435902
Məqalələrim

Mentalitet və Biznes

 

     Azərbaycanda biznes haqqında danışanda adətən hansı cümlələri istifadə edirik?

  • Müştərini saymırlar, hörmətsiz yanaşırlar;
  • Şirkətlər inkişaf etmirlər, inkişafa açıq deyillər;
  • Biznesimiz dünya standartlarından çox geridədir;
  • Biznes uzun müddətli düşünmür.

 

     Əslində, ancaq biznesimiz bu mövzularda günahkar deyil.  Biznes, insanların həyat tərzi, dəyərləri və baxış açılarının birbaşa göstəricisi və nəticəsidir. Biznesimiz, bizim güzgümüzdür. Hər birimizin.

     Bu, tək bizə aid deyil. Misal üçün, əgər amerikalılar “time is money” deyirlərsə, bu onların biznesdə olan zamanlarına və effektivlik mövzusunda qarşı yanaşmalarında da öz əksini tapır; ali təhsil almaq bahalıdır, ancaq yüksəlmək üçün bunun vacib şərt olduğuna görə insanlar bunu edirlər, bunun üçün qurbanlar verirlər, uzun müddətli planlar qururlar. Və eynisi şirkətlərdə də görülür : şirkətlər inkişafa böyük vəsaitlər xərcləyirlər, çünki bunu böyümənin mühim və qaçınılmaz şərti kimi qəbul edirlər. Yaponların həyatlarında böyük zəhmət, gözəllik və mükəmməliyə qarşı hörmət olduğu kimi, biznesləri də elədir. Bu millətin “karosi” termini belə var – çox işləmək nəticəsində iş yerində ölüm belə adlanır. Şərəfli ölüm sayılır.

     Bizim biznesimizlə insanlarımızın, bizlərin davranış və həyata baxış açıları arasında bənzərliklər axtarmağa çalışdım və əsas bir neçə oxşarlıqları aşağıda sistemləşdirilmiş şəkildə diqqətinizə təqdim edirəm.  (Hər maddə iki hissəyə bölünür : öncə şəxsi həyatla əlaqəli cəmiyyətdə olan düşüncələr, və daha sonra biznesdə bənzəri yanaşma).

 

     Təhsil, elm və inkişaf. Cəmiyyətdə təhsilə yanaşma ümumi və formaldır. Inkişafa meyillilik yoxdur. Biliyə yatırım edilmir.

     Biznesdə də eynidir. Diplom tələb edilir, ancaq bilik kontrol edilmir. Vacib olan, diplomun olmasıdır. Şirkətlər, əməkdaşların və idarəçilərin inkişafını planlaşdırmır və bunu idarə etmir. Bu günə olan bilik səviyyəsi, bir neçə il sonra da eynidir.

 

     Qərbədən hər şeyin səthi alınması.  Qərbdən musiqini, geyim tərzini. Yəni üstdə olan, rahat alına biləcək mövzuları alırıq, ancaq qərbin təhsilini, elmini və bizi gücləndirəcək dəyərlərini almırıq.

     Biznes qərbdən binaları, avadanqlı və mebeli alır, ancaq korporativ ruh və dəyərləri ala bilmir, çünki bunları satın almaq olmaz. Bunlar qurulmalıdır : uzun zamanda və səbirlə, bir-bir hər gün addımlayaraq. Standartları alır, ancaq o standartların icra edilməsi üçün əzmkarlıq, iradə gücü və disiplini ala bilmir iş dünyası.

 

     Xarici, “impırtnı” hər şey, bizimkindən daha yaxşıdır. Xarici məhsul nə qədər pis olsa və bizim məhsul nə qədər yaxşı olsa da, yenə də xarici məhsula yüksək qiymət verməyə hazırıq.

     Biznesdə də eyni yanaşmadır. Öz ölkəsində ciddi bir uğura imza atmayan, orta və kiçik miqyaslı iş görən insanları xaricdən ölkəmizə “güclü peşəkar” kimi gətirən biznes, ancaq böyük miqdarda itkilər verdikdən sonra anlayır ki, hər xarici məhsul keyifyyətli olmur.

     Bu yaxınlarda keyfiyyətli yerli məhsul istehsal edən bir firmanın nümayəndəsinə “Sizin mal yerlidir, güvənmirəm” deyən həmyerlimizə dostumuzun cavabı olduqca maraqlı və məntiqli olub “Sən özün də yerli məhsulsan” :)

 

     Peşəkarlara gec müraciət etmə

  • Bir Azərbaycanlı həkimə nə zaman müraciət edir? Doğrudur. Son anda, komaya girəndə. Nəticədə nə olur? Həkimlər pisdir, tibbimiz zəifdir.

     Biznesdə də eynidir.

     Azərbaycan şirkətləri nə zaman peşəkarları işə dəvət edirlər? Bəli :)

     Şirkət komaya girəndə. Və hər an peşəkarın etdiyi işə müdaxilə edirlər.

 

     Həkimə gedən bir insan həkimin fikirlərini dinlədikdən sonra nə edir? Təbii ki, həkimin dediklərinə tam ziddini və eyni həyat tərzinə davam edir.

     Biznesə peşəkarı cəlb edən insan da onu dinləyir, ancaq eşitmir.

 

     Qısa müddətdə, minimum xərclə və zəhmət xərcləmədən uğur əldə etmə istəyi 

     İnsanları maraqlandıran suallar :

  • Xarici dili necə 3 ayda öyrənə bilərəm?
  • 1 ayda necə arıqlayım? Amma yemək də yeyim, idmana da çox getmədən.
  • Bir kitabda liderliyi öyrənmək olar?

     Biznesdə də eynidir.

     Korporativ standartlar lazımdır? Əla. Başlasaq icra etməyə, satışı artıracaq? Bir ayda satışlar nə qədər yüksələr? Yox? O zaman niyə lazımdır?

     “Tutaq ki, standartları indi tətbiq etməyə başladıq, neçə ayda bitər?”

     Qərb dünyasında standartların tətbiq edilməsi illər alır : Avropa şirkətində, buna hazır və hər yerdə bunu görən avropalı idarəçilərlə, işçilərlə, bunun üçün TAM münasib olan şərtlər içərisində. Bizdə isə, Bakıda, rəqabətin və nəticədə əsl biznesin olmadığı, insanların illərlə dost-tanış hesabına işlədiyi bir yerdə bunu bir neçə ayda qurmağı istəyirlər.

     Zamana qarşı hörmətsiz yanaşma və efektivliyin olmaması

     Gününü, həftə və aylarını plansız və buna görə də qeyri effektiv keçirən insanlar kimi, biznesimizdə də effektivliyin olmaması təəccüblü deyil.

     Həyat məqsədləri və gələcək üçün planları olmayan insanlardan ibarət biznesin də strategiyasının və inkişaf planlarının olmaması normaldır.

     Amerikalıların “time is money” sözləri yerində bizdə “noolubeee, guya sənə medal verəcəklər” sözləri ilə əvəz olunub.

 

     Müvəffəqiyyət = qazanılan pul və qısa müddətli düşüncə tərzi

     Müvəffəqiyyət ancaq əldə edilən gəlir və maddi imkanlarla ölçülür. Burada vacib olan məqam odur ki, hansı yol ilə qazanıldığına adətən göz yumulur.

     Biznesdə də eynidir. İşləyən 2 əsas şöbə var : satış və muhasibatlıq – pul gətirən və pul sayan.

     İnsanlar ancaq “indi və burda” prinsipi ilə yaşadığı kimi, şirkətlərdə də uzun müddətli düşüncə tərzi olmadığına görə də, şirkətlərin stabilliyini təmin edən, riskləri azaldan sistemlərin, struktur və proseslərin qurulmasına diqqət, zaman, enerji və vəsait nəinki ayrılmır – bunlar əlavə və lazımdır xərc olaraq qəbul edilir.

     Cəmiyyətdə “mən” var, “biz” yoxdur.

     Kiçik yaşlarımdan bəri bizim futbol haqqında böyüklərdən eşitdiyim əsas şikayət bu idi : “pas vermirlər də biri birinə… Kim topu tutdu, cumur qapıya, heç kiminlə paslaşmır, ancaq özü qol vurmaq istəyir.”

     Biznesimizdə də belədir. Hərkəs özü qol vurmaq istəyir. Heç kim paslaşmır. Futboldan fərqli olaraq isə, “oyun” meydanda olmadığına görə, hərkəs top sahibini həm də dartışdırır və yıxmağa çalışır.

 

     RESUME

     Biznesimizdən, şirkətlərimizdən, xidmətlərimizdən narazıyıq? Dəyişməlidirlər?

     Biznesimizdən niyə özümüzdə olmayanlar gözləyirik ki? Bizim xasiyyətlərimiz, xüsusiyyətlərimiz, keyfiyyətlərimiz nədirsə, iş dünyasında da o əks edilir. Biznesin dəyişməsini gözləməməmək lazımdır – biz dəyşməsək, biznes də dəyişməz.

One comment

  1. You mentioned everything right ! Our people don’t tend to teke a good feature of western society , instead they prefer their habital things , resulting in negative effects .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *