BR21
Biznes Roman Məqalələrim

Ofis binasına yaxınlaşanda, Malik yenə həyəcanlandı – Biznes roman II hissə

     Malikin yadına birbaşa rəhbəri ilə olan son müsahibə düşdü. Son görüşdə mənimlə müsahibə aparan rəhbərimin adı Rüfət idi. “Onu soruşmalı və içəri getməliyəm”, – deyə düşündü. 

     Biznesin inkişafı departamenti. İş təcrübəsi olmayan bir insan üçün içində olduqca ciddi işlərin olduğu bir bölüm idi bu – biznesi inkişaf etdirirlər… Görəsən, necə? Yəqin ki, belə departament müdiri çox savadlı insandır – o boyda firmanın inkişafına o baxır. 

     Filmlərdə gördüyü müdir gözləyirdi müsahibədə – səliqəli geyimli, xoş ətir gələn, müasir sözlərlə rahat danışan bir insan. 

     Mühafizəyə Rüfət müəllimin yanında gəldiyini dedi – ona diqqət belə etməyən mühafizəçi iki nəfər yaşlı insanla avtomobillər haqqında söhbət edirdi. Rüfət bəyin otağını soruşdu – 401.

     4-cü mərtəbəyə liftlə çıxan Malikin diqqətini içi gümüş kimi  parıldayan liftin cızıqlarla dolu olması çəkdi. “Firmada işləyən insanlar niyə öz şirkətlərinə zərər versin ki?”, – beynində bir yerdə bu sual arxivə yazıldı.

     Müsahibə 10:00-da olacaqdı və gecikməmək üçün 09:45-də gəlmişdi. 401 nömrəli otağın qapısını döydü, daxil  oldu və bir gənc xanımın əlində güzgü üzünə makiyaj etdiyini gördü. Əlindəki güzgünü yüngülcə kənara çəkən xanım ona sual verərcəsinə baxdı. 

     “Rüfət müəllimlə görüşə gəldim”, – dedi Malik. Güzgünü və digər əlindəkini endirməyən xanım qısaca: “Gözləyin bayırda, çağırarıq”, – dedi və diqqətini yenə də güzgüyə çevirdi. 

     Yenə qəribəlik. Bir katibənin daha diqqətli və Rüfət müəllimin qonaqlarına daha qayğıkeş olacağını düşünmüşdü Malik. 

     Qapının önündə duran Malik gözləyirdi. Geniş və uzun koridorda ancaq lift hərəkət edirdi. 

     Saat 10:20.  İçəridə – otaqda hərəkətlənmə vardı, səslər gəlirdi, amma onunla maraqlanan belə yox idi. İndi Rüfət müəllim çağırar məni.  Yəqin ki, müəllim səhər saat 8:30-dan içəridədir – axı o biznesin inkişafı departamentinin rəhbəri idi.

     Nə edəcəyini bilmirdi Malik: “HR-a mı gedim? Otaqdan çıxan da yoxdur ki, soruşum Rüfət müəlimi”.

     Saat 10:30. Otaqdan iki nəfər çıxdı və gülə-gülə harasa getdilər. “Bağışlayın, Rüfət müəllimlə görüşməliyəm”, – deyə onlara müraciət etdi. Otaqda olub-olmadığını soruşdu. İki nəfərdən yaşlı olanı bildirdi ki, Rüfət müəllim hələ gəlməyib, bir az sonra gələr. Digəri də gedərkən ona: “Rüfət bu vaxtı işə gəlib indiyə qədər?”, – deyə gülümsədi.

     “Yəqin işləri şəhərdə çoxdur, ona görə ofisə səhər gec gəlir”, – deyə düşündü Malik.
Gedən iki nəfərdən biri 40 yaşlarında, digəri isə 27 yaşlı oğlan idi. Qalstuk da taxmamışdılar.

     “Axı mənə HR dedi ki, kostyum qalstuk şərtdir”, – Malik fikrindən keçirdi.

     Saat 10:40. Otaqdan gülmək səsləri gəlirdi. İki nəfər geri döndü otağa və Malik tərəfə  baxmadılar belə.

     Zaman keçmirdi. Hər dəfə liftin hərəkət səsini eşidəndə, diqqətlə rəqəmlərə baxırdı, amma 4-cü mərtəbəyə gəlmirdi lift. 

     Lift yenə hərəkət etdi və qapıdan bir nəfər dolu, 45 yaşlarında, üzü tüklü, bığlı bir adam çıxdı.

     Əzik, yan cibləri sallanan kostyumda idi, amma qalstuku yoxdu. Adam Rüfət bəyin departamenti olan otağa daxil oldu və Malik düşündü ki, yəqin, nə isə işi var burada. İçəridə bir anda bütün səslər kəsildi.

     Qapı açıldı və gənc xanım Maliki çağırdı: “Gəlin, Rüfət bəy gözləyir”.

     Malik öz-özünə düşündü: “Allah Allah… Axı Rüfət müəllim yox idi. Necə keçdi içəri?” Gənc içəri keçdi. Katibənin otağından sonra  böyük və içində beş nəfərin masası olan otaqdan irəlidə bir otaq daha vardı.

     Otağın qapısını açdı və kresloda liftdən çıxan adamın olduğunu gördü.

     “Gəl, otur görək”, – dedi adam. 

     Geniş masanın önündə bir masa daha vardı qonaqlar üçün. Oturacağa oturan Malik Rüfət bəyin bu adam olduğunu anladı və təəccübləndi.

     “Nə yaxşı bəzənmisən, ha-ha-ha-ha, toya gedirsən bu gün?” , – deyə Rüfət bəy istehza ilə soruşdu Malikdən.

     Bu tərzdə sualı gözləməyən Malik özünü müdafiə etmək üçün: “HR dedi ki, kostyum qalstuk olmaldır, bilmirdim, ona görə geyindim”, – dedi.

     “Həəə, əşşi, biz o nədi adı – eyçardı nədi – onların dediyi hər şeyi etsək, gərək işləri qoyaq kənara da. Gəlsinlər, otursunlar, bizim işi görsünlər. Gözəl danışmaqla deyil eee. İşləmək lazımdır”, – Rüfət bəy qəribə tərzdə bildirdi.

     Malik belə giriş gözləmirdi. İş həyatına başlamasını fərqli təsəvvür edirdi.

     Onunla müsahibə aparan HR və mütəxəssisləri fərqli tonda və formada danışırdılar: “Hə, de görüm, kimsən, nəçisən, neyləmisən? Mən sənin sənədinə baxdım, amma heç nə başa düşmədim”.

     “İqtisad Universitetini bitirmişəm, əlaçı olmuşam…” – deyə başlayanda qapı açıldı. İçəri 40 yaşlı səhər gördüyü adam girdi və dedi: “Rüfət, marketoloqlar lap çaşıb aaa. Bizdən xəbərsiz rayonlarda kampaniya başladıblar. Niyə susursan?”

     “Eybi yox, bilirəm. Dünən gecə zəng elədim müəllimə – hər şeyi dedim ona. Bu gün alacaqlar qəşəng “udar”.  Gəl otur, baaax, eyçar yenə bizə cavan uşaq göndərib”, – deyə Rüfət bəy Maliki göstərdi.

     Malikin önündə oturan adam diqqətlə ona baxdı və “İş təcrübən var sənin, yoxsa, yenə bizə adam yükləyiblər?”, – deyə Malikə məntiqsiz sual verdi.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *