k2_1
Məqalələrim

Nəzəriyyəçi mi, praktik mi?

 

     Milli Marketinq Forumunda şirkətlərin strategiyaları haqqında danışanda 2.ci strategiyanın “nəzəriyyə və praktikanın sinerjisi” olaraq qeyd etmişdim və  məsələsinə girişdə belə bir məqama toxunmuşdum – Daim müzakirə və mübahisələr mövzusu olan bir sualın cavbını vermək  istəyirəm : “bu gün Azərbaycan biznesinə nəzəriyyəçilər mi, praktiklər mi lazımdır?”

     İlk öncə təklif edirəm ki, nəzəriyyəçinin kim olmasına qərar verək.

     Nəzəriyyəçi, 2 kitab oxuyub özünü quru hesab və elan edən insan deyil. Nəzəriyyəçi, bir mövzuda əldə edilə biləcək əsas bütün məlumatları geniş də dərin araşdıran və bunları bilən insandır.

     Çox ümumi baxsaq, bu gün böyük şirkətlərimizdə kommunikasiya problemi var : Azərbaycanda və xaricdə təhsil almış müasir biliklərə malik gənc menecerlərlə öncəki dövrün real şərtlərində təcrübə toplamış yaşlı insanlar arasında olan ünsiyyət.

     Praktiklər nəzəriyyənin mənasız olduğunu, nəzəriyyəçilər isə mövcud təcrübələlrin artıq keçmişdə olduğunu iddia edirlər.

     Şirkət nə etməlidir belə vəziyyətdə? Müasir biliklər olmadan irəli getmək olmur, öncəki təcrübəni nəzərə almadan şirkətin Azərbaycan reallıqlarında qeyri-effektiv və praktika ilə dəstəklənməmiş nəzəri biliklərlə irəliləməsi risklidir.

     Gəlin hər tərəfin əhəmiyyətinə baxaq.

     Praktik şirkətə niyə lazımdır?

     Bəzi məsələlər var ki, onlar haqqında nə qədər kitablar və ya məqalələr yazılsa da, bunları insanlara nə qədər öyrətsələr də, insan ŞƏXSƏN özü onları illər boyunca  yaşamasa, onları dolğun şəkildə istifadə etmək mümkün olmayacaq.  Ən bəsit misal– müştərilərlə ünsiyyətdə gülümsəmə. Bunu müasir bilikləri olan gənclərimizin hamısı bilir. Amma ağır iclasdan sonra, iş günü bitənə yaxın, 21.ci müştəriyə gülümsəməyin nə qədər ağır olduğunu, ancaq bunu aylarla yaşadıqdan sonra hiss edəcəklər. Və hiss etdiklərinə görə, “müştəriyə gülüməsyin” təklifini edərkən belə istifadə etdikləri sözlərin fərqli olmasından, bunu necə etmələri gərəkdiyi haqqında danışmağa qədər fərqli olacaq. Beləliklə, “müştərilərə gülümsəyin” fikirləri daha əsaslı olacaq və qarşı tərəf bunları daha ciddi və hörmətlə qəbul ediləcək.

     Praktiklərin digər faydası. Elə sahələr var ki, orada HEÇ BİR nəzəri məlumat kömək etməz və müasir bilikləri olan gənclərin və idarəçilərin əksəriyyəti bu şöbələrdən sadəcə qaçırlar. Misal – qaraj təsərrüfatı. Bu sahədə işləyən insanın həm yaşlı, həm müdrik, həm texniki bilikli, həm də sürücü və texniki personal ilə onların öz dilində danışa bilməsi bacarıqları lazımdır.

     Buna əlavə olaraq unudulmaması gərəkən çox vacib bir məqam daha var – buna ingiliscə “institutional memory”, yəni qurumsal yaddaş deyirlər. Hər şirkətin müştərilərlə əlaqələrindən tutmuş, keçmişdə hansı qərarların hansı əsaslara görə alınmasına qədər bir çox mövzularda məlumatlar ancaq köhnə komandada olan insanlardadır.

     Digər tərəfdən, müasir nəzəri biliklər olmadan da, praktika artıq oncəki dövrlərdəki kimi təsirli ola bilməz. Dünya böyük sürətlə inkişaf edir. Öncəki dövrdə “bu məhsul bizdə var” demək və televiziyada reklam vermək satışların olması üçün kifayət edirdisə, bu gün artıq onlarla müxtəlif satış, marketinq, reklam və PR alət və texnikalarından istifadə etmək lazımdır ki, müştərilərin diqqətini cəlb etmək olsun. Və bu alətlər 3 hissəyə bölünməlidir : qısa, orta və uzun müddətli alətlər.

     Nəzəriyyəçilər ilə praktiklər arasında kommunikasiyada problem nədir?

     Köhnə komanda gəncləri qəbul etməkdə çətinlik çəkir, onları öz karyera və rifahları üçün təhlükə olaraq görür, buna görə də fərqli formalarda yeniliklərə və dəyişiklilkərə müqavimət göstərirlər. Yeni komanda, gənclər isə, öz fikir və düşüncələrində, təklif və rəylərində bəzən çox kəskin və aqressiv olmaqla bərabər, bəzi hallarda isə ÇOX mühim təcrübələri “köhnə məlumatdır” deyə qəbul etmirlər.

     Nəticədə nə baş verir? Şirkəti növbəti inkişaf mərhələsinə çıxarmaq istəyən sahibkar, biri biri ilə mübarizədə güc itirən bir komanda ilə üz-üzə gəlir və yeni komanda ilə köhnə komanda günlərini müxtəlif mübarizə formalarında keçirirlər.

     Kim haqlıdır, və bu vəziyyətdə məsuliyyət kimdədir? Məsuliyyət ANCAQ və ANCAQ rəhbərdə (əgər sahibkar özü rəhbərlik edirsə, ondadır). Şirkət daxilində psixolojik ab-havanın qurulması, fərqli dünya görüşlü, yaş və nəsillərə aid insanları bir araya gətirmək və onlardan komanda etmək məhz elə rəhbərin birbaşa vəzifəsidir.

     Əsl rəhbər, fərqli sahələrin fərdi güclərini birləşdirərək onlardan güclü KOMANDA yarada bilən insandır. Bu gün Azərbaycan biznesinin bu tərz rəhbərə ehtiyacı var.

     Əks halda şirkətdə bilirsiniz nə baş verir? Psixolojik olaraq daha güclü “yaşlılar” və praktiklər komandası gəncləri fərqli formalarda sıxışdırırlar, işlərini sabotaj edirlər, məlumat vermirlər və ya səhv məlumatlandırırlar, ruhdan və həvəsdən salırlar, və gənclər işi tərk edir. Zərəri kim çəkir? Sahibkar, şirkət və müştərilər, çünki şirkət rəqabət gücünü itirir və özü də fərqində olmadan geri addımlayır. Köhnə komanda isə batan bir gəmi içərisində “axı öncələri üzürdük” sözləri ilə gəmi ilə bərabər batırlar, və anlamırlar ki, gəmi artıq düz və sakit sulardan ciddi rəqabətin, pul azlığının, tələbkar müştərinin olduğu dalğalı bir dənizdədir.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *