Gördüklərim, eşitdiklərim

Qürur və mərdlik nümunəsi

Bu gün səhər şəhərə gələndə gördüm ki, yolun qırağında çox yaşlı, hər əlində bir qoltuq dəynəyi ilə bir nənə gedir. Sol əlində də bir paket. Bir addım atır, 5 saniyə gözləyir, nəfəs alır, sonra yenə addım atır – yenə gözləyir, nəfəs alır. Hiss olunurdu ki, əziyyət çəkir gəzməkdən.
Avtomobili durdurdum, yaxınlaşdım ona ki, “nənə, harda yaşayırsan, gəl səni aparım maşınla”. İstəmədi, dedi ki, yaxında yaşayır. Dedim o zaman gəl sənin qolundan tutum aparım. Dedi işindən qalma, ged, mən gedərəm özüm.
Sual verdim ona ki, bəs sən tək mi yaşayırsan, kimsən. Dedi ki, mən müharibə veteranıyam, həm də qaçqınam, Ağdamdan gəlmişəm bura. Qardaşlarım hamısı müharibədə həlak olub – və ağladı.
Dedi ki, imkanım çatmır, çətindir yaşamaq. “Bax” – göstərdi mənə paketi – “çörək aldım, yumurta aldım, amma yağ almağa imkanım olmadı, almadım”. Yalvarmağıma baxmayaraq kömək etməyimə icazə vermədi.
Dedim ki, nənə, harda yaşayırsan, gedək görüm, gəlim sənin yanına tez tez, başqa insanlar da gələcək.. Verdiyi cavab ÇOX gözəl oldu – “Yox oğlum, istəmirəm. Sonra deyərlər ki, dilənçilik edir. Nəvəm də elə düşünər, pis olar. Necə imkanım çatır, elə də yaşayaram”…
Düşünün… 80-90 yaşlı bir nənə. Yağ yemir, kömək qəbul etmir ki, dilənçi deyiləm… Və ağlıma məmurlarımız gəldi.. Yekə qarın, vəhşi istəklər, yırtıcı baxışlar…
Düşünürəm ki, cəmiyyətimizdə bir çox KİŞİ adı ilə gəzən məxluqlar bu qoca nənədən əsl “MƏRDLİK, QÜRUR, ŞƏXSİYYƏT” nədir öyrənə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *