a53fe8af7f4e8a57b18f1adb305655d6
Düşüncələrim Məqalələrim

Ofisdə insan tipləri

     Psixologiya, tərbiyə, dünya görüşü və şəxsi təcrübə, məqsədlər və davranış modelləri baxımından  müxtəlif insanların bir yerdə illərlə işləməsi, şirkətlərdə biri birindən fərqli və maraqlı insan tiplərinin olmasına gətirib çıxarır.

     Bəzi ofis tiplərini sinifləndirdim və  hər biri üçün qısa açıqlamaları yazdım.

 

     Ofis planktonu

     Okeanda olan planktodan yeganə fərqi odur ki, ofis mühitində yaşayır. Nə ziyanı var, nədə ki, xeyri. İşə zamanında gəlir, tam 18.00-da iş yerini tərk edir, illərlə eyni yerdə, eyni masada, eyni əməliyyatları icra edir.

     Şirkət sarsılanda ilk işdən çıxarılan bunlar olur.  Yüngül intellektual zəhməti sevir. Şəxsi həyatında da peşəkat həyatı kimidir : tələsmədən, yavaş yavaş, emosiya olmadan, rahat.

     Heç bir mövzuda fikirlərini bildirməz. Təhlükəsizliyi, stabilliyi sevir. Işdən qovulmasa ömrünün sonuna qədər eyni yerdə eyni masada eyni işləri edərək işləyəcək. 

     “Aktiv” fəaliyyət göstərənlər

     Şuurlu manipulyatorlardır.  “Prezentasiya, power point mənim karyeramdır” deyənlərdir. Ayda bir gün işləyirlər – aylıq iclasdan 1 gün öncə.

     1 ay ərzində “icra edilən” işlər haqqında iclas üçün möhtəşəm prezentasiya hazırlayırlar : animasiyalar, yanan və işıqlandırılan şəkillər, uçaraq gələn hərflər. Bütün bunların arxasında isə heç bir iş yoxdur. Adətən hər iclasda bir sonrakı ay ərzində hansı işlərin görüləcəyi haqqında danışırlar və böyük vədlər verirlər. Bir ay sonra iclasda eyni məqsədlərə gedmək üçün hansı işlərin davam etməsi haqqında məlumat verilir.

     Kommunikasiya qabiliyyətləri güclüdür. Rəhbər işçilərlə daim yaxşı əlaqədədirlər və buna görə də gözəl prezentasiya arxasında işlərin olmadığını görənlər susurlar  : “ayıbdır, yaxşı oğlandır axı, salammeleykimiz var”.

     Rəhbəri gördüyü anda layihə haqqında rəhbərin fikirlərini soruşur – təbii ki, aylıq iclasda buməsələ vurğulanır : “Filankəs müəllimlə bu mövzu haqqında danışdıq və birbaşa tapşırığına əsasən bu işlər görüldü”.

     Daimi xəstələr,yazıqlar və qurbanlar

     Hər zaman yorğun, pessimistik düşünən, halsız, yeməkdən öncə, yemək yeyəndə və yeməkdən sonra dərman atırlar. Müxtəlif baş ağrıları, mədə sancıları, təzyiqin düşməsi mövzularında məlumatlıdırlar. Əsas danışdıqları mövzu : dünən hamamdan çıxanda mənə möhkəm soyuq dəydi; uşaq pəncərəni açıq qoydu, indi ciyərim ağrıyır; baş ağrısı iki gündün buraxmır məni.

     Ən çox sevdikləri poza : qalın bir örtüyə bürünərək ofisdə bədbaxt şəkildə oturmaq. Masada hərkəsin görəcəyi yerdə dərmanlar, siroplar. Dərman içərkən yüksək səslə bütün ofisə “aydaaa, filan dərmanı içməyi unutdum” deyirlər.

     Bu tip insanla 5 dəqiqə danışdıqdan sonra bütün borclarınız yadınıza düşəcək. Ofisdə 2 nəfər belə insanın olması hərkəsin passivliyini artıracaq.  

     Sürücü

     Tutduğu vəzifəyə görə şirkət rəhbərinə ən yaxın olan insandır.

     Sürücü rəhbərə “kişi, ağsaqqal, müəllim” deyir insanların yanında. Hadisələrdən öncə bu haqda məlumatı varsa (avtomobildə telefon danışığını eşitmişdir) insanların gözünün içinə mənalı mənalı baxaraq “bu yaxınlarda bəzi mövzular dəyişəcək” deyir;  hadisə olduqdan sonra isə “mən bilirdim, kişiynən söbət eləmişdüg” deyirlər.

     Davranışlarından və danışıqlarından belə anlaşılır ki, şirkət rəhbəri bütün qərarlarını sürücü ilə yolda müzakirə edir və bir çox mövzularda sürücünün fikri “ağır basır”.

     Köhnələr

     Əsas istifadə etdikləri cümlələr “biz burda işi quranda”, “gecələri sutkalarnan yatmırdıq”, “canımızı vermişik bura”, “ancaq ağsaqqla özü bilir biz nələr eləmişik”.

     Şirkətdə uzun müddət işlədiklərinə görə rəhbərliyin şəxsi həyatı haqqında belə məlumatlıdırlar. Işə yeni başlayan gənclərə ağır verməyi sevirlər.

     Kişi kimi görünməyə çalışsalar və daim kişilikdən danışsalar da, ən çox dediqoqu edən elə bunlar özləridir.

     Bütün işlərini gənc işçilərə etdirirlər və buna görə hələ minnət də edirlər onlara.

     Yenilikləri və dəyişiklikləri heç sevməzlər. 

     Bomba oğlanlar

     Şəhərdə hansı obyekt kimindir,  kim kimin qızını alıb və “bomba qabağa gedib” bilirlər. Adətən bilikləri burada bitir :)

     Türkiyə futbol komandaları oyunçularının şəxsi həyatı və maddi vəziyyətləri haqqında geniş məlumatları var.

     Istifadə etdikləri cümlələr :  “Dünən bir dənə qaqaşnan oturmuşdum, mama dzanı, 200.000 minlik saatı vardı”. 

     Müasirlər

     Rus dilli, ingilis dilli və türk dilli olaraq sinifləndirmək olar.

     Bir hissəsi xaricdə təhsil almış olur, digərləri 1 aydan 5 ilə qədər BP və ya digər xarici şirkətdə işləmiş insanlardır.

     Hər cümlədə ən az 1 xarici söz istifadə edirlər. İstifadə etdikləri bir çox sözlərin mənaları haqqında heç bir məlumatları yoxdur.  

     Bu tip insanların klassik dialoqu.

  • Русланчик, bilirsən, вот я не понимаю, axı necə bu layiXənin long term profiti Xesablanıb?
  • Аааа, Нигуля, çox simple, nə var ki burda? 

     Ofis klounu

     Daim zarafat edir, hərkəsi güldürür. Bəzən bu insanlar öz peşələrində çox güclü mütəxəssis olurlar, ancaq öz zarafatları və söhbətləri ilə bütün ofisin diqqətini dağıdırlar. 

     Optimist

     Hər zaman müsbət və gülərüzdür. Hər bir işdə bir xeyir və fayda görür.

     Şirkət dağılsa belə bir xeyir görəcək.

     Optimistliyi özünə ilk zərbə dəyənə qədərdir. Zərbə aldıqdan sonra pərt pərt ortalıqda gəzəcək, daha öncələr isə ağır verdiyi insanlar bilərək ona “Necəsən? Elə bil kefsizsən? Nəysə olub?” kimi suallar verəcəklər.

 

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

3 comments

  1. 2 aylıq intern müddətində belə 100 nəfərlik bir şirkətdə bütün tipləri gördüm, hamısı ilə razıyam, amma yazıdan belə çıxır ki, ofisdə faydalı, normal, ağlı başında adam olmur. Halbuki dediyim 100 nəfərin içində, mən hardasa 40-50-sini tanıyırdım, uzağı 25 nəfər bu tiplərdən birinə aid olardı. Amma kifayət qədər işində mütəxəssis, rasional, professional, vaxtından tez gəlib, işi bitirməmiş getməyən, operativ, pozitiv, sağlam, dünyagörüşlü, məsuliyyətli və ruhi cəhətdən normal insan var idi. Başlıq ofisdə arzuolunmayan insan tipləri olsa daha düzgün olardı məncə 🙂

    1. Məqalədən elə çıxmır ki, “ofisdə faydalı, normal, ağlı başında adam olmur”.
      Digər məsələ odur ki, göstərilən bu tiplərin hər biri həm də eyni anda ÇOX GÜCLÜ mütəxəssis və peşəkar ola bilərlər.
      Həyatın ancaq ağ-qara olmadığı kimi, ofis həyatı da belə olmur.
      Hətta bu tərz insanlar belə çox effektiv ola bilərlər – doğru idarəçinin rəhbərliyi altında.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *