mmf2018
Məqalələrim

Milli Marketinq Forumu 2018.də çıxışım

     24-25 may tarixlərində keçirilən 6.cı Miilli Marketinq Forumunda özəl qonaq qismində çıxış etmək üçün dəvət edildim.  Bu gün biznesimiz üçün çox vacib bir mövzunu seçdim : “Müasir iqtisadi reallıqlarda şirkətlərin strategiyaları və rəhbər xüsusiyyətləri”. Nitqimin videosu hazırlanmadan öncə  çıxışımın mətnini bloqumda yerləşdirdim.

     Çıxışımın mətni :

     Milli Marketinq Forumu və bənzəri tədbirlər, əldə etdiyimiz biliklərin və təcrübələrin bölüşülməsi baxımından çox vacib platformadır və mən bir Azərbaycanlı və peşəkar idarəçi olaraq tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. 

     Çıxışım, müasir iqtisadi reallıqlarda böyük şirkətlərin strategiyaları və bunları tətbiq edəcək peşəkar idarəçi xüsusiyyətləri haqqında olacaq.

     Azərbaycan biznesinin öncəki dövrdə 3 strateji səhvi  vardı – hər şeyin olduğu kimi davam edəcəyinə inanmaq, qısa müddətli düşüncə tərzi və şirkətlərin immunitetini gücləndirməmək.

     Bu gün bizlər, özünə məxsus iqtisadi şərtləri olan yeni və çox fərqli bir dövr içindəyik. Ölkədə pul kütləsi, bankların kredit siyasəti, müştəri davranış və psixologiyası kimi vacib bir çox məqamların öncəki illərin tam ziddi olmasına baxmayaraq, biznesimizin hələ də öncəki illərin idarəçilik alət və texnikalarını istifadə etdiyinin şahidi oluruq.

     Hesab edirəm ki, bu gün şirkətlərimiz strategiyalarında 3 ana məqamı nəzərə almalıdırlar.

     Birinci maddə.

     Uzun illər məntiqi-untuitiv tərzdə idarə edilən şirkətlər üçün artıq elmi və peşəkar idarəçiliyə keçmə zamanı gəldi və bu qaçınılmazdır. Marketinq, insan resursları, maliyyə, satış, loqistika kimi biznesi biznes edən onlarla mövzularda peşəkarlar lazımdır.

     Rəqabətin artdığı, gəlirlərin azaldığı və müştərilərin daha rasional olduğu bazarlarda effektivlik, uzun müddətli planlama, reklam və PR alətləri, insanları komandaya birləşdirmək, müştərilərlə dərin emosional ünsiyyətin qurulması kimi mövzularda konkret, dəqiq və elmi əsaslı biliklər olmadığında şirkətlərin sağlam uzun ömürlülüyü mümkün deyil.

 

     2 şirkət düşünün

     Birinci, öncəki dövrdəki kimi idarə edildiyi halda, digəri işə mütəxəssisləri cəlb edir və onlara sərbəstlik və səlahiyyət verir.

     Birinci şirkət insanları işə təsadüfi şəkildə alır, onlar üçün effektiv motivasiya sistemi qurmur, xərclər üzərində işləmir, istehlakçını yaxşı tanımadıqlarına görə marketinq tədbirləri dolğun keçirilmir, əməkdaşlar və rəhbərlər üçün davamlı inkişaf sistemi tətbiq edilmir və zaman keçdikcə onların  peşəkar bilik səviyyəsi artmır … amma ikinci şirkət bütün bunlara diqqət edir.

     İlk baxışda onun aylıq xərcləri artmış kimi görünsə də, bu firma illər sonra daha məmnun və daha sadiq əməkdaşlarla daha razı müştərilərlə daha az xərclərlə daha çox gəlir əldə edən və daha müsbət imiclə tanınan şirkətə çevrilir.

     Strategiyamızın birinci maddəsi budur  – peşəkarlara müraciət etmə zamanı gəldi

     Burada mühim bir məqamı qeyd etmək lazımdır.

     Bəli, peşəkarlarla işləmək bahalıdır 

     Ancaq qeyri-peşəkarların verdiyi zərər qədər bahalı deyil.

     Strategiyanın ikinci maddəsinə keçmədən öncə mən davamlı müzakirə və mübahisələr mövzusu olan biznesə “nəzəriyyəçi mi, “praktik mi” lazımdır sualının cavabını vermək istəyirəm.

     Bu gün Azərbaycan iş dünyasının əsas sıxıntılarından biri, iki nəsil – hər şeyi təcrübə ilə öyrənmiş öncəki dövrün idarəçiləri ilə yeni nəsil menecerlər arasında olan ünsiyyətdir.

     Qərb ölkələrində ali  təhsil almış çox sayda gənclərimiz var. Onlar, müasir idarəetmə mövzularında mühim nəzəri biliklərə malikdirlər, lakin hələlik Azərbaycan şəraitində təcrübələri yoxdur. Bir də real şərtlərdə idarəetmə praktikası olan digər qrup menecerlər var  – onların isə müasir idarəçilik bilikləri yoxdur.

     Və biznes sahibləri öz şirkətlərini yeni səviyyəyə gətirmək və gənclərin nəzəri bazasını yaşlı rəhbərlərin real təcrübəsi ilə birləşdirməyə çalışdığı zaman maraqlı vəziyyət yaranır – şirkəti irəli çəkmə istəyi, əks reaksiya verir.

     Köhnə qvardiya gəncləri qəbul etmir, onları öz karyera və rifahları üçün təhlükə hesab edir, və bu səbəbdən də dəyişikliklərə və yeniliklərə gizli və ya açıq müqavimət göstərir, hətta bəzən də sabotaj edirlər.

     Sualımız bu idi : Hansı bizə lazımdır? Nəzəriyyəçilər mi, praktiklər mi?

     Əslində heç biri. Bizə, nəzəriyyə ilə gücləndirilmiş praktika və təcrübə ilə sübut edilmiş nəzəriyyə lazımdır.  

     Və Azərbaycan biznesinin bundan sonra uğurlu olması üçün strategiyanın ikinci məqamı : Nəzəriyyə və təcrübənin sinerjisi.

     Bunun üçün isə biz savadlı gənclərimizə və mütəxəssislərimizə sahib çıxmalıyıq və onlara dəstək olmalıyıq!

     Üçüncü məqam

     Şirkətlərimizdə köklü reformlar lazımdır və müasir idarə etmə sistemləri qurulmalıdır. Amma bunlar bir neçə ayda olacaq işlər deyil.

     Davamlı rəqabətə dözə bilmək üçün insanların yetişdirilməsi, müştərinin beynində brendin gücləndirilməsi, daha peşəkar mütəxəssislərin cəlb edilməsi üçün işə götürən imici üzərində işləmək, vahid standartların tətbiq edilməsi, müxtəlif nəzarət mexanizmlərinin qurulması, təhsil ocaqları ilə əməkdaşlıq kimi onlarla istiqamətlərdə işlər aparılmalıdır. Bunların hamısı, nəinki uzun müddətli işlərdir – bu həm də illərlə davam edən gündəlk fəaliyyətdir.

     Azərbaycan şirkətlərinin üçüncü vacib məqamı, uzun müddətli düşüncə tərzi və planlama üfuqunun genişlədilməsidir.

 

     PEŞƏKAR İDARƏÇİ, rəhbər deyirik

     Strategiyanın üç maddəsini aydınlaşdırdıq. Və burada vacib sual qarşımıza çıxır – bunları kim edəcək? Şirkətə mütəxəssisləri cəlb edəcək, fərqli dünya görüşü olan insanları bir komandada birləşdirəcək, reformları və müasir idarəçilik sistemlərini tətbiq edəcək peşəkar idarəçi rəhbərimiz hansı xüsusiyyətlərə malik olmalıdır?

     Azərbaycanda rəhbər çoxdur, lakin idarəçi azdır. 

     Müasir bilik və savadı olmayan insanın qapı və vizitkasında “müdir” sözünün yazılması, “Lada” üzərində “Mercedes” loqosunun olması kimidir. Məzmun və mahiyyət “Lada” səviyyəsində qaldığı müddətcə, üzərində aksesuarların və yazıların nə olduğunun çox da əhəmiyyəti yoxdur.

     Hesab edirəm ki, bu strategiyaları icra edəcək peşəkar üst idarəçinin 3 ana xüsusiyyətləri bunlardır

     Psixoloji güc

  • Real misal. Böyük şirkətdə işə başlayırsınız. Firmada konservatorlar var – köhnə komanda və reformatorlar – müasir idarəçilik sistemlərini tətbiq edən idarəçilər. Siz yenilikçisiniz… və hər həftəniz və bəzən də gününüz müxtəlif formada mübarizələrdə keçəcək;
  • Təzyiq altında işləmə, davamlı haqlı və haqsız tənqidlərə məruz qalaraq yola davam etməli və irəli gedə bilməlisiniz;
  • Və nəinki irəli getməlisiniz – müştərilər, tabeçiliyinizdə olan insanlar, rəqib departament və şöbələr, rəhbərlik və sahibkarlar qarşısında davamlı dik durmalı və müsbət enerji verə bilməlisiniz;
  • Və yolunuza davam etməyə və müsbət olmağa əlavə olaraq– həm də işinizdə rəqəmlərlə nəticə verməlisiniz. 

     Effektivlik

     Çox ümumi baxsaq, biznesdə efektivliyin 2 əsas növü var : hesablana bilən və bilinməyən.

     Misal. 100 nəfər əməkdaşı olan şirkətin hər gün 800 saatlıq zaman sərmayəsi var. Bu saatlar ərzində əməkdaşlar, şirkətin gələcək məqsədləri üçün maksimum faydalı və effektiv şəkildə işləməlidirlər.  

     Bu, işin hesablana bilən tərəfidir. İş dünyasında effektivlik baxımından ön plana KOMANDA məvhumu çıxır. Komanda mövzusunda isə artıq riyaziyyat fərqli işləyir :

     1+1 hər zaman 2.yə bərabər deyil : bəzən 0, bəzən də 10 olur. Bu necə baş verir?

     Şirkətdə komanda ruhunun varlığı, insanların eyni dəyərlərə malik olması, eyni psixoloji dildə danışması və vahid məqsədləri yiyələnməsi 1+1.in 10, əks halda isə – insanların biri-biri ilə mübarizədə enerji itirməsi və şirkət daxlində doğru psixoloji ab-havanın olmaması 1+1.i sıfır edir.

     Əsl üst idarəçi, fərqli sahə mütəxəssislərinin fərdi güclərinin birləşdirərək sinerji effektini yarada biləndir.

     Davamlı inkişaf

     Biznes, dəqiq elm və rəqəmlərdir. Amma eyni anda biznes – müştəri davranışları, beynəlxalq bazarlar, valyuta, texnika və texnologiya, əmək bazarı xüsusiyyətləri kimi dəyişən meyyarlara bağlı və buna görə də davamlı qeyri müəyyənliklərlə dolu fəaliyyətdir. Bəzi hallarda atacağımız addımların və alacağımız qərarların dəqiq hansı nəticələrə gətirəcəyini bilməməklə bərabər, həm də biz yolda ikən dəyişikliklərlə qarşılaşırıq.

     Bilik statik deyil – dinamikdir, davamlı hərəkətdə və inkişafdadır. Buna görə də peşəkar idarəçi durmadan bütün yeniliklərin nəbzini tuta bilməlidir və yeni bilikləri almalıdır.

     İş həyatı, böyük sürətlə gedən qaçış zolağı kimidir. Geri qalmamaq üçün iti addımlarla irəliləməliyik, fərqlənmək üçün isə sürətlə qaçmağı bacarmalıyıq. Biliklərimizlə.

 

     Biznesdə bu gün üzərində olduğumuz yerə çıxmaq üçün istifadə etdiyimiz texnikalar artıq təsirli deyillər  – yeni yüksəkliklər üçün yeni bacarıqlara yiyələlənmək lazımdır.

     Diqqətiniz üçün təşəkkür edirəm!

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *