222111fahriagayev223
Məqalələrim Müsahibələrim

“KASPİ” qəzetinə müsahibəm

“Bir insan istədiyi andan bütün sərhədlər darmadağın olur” –Gör-götür

Fəxri Ağayev: “Yapon mənə dedi ki, siz öz bədəninizi idarə edə bilmirsinizsə, heç bir şirkət sizə insanları, milyonlarla dövriyyəni etibar etməz”
Üç ayın içərisində çəkisi 120 kilodan 75 kiloya düşüb. Bir anın içərisində 18 illik dostu siqareti atıb. İllərlə müxtəlif xəstəlikdən əziyyət çəkib və həkimlərin yanına get-gəldən sonra özü-özünün qeydinə qalmağa başlayıb və sağlamlığına qovuşub. Sağlıqla bağlı problemlərini həll edəndən sonra marafon yarışlarına qoşulub. İlk dəfə İstanbulda keçirilən marafon yarışına qoşulub və 42 km məsafəni başa vurub. Müsahibimiz biznes məsləhətçi, şəxsi konsultant, müəllim, motivasiya verən natiq, yazıçı, bloger Fəxri Ağayevdir. 10 il Türkiyə, Almaniya və İtaliyada çalışıb. Azərbaycanda Caspian Express və Subaru firmalarının rəhbəri olub, Hyundai, Embawood, Çinici firmalarında rəhbər vəzifələrdə çalışıb.

– Siqareti tərgitmək, 120 kilodan 75 kloya düşmək. Bunun üçün iradə kifayətdirmi?

– Əsas iradədir, amma tək bu yetərli deyil. Bizim üçün lazım olan hər hansı xüsusiyyəti dəyişmək üçün biliklərə malik olmalıyıq ki, doğru yol seçək. Biliklərə malik olandan sonra isə məqsədlərimizi müəyyən etməliyik. Hansı məntəqəyə gedib çıxmaq istədiyimizi bilməliyik. Müəyyən etdiyimiz məntəqəyə gedib çıxana qədər etməli olduğumuz işlərin planını hazırlamalıyıq. Ondan sonra uğurumuz iradə gücü, ruhdan düşməmək, əzmkarlıq, disiplin, daxili motivasiya məsələlərinə bağlı olur. Bunların hamısı bir yerdə olmalıdır. Amma bütün sahələrdə – istər peşəkar, istər özəl həyatda müvəffəqiyyətimiz biliklərdən başlayır. O biliklər olmadan biz hansısa addımımızın doğru olub olmadığını bilməyəcəyik.

– 3 aya 45 kilo arıqlamaq inanılmaz nəticədir…

– Əslində 3 ay səhnədə, izləyənlərin gözləri önündə olan rəqəmdir. Çəkimi itirdiyim 3 ay son həmləm idi. Ondan əvvəlki 2-2.5 il hazırlıq dövrüm olub. Dəyişmək üçün biz vərdişlərimizdə, gündəlik həyat tərzimizdə köklü dəyişikliklər etməliyik. Bu dəyişikliklərə isə psixoloji cəhətdən hazır olmalıyıq. Psixoloji hazırlıq da bir günün, bir ayın işi deyil. Məsələn, mən hər gün səhər saat 6-da oyanıb qaçır, məşq edirəm. Amma bu vərdişimə qədər əvvəl 8-də, sonra 8-in yarısı və s. qaçmağa başlamışam. İndi bədənim bu vərdişə öyrəşib. Özümü hər gün 8-də yox, 6-ın yarısında oyanıb qaçmağa alışdırmaq iki il zamanımı aldı. Qida rejimim tamamən dəyişdi. Əvvəllər hər bir azərbaycanlı kimi xəmir yeməkləri yeyirdimsə, indi, ümumiyyətlə, xəmirlə hazırlanan heç bir şey yemirəm.

– Çoxları düşünür ki, çörək yeməsələr, iş görmək üçün enerjiləri çatmaz…

– Mən sutkada cəmi 6 saat yatıram. Yerdə qalan 18 saat həddindən artıq aktiv həyat tərzim var. Hər gün 10-20 km arası qaçıram, yarışlara gedirəm. Xəmir əslində bizim enerjimizin mənbəyi deyil. Maraqlıdır ki, azərbaycanlı olaraq demirik, “gedək, yemək yeyək”, deyirik, “gedək çörək yeyək”. Çörək yemək bizim şüuraltımıza oturub. Buna görə dəyişikliklər etmək çətindir. Birinci növbədə zehnimizi dəyişməliyik. Məndə də xəmir xörəklərindən imtina etmək vərdişləri uzun zaman aldı. Ancaq son 3 ayda mən o müvəffəqiyyətin altına imza atdım.

– Arıqlamaqdan danışdıq. Kim, yaxud nə sizə təsir etdi?

– O vaxt mən Subaru firmasında rəhbər işləyirdim. Yaponiyadan qonağımız gəlmişdi. 120 kq olan vaxtlarımda cənab Okadanı yeməyə apardım. Ona çox iddialı olduğumu, uzun müddət Almaniya, Türkiyə, İtaliyada işlədiyimi, böyük şirkətləri idarə etdiyimi, beynəlxalq diplomumun olduğunu dedim və Tokioda rəhbər, idarəçi kimi özümə iş tapa bilib-bilməyəcəyimi soruşdum. Yox dedi. Səbəbini isə artıq çəkimlə əlaqələndirdi. Artıq çəkinin idarəçiliklə hansı əlaqəsinin olduğunu soruşdum. Bildirdi ki, “birbaşa əlaqəsi var, siz öz nəfsinizə hakim deyilsiniz, bədəninizi idarə edə bilmirsiniz. Öz bədəninizi idarə edə bilmirsinizsə, heç bir şirkət sizə insanları, milyonlarla dövriyyəni etibar edə bilməz”. Bu söz mənə çox pis təsir etmişdi. Ətrafımdakılara baxdım. Amma Azərbaycan bütün bir dünya deyil. Qərb dünyası bir az fərqlidir. Orada peşəkar bir idarəçi idmançıdır, idmançı peşəkar musiqiçi, kompyuter mütəxəssisi də ola bilər. Anladım ki, biz azərbaycanlıların həyatındakı əsas problem “və” yerinə “və ya” işlətməyimizlə başlayır. Mən hansısa iş adamına sağlamlığına zaman ayırmamasının səbəbini soruşanda deyir ki, “mən seçim etməliyəm – ya işim, ya idman. Əslində isə biz həm idmana, həm də işimizə zaman çatdırmalıyıq.

Əslində mən o vaxt Azərbaycanın klassik yekəqarın müdir obrazındaydım. Kənardan baxan bilirdi ki, bu yekəqarın kişi müdirdir, rəhbər işçidir. Amma dünyada lider obrazı dəyişir. Artıq lider insanları kabinetdən idarə edən deyil, kabinetdən çıxıb, cəbhədə özü döyüşən insandır. Mən anladım ki, liderlik qabiliyyətim artıq zamanın tələblərinə cavab vermir. Müasir idarəçi olmaq istəyirəmsə, insanları tək biliyimlə yox, şəxsi nümunəmlə də idarə etməyliyəm. Amma bunu etmək üçün enerjili, effektiv olmalıyam.

İnsanların iki növ motivasiyası var – biri bizim qorxularımız, digəri məqsədlərimizdir. Mənim məqsədim hər zaman müvəffəqiyyətli olmaqdır. Qorxum isə o idi ki, 40-45 yaşıma gəlib çatanda deməsinlər ki, Fəxri peşəkar iş adamıdır, amma halı yoxdur, yorğundur, olduğundan yaşlıdır. Bu, məni hər zaman qorxudurdu və hər zaman rəqabətdə gənclərə uduzmaqdan çəkinirdim – həm enerji, həm də müasir biliklərdə. Amma indi gənc mütəxəssislərlə istər idman, istər bilik, müasir bilgilər sahəsində çox rahat şəkildə mübarizə apara bilərəm.
Arıqlamağıma digər səbəb isə səhhətimdə ciddi problemlərin başlaması oldu. Mədə, mədəaltı vəz, ürək sıxıntıları, qaraciyər… Həkim ürəyimi müalicə edəndə qaraciyərimə təsir edirdi, qaraciyərimi müalicə edəndə mədəaltı vəzə. Anladım ki, öz həyatımı tanımadığım, məni sevməyən başqa insanlara etibar etmişəm. Onlar məndən bir görüşdə 50-100 manat ödənişlərini alır, mənimlə yarım saat maraqlanır, sonra onların həyatı ayrı, mənim həyatım ayrı… Gecə ağrıdan yatmıram, əzab çəkirəm, işdə əziyyət çəkirəm. Buna görə özüm öz həyatımı əlimə almağa qərar verdim. 1 ay arıqlama mərhələsindən öncə gecə-gündüz tibb ədəbiyyatını oxudum ki, hansı orqanımın necə işlədiyini bilim. Hər şey bilikdən başlayır. Ciddi biliklər üzərində özüm üçün qidalanma sistemini qurdum. Sonra məqsədlər təyin etdim, planlar hazırladım.

Qeyd edim ki, saglamheyat.az saytımda oxucularımız arıqlama texnikam barədə tam məlumat ala bilərlər. Rusiyada da “Mənim 120 kiloqramdan marafonçuya qədər yolum” adlı kitabım çap edilmə mərhələsindədir. Hazırda kitabımı Türkiyədə də nəşr etdirmək üçün danışıqlar aparıram. Sonra növbə Azərbaycana gələcək.

– Siqaret arıqlamaqdan da böyük bəladır. Maraqlıdır, siqareti necə tərgitdiniz?

– 18 il hər gün 3 paket siqaret çəkmişəm. Dünyada bütün tanınan siqaret tərgitmə metodlarını sınadım. Sonda anladım ki, özüm öz səhhətimi əlimə almasam, passiv şəkildə öz sağlamlığımı satın alma cəhdlərim sonucsuz olacaq. Daha sonra bir neçə həkim dostumla danışdım. Onlar beynimdə bitirmədiyim müddətcə siqareti tərgidə bilməyəcəyimi dedilər. Anladım ki, gələcək həyatım, sağlamlığım, uzun ömürlülüyüm, övladlarımı görüb-görməməyim, iş həyatımdakı effektivliyim, müvəffəqiyyətli olmağım bu dar boğazdan – siqaretdən keçir. Bir anlıq qərarla siqareti tərgitdim. Çox çətin idi. Zehnimi hazırladım, yeni, siqaret çəkməyən Fəxri obrazı qurdum. Siqareti atandan sonra adi suyun, göyərtinin nə qədər dadlı olduğunu, övladlarımızın gözəl ətri olduğunu anladım. Siqaret insanın damağında, dilində olan bütün hissiyyatı öldürür. Yeməyin dadını hiss etdim. Həyatımdakı bütün o köklü dəyişikliklər oradan başladı.

– Ötən il İstanbuldakı marafonda 42 km qaçmısınız. Bu il Bakıda keçirilən çempionatda qızıl, İsmayıllıda keçirilən kross üzrə Azərbaycan çempionatında gümüş medala layiq görülmüsünüz. Artıq arıqlamısınız, sağlam həyat tərziniz var, istədiyinizə çatmısınız. Amma marafonlarda iştirak edirsiniz. Marafonda iştirak hansı ehtiyacdan doğur?

– Arıqlamaq və özünü formada saxlamaq üçün ən yaxşı metodlardan biri qaçışdır. Mən qaçışla məşğul olmağa qərar verəndə ilk gün zalda 150 metr qaçdım və özümü çox pis hiss etdim, halım dəyişdi. Daha sonra düşündüm ki, mən bu yolu getməliyəm, başqa çarəm yoxdur. 150 metr 160, sonra 200 və s. oldu. Sonra 2 km-ə çatdım. İnsan xisləti elədir ki, müvəffəqiyyətə öyrəşir. Müvəffəqiyyətli insan daim yeni müvəffəqiyyət əldə etmək istəyir, yeni yüksəkliklərə çıxmaq istəyir. Bir anda ayıldım ki, 10 km qaçıram və yorulmuram. Nəinki yorulmuram, hətta qaçandan sonra mənə enerji gəlir. Tibdə də belə şey var ki, insan hansısa işdə müvəffəqiyyət qazananda bədənində endofrin ifrazı artır. Endofrin də təbii narkotikdir. İnsan hər dəfə qalibiyyət hissini dadanda artıq öyrəşir. Düşündüm ki, idmanla bu qədər məşğul oluram, bunu rəsmi formaya salmalıyam. Çünki yarışı, özüm kimi güclü insanlarla mübarizə aparmağı sevirəm. Araşdırdım, qarşıma marafon yarışları çıxdı. Marafonçu olmağa qərar verdim. Arzuma çatana qədər 3 ilim getdi, bu müddətdə əməliyyat olundum, amma məqsədimdən dönmədim. Nəhayət ötən il İstanbulda keçirilən marafonda iştirak etdim və yağışlı havada 42 km qaçdım. Həmin gün içimdə enerji partlayışı oldu. O qədər ağır bir yarış idi ki, həyatımda ilk dəfə göz qapaqlarımın belə ağrıdığını hiss etdim, iki gün gəzə bilmədim. 5 saat qaçış ərzində təxminən 6-7 kilo çəki verdim.

– Boksla da məşğul olmusunuz? İndi də məşğul olursunuz?

– Mən gənclik illərimdə 8 ilə yaxın “muay-tay” və boksla məşğul olmuşam. İndi də özümü aktiv formada saxlamaq üçün həftədə bir dəfə özəl məşqçimlə məşq edirəm.

– Fəxri bəy, indi də keçək, digər professional həyatınıza. Hazırkı işiniz nədən ibarətdir?

– Eyni anda 6 şirkətə konsultasiyalar verir, bəzi şirkətləri birbaşa idarə edir, təlimlər keçir, həmçinin bir neçə nəfər iş adamına şəxsi konsultasiyalar verirəm. Universitetlərdə seminarlar keçirəm. Qafqaz Universitetində dərs deyirəm. Kitab, məqalələr yazıram, televiziyada, mətbuatda çıxışlarım olur. Eyni zamanda həftədə 6-7 dəfə məşq edirəm.

– Bunun da üzərinə idmanı gəlsək, bu qədər işi necə çatdırırsınız?

– Vaxtımdan effektiv istifadə etməklə. Mənim də başqaları kimi 24 saatım var, “ingilis dilini bilsəydim, yaxşı bir yerə işləməyə gedərdim” deyən bir gəncin də 24 saatı var. Sadəcə, kimisi o zamanı effektiv şəkildə istifadə edir, kimisi bəhanələr axtarır.

– Biznes məsləhətçi, şəxsi konsultant, müəllim, motivasiya verən natiqsiniz. Nə zaman biliklərinizi paylaşmağa ehtiyac duydunuz?

– Mənə bəzən sual verirlər ki, “sən təlimçisən?”. Deyirəm, yox, təlimçi deyiləm, çünki təlim işi mənim üçün hobbidir. Natiqlik də, müəllimlik də, biznes-konsultant və peşəkar idarəçilik də mənim üçün hobbidir. Mən Fəxri Ağayev olaraq bu işləri zövq ala-ala görürəm. Buna görə yorğunluq hiss etmirəm.

Biliklərimi paylaşmağıma qərar verməyimə gəlincə, gördüm ki, gələcəyimizi təşkil edən gənclərimizin bir hissəsi hansı yolla gedəcəyinə tam əmin deyil, hədəfləri dəqiq deyil, gələcəklə bağlı planları yoxdur, universitetdə aldıqları təhsil hər zaman keyfiyyətli olmasa da, diploma güvənirlər. Peşəkar idarəçi olaraq hər ay yüzlərlə, bəzən minlərlə tələbənin avtobioqrafik məlumatını qəbul edirəm, müsahibələr keçirirəm və diqqət edirəm ki, ən yüksək balla universiteti bitirən tələbələr işin qarşısında nə qədər aciz və hazırlıqsızdırlar. Buna görə Azərbaycan gənclərini oyatmağa qərar verdim. Onlara başa salmaq lazımdır ki, gələcəklərini təmin etmək üçün diplom lazımdır, amma bu, bəs etmir. Gənclərimizə üz tutub deyirəm ki, “oyanın, öz gələcəyinizi özünüz qurun, özünüz inkişaf edin. Siz universiteti bitirəndən, iş dünyasına qapını diplomla açandan sonra diplom qapının arxasında qalır. Ondan sonra bacarıqlarınız, nəzəri, müasir bilikləriniz, bacarıqlarınız və peşəkar mövzuda bildiyiniz müəyyən vərdişlər olmalıdır. Dörd ilə bunları universitetdə almırsınız. Təcrübəsiz olduğunuzdan sizi işə götürmürlər”. Bu kimi məsələlərin qarşısını almaq üçün biliklərimi paylaşmaq qərarına gəldim. Mənim yaşda olan və məndən böyük nəsil Azərbaycan gəncliyindən narazıdır, amma çox az insan real olaraq onlara dəstək olur. Çoxları tənqid edir ki, gənclərimiz Qərbdən cırıq cinsi götürür, amma elmi götürmür. Bəs biz gənclərimizə nə veririk? Buna görə gənclərimizin qarşısında çıxış etməyə qərar verdim. Mən demirəm ki,, bunu Amerikada, Yaponiyada belə edirlər, siz də edin. Deyirəm ki, mən Fəxri Ağayev Yeni Günəşlidə yaşayan sadə bir azərbaycanlı bu müvəffəqiyyətlərə imza atmışam, Azərbaycanda bu qədər şirkətləri ancaq öz biliklərim sayəsində idarə etmişəm, tanışlıqla, yerlibazlıqla hansısa şirkətə müdir təyin edilməmişəm. Böyük şirkətlərin sahibləri biliyim, bacarığım və daim inkişaf etdirdiyim vərdişlərim hesabına məni idarəçiliyə dəvət edirlər. Siz də müvəffəqiyyətli ola bilərsiniz.

– Deyəsən, tələbələrə keçdiyiniz seminarları təmənnasız edirsiniz…

– Elədir. 2014-cü ildə Azərbaycan universitetlərində hardasa 14 min tələbəyə tamamən pulsuz seminar, təlimlər vermişəm. Bunu Azərbaycana xidmətim hesab edirəm. Heç bir nazirlikdən, universitetdən nə bir təşəkkür məktubu, nə bir dəstək almışam. Özüm gedirəm, məktub yazıram, rektorlardan xahiş edirəm, 200-300 tələbə toplanır, onların qarşısında çıxış edirəm və əminəm ki, gənclər bundan müsbət nəticələr çıxarırlar. Hesab edirəm ki, bu, mənim Azərbaycan gəncləri qarşısında götürdüyüm öhdəlikdir və gənclərimiz üçün bütün çıxışlarım tamamilə pulsuzdur. Heç bir zaman onlardan pul götürməyəcəyəm. Gənclərimizi dəstəkləməliyik ki, onlar doğru yola çıxıb Azərbaycanı irəliyə aparsınlar.

Gənclərə faydalı və maraqlı olacaq bir bloq da hazırlamışam: www.agaev.az. Həmin bloqda mənim mətbuatda olan çıxışlarım, məqalələrim, müsahibələrim var.

– Dediniz, biznes məsləhətçi, şəxsi konsultant, müəllim, motivasiya verən natiq sizin hobbinizdir. Bəs işiniz nədir?

– İşim bütün bunlardan zövq almaqdır. Dediyim kimi, biznes-məsləhətçi kimi hazırda 6 tanınmış şirkətlə çalışıram, bundan başqa, üç şirkətin sahibinə şəxsi konsultasiyalar verirəm. Biznes-məsləhətçi kimi hansısa insanı, bir ilə peşəkar idarəçi kimi yetişdirirəm. Bunlar işin bir tərəfidir, digər tərəfi şirkətlərə liderlik, nitq qabiliyyəti, iclas keçirmək, peşəkar idarəçilik mövzusunda təlimlər verirəm. Peşəkarlıq maddi gəlir əldə etdiyimiz sahə kimi qəbul olunsa, bunlar mənim işimdir və zövq alıram. Çünki nəticə etibarilə insanlara fayda verirəm.

– Uzun müddət rəhbər vəzifələrdə çalışmısınız. Yəqin indi də sizə rəhbər kimi iş təklifi edirlər. Deyəsən, müstəqil şəkildə çalışmaq sizin üçün daha rahatdır…

– Təkliflər çox olur. İndiyə qədər Azərbaycanda və xaricdə işləmişəm. Azərbaycanda Caspian Express, Subaru, Hyundai, Embavood, Çinici firmalarında rəhbər vəzifələrdə çalışmışam. Düşünürəm ki, indi hansısa bir şirkətdə işləsəm, zamanla məhdudlaşmış, məmurlaşmış olacağam. Səhər saat 9-dan axşam 6-ya qədər işlədiyim yerdə olmalıyam. Hazırda işim çox olsa da, sərbəstəm. Baxmayaraq ki, bir dəqiqə də boş vaxtım yoxdur. Amma bundan da çox iş götürməyə enerjim yetir.

– 10 il Türkiyə, Almaniya və İtaliyada yaşayıb işləyəndən sonra hansı səbəbdən vətənə dönmək qərarına gəldiniz?

– Türkiyəyə təhsil almağa gedəndə geri dönüb biliklərimi burada paylaşmaq arzum idi. İkinci dünya müharibəsindən sonra Yaponiyanı qaldıran Amerikada təhsil alan yaponların geri dönməsi olub. Azərbaycanda müəyyən dəyərlər istədiyimiz kimi olmasa da, hesab edirəm ki, xaricdə təhsil alan həmvətənlərimiz də qayıdıb Azərbaycanı inkişaf etdirməlidirlər. Mən də belə etdim.

– Universitetlərdə motivasiya verən natiq kimi çıxış edirsiniz. Kənardan verilən motivasiyanın insan həyatında rolu daha böyükdür, ya insanın özünün-özünə verdiyi motivasiyanın?

– İki növ motivasiya var – daxili və xarici. Əgər biz ətrafdakı insanların bizə verdiyi motivasiyaya bağlıyıqsa, onların bizə qarşı davranışlarının girovuna çevrilirik. Çoxları deyir ki, ailədə ona dəstək olmayıblar, ruhdan düşüb, yaxud işdə ruhdan salıblar və s. Hesab edirəm ki, daxili motivasiyamız güclü olmalıdır və biz heç kimdən asılı olmamalıyıq. Mən heç kimə icazə vermirəm ki, hansısa işi görməyimdə motivasiyamı zəiflətsin. Bizim daxili motivasiyamız çox vacibdir. Əgər ətrafımızdakı insanın tənqidi konstruktiv və faydalıdırsa, onu qəbul etməliyik. Faydalı olmasa, sadəcə, qulaqlarımızı bağlayıb yolumuza davam etməliyik.

– Dediniz ki, bir insanı 1 ilə idarəçi kimi yetişdirirsiniz. Deyirlər, idarə etmək bacarığı insanın genində olmalıdır. Siz necə düşünürsünüz?

– Gendə ola da, olmaya da bilər. Amma vacib olan istəkdir. Bir insanın istəyi olduğu andan etibarən bütün sərhədlər darmadağın olur. Bizim üçün hər şey şüuraltı olaraq beynimizdə başlayıb, beynimizdə bitir. Mən hansısa işi görmək istəyirəmsə, güclü istəyim varsa, edə bilərəm. Əgər istəyim yoxdursa, yüzlərlə bəhanə taparam. İstək mütləqdir.

– Bu qədər işin içərisində mütaliəyə də vaxt tapırsınız…

– Ayda ən azı 5 kitab bitirirəm. Böyük şəxsi kitabxanam var.
Yolda avtomobil idarə edəndə mütləq audiokitablar dinləyirəm. Ayda iki kitabı belə dinləmiş oluram. Məşq etdiyim 1 saat ərzində hardasa 40 səhifə kitab mütaliə edirəm. İşlərimin arasında yaranan boşluqlarda da ya kitab oxuyur, ya da kitabım üzərində işləyirəm. Xarici və yerli qəzet, jurnallardan ayda minlərlə məqalə oxuyuram. Bir də axşamları kitabla baş-başa qalıram. İndi eyni zamanda 12-13 kitab oxuyuram. Səhər tezdən oxuduğum kitablar ağır peşəkar kitablardır, günorta nisbətən enerjimin az olan vaxtı peşəkar ədəbiyyat oxuyuram, axşamları, məsələn, Yuriy Nikulinin həyat tərzini oxuyuram, ondan səhnədə, kütlə qarşısında çıxış etmək bacarığını öyrənirəm. Yaxud Riçard Niksonun, Arnold Şvarstnegerin özləri haqda yazdıqları kitabları oxuyuram. Oxumaq üçün sərf etdiyi zamanı çayxanada oturub çay da içə bilərəm, buna da bir saatım gedər. Mən o saatı kitaba xərcləyirəm.

– Facebookda kitablarla, oxumaqla bağlı maraqlı statuslar paylaşırsınız. Hətta gənclərin oxumasını stimullaşdırmaq üçün müsabiqə də elan etmisiniz…

– Kitab oxumağın o qədər böyük faydası var ki, insana. Biz 5 il sonra oxuduğunuz kitabların cəmiyik. Bu gün mən Fəxri Ağayev son beş ildə oxuduğum kitabların nəticəsiyəm və 5 il sonra heç bir kitab oxumasam, elə bugünkü biliklərimlə qalmış olacağam. Kitab oxumaq çox sadə bir şeydir. İş həyatına atılmaq istəyən gəncdən özü haqqında danışmasını istəyirəm. 100 nəfərdən uzaqbaşı 3 nəfəri 2 dəqiqə özü haqqınla danışa bilir. Digər gənclərin dili dolaşır, sistemli, məntiqli, ardıcıl, inandırıcı, maraqlı məlumat verə bilmir. Söz ehtiyatımız artır. Kitab oxumaqla biz məntiqli düşünməyi öyrənirik.

Bu baxımdan gəncləri kitab oxumağa həvəsləndirmək üçün facebookda 2 dəfə müsabiqə elan etmişəm. Qalibi mənimlə kofe içməyə dəvət edirəm və imzamla kitab bağışlayıram.

– Gənclərimizlə çox təmasda olursunuz. Onlarda müşahidə etdiyiniz, qabarıq görünən çatışmazlıqlar və üstünlüklər hansılardır? Nəzərə alsaq ki, 10 il müxtəlif ölkələrdə yaşamısınız, digər ölkələrdəki gənclərlə müqayisə etmək imkanınız var…

– Hesab edirəm ki, Azərbaycan gəncləri olması gərəkən kimidir. Gəncdirlər, çılğındırlar, yeniliklərə açıqdırlar, yeni saç, geyim stilləri var… Əslində belə də olmalıdır. Olmasaydı, deyərdim, sıxıntı var. Sadəcə, onlardan şikayət etmək əvəzinə, biz o gəncləri doğru istiqamətləndirməliyik. Düzgün yolu onlara səbrlə, sevərək göstərməliyik. Mənim də bunda kiçik bir payım varsa, özümü çox xoşbəxt hiss edərəm.

30.10.2015.

Lalə MUSAQIZI

222111fahriagayev22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *