baku1
Məqalələrim Müsahibələrim

İşləmək istəyənlər üçün, bu gün də Azərbaycanda iş var

14.03.2017 tarixində baku.ws saytında dərc edilən məqaləm
İşsizlik bütün ölkələrdə olmaqla bərabər, ölkənin iqtisadi vəziyyəti, dünyada baş verər proseslərdəki yerinə görə nisbət və miqyası dəyişə bilən problemdir. 
Bu gün ölkədə baş verən proseslərin nəticəsində şirkətlərin fəaliyyət və miqyasarını kiçiltmələrinə baxmayaraq, Azərbaycanda işsizlik problemi daha da böyümüş kimi görünür. Hamımızın ətrafımızda gördüyümüz səhnə eynidir : iş tapmaqda çətinlik çəkən insan sayı durmadan artır, insanlar hər yerə CV.lər göndərirlər, müsahibələrə gedirlər, amma yenə də iş yoxdur. 
Bu mövzuda maraqlı bir məqamı qeyd etmək istəyirəm : bu gün də Azərbaycanda iş var. Daim ünsiyyətdə olduğum şirkətlərin əksəriyyəti mütəmadi olaraq işçi, mütəxəssis və rəhbər axtarışındadırlar. 
İş axtaranların, ancaq tapmayanların davranışlarını və fəaliyyətlərini izləyəndə diqqətimin çəkən məqam bu olub ki, əksər hallarda işin tapılmamasında insanın özünün birbaşa çox saylı səhvləri olur.
İdarəçi olaraq ümumi iş təcrübəmi gözümün önünə gətirərək, iş axtaranlara köməklik edəcək bir neçə əsas tövsiyələrimi aşağıda qeyd edirəm :
– İnsan öz zəif tərəflərinin fərqində  deyil və hər görüşdə və müsahibədə eyni səhvlərə yol verir və eyni nəticə alır : işə dəvət olunmur;
– İnsan, ona təklif ediləndən daha yüksək maaş gözləyir;
– İnsan, bir neçə cəhddən sonra ruhdan düşür və “iş tapmaq mümkün deyil” düşüncəsinə qapılır.
İş axtaran insanlara əsas tövsiyyələrim isə bunlardır :
 
 
Məqsədlər
– Məqsədləriniz olsun. Məqsədləriniz olmalıdır. Məqsədiniz olmazsa, planınız olmaz; plan olmasa – həyatınızı tənzimləmək və ona istiqamət vermək üçün xəritəniz yoxdur demək ki. Hər gün səhər Sizi yuxudan oyadacaq məqsədləriniz yoxdursa, demək ki, çox ciddi probleminiz var. 
 
İş axtarma prosesi
– Iş tapmaq hər zaman çətin olub. İndi, böhran dövründə DAHA DA çətindir. “Iş tapmaq” nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək.  “CV hazırlama” + “CV göndərmə” + “Müsahibə” kimi vacib mərhələlər var. Hər mərhələ mükəmməl olmalıdır ki, nəticə olsun; 
– Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bir neçə şirkətə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. Bu artıq müxtəlif münasib şərtlərin bir araya gəlməsi deməkdir. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar şəxsən Sizi görüşə dəvət etsin;
– Unutmayın ki, hər gün işə götürmə mütəxəssisi yüzlərlə CV gözdən keçirir və bəzən onlarla insanlarla müsahibələr keçirir. Sizin üçün bir hadisə olan görüş, o insan üçün 20 görüşdən biridir. Hər görüşdən sonra yadda qalmağı bacarmalısınız;
–  “Ofis işi “axtarmayın. “Ofis işi” dövrü bitmişdir. Ölkədə pulun çox olduğu dövrlərdə hərkəs ofislərdə işləmək istəyirdi. O dönəm bitdi. 
 
 
Təcrübə
– Təcrübəniz yoxdursa, Sizi işə alana qaşrı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, üstünə hələ pul da verəcək;
– Təcrübəniz yoxdursa, nə maaş versələr, qəbul edin. Düşünün ki, Sizə dərs keçirlər (universitetdə öyrədilməyənləri öyrədirlər) və üstünə ödəniş də edirlər. Sağolsunlar. Siz ordan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız. Əsas pul və karyera ordadır;
– Sizin məhsul keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıdmaq məqsədi ilə qiyməti endirin. Az maaşla, o da olmazsa, pulsuz işləyin!!! “Bəs məni 3 ay sonra çıxarsalar nə olacaq?” TƏCRÜBƏ qalacaq!!!! Təcrübə qazanmış olacaqsınız, və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz.
 
 
Sual verin. Özünüzə 
Hər gün özünüzə bu sualları verin : 
-Məni digər, minlərlə iş axtaran mənim kimi insanlardan fərqləndirən nədir?
-Mən necə edim ki, CV.mi görən insan məni dərhal görüşə dəvət etmək istəsin?
-Mən müsahibədə necə danışım ki, güclü tərəflərim haqqında fikirlərim ümumi söz yığını arasında itməsin?
-Mən nə təklif edim ki, məni dəvət etsinlər işə?
-Sizin bilikləriniz satışa çıxardığınız məhsuldur. Bu məhsulu rəqabət üstünlüyü olmalıdır. Mənim rəqabət üstünlüyüm nədir?
Müsahibələrdə
– Əgər özünüz haqqınızda 2 dəqiqə ardıcıl, sistemli və yadda qalacaq məlumat verə bilmirsinizsə, o zaman öncə bunu öyrənin. Danışıq qabiliyyəti olmayan insanın necə iş tapacağını ümid etdiyini anlamıram. Danışa bilmirsinizsə -məşq edin. Bir insan öz bilik və bacarıqlarını mənə sata bilmirsə – şirkətin məhsul və xidmətlərini müştərilərə necə satacaq?
– Nə qədər də yorğun və ruhdan düşmüş olsanız belə, müsahibədə Sizin oturuşunuz, duruşunuz, məlumat verməyiniz, səs tonunuz MÜSBƏT olmalıdır. Şirkətlərdə indi kifayət qədər neqativ və pessimist insanlar var. Artıq bir çox firma enerjili, dinamik insanları axtarır. Enerji Sizin gözlərinizdən axmalıdır. Şirkətə gedəndə enerji topuna çevrilin. İçinizdə göz yaşları axsa belə insanlar Sizi müsbət görsünlər.
 
 
İş seçimi
– Satışda işləmək AYIB DEYİL. Satış biznesin LOKOMOTİVİ və aparıcı qüvvəsidir. Satışda işləmək BÖYÜK təcrübədir və şərəfdir. Daha da irəlisini deyim – satışda işləməmiş insanı, satış bacarığı və qabiliyyəti olmayan insanın rəhbər təyin edilməsini heç zaman dəstəkləmirəm. Səbəbi isə çox sadədir – rəhbər belə öz şirkətinin imicini, tərzini və məhsullarını stratejik səviyyədə təqdim edə bilməlidir;
– Müsahibələrdə əksər insanlar iş rejimi, saatları və maaşlar maraqlanırlar. Bunlar ikinci dərəcəli məqamlardır. Mənim səmimi məslhətim – sizi ÇOX işlədəcək və AZ maaş verəcək, amma daim inkişaf etdirəcək yerdə işləyin.
 
 
Güclü olun
– Çox yerə müraciət etdiniz və yenə də alınmırsa demək ki, yenə də hardasa problem var. Ruhdan düşməyin!!!! Müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, hərkəs müvəffəqiyyətli olardı;
– Həyatda çətinliklər olur və olacaq. Çırpının, vuruşun, çapalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin.
Bu məsləhətləri yazan insan karyerasını tamamən  sıfırdan başlamış biridir. Xaricdə, Türiyədə, təhsil aldığım dövrlərdən iş həyatım başlayıb. Heç bir tanışım, qohumum, dostumun olmadığı bir ölkədə gənc bir insan olaraq iş axtarmaq MƏCBURİYYƏTİNDƏ idim. İş tapmamaq kimi şansım yox idi və yəqin ki, elə buna görə də bütün imkanlardan istifadə edirdim.
“Sıfırdan” başlayan karyeramla bu günə olan vəziyyətimə və imkanlarım gəldim.
Amma yenə də o günlərimə minnətdaram. O dibdə olan pilləkanlar olmasaydı, çətinliklərim olmasaydı, mən güclənməzdim və bu günlərim olmazdı.

     İş axtarmaq barəsində digər  məqalələrimi  də  oxuya  bilərsiniz  (məqaləyə keçid almaq üçün adına klik edin) :

İş axtarmaq mövzusunda SUALLAR
CV haqda 10 əsas məqam
İş axtaranlara tövsiyyələrim
İş axtaranlara tövsiyyələrim-2
Müsahibələrdən
İş axtarıram, amma tapa bilmirəm

 

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *