11150202_807984742630494_2190955518781651518_n-1
Məqalələrim Sual və cavablar bölməsi

İş axtarıram, amma tapa bilmirəm…

Son aylarda iş axtaran gənclərdən “iş axtarma” mövzusunda müxtəlif suallar alıram. Bu mövzuda olan bir sualın bir çox gəncdə olduğuna görə bu haqda fikirlərimi yazmağa qərar verdim ki, daha çox sayda gənclərimiz bu düşüncələrimdən faydalansın

  • Salam Fəxri müəllim. Universitet məzunuyam, iş tapmaqda çətinlik çəkirəm, ali təhsilim var, ancaq iş üçün nə qədər də müraciət etmişəmsə, olmur.
  • Neçə yerə müraciət etmisən?
  • Təxmini 5-6. Heç birindən də cavab olmadı. Mən iş tapa bilmirəm

Gənclər, xahiş edirəm : bu yazımı diqqətlə oxuyun.  5-6 yerə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. Bu artıq müxtəlif münasib şərtlərin bir araya gəlməsi deməkdir. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar şəxsən Sizi görüşə dəvət etsin.

Gəlin bu məsələyə rəqəmlərlə baxaq.

Iş axtaran bir insan 100 şirkətə CV göndərir.

Biznesdə böhran olduğuna görə bir çox şirkətlər fəaliyyətlərini məhdudlaşdırırlar və bu gün gəlir verməyən və ya perspektivli layihələri durdururlar, və bu da o deməkdir ki, yeni işçilərə ehtiyacları yoxdur. CV göndəridiyiniz şirkətlərin ən az yarısında vəziyyət belədirsə, geriyə qalır 50 şirkət.

Bu şirkətlərin yarısının işçiyə halı hazırda ehtyacı yoxdur. Buna görə də bu şirkətlər gələn CV-ləri diqqətlə incələmirlər. Qaldı 25 şirkət.

Geri qalan 25 şirkətin e-mail adreslərinə hər gün onlarla CV gəlir və diqqət cəlb etməyən, axtarılan xüsusiyyətlər tam olmayanda və yadoğru hazırlanmayan CV diqqətdən yayınır – 20 şirkətdə bu baş versə, qalır 5 şirkət.

Geri qalan 5 şirkətin yeni və gənc əməkdaşlara ehtiyacı olsa belə, CV-ləri incələyirlər və CV-də diqqət cəlb edən və yadda qalan məqamlar varsa, görüşə dəvət üçün zəng edilir.

İnsan resursları rəhbəri və ya əməkdaşı zəng etmək işini katibə və ya ofis menecerinə etibar edirsə və zəng edəndə Sizə 3 halda zəng çatmazsa  (metrodasınız, operatorda problem oldu), qalır 2 şirkət (məsuliyyətli davranmayaraq təkarar zəng etməyə bilər əməkdaş).  Məsələnin digər tərəfi də var – ilk 10 nəfərə zəng edərək onları işə dəvət edirlər, onlardan bir nəfər seçilir və siyahıda geri qalanlara artıq zaman xərclənmir.

Size görüşə dəvət edən 2 şirkət Sizdən başqa çox insanı görüşə dəvət edir. Danışıq tərzi, ünsiyyət qurma qabiliyyəti, təcrübə, staj, verilən suallara doğru cavab verə kimi müxtəlif meyarların nəticəsində qərar 1 nəfər üçün verilir. Və SİZ o şirkətə müraciət edən insanlardan o qədər fərqlənməlisiniz ki, qərar Sizin lehinizdə verilsin.

Düşünün!!! 100 şirkətə CV göndərilir, və nəticədə 2 görüş ehtimalı. Nəticədə isə onlarla insan içindən seçilmə ehtimalı.

Məhz buna görə mən gənclərə daim tövsiyyə edirəm : ÇOX yerə CV göndərin və heç bir zaman alınmır deyə ruhdan düşməyin.

Bununla bərabər unudmamanız gərəkən digər və çox vacib bir məqam daha  : Müvəffəqiyyət müxtəlif addımların toplamının nəticəsidirsə,  bu addımların hər birinin mükəmməl olması lazımdır.

  1. CV-nizin hazırlanması vacib məsələdir. Bəzən çox dəyərli biliklərə və təcrübəyə malik olan bir insanın CV-nə baxanda heç bir məlumat almaq olmur o insan haqqında. CV haqqında hər zaman dediyim vacib məqam –Sizi şəxsən tanımayan və hər hün onlarla CV qəbul edən və incələyən bir insanda elə bir təəəssürat yaranmalıdır ki, Sizi görüşə dəvət etsin.
  2. Müsahibə. Müsahibə şansdır və digər bənzər insanlardan seçilmək üçün özünüzü, bacarıqlarınız, arzularınız, şəxsi keyfiyyətləriniz və gələcək məqsədləriniz haqqında məlumat vermək üçün Sizin çox az zamanınız var. Məhz bunun üçün də özünüz haqqında sistemli, yadda qalan və əsaslı məlumatları qısa cümlələrlə verə bilmək əhəmiyyətlidir.

 

Amma bütün bunlarla bərabər DAİM inkişaf etməyi unudmayın, çünki rəqabət gücünüzü hər zaman artırmaq və beyninizi formda qorumaq məcburiyyətinsiniz.

Müvəffəqiyyət 5-6 cəhdin nəticəsi olsaydı, hamı müvəffəqiyyətli olardı… 

11150202_807984742630494_2190955518781651518_n-1

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *