кек
Məqalələrim

Peşəkar uzun ömürlülük necə uzadıla bilər?

     Bir neçə il bundan əvvəl diqqətimi çəkən “Peterin prinsipi” ilə tanış oldum. Və hər dəfə vəzifəsi yüksəldikdən sonra inkişafı və artımı gözə görünməyən bir tavana dirənən insan görəndə bu prinsip yadıma düşürdü.

     Beləliklə, Peterin prinsipi nədir? Lawrence Peter tərəfindən eyniadlı kitabda irəli sürülən və əsaslandırılmış bir mövqedir və bu şəkildə ifadə edilir: “Bir iyerarxik sistemdə, hər bir fərd öz bacarıqsızlığı səviyyəsinə yüksəlməyə məcburdur”.

 

     Peterin prinsipinə əsasən, hər hansı bir iyerarxik sistemdə işləyən adam, öz vəzifələrini yerinə yetirə bilməyəcəyi bir yer tutana qədər təşviq edilir. Bu səviyyəyə işçinin bacarıqsızlıq səviyyəsi deyilir. Bu nöqtədə isə işçi ya dondurulur və qalır, ya sistemdən çıxana qədər (ölüm və və ya təqaüdə qədər) qalır.

     Adətən, bu belə baş verir 

     Şirkətdə vakansiya meydana gəldiyi zaman rəhbərlik aşağıda çalışan işçilər arasından namizəd seçir. Yəni işlərini doğru icra edənlər arasından. Vəzifənin artması artıq işçiyə qarşı olan tələbləri dəyişir.

     Əvvəlki vəzifəsində uğurlarından asılı olmayaraq, işçi yeni tələblərə cavab verir və ya onları icra edə bilmir, yəni yeni bir mövqedə ya səlahiyyətli və ya qeyri-səlahiyyətli olacaq.

     Yeni mərhələdə – vəzifədə işləri idarə etmək üçün biliyi və savadı kifayət edənlər növbəti mərhələyə yüksəlirlər. Əgər işçi yeni vəzifədə nəticələr əldə edirsə, o, gələcəkdə yenə də təşviq etmək üçün namizəd olacaq.

     Beləliklə, işçi səlahiyyətini göstərir və vəzifəsi yüksəlir.

     Daim, hər yeni mərhələdə bilik və savadlı qalmaq alınmır və buna görə də yüksəlməyə davam edən insan bir gün artıq bacarmadığı iş səviyyəsinə gəlir çıxır. 

     Beləliklə, insanlar bilik və savadlarının çatmadığı bir səviyyəyə qədər yüksəlməyə davam edirlər. 

     Yəni insan öz karyerasında artıq böyüyə bilməyəcəyi bir nöqtəyə çatır, amma bu günə olan vəzifəsində də qala bilmir, çünki onun tələblərinə cavab verə bilmir. Eyni anda bu tələbləri tam qarşılayan çox sayda insan ətrafda var.

     Belə demək olar ki, insan peşəkar həyatı boyunca yeddi yüksəlmə mərhələsindən keçir və hər növbəti mərhələdə o inkişaf edir və bu da onun növbəti mərhələyə qalxmasına dəstək olur. Kiminsə həyatında üç mərhələ, kiminsə də 12 mərhələ olur – bu insanın ambisiyalarından, şirkətin miqyası və seçilən peşədən asılı olur.

     Ətrafımda olan və son vəzifəsində artıq bilikləri və savadı ilə möhkəm durmayan müxtəlif şirkət rəhbərlərini təhlil edəndə özümə iki mühüm sual verməyə başladım:

     Sual 1. Peşəkar uzunömürlülük necə arta bilər?

     Sual 2. Insanın yüksəlişini zəiflədən və daha sonra da onu geri endirməyə başladığı incə xətt haradadır? Bu xətt haradan başlayır?

     Birinci sualın cavabı bir neçə hissədən ibarətdir.

     Hesab edirəm ki, 35 yaşdan sonra peşəkar uzunömürlülüyü artırmaq üçün insanların diqqət etməsi gərəkən üç əsas məqam var.

     1. Peşəkar inkişaf

     İlk baxışda təcrübəli kimi görünən, yaxşlı, olğun, amma daha gənc alternativləri olan bir insan haqda nə deyirlər, adətən? “Bəli, filankəs kifayət qədər təcrübəlidir, həyat təcrübəsi də var, amma onun müasir bilikləri yoxdur”.

     Təcrübənin əhəmiyyəti danılmazdır. Ancaq elə bir xətt var ki, ondan sonra təcrübənin miqdarı o qədər də əhəmiyyətli deyil və artıq peşəkar təcrübə ilə bərabər, müasir nəzəri biliklərin də olması vacibdir. 

     Belə bir real hal təsəvvür edin. Bir idarəçinin 45 yaşı var. Peşəsində təcrübəli olduğuna baxmayaraq, onun müasir bilikləri yoxdur, çünki o ancaq öncəki təcrübəsinə güvənməyə öyrəşib. Bu sahədə bir insan haqda “təcrübəlidir” deyilməsi üçün 10 il fasiləsiz işləməsi kifayət edir ki, müxtəlif halları işdə görsün və fərqli problemlərin həllinin şahidi və ya iştirakçısı olsun.

     Bu da o deməkdir ki, 35 yaşlı və 10 il peşəkar təcrübəsi olan bir mütəxəssis 45 yaşlı insandan təcrübə baxımından heç cür fərqlənmir. Və belə bir nəticəni görürük biz: təcrübə baxımından fərq olmadığı halda, 35 yaşlı idarəçinin mühüm üstünlüyü var – peşə və sahə haqda müasir bilikləri.

     Praktiki bilik və təcrübəyə güvənmək olar, amma müəyyən bir müddət sonra bu artıq işləməyəcək. Müasir biliklər lazımdır və ancaq spesifik sahəyə aid olan biliklər deyil – həm də yeni vəzifədə daha çox sayda insanların idarə edilməsi üçünü lazım olanlar: idarəetmə psixologiyası, ünsiyət bacarığı və s. İdarəçilik vəzifələrində artıq kommunikasiya, danışıqların aparılması və əlaqələrin qurulması kimi bacarıqlar bəzi hallarda mütəxəssis üçün lazım olan texniki biliklərdən daha əhəmiyyətli olur.

     Nə etməli?

     İlk növbədə peşəkar inkişaf hər insanın ən vacib vərdişinə çevrilməlidir.

     İkincisi, uğurlar insanı sakitləşdirməməlidir. Hər yeni yüksəliş ancaq maddi imkanların artımı kimi görünməməlidir – bu, həm də yeni biliklərə və bacarıqlara yiyələnmək üçün yeni mərhələdir.

     Üçüncüsü, insan özünə gündəlik inkişaf qaydalarını təyin etməlidir – hər gün nə olursa-olsun, heç olmasa 15 dəqiqə peşəkar ədəbiyyat oxumaq vacibdir: jurnallar, qəzetlər, sahə mütəxəssislərinin müsahibələri.

     Bizim hər birimizə hər gün 24 saat, yəni 1440 dəqiqə zaman verilir və bu vaxtdan biz əlbəttə ki, öz beynimizi peşəkar formada qorumaq üçün 15 dəqiqə zaman ayıra bilərik.

     2. Sağlamlıq

     İnsanın peşəkar inkişafının qarşısını alan ikinci maneə onun sağlamlığıdır – psixoloji və fiziki. Sağlamlığında problemi olan insanın orqanizmi və beyni artan yükü qaldırmaqda çətinlik çəkir. Zaman keçdikcə və yüksələn vəzifələrlə bərabər, məsuliyyət və öhdəliklər də artdıqca, yük də artır. Və əgər bir insan bu gün işi ilə əlaqəli emosional və ya fiziki çətinliklərə dözürsə, fiziki və psixoloji sağlamlığına diqqət etmədiyi halda, bir müddət sonra artıq yavaş-yavaş gerilməyə başlayacaq.

     Bunu onun ətrafında olan insanlar, onunla işləyən komanda və rəhbərliyi də görəcək. Bu, özünü necə büruzə verir? İnsan daha tez yorulmağa, insanlara və onların səhvlərinə qarşı daha tez səbirsiz olmağa başlayır, əsəbi və gərgin olur, baş verən hadisələrə qarşı daha mənfi və kəskin reaksiya verir.  

     Real misal. İki nəfər 45 yaşlı insanı təsəvvür edin. Birinci səhhətinə və qidalanmasına diqqət etməyib, sağlam həyat tərzinə zamanı belə olmayıb, psixoloji vəziyyətinə zaman ayırmayıb, bu yaşda onda artıq, misal üçün, qara ciyərində və ya mədəsində ağrılar meydana həlir,  iclasda ciddi toqquşmadan sonra özünü toparlamaqda çətinlik çəkir, axşam tez yorulduğuna görə iş görüşlərində tam konsentrasiya ola bilmir, işgüzar səyahətlər, səfərlər və uçuşlar onu artıq yormağa başlayır. 

     Bu insanla paralel olaraq digər birini düşünün – 45 yaşı var və onun üçün sağlam həyat tərzi peşəkar uğurların vacib bünövrəsidir. Xarici görünüşü çox gümrah, özgüvənli olan bu insandan enerji dalğaları məsafədən belə hiss edilir, o iş həyatında ola biləcək konfliktlərdə hər zaman özünü toplaya bilir və daha sonra əsəbini insanlar üzərinə keçirmir.

     Nə etməli?

     Sağlamlıq, həqiqətən də, insanın peşəkar uzunömürlülüyünün bünövrəsidir və buna görə də gündəlik olaraq sağlamlığımıza zaman ayırmalıyıq. 

     İdman, sağlam həyat tərzi, doğru qidalanma kimi məsələləri həyat tərzi etmək, çünki gündəlik pis vərdişlərimizin kiçik kimi görünən nəticələri bədənimizdə zaman keçdikcə toplanır, ən uyğun olmayan zamanda qarşımıza problemlər şəklində çıxırlar. 

     Əslində, sağlam həyar tərzi ucuz və sadədir, baha olan isə qeyri-sağlam həyat tərzidir.

     Hər gün səhər idman etmək və həftədə heç olmasa iki dəfə idman zalına kardio məşqlər üçün – yüngül qaçış, velotrenajor, üzgüçülük  – getmək həyat standartı olmalıdır. Təmiz havada velosiped sürmək və ya gəzmək də olar. Mütləq şəkildə qidalanma rejimimizə nəzarət etməliyik və pis vərdişlərdən uzaq durmalıyıq.

     Sağlamlıq barədə danşarkən mən ancaq fiziki sağlamlığı nəzərdə tutmuram – söhbət həm də psixoloji sağlamlıqdan gedir. Fərqli dinlənmə, rahatlama və meditasiya texnikalarına yiyələnmək və stesli vəziyyətlərdən uzaqlaşmağı bacarmaq lazımdır.   

     3. Netvorkinq

     Netvorkinqin, yəni peşəkar əhatənin əhəmiyyəti haqda bu məqalədə heç nə yazmayacam. Amma bir məqamı vurğulamaq istəyirəm – 40 yaşdan sonra çox aktiv peşəkar və sosial həyatı olan insanlar belə eyni səhvi edirlər: onlar üçün netvorkinq ancaq öz yaşıdları ilə ünsiyyət anlamına gəlir.

     Amma unutmamaq lazımdır ki, yaşıdlarımız ortalama olaraq bizim kimi düşünür, dünyaya baxır, dəyərləndirmə edir. Paralel bir dünyanı isə görmürlər – illərlə bilik və təcrübə toplayan daha gənc mütəxəsislər yetişir: onlar daha enerjili, daha çox müasir biliklərə malikdirlər və yeni vəzifələr və imkanlar üçün daha da güclü döyüşməyə hazırdırlar. Ən əsası, yaşlılar onlara hələ də təcrübəsiz kimi baxsalar da, bu insanlar artıq mübarizə aparacaq qədər təcrübəlidirlər.

     Hesab edirəm ki, texniki yeniliklər və nəzəri biliklər mövzusunda insanın əlini bazarın nəbzində tutmaq üçün gənc mütəxəssislərlə sıx ünsiyyət olduqca vacibdir.

     Nə etməli?

     Özünüz üçün netvorkinq planı hazırlayın – bu məqsədlə müxtəlif tədbirləri, konfrans və təlimləri ziyarət etmək və buralarda fərqli yaş kateqoriyalardan insanlarla tanış olmaq. Bu işlərlə paralel olaraq şəxsi görüşlər planı hazırlamaq lazımdır: gənc mütəxəssislərlə görüşlər keçirmək, onları çay-kofe içməyə dəvət etmək, ən əsası isə – onlara bilik və təcrübənizlə dəstək təklif etmək.

     Və gəldik ikinci sualımıza: “insanın yüksəlişini zəiflədən, daha sonra onu geri endirməyə başladığı incə xətt haradadır? Bu xətt haradan başlayır?”

     Bu sualın cavabı çox sadədir – bu xətt, komfort zonamızın kənarındadır. Özümüzə rahatlamağa icazə verdiyimiz andan etibarən bu xətti keçirik. Peşəkar inkişaf, “peşəkar muskulların” – bilik, savad, bacarıq və vərdişlərin gücləndirilməsi daimi bir işdir və belə də olmalıdır. Bu xətti keçməmək üçün isə hər həftə başlayanda özümüzə peşəkar uzunömürlülük mövzularında məqsədlər müəyyən etməliyik. Həftəsonu da sadə bir təhlil aparmalıyıq – keçən həftə, yeddi gün ərzində peşəkar inkişafım üçün nə etdim və nə etmədim?

     Peşəkar uzunömürlülük formulası belədir: inkişaf həyat tərzimiz olmalıdır, fiziki və psixoloji sağlamlığımıza zaman ayırmalıyıq və daim peşəkar və mütəxəssislərlə ünsiyyətdə olaraq özümüzə rahatlamağa icazə verməməliyik. 

     Bütün oxuculara sağlam peşəkar uzunömürlülük arzu edirəm!

Rəhbərlər üçün İDARƏÇİLİK TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *