elshan
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Elşən KƏRİMLİNİN Rəyi

Nəhayət, Fəxri Ağayevin “Saxla zamanı, gələr zamanı” adlı kitabını oxuyub bitirdim. Səbirsizliklə gözlədiyim bir kitab idi və o qədər marağımı çəkmişdir ki, alıb evə gedən gün, yolda artıq 20-30 səhifəsini bitirmişdim.
İlk öncə bu kitab çox sadə və anlaşılan bir dildə yazılmışdır və yazılanların böyük hissəsi, necə ki, giriş hissəsində deyildiyi kimi biz – Gənclər üçün nəzərdə tutulmuşdur. Gənclərin sağlamlığından tutmuş, zamanın idarə olunması, məqsədlərin müəyyən edilməsinə kimi bir çox məsələlərə toxunulmuşdur. Əsasən də, kitabda yazılanların hamısının yazıçı tərəfindən istifadə edilməsi, sınaqdan keçirilməsi və onlardan fayda görməsi bu kitaba olan marağımı daha da artırdı və məni həvəsləndirdi.

Kitabdan özümə faydalı olacaq bir çox məsələləri öyrəndim və onları tətbiq etməyi qərara aldım. Həyatımızda zaman anlayışının nə qədər qiymətli olduğunu bu kitabdan sonra daha yaxşı anlamağa başladım. Həyatda hər bir dəqiqəmizi mənasız şeylərə sərf etməməyi öyrəndim. Buna görə də, artıq sabahkı planlarımı yazılı olaraq qeyd etməyə başladım. Hər bir işimi sistemləşdirdim. Artıq “vaxtım yoxdur” sözünü işlətməyə heç bir əsasımın olmadığını düşünürəm. Bu günə kimi etmədiyim, ancaq mənə faydalı olan işləri artıq etməyi planlaşdırmağa başlamışam. Məqsədləri müəyyən etməyin nə qədər vacib olduğunu və onun texnikasını öyrətdi mənə bu kitab. 
Demək olar ki, bölümlərin bir çoxunda sağlamlıq haqqında yazılmışdır və əsas da, Yapon iş adamı ilə görüşdə onun dediyi sözlərdən sonra belə bir nəticəyə gəlirəm ki, əgər sağlamlığımızı qoruya bilmiriksə o zaman etdiyimiz başqa işlər mənasızdır. 
Bir də qocalar evindəki qocaların danışdıqlarından çox böyük nəticələr çıxardım və zamanımın bir daha nə qədər dəyərli olduğunu öyrəndim.

Kitabın bütün bölümlərinin mənim üçün ayrıca əhəmiyyəti oldu.

“Həyatımız” və “Karyera planlaması” bölümləri isə ƏN xoşuma gələn bölümlərdir. 
“Həyatımız” bölümündə bir çox ibrətamiz hekayələri oxudum və həqiqətəndə bu hekayələr mənə sözün əsl mənasında ibrət dərsi keçdi. Burada, həyatda vacib olan iki şeydən – Sağlamlığımız və zamanımızdan danışılıb. Seçim qarşısında qalıb “Karyera və ya sağlamlıq” yerinə, “Karyera və sağlamlıq” seçsək bunu həyata keçirə bilərik. 
“Karyera planlaması” bölümündə isə aktual mövzu olan bizim – Tələbələrin 4 il ərzində heç bir iş görməməyimiz və yalnız “diplomumu alım mənə hər qapı açıqdır” deməyimiz ön plana çəkilib. Mən bu kitabdan sonra həqiqətən bu vaxta kimi itirdiyim zamanımdan sözün əsl mənasında utandım. Öz istədiyim karyeranı qurmaq üçün artıq zaman itirməməyi özümə məqsəd qoydum. Ziyanın yarısından dönmək də bir xeyirdir.

Ən çox bəyəndiyim və beynimdə həkk olan 3 cümlə:
1. Mən əminəm ki,ölkəmizin gələcəyi nə neftdə, nə qazda, nə də təbii sərvətlərdə deyil. Ancaq elm və təhsildədir.
2.Öz bədənini və nəfsini idarə edə bilməyən insana heç kim şirkət və insanların idarə olunmasını etibar etməz.
3.Əslində “Uğur” anlamı yoxdur – Bizim ağır zəhmətimizin və ya tənbəlliyimizin nəticəsi var.

Bu kitab niyə oxunmalıdır:
1.Həyatında zamanını düzgün və effektiv şəkildə istifadə etmək istəyən gənclər, tələbələr üçün arzu olunan kitabdır. Necə ki, mən oxuyub faydalandım.
2.Bir çox istiqamətlərdə (Karyera quruculuğu, sağlamlıq, zamanın idarə olunması və s.) vermək istədiyiniz sualların bu kitabda cavablarını tapa bilərsiz.
3.Və hər şeydən öncə böyük motivasiya edici bir kitab olduğunu deyərdim. “Nə edim, necə edim?” deməyin. Sadəcə kitabı oxuyun və nəyi düz, nəyi səhv etdiyinizi özünüz şahidi olacaqsınız.

Biz gənclər üçün belə bir kitabı yazdığına görə, Fəxri bəyə öz təşəkkürümü bildirirəm. Dəyərli zamanımı, dəyərli kitabı oxumaqla keçirdiyim üçün çox sevinirəm.

Elşən Kərimli

European University, Biznesin İdarə Edilməsi Tələbəsi

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *