lidd
Məqalələrim

Azərbaycanda yeni dövrdə idarəçilərin xüsusiyyətləri

     İqtisadiyyat fakultəsində birinci kursda  bizlərə  başa  salınan  ən  sadə qanun budur : tələb, təklifi formalaşdırır. Biznesdə idarəçilərin formalaşması, onların xüsusiyyətləri, bilik, savad, təcrübə və şəxsi keyfiyyətləri də bazarda mövcud tələb ilə müəyyənləşdirilir.

     Təklif edirəm ki, öncə idarəçilərin xüsusiyyətlərinə təsir edən amillərə baxaq, sonra bu gün ölkədə biznesin tələbinin nə olduğunu təhlil edək, növbəti addımımız isə müasir Azərbaycanda idarəçilərin xüsusiyyətləri haqqında danışmaq olsuт.

     İdarəçilərin xüsusiyyətlərinə 4 ana məqam təsir edir

     İqtisadiyyat. İqtisadiyyatda bu gün vəziyyət nədir?

  • Qeyri neft sektoru inkişafına daha çox əhəmiyyət verilməyə başlandı;
  • Banklardan rahat əldə edilə biləcək kreditlər yoxdur artıq;
  • Ümumi pul kütləsində azalma var.

     İstehlakçı və davranışları

  • Daha rasional qərarlar verəcək;
  • Ödədiyi qiymət qarşılığında ən yüksək keyfiyyət və ən yaxşı xidmət gözləyir;
  • Müştəri artıq öz haqqlarını bilir və bunların təmin edilməsini tələb edir.

     Zəmanə tələbləri

  • İnsanlıq tarixində daha öncə görülməmiş sürətdə elim və texniki inkişaf;
  • Məlumat mənbələri sayı çoxaldı və alış-verişi sürətləndi;
  • Elektron ticarətin geniş yayılması.

     Biznesdə bu günə vəzyyət

  • Gəlirlilik. Daha öncəkinin yarısı qədər gəlir əldə etmək üçün artıq 4 dəfə çox çalışmaq lazımdır;
  • Brendləşmə. Günümüzdə rəqabət ancaq mağazalarda, vitrinlərdə aparılmır – əsl rəqabət məhsulun mağazaya getməsinə qədər, istehlakçıların beyinlərində olur;
  • Kiçilən bazar, azalan pul kütləsi və daha rasional və tələbkar müştərilər nəticəsində Rəqabət artmaqdadır. 

     Dedik ki, tələb təkıifi formalaşdırır.  Biznesimizdə bu gün nəyə tələbat var?

     Reformlara. Azərbaycanda şirkətlərin əksəriyyəti böyüklüyündən və miqyasından asılı olmadan təşəbbüskarlıq səviyyəsindədir və buna görə də  peşəkar idarəçiliyə keçmək vacibdir;

     Zamanəni təqib etmək lazımdır, çünki əks halda  şirkətlərimiz beynəlxalq bazarlarda rəqabət apara bilməməklə bərabər, ölkə daxilində də da xarici məhsullarla yarışda uduzacaqlar;

     Sürətli olmaq. Məhsuldar olmaq. Effektiv olmaq.

     İdarəçi xüsusiyyətlərinə keçmədən öncə idarəçinin kim olduğuna baxaq.

     İdarəçi kimdir?  

     Müasir bilik və savadı olmayan insanın qapı və vizitkasında “müdir” yazılması, “Lada” üzərinde “Mercedes” loqosunun olması kimidir.  Məzmun və mahiyyət “Lada” səviyyəsində qaldığı müddətcə, üzərində aksesuarların və xarici görünüşün nə olmasının çox da əhəmiyyəti yoxdur.

     İdarəçi vəzifə deyil. İdarəçi – psixologiyadır, həyat tərzidir, düşüncə formasıdır, bilik və savaddır.

     Və məqaləmizin ana mövzusu : yeni iqtisadi reallıqlarda, rasional müştərilər və davamlı dəyişən biznes mühitində idarəçilər hansı xüsusiyyətlərə malik olmalıdırlar? 

Psixoloji güc

  • Real misal. Böyük şirkətdə işə başlayırsınız. Firmada konservatorlar var – köhnə komanda və reformatorlar –müasir idarəçilik sistemlərini tətbiq edən idarəçilər. Siz yeni komandada yer alırsınız və hər həftəniz, gününüz və bəzən də saatınız müxtəlif formada mübarizələrdə keçəcək;
  • Təzyiq altında işləmə, davamlı haqlı və haqsız tənqidlərə məruz qalaraq yola davam etməli və irəli gedə bilməlisiniz;
  • Və nəinki irəli getməlisiniz – müştərilər, tabeçiliyinizdə olan insanlar, rəqib departament və şöbələr, rəhbərlik və sahibkarlar qarşısında  davamlı dik durmalı və müsbət enerji verə bilməlisiniz;
  • Və nəinki yolunuza davam etməlisiniz və müsbət olmağa çalışmalısınız – həm də işinizdə rəqəmlərlə nəticə verməlisiniz;

Effektivlik

     Çox ümumi baxsaq, biznesdə efektivliyin 2 əsas növü var : hesablana bilən və hesablana  bilinməyən.

     Misal. 100 nəfər əməkdaşı olan şirkətin hər gün 800 saatlıq zaman sərmayəsi var. Bu saatlar ərzində əməkdaşlar şirkətin gələcək məqsədləri üçün maksimum faydalı və effektiv şəkildə işləməsi vacibdir.  

     Bu, işin hesanlana bilən tərəfidir, amma məsələ ancaq biznesdə olan saatlar və rəqəmlər deyil. İş dünyasında effektivlik baxımından ön plana  KOMANDA  məvhumu çıxır. Komanda baxımından isə artıq riyaziyyat fərqli işləyir :  1+1 hər zaman 2.yə bərabər deyil. Bəzən 1+1, 0.a bərabərdir, bəzən də 10.a. Bu necə baş verir?

     Möcüzəvi söz : Sinerji.  Şirkətdə komanda ruhunun varlığı, insanların eyni dəyərlərə malik olması və vahid məqsədləri yiyələnməsi 1+1.in 2 deyil, 10 olması deməkdir.

     Və şirkət daxilində insanların bir nöqtəyə vurmaması, biri-biri ilə mübarizə aparmaları və doğru psixoloji ab-havanın olmaması 1+1.i sıfır edir.

Davamlı inkişaf

     Paradoksal, ziddiyətli və maraqlı bir məsələni Sizlərə demək istəyirəm.

     Biznes  dəqiq elm və rəqəmlərdir. Amma eyni anda biznes – müştəri davranışları, beynəlxalq bazarlar, valyuta, məhsul, texnika və texnologiya, rəqiblərin davranışları, əmək bazarı xüsusiyyətləri kimi onlarla meyyarlara bağlı və buna görə də davamlı qeyri müəyyənliklərlə dolu fəaliyyətdir. Bəzi hallarda atacağımız addımların və alacağımız qərarların dəqiq hansı nəticələrə gətirəcəyini bilməməklə bərabər, həm də biz yolda ikən dəyişikliklər olacaq.       

     Yeni iqtisadi şərtlər ancaq nəzəri və texniki bilikləri tələb etmir – qeyri müəyyən və böyük sürətlə dəyişən şərtlərdə idarəçilərin analitik düşüncə tərzi olmalıdır.

     Buna əlavə olaraq, bilik statik deyil – dinamikdir, davamlı hərəkətdə, inkişafdadır.

     Sadə misal :

  • Mənim 20 il öncə Mərmərə Universitetində aldığım o dövrün ən müasir bilikləri artıq tarixdir;
  • 3 il öncə marketinq sahəsində istifadə etdiyimiz alətlərin hamısı bu gün o qədər də təsirli deyil.

     İş həyatı, böyük sürətlə gedən qaçış zolağı kimidir. Geri qalmamaq üçün iti addımlarla irəliləməlisiniz, inkişaf etmək və fərqlənmək üçün isə sürətli qaçmağı bacarmalısınız. Biliklərinizlə.

Fərdi brend

     Həyatımızın hər dövründə – tələbəlik illərində, iş axtararkən, yeni işə başlarkən, mütəxəssis və rəhbər olarkən, bizim kimi minlərlə insanlar var. Karyeramız uğrunda biz onlarla davamlı rəqabətdəyik.

     Nədir fərdi  brend?

    Fərdi brend sizləri, minlərlə sizinlə eyni yaşda olan insanlardan fərqləndirəcək bir qavramdır.

     Şəxsi və işgüzar keyfiyyətlərin toplusu və adınız çəkiləndə, ilk ağla gələn assosiasiyadır.  

     Danışıq tərzi, geyim, bədən diliniz, istifadə etdiyiniz sözlər belə – hamısı cəmiyyətə və ətrafınızda olan insanlara mesajdır.   

     Məşhur: “35 yaşa qədər mən adıma işlədim, 35 yaşımdan sonra isə adım mənə” sözləri məhz fərdi brend haqqındadır.

Liderlik

     Çox geniş, dərin və fəlsəfi mövzu olduğuna görə, əsas 3 məqamı qeyd edəcəm.

  1. İnsanları bu məsələdə ruhdan salan “Lider doğulmurlar, lider olurlar” sözləridir.

    Əslində isə Liderlik – təsadüf, genlərin toplusu, vəzifə, bəxt və ya lotereya uduşu deyildir.

     Lider olmaq, alınan qərarların və edilən seçimlərin nəticəsidir.

     Mən özüm və bu məqaləni oxuyan hərkəs qərar verirəm ki, bədən dili texnikaları haqqında oxuyum və bunları icra edim, və danışmadan öncə belə lider olduğum haqda insanlara mesajlar verilsin.

     Mən özüm kimlərlə necə və nə qədər ünsiyyətdə olmağı seçirəm və bir müddət sonra ünsiyyətdə olduğum insanları müsbət və mənfi tərəfləri mənə keçir

  1. Liderliyin idarəçilikdən ən böyük fərqi odur ki, idarəçi digərlərini idarə edir, lider isə… ilk öncə özünü, sonra digərlərini. Başqalarını idarə etmək və onlara istiqamət göstərmək yüngül və asandır, amma insanın öz nəfsinə hakim olması və ƏMƏLLƏRİ ilə digərlərini idarə etməsi fərqlidir. Liderlik insanın özündən, içindən başlayır.
  2. Liderlik, ancaq yüksəklidə olan insanlarda olmur – yüksəkliyə gəlmədən öncə, həyatımızın bütün mərhələlərində olur.  

 

     Karyera, dağa çıxmaq kimidir.

     İlk öncə dağın ətəyində minlərlə insan olur. Yüksəklik artdıqca, havada olan oksijen də azalır, çətinliklər, maneələr artır. Və bu gün üzərində olduğunuz yüksəkliyə çıxmaq üçün istifadə etdiyiniz texnikalar artıq təsirli olmayacaq – yeni yüksəkliklər üçün yeni bacarıqlara yiyələlənməlisiniz

     Yeni dövrdə idarəçilərin xüsusiyyətləri bir cümlədə belə ifadə etmək olar  :

     Davamlı inkişaf edərək effektivliyə əhəmiyyət verən və şəxsi brend olan psixoloji güclü liderlər.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *