pravila_zhizni-400x300
Məqalələrim

Həyat qaydalarımdan – MİNNƏTDARLIQ

     Diqqət etmişəm ki, insanın həyatında qaydaları və prinsipləri olduqda, onun xameleon kimi mövcud şəraitə və şərtləri uyğunlaşmasından söz belə gedə bilməz : bu insan, buzqıran gəmi kimi möhkəmdir və öz dəyərlərini qoruyaraq, qarşısında olan şərtləri özünə görə uyğunlaşdırır.
     İllərdir izlədiyim qaydalardan biri də, zamanında mənim rəhbərim və ya müəllimim olan insanlara qarşı eyni yanaşmanı qorumaqdır. Hərkəs belə bir vəziyyətlərin şahidi olmuşdur ətrafındakı insanlarda : bir insan, vəzifəsi bir az artdıqdan sonra, daha öncə öz rəhbərlərinə qarşı yanaşması hər tərəfli dəyişir : danışıqda, bədən dilində, ünsiyyət və söhbətlərdə. Axı adam artıq yüksəlib və üstün olduğuna görə, “sən”lə belə müraciət edə bilər öncəki rəhbərinə.
     Mən bu məsələlərdə çox həssas və diqqətliyəm. 
     Iş həyatımda olan bir hadisəni danışım. 
     Karyerama daha yeni başlayanda, yaşı məndən kiçik olan bir rəhbərim vardı : o dövrdə vəzifəsi məndən yüksək idi və mənə qarşı diqqətli, anlayışlı, yol göstərən bir insan idi. Bir müddət sonra yollarımz ayrıldı, mənim karyeram böyük sürətlə inkişaf etdi, o isə eyni yerdə qaldı.
     Indi isə gələk mənim qaydama.
     Hansı məclis olursa olsun, kimlərləsə otururamsa oturum, o insan məkana girdiyi anda, illər öncə olduğu kimi, mən yenə də yerimdən qalxıram, o insanla çox səmimi görüşürəm, “filankəs müəllim” deyə müraciət edirəm, işləri ilə marağlanıb hər formada kömək və dəstəyimi təklif edirəm, və ətrafda mənimlə olan insanlara “bu insana çox şey borcluyam, siz də bunu tanıyın” deyə müraciət edirəm. O insan ayaq üstə ikən mən əsla oturmaram. Hər dəfə də ayrılarkən, bir daha ona, mənə 20 il öncə dəstək olduğuna və biliklərini paylaşdığına görə minnətdarlığımı bildirirəm və mənim üzərimdə böyük haqqının olduğunu bildiyimi deyirəm. Bu kimi insanlar haqqında onlar olmayanda da danışarkən “filankəs müəllim” deyə müraciət edirəm. Kiminsə bunun eşitməsinə və şahid olmasına də ehtiyac yoxdur – mənim vicdanımdır mənim hakimim.
     Təmənnasız və gözləntisi olmadan bizə dəstək olan insanlara qarşı minnətdarlıq hissini qorumaq çox vacibdir. Həyat bizi müxtəlif yüksəkliklərə qaldıra bilər. O yüksəkliklərə getdiyimiz yolda bizimlə zaman, enerji və biliklərini paylaşan insanların bizim üzərimizdə çox böyük haqqı var və mən düşünürəm ki, bunu mənəvi olaraq ödəmək olmaz.
     Əsl yüksəklik və alilik odur ki, o yolda bizə dəstək olanların qarşısında təvazökarlığımızı və sadəliyimizi qoruyaq.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *