person-1245959_12802
Məqalələrim

Karyera barədə 5 fərqli əfsanə

     Orta yaşlı və planlaşdırdıqları zirvələrə qalxa bilməmiş insanlarla görüşdükdə mən tez-tez maraqlanıram: “Nə üçün belə alındı?” Cavab olaraq artıq əzbərlənmiş səbəblər siyahısını eşidirəm. İlk sözlərdən məlum olur: insan  o qədər səmimi söylədiklərinə inanır ki, artıq nə isə dəyişməyə belə cəhd etmir. Cavan idarəçilərlə görüşdükdə isə onların uğurlu karyera haqda fikirlərinin nə dərəcə əfsanələşdirilmiş olduğunu görürəm. “Qabaqcadan məlumatı olmaq, qabaqcadan silahlanmaq deməkdir” sözlərinin vacibliyini anlayaraq, beş əsas mifi təsvir etmək qərarına gəldim. Əsirlikdən çıxmaq və anlamaq vacibdir: siz və sizin gələcək uğurunuz arasında yeganə maneə – Sizsiniz.

     1. Gecə yarısına qədər və istirahət günləri belə işləmək lazımdır

     Bəli, bəzən elə dövrlər olur ki, təcili hesabat təhvil verilməlidir və bunu çatdırmaq üçün gecə yarıya qədər oturmalısan. Lakin, belə hallar istisna olmaqla, işdən sonra ofisdə gec qalmağın heç bir bəraəti ola bilməz.

     Təbii, ofisdə gec saatlara qədər qalan işçi ilk baxışdan zəhmətkeş və şirkətin işlərinə loyal görsənə bilər. Lakin, bir müddət sonra onun rəhbərliyinin diqqətini digər xoşagəlməz hallar çəkəcək: yorğun görünüş, yorğunluqdan özünü və diqqətini toparlamağı bacarmamaq, yorğunluqdan gördüyü işin keyfiyyətinin aşağı düşməsi. Və əgər belə bir fədakarlıq artıq sistemli şəkildə olursa, rəhbərlik nəticə çıxaracaq ki, işçi qeyri-effektiv və intizamsızdır.

     Nəticə: xroniki yorğunluq, kiçik bir iş anlaşılmazlığa mənfi reaksiya, diqqətini toparlamağı bacarmamaq, məhsuldarlığın aşağı düşməsi. İndi isə özünüzə bir sual verin: hansı rəhbərə kollektivdə heç olmasa bircə nəfər belə bir işçi lazımdır?

     Beləliklə, nə etməli? Səmərəli işləməyi öyrənmək lazımdır. Səmərəlik – bir vergi deyil, bu bacarıqdır. Bir çox fərqli texnikalar var ki, hər biri gündəlik 10-30 dəqiqə vaxta qənaət etməyə kömək edir, bunlar isə toplanaraq həmin o 3-4 axşam saatları olur, hansını siz ofisdə deyil, idman zalında və ya sevdiyiniz insanlarla evdə keçirə bilərsiniz. Əsl həyat isə iş günü başa çatdıqdan sonra başlayır. Axşam saat 18:00-dək öz enerjini və vaxtını elə idarə etməyi bacarmalısan ki, sonra olan o əsl həyat üçün güc və istəyin olsun.

     Digər mühüm məqam: nəyə görəsə səmərəlik bir çox işi yüksək sürətlə yerinə yetirmək bacarığı kimi qəbul olunur. Lakin bu sözün əsl mənası isə özünü bir tək kəmiyyətdə deyil, həmçinin işin keyfiyyətinidə də əks etdirir: işləri təkcə tez yox, həm də keyfiyyətli görmək lazımdır. Keyfiyyət isə çox hallarda aydın beyin və fikirləri cəmləşdirmək bacarığının nəticəsidir, bu isə tam istirahət olmadan mümkün deyil. Axı, özünü fasiləsiz işləməyə proqramlaşdıran insan öz şüuruna necə istirahət verə bilər?

     2. Yuxarıya ən doğru yol – müdirin xoşuna gəlməkdir

     Təbii ki, bu belədir. Lakin müdirin “sevimlisi olmaq”, onu hər dəfə “razı salmaq” ilə rəhbərliklə doğru münasibətlərin qurulması arasında çox böyük bir fərq var.

     İlk növbədə, unutmaq olmaz ki, hər bir rəhbər – onun ciddilik və tələbkarlıq səviyyəsindən asılı olmayaraq –məişət və ailə qayğılardan əlavə olaraq, bir çox işlə yüklənmiş adi bir insandır. Buna görə də müdirə doğru vaxtda doğru məlumatın doğru tərzdə çatdırılması – hər bir işçinin vacib xüsusiyyətlərindən biridir.

     İkincisi, həqiqəti söyləmək hər zaman vacibdir. Lakin hansı tərzdə? Axı, həqiqəti bir başa söyləmək olar və bununla müdiri kollektiv qarşısında pis vəziyyətə salmaq, və ya bu həqiqəti düzgün tərzdə çatdırmaq olar.

     Üçüncü, hər bir işçi müdirə müəyyən miqdarda problemləri ötürür. Elə işçilər var ki, problemləri müdirin çiyninə atır, elələri də var ki, problemlə gəldikdə onların həlli variantlarını da söyləyir. Problemin həlli yolunu öncədən düşünmüş insan, müdirin  vaxtına və enerjisinə hörmət edən bir işçi təəssüratı yaradır.

     Beləliklə, nə etməli? Öz ideyalarını müdirin ləyagətinə toxunmadan düzgün şəkildə çatdırmağı bacarmaq lazımdır. Həqiqəti elə çatdırmağı bacarmalısan ki, rəhbərlik kollektiv içində gözdən düşməsin. Sadəcə, problemlərin carçısı rolunu seçmək olmaz, həmçinin bu problemin bir neçə həlli variantlarını da təklif etmək lazımdır.Rəhbərliyin şəxsi və peşəkar keyfiyyətlərini heç kiminlə müzakirə etmək olmaz.  Emosiyalarına nəzarət etməyi bacarmalısan, hətta düzgünlüyünə tam belə əmin olduğun halda da ara verib, sonra öz fikirlərini söyləmək yaxşıdır. Özünü belə aparan insanı təsəvvür edin? Məgər o yaltaqdır? Xeyr. O ünsiyyət qurmağı bacarn savadlı insandır.

     3. Karyera yalnız universiteti bitirdikdən sonra başlayır

     Qətiyyən doğru deyil. Hər bir insanın peşəkar karyerası onun universitetə qəbul olunduğu gündən başlayır. Ali təhsil vacibdir, amma onun sadəcə olması yetərli deyil. Heç nə izah etmədən iki tələbə ilə bağlı misal çəkəcəyəm.

     Tələbə №1 bu əfsanəyə inanan biridir: əsas – təhsildir, diplomla iş tapmaq problemli olmayacaq.

     Tələbə № 2 anlayır ki, dörd ildən sonra onun kimi bir sıra nəzəri biliklərə malik olan məzunlar on minlərlə olacaq. Və bu səbəbdən o, çox sayda iş axtaranlar arasından seçilmək üçün nə isə etməyə çalışır.

     Bu insanların fəlsəfəsi və baxışları onların təhsil aldıqları zaman hərəkətlərinə və gələcək karyeralarına bir başa təsir edir.

     Tələbə №1 bütün tələbələr kimi mövzuları yazır, imtahandan imtahana oxuyur, boş vaxtlarında isə sosial şəbəkələrdə oturur və ya maraqlı teleproqramları izləyir.

     Tələbə № 2 anlayır ki, universitetdə əldə etdiyi nəzəri biliklərdən əlavə ona real biliklər lazımdır. Buna görə boş vaxtında o, gələcək peşəsi ilə bağlı sahələri başa düşmək üçün müxtəlif peşəkar ədəbiyyat oxuyur, həmçinin bədən dili, ünsiyyət qurmaq, təqdimatlar keçirmək kimi vacib şeyləri də öyrənir.

     Tələbə №1 xarici dil bilmir, lakin kəsinliklə əmindir ki, iş tapan kimi dil kurslarına gedəcək və bir neçə ay ərzində ingilis dilini öyrənəcək. Bu sehirli söz “sabah” onun ürəyini və ruhunu sevindirir və o bu gün böyük məmnuniyyətlə vaxtını kiçik sevinclərə sərf edir.

     Tələbə № 2 anlayır ki, xarici dil biliyi nəinki digər bir çox sayda iş axtaranlardan seçilmək imkanıdır, həmçinin ona qərb mətbuatı və bloqlardan yeni məlumatlar əldə etmək imkanı yaradacaq. Bunun üçün o, universitetdə ingilis dili kurslarına gedir. Hər gün o on yeni söz öyrənir və universitetə getdikdə yolda xarici dildə audiokitablar dinləyir.

     Tələbə №1 yay tətillərində dincəlir. Bəs necə? Axı o bu qədər oxuyub, imtahanlara hazırlaşıb, yorulub.

     Tələbə № 2 anlayır ki, universitetdə öyrətmədikləri bir çox şeyi bilmək vacibdir: biznes-etikanın əsas elementləri və iş kommunikasiyasının qaydaları, həmkarlara və rəhbərliyə nəyi və necə demək lazımdır, toplantılarda necə çıxış etməlisən və s… Və bu səbəbdən o, artıq yaz mövsümündən başlayaraq, hər hansı bir şirkətdə, pulsuz olsa belə təcrübə keçmək imkanı axtarır. Hər yay – müxtəlif sahələrdə mütəxəssis və peşəkarlarla tanışlıq və bir çox praktik biliklər əldə etmə imkanı deməkdir.

     Beləliklə, dörd il sona çatır. Hər iki tələbə eyni universitetdə eyni təhsil alıb, onlara dərsləri eyni professorlar keçib. Lakin onlar arasında çox böyük, uçurumlar qədər fərqlər var.

     Tələbə №1 menecment sahəsini imtahanlara hazırlaşdığı qədər bilir, xarici dili isə bir çox yaşıdları kimi: “başa düşür, amma danışa bilmir”. Onun heç bir gün belə təcrübə və ya praktikası yoxdur.

     Tələbə № 2 menecmentin nə olduğunu bir tək universitet proqramından bilmir: kitab, jurnal, onlayn-nəşrlər və bloqlardan çoxlu məlumatlar əldə edib. Müxtəlif halları sərbəst analiz etmək üçün yetərincə məlumatlıdır. Xarici dil biliyi yüksəkdir. Bununla birgə onun praktiki təcrübəsi var, insanlarla ünsiyyət qurmağı bacarır: ona kollektivin həyatının gedişatına daxil olmaq üçün daha az vaxt tələb olunacaq. Və ən əsası: tələbə № 2 – çox aktiv bir həyat tərzinə malikdir.

     Sual №1: şirkət kimi seçəcək? Sual № 2: günahkar kimdir?

     Beləliklə, nə etməli? Dörd-beş il bitdikdən sonra ali təhsilə əhəmiyyət verilmədiyinə inanan on min adamdan biri olmamaq üçün, vaxtını aydın planlaşdıraraq öz karyera və  məqsədləriniz haqda artıq tələbəlik dövründə düşünməliyik.

     4. Yaxşı karyera üçün xarici təhsil gərəkdir.

     Təəssüf ki, MDB ölkələrində belə bir sovet stereotipi hələ də mövcuddur: qərbdə olan hər bir şey bizdə olandan yaxşıdır. Lakin, nəzərə almaq lazımdır ki, hər bir amerika və ya avropa universiteti – Harvard və ya Oksford  səviyyəsində təhsil mərkəzi deyil. Qərbdə təhsil almış onlarla insanla rastlaşmışam, küçə ingilis dili və ümumi biliklərdən başqa heç nə  bilmirlər. İradənin, intizamın və çalışqanlığın olmaması insana imkan verməz ki, o, hətta qərb universitetində keyfiyyətli təhsilə yiyələnsin.

     İkincisi, uğur – bu tam və mütləq bilik deyil. Uğurlu olmaq üçün əzm, səbir, dözüm və zəhmətkeşlik kimi bir xüsusiyyətlərə malik olmaq lazımdır. İlk uğursuzluqda ruhdan düşən “gəzən ensiklopediyalar” və öz gözəl ideyalarını həyata keçirə bilməyən və ofisdə olan rəqabətin ağırlığı altında ruhdan düşən adamlar biznesə lazım deyil.

     Şəxsən mənim üçün bir rəhbər kimi məqsədyönlü və iradəli lokal təhsilli əməkdaş daha dəyərlidir, nəyin ki belə bir xüsisiyyətləri olmayan yaxşı ingilis dili bilən iddialı bir mütəxəssis.  Xarici dili öyrənmək, işə düzgün münasibət yaratmaqdan daha asandır.

     Heç bir halda ən yaxşı qərb universitetlərinin ləyaqətini aşağılamaq istəmirəm, lakin düşünrəm ki, qərb təhsili almaq karyerada uğur qazanmaq üçün heç də müstəsna şərt deyil. Və qərb təhsilinin olmaması inkişaf və özünü təkmilləşdirmək üçün maneə deyil.

     Beləliklə, nə etməli? Hər şey çox sadədir. Xarici dili öyrənmək üçün bir çox kurs və “conversation-clublar” var. Bir tək ilk addımı atmaq tələb olunur – dərslərə yazılmaq, bu gün “xoş olan” bəzi şeylərdən imtina etmək və özünə yazığının gəlməməsi. Bu gələcəyə investisiyadır.

     Hansısa bir sahədə bilik səviyyəsini artırmaq lazımdır? Ala biləcəyiniz və ya sifariş verə biləcəyiniz çox sayda ədəbiyyat mövcuddur. Suallar yaranacaq? Sosial şəbəkələrdə sizin suallarınıza məmnuniyyətlə cavab verəcək bir çox mütəxəssis və peşəkarlar var. Oxumağa vaxt yoxdur? Audiokitablar sizə kömək olsun! Yolda gedərkən dinləyin. Və təbii ki, gedə biləcəyiniz və ya onlayn dinləyə biləcəyiniz müxtəlif təlim, seminar, master-klasdarı da gözdən qaçırmayın.

     Bu günki dünyada hər bir tanınmış menecer, mütəxəssis və ya peşəkar sizə çox yaxındadır – smartfonunuz məsafəsində. Musiqi dinləməkdən imtina edib ona məktub yazmaq yetərlidir.

     5. İşçilərin inkişafı ilə şirkət məşğul olmalıdır

     Bu tezis belə bir formada inkişaf edir: «Bizim şirkətdə ikişaf etməyim üçün şərait olmadığına görə, mən artıq karyeramın ən son nöqtəsinə çatmışam». Bu ifadə qurban ruhlu insanların standart mövqeyidir.

     Təbii ki, ideal şəraitdə şirkət işçilərinin inkişafı, onların peşəkar keyfiyyətlərinin, nəzəri və praktiki biliklərinin artırılmasına vəsait ayıra bilər. Lakin, bugünkü böhran vəziyyətində və dəyişkən dünyada bu imkanlar şirkətin ləğv etdiyi ən birinci maddədir. Bəzən isə olur ki, təhsil üçün büdcə var, lakin hansısa konkret bir insan bu budcə ayrılmış seçilmişlərin siyahısına daxil deyil.

     Beləliklə, nə etməli? Bu vəziyyətlə bağlı iki fikir var və bu bir başa insanın xasiyyəti ilə əlaqəlidir:

  • Şirkət məni inkişaf etdirmir. Lakin özü də başa düşmür ki, bu onun üçün nə dərəcədə vacibdir. Bunu başa düşənəcən gözləyəcəyəm. Məndən heç nə asılı deyil.
  • Şirkət məni inkişaf etdirmir, lakin mənim peşəkar inkişafım – mənim işimdir. Mən müasir inkişaf edən mütəxəssis olmalıyam. Buna görə də mən inkişaf planımı hazırlayıb, bir necə rəhbərdən xahiş edəcəyəm ki, mənə tövsiyyələrini versinlər və sonra əlavə təhsilimə vaxt və pul ayıracağam.

     Vəzifə, kreslo və rütbə dalınca qaçmayın. Fəal olun, karyeranıza görə məsuliyyəti öz üzərinizə götürün – digərləri isə sizin effektif işinizin, əzm, israr, intizam və əməksevərliyin təbii nəticəsi olacaq. Hər kəsə peşəkar uğurlar diləyirəm!

     Oxuduqdan sonra paylaşın ki, çox insan faydalansın

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *