Gördüklərim, eşitdiklərim

Maraqlı dialoq :)

Yeni tanış olduğum və təxmini mənimlə eyni yaşlarda olan (40-42) bir dövlət məmuru məni şam yeməyinə dəvət edir, və belə bir dialoq keçir aramızda (hələ məni tam tanımır). Oturduq, 2-3 dəqiqə ümumi shöbətlərdən sonra sifarişi anı gəldi.

İçki sifarişi
– Müəllim, həəəə.. Sən nə içəcəksən?
– İçki.. Hm… Yeməkdən öncə əslində təzə sıxılmış meyvə şirəsi olsa içərəm.
– O ayrı. Onu demirəm. İçki deyirəm eee.. Əsl içki. Hahahaha. Nə vurax?
– Nə mənada nə vuraq? Aaaa, anladım. Təşəkkür edirəm, mən o içkilərdən içmirəm.
– Namaz qılırsan?
– Yox, namaz qılmıram.
– Bəs niyə içmirsən? (məntiqin bitdiyi an 🙂 )
– Ümumiyyətlə içmirəm. Prinsipimdir. Daim özümü nəzarətdə saxlamaq üçün.
– Aaa…. Vafşe içmirsən?
– Bəli.
– Bayramlarda da?
– Bəli. Bayramlarda da.
– Bəs toya gedəndə nə deyirsən camaata?
– Deyirəm ki, içmirəm.
– Bəs Novı Qodda necə? Şampanski da içmirsən?
– Əlbətdə ki, yox.
– Bəs pivə? (ümidi itməyib hələ də)
– Heç pivə də içmirəm.
– Kefsənee müəllim… içəndə noolur ki?
– Sağolun, içmirəm.
– Bax, mənim xətrimə içməlisən, özzzüm ölüm inciyərəm (məni görən içən insanların yarısı özü üçün məqsəd bilir məni içirdməyi)…

Yemək sifarişi.
– Müəllim, gəl əla kabablardan yeyək. Nə istəyirsən?
– Mən istəmirəm kabab yeyim. Sağolun, elə yüngül bir yemək yeyərəm.
– Aaa… Niyə? (üzündəki ifadədən anladım ki, az qala soruşacaq : namaz qılırsan? )
– Yemirəm, ağırdır – ağırlıq edir sonra.
– Bəs toya gedəndə nə yeyirsən?
– Toya gedəndə verdiyim pulun qisasını almaq istəmədiyimə görə, çox az yeyirəm 🙂 

Dialoq davam edir.
– Ay müəllim, demə ki, siqaret də çəkmirsən?
– Tərgidmişəm, idman edirəm.
– Idman? Nə?
– Qaçıram, üzürəm, velosiped sürürəm.
– Aaa… Niyə özünü belə incidirsən? Həkimlər tapşırıb?
– Yox, özüm istəyirəm.
– Qəribə adamsaneee (artıq özünü tuta bilmir)

Və ən son, klassik sual : “Fəxri müəllim… belə pis də çıxmasın.. bəs sən həyatda nəydən kayf tutursan?” 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *