Теория-поколений-XYZ
Məqalələrim

Nəsillərin ünsiyyəti

     24-25 May tarixlərində keçirilən Milli Marketinq Forumu-2019-da Milli Keyslər panelində Azərbaycanda dijitallaşmanın əhəmiyyəti və ideyaların Z nəslində olması barədə çıxış edən Pərviz bəyə belə sual verdim:

     “Əsasən, fikirlər Z nəslindədir, amma pul X nəslindədir. Biz nə qədər də desək ki, “do more with less” (azla çox et), bu “less”, yəni az hissəsində maliyyə olmalıdır, çünki investisiya dəstəyi olmasa, maraqlı ideyalardan uğurlu nəticə almaq çətin olur. Amma məsələ budur ki, bu gün investisiya etmə bacarığı və imkanları olan X nəslinin uzunmüddətli layihələrə nə həvəsi var, nə də səbri? Bu vəziyyətdə nə etməli və X nəsli necə maarifləndirilməlidir?”

     Sualın cavabını geniş şəkildə özüm yazmağa qərar verdim.

     İlk öncə qısaca nəsillər nəzəriyyəsi barədə məlumat verim: 1991-ci ildə Neil Howe və Willian Straus adlı alimlər tərəfindən təklif edilən nəzəriyyədir. Bu nəzəriyyəyə görə, hər yeni nəslin davranışlarına, düşüncə tərzi, ünsiyyət qurma, müştəri kimi davranmalarına yaşadıqları dövrün xüsusiyyətləri təsir edir.

     X nəsli – 1963-1983 illər arasında dünyaya gələnlər
     Z nəsli – 2004-cü ildən sonra anadan olanlardır.

     İndiyə qədər sosial şəbəkələrdə və mediada bütün çıxışlarımda qeyd etdiyim bir neçə ana məqamlar bunlardır:

     – Şirkətdə hər şey rəhbərə bağlıdır və rəhbərin rolu həlledicidir;

     – Nə qədər savadlı bir insan şirkətə işə cəlb edilsə də, onun edəcəkləri sahibkarın vizionu qədərdir və ancaq onun icazə verdiyi koridorla məhduddur;

     – Bu gün müəyyən tarixi səbəblərə görə əsas pul kütləsi X nəslindədir;

     – Pula sahib və potensial investor olan X nəsli, adətən, qısamüddətli düşüncə tərzinə malik, tez zamanda gəlir əldə etməyi düşünən və əsasən, satış istiqamətli düşünən insanlardır.

     İndi isə Azərbaycanda olan vəziyyəti təsəvvür edin:

     Bir tərəfdə Z nəsli var – müasir ideyalar, fikir və düşüncələr onlardadır. Amma maddi imkanları zəifdir.

     Digər tərəfdə X nəsli var – müasir düşüncə tərzi yoxdur, amma maddi imkanları genişdir.

     Amma bir həqiqət var ki, tərəflərin biri-birinə böyük ehtiyacları var.

     ORTAQ MƏXRƏCƏ GƏLMƏK VACİBDİR.

     Hesab edirəm ki, ortaq məxrəcə gəlmək üçün iki tərəf ciddi əmək sərf etməlidir      – zəifliklərini aradan qaldırmaq və digər tərəfi başa düşmək üçün.

     Bu iki tərəfin də çatışmayan tərəfləri var və bunları görmək, anlamaq və üzərində işləmək məhsuldar dialoq üçün əhəmiyyətlidir.

     İlk öncə iki tərəfin biri-birinə etdikləri ittihamları bir cümlədə dilə gətirmək istəyirəm:

     Z nəsli X nəsli haqda bunları düşünür: müasir deyillər, heç nə anlamırlar, pulları var, amma savad yoxdur, bunlar bizə pul verməzlər.

     X nəsli Z nəsli haqda bunları düşünür: elə-belə fikirləri var, ideya fikirləşməyə nə var ki, əsas plan və tətbiqdir, ümumi sözlərlə danışırlar.

     İndi isə tərəflərin ZƏİFLİKLƏRİNƏ göz gözdirək.

     Z NƏSLİnin zəif tərəfləri:

     Dəfələrlə müxtəlif biznes ideya yarışları və təqdimatlatında münsiflər heyətində iştirak etdiyimə görə diqqətimi çəkən bir neçə zəif tərəflər olub:

     – ideyaları başa salmaq və təqdim etmək bacarığı yoxdur və ya zəifdir;

     – mükəmməl ideyalar belə qarşı tərəfə mürəkkəb şəkildə başa salınır;

     – qarşı tərəfin kim olması və dünyaya baxışı, bildiyi-bilmədiyi terminlər ünsiyyət zamanı nəzərə alınmır;

     – gözəl bir ideya üçün sadə bir biznes-plan belə bəzi hallarda hazır olmur;

     – ideya, sadəcə, ideyadır, doğru şəkildə tətbiq edilmədiyində kağız üzərində qalacaq.

     Bu mövzularda Z nəsli nümayəndələrinə tövsiyələrim:

     – ideyanızın mükəmməlliyi özlüyündə yetərli deyil – ideyaları sadə şəkildə, məntiqi ardıcıllıqla, qarşı tərəfin marağını oyadacaq şəkildə təqdim etməyi bacarmalısınız. Buna görə də təqdimat bacarıqlarınızı inkişaf etdirməlisiniz, amma bundan öncə qarşı tərəfin düşüncə tərzini və psixologiyasını nəzərə almalısınız;

     – qarşı tərəf sizin qədər texniki terminlər bilməyə bilər və məncə, heç bilməməlidir də. Məqsədiniz nədir? İdeyanı başa salmaq – qarşı tərəflə eyni dildə danışmaq və investisiya almaqmı? O zaman qarşı tərəflə eyni dildə danışın və təqdimatınızı texniki baxımdan qlamur və gözəl görünən terminlərlə doldurmayın – termin olsa belə, qarşı tərəfə bunu başa salın;

     – ideyanız var – əla. Biznes-plan hazırlamağı, satışı və marketinqi az da olsa, bilməlisiniz. Yalın ideya ilə şəxsən mənim qarşıma çıxan və bunun, misal üçün, satış və marketinq tərəfini düşünməyən insanla, sadəcə, ideyanı ümumi müzakirə edə bilərəm.

     X NƏSLİN zəif tərəfləri:

      – qısamüddətli düşüncə tərzi və ancaq satış istiqamətli düşünmək;

     – müasir texniki və idarəçilik mövzularında terminləri və yenilikləri bilməmək;

     – səbirsiz olma və seçimlərdə ətrafda olan yaxın insanların sözlərini diqqətə almaq;

     – ancaq anladığı işlərlə məşğul olmaq istəyirlər – yeni sahələri araşdırmaq üçün zaman və enerji sərf etmək istəmirlər.

     Bu mövzularda X nəsli nümayəndələrinə tövsiyələrim:

     – Qarşı tərəfin təkliflərini anlamırsınızsa, əlavə açıqlama istəməkdən çəkinməyin      – ehtimal var ki, qarşınızda olan gəncin təklif etdiyi layihə olduqca faydalıdır və gənc öz fikirlərini sadə dildə təqdim edə bilmir;

     – Ətrafınızda olan “güvənli” insanlarınız illərlə inkişaf etməyiblərsə, onların sözlərini nəzərə almayın. Onlar başa düşmədikləri hər şeyə “mənasızdır” deyəcəklər;

     – Dünyada böyük və sürətli dəyişikliklərin olduğunu qəbul edin və Siz də, şəxsən özünüz də dəyişməyə artıq başlayın.

     Çox ümumi baxsaq, Z nəslinin də, X nəslinin də zəif tərəflərinin olması kifayət  qədər normaldır.
     Z nəsli bir gənci düşünün – biznes plan hazırlamaq, qarşı tərəfin anlayacağı uyğun dildə danışmaq, tərəfdaşın psixologiyasını nəzərə alacaq şəkildə danışmaq, ideya xaricində onun tətbiqini düşünmək və hesablamaq: bunları tanıdığım 30 yaş üzəri insanların belə ən az yarısı bacarmır. Gənclərdən bunu gözləmək olmaz, əlbət ki.

     X nəslininin nümayəndəsi bir iş adamını düşünün – Azərbaycanın öncəki, devalvasiyadan öncəki dövrdə vacib olan satış və qısa müddətdə böyük gəlir əldə etmək imkanı var ikən, başqa nəyisə düşünməsi məntiqsiz olardı. Bu günün tələbləri artıq fərqlidir və sahibkarların davranışları da artıq dəyişməyə başlayıb.

     Hesab edirəm ki, bu tərəflərin bir-birinə ehtiyacları var – ideyaların maliyələşdirilməsi vacibdir və böyük şirkətlərin texniki və idarəçilik baxımından müasirləşdirilməsi əhəmiyyətlidir.

     Məsələ, sadəcə, kommunikasiyadadır – ortaq məxrəcə gəlmə və biri-birini anlamaq üçün hər tərəf öz zəif tərəfləri üzərində düşünməli, onları dəyişməli və qarşı tərəfi də başa düşməyə çalışmalıdır.

Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU (kurs haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *