litr su tökmək olmaz.

Uzun illərin təcrübəsi mənə bunu deyir : biznesdə mütləq müsbət nəticənin bünövrəsində İNSAN var. İNSAN. Hər şey biznesdə insanla başlayır və onunla bitir : inkişafa meyilli, müsbət düşüncə tərzi olan, dəyişikliklərə açıq olar, disiplinli və planlı insanla.

Xaricdən “beynəlxalq” səviyyəli “mütəxəssis”gətirən çox şirkət tanıyıram. Gələndə şirkət rəhbərliyinə “möcüzəvi müvəffəqiyyət” söz verən xaricilər, bunların vədlərinə inanan şirkət sahibləri, dəyişməyən və dəyişdirilməyən komanda üzvləri… Nəticə isə həqiqətən də “möcüzəvi müvəffəqiyyət” əldə edilir – xarici  mütəxəssis üçün. Öz ölkəsində görə bilməyəcəyi maaşı və şərtləri iki il ərzində əldə edən insan üçün bunlar, həqitətən də, möcüzədir. Şirkət isə eyni yola davam edir, və anlayırlar ki, bura Azərbaycandır, bura düzələn deyil.

Müvəffəqiyyəti satın almaq mümkün deyil. Müvəffəqiyyəti, zəhmət, disiplin və planlı və sistemli yanaşma ilə QAZANMAQ lazımdır. DOĞRU İNSANLARLA.

Düzələcək mi? Bəli, düzələcək. TAM əminəm ki, hər şey qaydasına düşəcək.  Bilirsiniz necə? 50 il siqaret çəkən insan infarkt keçirəndən sonra bir gündə bu vərdişi tərgidir. Necə olur? Ölüm qorxusu.  

Daim iş dünyasının içində olan və hər ay fərqli sahələrdə fəaliyyət göstərən onlarla şirkət rəhbərləri ilə ünsiyyətə oluram və biznesdi ciddi düşüncə tərzinin dəyişməsinin şahidiyəm. Artıq şirkət sahibləri müştərinin qayğısına qalmağa başlayırlar, uzun müddətli planlar qururlar, nəticələrə qarşı daha səbirli olurlar, qısa müddətli düşüncə tərzindən uzaq qalırlar.

Azərbaycan biznesi və iş dünyası qarşısında böyük yol var.

Bu gün bizim biznesimizə peşəkar idarəçilər lazımdır. Sözün TAM anlamında peşəkar olanlar. Ancaq bilik və təcrübə səviyyəsi ilə deyil – həm də, başda dürüstlük olmaqla,  şəxsi keyfiyyətləri ilə. Və ən əsası da, dözümlü, səbirli, mənəvi və psixoloji olaraq güclü peşəkarlar, çünki müştərilərə xidmət göstərməklə bərabər, onlar həm də şirkətlərin sahiblərinə doğru və müsbət təsir göstərməlidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *