Kak-byt-ne-takoj-kak-vse-1
Məqalələrim

Daxili azadlıq

     Azadlıq insanın içində başlayır.  

     İçimizdə azadlıq isə kiçik yaşlarımızdan başlayır.

     Bu gün ölkəmizdə minlərlə insan öz daxilində olan həbsxanada yaşamağa məhkumdur. Həbsxananın divarları isə, bu insanın qorxuları, kompleksləri,  cəmiyyətdə qəbul edilən stereotiplər və mənşəini heç kimin bilmədiyi ənənələr.

  • Sən sus!
  • Hələ balacasan! Böyüklərin yanında danışma!
  • Burda mümkün deyil, burda alınmaz
  • Heç boş yerə özünü yorma!
  • Hamı belədir, səs salma
  • Başını aşağı sal, səsin çıxmasın

     Cəmiyətimiz, kiçik yaşlarından insanlarımızı fərqli psixoloji tormozlarla proqramlaşdırır. İnsan anlayır ki, daha böyük biri qarşısında susmaq lazımdır.

     Yadımdaydı, 90.cı illərdə Azərbaycanda kişilər adətən qara rəngdə geyinirdilər. Metroda vaqonun bir ucundan baxırdın –içi qap-qara.

     Məni Türkiyədən tətilə gələndə mavi rəngdə cins şalvarda görən ağsaqqalla belə dialoqumuz olmuşdu :

  • Kişi mavi rəngdə şalvar geyinməz, həm də cins. Bir daha geyinmə onu.
  • Niyə?
  • Ayıbdı
  • Niyə ayıbdı?
  • Dirəşmə. Sənə öyrətməyiblər ki, böyüklərlə söz güləşdirmək olmaz?

     Bu o deməkdir ki, yaşlı insan məntiqsiz bir söz deyə bilər, mən də susmalıyam. Zombi kimi. Susmasam, oluram tərbiyəsiz. Halbuki istədiyim sadə və beynimin qəbul edəcəyi bir açıqlama idi. İstənilən qərarın və mövzunun məntiqli açıqlamasını istəmək hər insanın ən təməl haqqıdır.

     18 yaşında geyindiyi şalvarın niyə kişiyə yaraşan olmadığını tərbiyəsiz görünməmək üçün soruşmağa qorxan insan, 30 yaşında müdirinin qarşısında aciz və beli əyri qalacaq.

 

     Belə cəmiyyətin başqa bir xüsusiyəti daha var.

     Özünü sərbəst və fərqli hiss edən bir insanın önə çıxdığını görən və özü üçün bunu qınaq bilən kütlə nümayəndələri o insanı daşlamağa başlayırlar.

     Nəticədə isə insan ətrafda olanların gözləntilərinə və “doğrularına” görə davranmağı şuuraltı səviyədə qəbul edir və olur kütlədən biri. Səbəbi isə çox sadədir : gözləntilərə uyğun davrananda o yaxşı insan olur, fərqli olanda isə cəza və qınaq ehtimalı var.

     Ali təhsili, fakultə seçimi, ailə qurmağı, uşaq tərbiyəsini, toya getməyini belə cəmiyyətdə qəbul edilən qaydalara görə edir belə insan. Amma səbəblərini bilmir. Çünki soruşmaq ayıbdır, üsyandır.

     Sonra isə ondan rüşvət tələb edən, haqqını tapdalayan insana qarşı niyə heç kimin etiraz etməməsinə təəccüblənirik. Buna görə də haqqını tələb etməyə demaqoq, haqsızı şikayət etməyə də suka və işverən deyilir cəmiyyətdə.

     Bu həyatda, başqalarının gözləntilərinə uyğun olmaq üçün yaşamamaq lazımdır.

     Öz həyatını istədiyi kimi yaşamağa cəsarəti olmayan insanlar, bu cəsarəti nümayiş edənləri əzərlər. Çünki çoxluqdurlar. Amma sürüdülər. Sürü isə təklifkdə qorxaqlardan ibarət olur : fikir, duruşu, qətiyyəti olmayan fərdlərdən. Çünki güclü insanın sürüdən güc almasına ehtiyac olmur.

     Hər dövrdə bu kimi fikirlərə üsyan edənlər var. Bunlar, adətən ruhu sərbəst və cəmiyət qınağından qorxmayan insanlar olur.

Hərkəsə, öncə daxildə azad olmağı arzu edirəm!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *