удалённое-62215
Məqalələrim

İdman zallarında insan tipləri

Fərqli ölkələrdə, müxtəlif şəhərlərdə idman zallarında illərdir məşq edən insan olaraq bu məkanlarda mənim diqqətimi  insanların fərqli davranışları çəkirdi. Aktiv idmana başladıqdan bir müddət sonra sistemləşdirmə kimi peşəkar vərdişim sayəsində insanların davranışlarını və bədən dillərini beynimdə rəflərə yerləşdirməyə başladım. Sonda isə bu haqda məqalə yazdım.

 

Podiumçular

Zalı podium olaraq istifadə edənlər. Bu insanlar idman zalına məşq yerinə gəzinmək üçün gəlirlər. Adətən bədən quruluşları normal olur və dar geyimləri geyinərək sağa sola gəzirlər. Özlərinə bənzər tip gördükdə söhbətə başlayırlar və 1 saat sonra artıq evə gedmək üçün çıxışa doğru gedirlər :)

 

Güzgüçülər

Mənəvi olaraq “podiumçulara” yaxındırlar, ancaq onlar kimi bədən quruluşuna sahib deyillər, və məhs buna görə podiumdakı kimi gəzmirlər, amma iddialı olduqlarına görə gözləri daim güzgüdədir.   

 

Kobralar

“kobralar” ancaq “qanadlara” işləyənlərdir. Durmadan çiyinlərini tərpədərək qanadlarını şişirdirlər və qolları aralı şəkildə gəzirlər, çünki qanadları geniş olduğuna görə adi insanlar kimi gəzməkdə çətinlik çəkirlər.

 

Qışqırıqçılar

“Qışqırıqçıların” hər bir idman hərəkəti əsəbi ayının nəriltisinə bənzəyir. Nəfəsləri tam kəsiləndə belə susmurlar – zingildəyirlər. Hər qışqırma seansından sonra hərkəsin onu izlədiyini görmək üçün gözaltı ətrafa baxır. Zalda gözəl xanımın olması bu insanın performansını və səs gücünü iki qat artırır.

 

Kimyagərlər

Bu yoldaşlar daim şeykerlər, tabletkarlar, içi əfsanəvi protein və dərman qarışımları ilə dolu qablarlar gəzirlər. Hansı dərmanla nə qədər piy əritmək və ya əzələ çəkisi artırmaq mövzusunda mütəxəssisdirlər. Bədənlərinə verdikləri zərər haqqında heç bir məlumatları yoxdur.

 

Hər şeyi bilmişlər

Bu insanlar  idman, qıdalanma, arıqlama, əzələ yığmaq mövzusunda peşəkardırlar. Nəzəriyyə peşəkarları. Bildiklərini icra etməkdə sıxıntı çəktiklərinə görə öz biliklərini digər insanlarla paylaşırlar. Dediklərini əsaslandırmaq üçün məşgur idmançılardan sitatlar gətirirlər. Xarici görünüşləri ilə dedikləri adətən üst üstə gəlmir :)

 

Yayçılar və ya plajçılar

Bu insanlar sentyabr-fevral ayları arasında gen-bol xaş, xingal, kabablardan yeyirlər və fevral ayında dəniz sezonu ərəfəsində məşqlərə başlayırlar. Qısa müddətdə böyük nəticələr əldə etmək üçün onlara tovsiyyə edilən bütün arıqladan tabletka və dərmanları qəbul edirlər + hər zaman çox qalın geyinirlər. Bu tip insanlar olmasa idman zallarına piy əridən və əzələ artıran proteinlərin satışları sıfıra enər.

 

Kardioməşqlərlə tərləyənlər

3-4 cür qalın qeyimi üst üstə geyinənlər. Anlamırlar ki, arıqlamaq enerji itirməklə əlaqəlidir, ancaq tərləməklə olmur. Bir dəfə bir zalda saunaya girdim və iki nəfər geyimli gənc gördüm orada – adamlar TAM idman geyimi ilə saunada durub danışırdılar. “Niyə belə edirsiniz?” sualıma “Belə daha tez arıqlayarıq” dedidlər. “Hansı məzarlıqda yer almısınız özünüzə? Molla ilə danışmısınız?” deyə soruşdum, çaşdılar. Başa saldım ki, yüksək temperaturda dəri məsamələrimiz genişləyir, onların üzərində olan geyim boyaları isə tam kimyəvi tərkiblidir. Boya və kimya birbaşa qanlarına işləyir. Zəhərlənməsələr də, xərçəng olacaqlar. Biri birini itələyə itələyə çıxdılar saunadan :)

 

Bisepsçilər

Bu qardaşlar ancaq biseps və boyunlara məşq edirlər. Məqsədləri yayda damdar köynək geyinməkdir. Bəziləri yay aylarında geyindikləri qısa, dar və ağ rəngli köynəklərlə birinci sinifə gedən qızlara bənzəyirlər :)

 

Döyüşçülər

Hər zalda ən az bir nəfər olur. Gənclik illərində boks, cudo, karate və bənzəri “əzişdirici” idman növləri ilə məşğul olan adamlardır. Bruce Lee olma arzusuna nail olmasalarda, qoca döyüşçüləri qısqandıracaq səslər çıxarırlar.

Güzgü onündə nəzəri düşmənlərinə ayaq və yumruq zərbələrini endirirlər, bir gözlə də ətrafın reaksiyasını izləyirlər :)

 

İstedadlar 

Zala gəlmədən öncə siqaret çəkirlər. Zalda məşq etdikdən sonra siqarer çəkirlər. Hərkəsə başa salırlar ki, siqaretin onların məşqlərinə heç bir mənfi təsiri yoxdur və beləliklə də özlərində qeyri adi istedad görürlər. Hər biri gündə 2 paket siqaret çəkib 90 yaşına qədər yaşayan ən az 2 nəfəri şəxsən tanıyırlar. Bir əldə 5-6 qarpız tutmaq arzusunda olan insanlardır : həm siqaret çəkirlər, həm də idmanla məşğul olurlar.

 

“Fulun fulu”

İdman forması, krossovka, dəsmal, başa bağlanan, musiqi dinləmək üçün super audio avadanlıaq. Adətən bütün hərəkətləri bezmiş şəkildə edirlər və hər hərkətin kalori sayısını hesablayırlar. Məşqdə 237 kalori itirdiklərinə sevinən bu insanlar məqşdən sonra 3000 kalorilik yemək yeyirlər :)

 

Nəticə…

Zarafatla qarışıq yazdığım bu yazımın sonunda qeyd etmək istəyirəm ki, idmanla məşğul olmaq vacibdir və faydalıdır. İdman və sağlamlıq bizim bütün işlərimizin bünövrəsidir. Ancaq unutmamaq lazımdır ki, gözəl bədənə və bədən quruluşuna 2-3 ayda hakim olmaq mümkün deyil.  Müvəffəqiyyətli olmaq üçün zəhmət, səbir və bilik lazımdır.

 удалённое-62215

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *