dinamika bloq
Məqalələrim

İş dünyası dinamikdir, köhnə uğurlara bağlı olanları sevməz

     İşləyən hər bir insan bir gün səhər işə gələndə acı bir həqiqətlə qarşılaşa bilər: O, artıq şirkətin ən lazımlı, ən gündəmdə olan işçisi deyil.

     Beş il öncə şirkətdə sürətlə irəli gedən, yüksələn, firma uğurlarında payı olan insan öncəki nailiyyətlərinə bağlı qalaraq rahatlayır. Nailiyyətərinə güvənən və rahatlamağa başlayan insanın bu mərhələdə öncə sürəti zəifləyir, daha sonra da zehni və fiziki ağırlaşma başlayır. Müasir gedişatı izləmir, peşəkar əhatəsini genişləndirmir, sahəvi və dəstəkləyici biliklərini gücləndirmir və bir müddət rahatladıqdan sonra çəkilir beynində qurduğu mağaraya.     

     Dəyərli mütəxəssislər, orta idarəçilər, rəhbərlər! Bundan sonra yazılanları diqqətlə oxuyun!

     Daim Azərbaycanda müxtəlif sahələrdə işləmiş insanlarla ünsiyyətdə oluram və işsiz qalan, işdən ayrılan minlərlə şəxsdə diqqət etdiyim ortaq həssas məqam var – illərlə işlədikləri şirkətlərdən inciyirlər: “Canımı verdim, məni işdən çıxardılar. İllərimi orda keçirdim, sıfırdan işi quranlardanam, amma indi işsiz qaldım. və s.” 

     Baxın, illərinizi verdiniz – əla. Amma maaş aldınız o dövrdə. Və əgər işinizdən və imkanlardan, şəraitdən narazı idinizsə, artım tələb edə bilərdiniz və ya başqa iş axtara bilərdiniz. Amma siz qalmağı seçdiniz.

     Öncəki uğrularınız üçün sizi təriflədilər, təşəkkür etdilər, bunun üçün maaş aldınız və o nailiyyətlər artıq qaldı keçmişdə. İş dünyası dinamikdir və əsla köhnə uğurlara, nailiyyətlərə, fəaliyyətə bağlı olanları sevməz. Və əgər bu gün artıq peşənizin, şirkətin, dövrün, bazarın tələblərinə cavab vermirsinizsə, sizi heç bir şirkət keçmiş uğurlarınıza görə saxlamaz. 

     Bir digər şikayət mövzusu: İllərlə işlədim, canımı verdim, amma şirkət məni inkişaf etdirmədi, məni təlimlərə göndərmədi.

     Şirkətlər heç kimi inkişaf etdirməli deyil. Şirkətin o günə olan dövrü üçün sizin bilikləriniz kifayət edirdi, ona görə də inkişaf etdirmədi.

     Peşəkar inkişaf mövzusunda mühüm məqam: İnsanın inkişafı onun şəxsən özünün problemidir.

     Digər diqqətimi çəkən məqam insanın illərlə bir şirkətdə işləyərək o şirkətin damı altında “gizlənməsidir”. 

     İllər keçir və insan peşəsinin adamı deyil, filan şirkətin adamı kimi tanınır. Bu da başqa qapanma formasıdır. Şirkətdə rəhbərlik dəyişəndə və o dam aradan qaldırılanda, insan özünü ilk anlarda çox zəif və qorumasız hiss edir. Fərqli səbəblərə görə şirkətlərdə rəhbərlik dəyişə bilər. 10 il bir yerdə rahat işlədikdən sonra rəhbər dəyişir və yeni idarəçi köhnə komandanın bu gün üçün artıq effektiv olmadığına qərar verir. Bu biznesdə normaldır və sıx qarşılaşdığımız bir haldır. 

     Bütün bunların nəticəsində isə 35 yaşlı bir insanın düşdüyü vəziyyətə baxın: 

     – İllərlə işləyib və canını şirkətə verib, ancaq bu günün tələblərinə cavab vermədiyi üçün işsiz qalır; 

     – İllərlə “işim artıq var” deyə rahatladığı üçün həm də peşəkar inkişafına zaman ayırmayıb və real əmək bazarında mütəxəssis olaraq dəyəri azalıb. Buna əlavə olaraq gənclərlə rəqabətdə ciddi şəkildə geridədir – müasir peşəkar bilik, bacarıq və enerji baxımından; 

     – Peşəsinə görə deyil, işlədiyi şirkətə görə tanınıb. Şirkət də onunla yollarını ayırıb;

     – İllərlə rahat oturduğuna və gündəlik rutin işləri etdiyinə görə insan çevikliyini itirib.

     Bunları yaşamamaq üçün hər kəsə şiddətli tövsiyələrim bunlardır: 

     – İnkişafınızı, gələcəyinizi, ailənizin rifahını şirkətlərə, rəhbərlərə etibar etməyin; 

     – Məqsədləriniz olsun – peşəkar inkişaf, karyera, peşəkar çevrənizin gücləndirilməsi və əhatənizin artırılması ilə bağlı. Bu məqsədlərə əsaslanan dəqiq planlar hazırlayın 

     – Daim, durmadan, davamlı inkişaf edin. Peşəkar inkişafınız sizin vərdişiniz halına gəlməlidir; 

     – Özünüzə bir dost-mentor seçin. Sizdən yaşca böyük, daha təcrübəli və savadlı insan. Sizi kənardan izləsin, müşahidə etsin və dəstək olsun; 

     – Şirkət və ya sahə adamı olmayın, peşə adamı olun. Bunun üçün də növbəti maddəyə baxın; 

     – Çevrənizi genişləndirin, tədbirlərdə iştirak edin, ölkədə tanınan iş adamları və idarəçilərlə tanış olun və netvorkinqə zaman, enerji və vəsait ayırın. Güclü olun. Şirkətə, brendə bağlı olmayın, özünüzü brend edin.

     Güc sizin daxilinizdə olsun – bilik, bacarıq və təcrübələrinizdə. Heç kimin sizdən əsla ala bilməyəcəyi ən böyük sərmayə də məhz elə bu ikisidir: biliklər və peşəkar əhatə.

Peşəkar idarəçilik TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *