sem2
Məqalələrim

“SƏMİMİ” Biznes

Ünsiyyət və əlaqələrdə, kommunikasiyada səmimiyyət ən vacib xüsusiyyətlərdən biridir. Biznes, ünsiyyət deməkdir – müştərilərimizlə, potensial müştərilərimizlə, bizi tanımayan auditoriya və kütlə ilə reklam, marketinq, PR və brendimiz vasitəsi ilə, əməkdaşlarımız, idarəçilərimiz, investorlar və idarəçilərimizlə.

Bu məqalənin başlığında olan SƏMİMİ sözü ancaq biznesdə olan səmimiyyəti göstərmir. SƏMİMİ sözü, ümumiyyətlə biznesdə müvəffəqiyyətli olmaq üçün bir qısaltmadır

S – Sistem. Hər bir şirkətin uğurlarının bünövrəsi, o şirkətin qurduğu idarə etmə sistemlərindədir. Sistemli yanaşma və standartlar olmadan, şirkətin böyüməsi və inkişaf etməsi mümkün deyil. Hər bir şirkətin böyümə tarixində bir tıxanma dövrü olur, və o tıxanma bölümünün keçilməsi üçün müxtəlif idarə etmə sistemlərini tətbiq edilməsi lazımdır ki, şirkət öz böyüməsini həzm edə bilsin. 

Ə – Əməkdaşlar. Bütün çıxışlarımda və məqalələrimdə daim vurğuladığım məsələ : ofis binalarını inşa  etmək olar, içinə ən müasir avadanlıqları satın almaq olar, ən güclü kompyuter sistemləri ilə hər yeri doldurmaq olar, amma bütün bunlara RUH verən əməkdaşlardır. Biznesdə hər şey insanlar başlayır və insanla da bitir. Uğurlu şirkətlərin müvəffəqiyyətlərinin görünməz parçası insanlardır və batan şirkətlərin də kadr arxasında insanlar var.  Mükəmməl nəticəyə gedən yol şirkətlər üçün uzundur, amma bu yol, doğru insanlar başlayır.

M – Müştəri. Firma rəhbərinin otağında olan mebelin, idarə etdiyi avtomobilin, əməkdaşların maaşlarının xərclərini ödəyən müştəridir. Biznesin uğurlu olması üçün mütləq qaydadır ki, bütün biznes proseslər məhz elə müştrərini rahatlığı və komfortunu nəzərə alacaq şəkildə tərtib edilməlidir. Müştərisini yaxşı tanımayan, firmaya etibar edərək onun məhsulunu alana qarşı diqqətli olmayan, gözləntilərindən daha çoxunu verməyən firmalar rəqabətcil bazarda iflasa məhkumdurlar.

İ – İdarəçilər. İdarəçilərin şirkətin inkişafı üçün əhəmiyyətini bir cümlə ilə belə göstərmək olar : şirkət rəhbərlərinin mənə verdiyi “Səncə, necədir mənim əməkdaşlarım?” sualına daim bu cavabı verirəm : “Sənin kimi”. Peşəkar bilik, savad, şəxsi keyfiyyətlər, dürüstlük, disiplin, insanları motivasiya etmə kimi vacib xüsusiyyətlərə malik olmalıdır idarəçilər. Şirkət, işə qəbul etdiyi idarəçilər qədər güclüdür, çünki əməkdaşları, müştəriləri, biznes prosesləri idarə edən idarəçilərdir.

M – Marketinq. Marketinq bizdə satışın artırılması üçün qısa müddətli bir alət olaraq qəbul edilsə də, bu bir elmdir. Çox geniş, dərin, və ən əsası – daim inkişaf etməkdə olan bir elm. Uğurlu brendlərin beynəlxalq miqyasa keçməsi və brendləşməsi məhz elə marketinq sahəsinin uğurudur. Insanlar Apple kimi bir notbuku alanda ancaq notbuk əldə etmirlər – həm də bir gözə görünməyən, amma insanların hiss etdiyi bir dəyər əldə edirlər. Bu da məhz marketinqin fəaliyyət nəticəsidir.

İ – İnkişaf. Böyük sürətlə dəyişən  dünyada dəyişməyən ancaq daimi dəyişimdir. Müştəri seçimləri, davranışları, psixologiyası, rəqiblərimizin fəaliyyətləri, texnologiya, idarə etmə sistemləri – bütün hər şey durmadan dəyişir. Buna görə də şirkətlərimiz daim dəyişimə açıq olmaqla bərabər inkişaf etməlidirlər.  Bura qədər inkişaf haqqında yazdıqlarım bilinən, hərkəsin dediyi, amma az əməl edilən sözlərdir. Mən düşünürəm ki, şirkətlərin inkişafı reaktiv olmamalıdır – proaktiv olmalıdır. Reaktiv inkişafla proaktiv inkişaf arasında fərq çox sadə görünsə də, nəticələri uçurumlar qədər böyükdür : reaktiv inkişaf, bazarda mövcud dəyişikliklərə verilən cavab və reaksiyadır, və bunu hərkəs edir; proaktiv inkişaf isə, NƏZARƏT EDİLƏN DAVAMLI inkişafdır. Proaktiv inkişaf edən şirkətlər, daim bazarın bir addım irəlisindədirlər : müştəri ilə ünsiyyətdə, əməkdaşlarının və idarəçilərinin peşəkar bilik, savad və təcrübələrində, istifadə etdikləri texnika və texnologiyalarda.

SƏMİMİ sözünün biznes və iş dünyası ilə əlaqəsi, bu sözlərlədir. Ən əsası isə, bütün bunlarda – Sistem, Əməkdaşlar, Müştəri,  İdarəçilər, Marketinq, İnkişaf mövzularında şirkət SƏMİMİ olmalıdır.

Bunu biznesin müvəffəqiyyət formulası olaraq bir cümlədə belə ifadə etmək olar

Sistemli şəkildə idarə edilən və şəxslərə bağlı olmayan,

Əməkaşlarının seçiminə diqqətlə yanaşan  

Müştərisinin qayğısına qalan,

İdarəçiləri peşəkar olan,

Marketinqə uzun müddətli stratejik alət olaraq baxan və

İnkişaf daimi olan

ŞİRKƏT MÜVƏFFƏQİYYƏTLİ OLACAQ

sem2

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *