ramada
Məqalələrim

“Bizdə mümkün deyil” DEYİL – MÜMKÜNDÜR

     Ölkəmizdə xidmət səviyyəsi haqqında danışanda xidmət və servisin, müştəriyə qarşı qayğının olmamasından gileylənirik. Istifadə etdiyimiz cümlələr də ortalama olaraq eynidir :

     – Qardaş, bizdə alınmazeee, bizim millət belə işləyə bilməz

     – Bu bizdə ancaq 100 il sonra olar

     – Biz xidmət etməyi bacarmırıq

     – Bura Azərbaycandıyeee. Bizim ölkədə mümkün deyil

 

     MÜMKÜNDÜR. Bal kimi də mümkündür.

     Bu məqaləmdə bunun sübutunu Azərbaycanda fəaliyyət göstərən bir firma misalı ilə göstərmək istəyirəm.

     Fərqli məqsədlərlə daim xaricdə səfərlərdə oluram : yarışlar, işgüzar səfərlər, istirahət.

     Səfərlərim zamanı seçdiyim 5 ulduzlu otellər zəncirləri arasında seçdiyim brendlərdən biri RAMADA da var. Bir çox ölkələrdə bu zəncirinin otellərində qalmışam. Soruşsanız ki, “RAMADA brendinin fərqli ölkələrdə otellərində qalmısan, bəs ən yaxşısı hansı olub?” cavabım çox maraqlı olacaq : “Təcrübəmə inanın – ən yaxşısı RAMADA PLAZA GANJA-dir”. Bəli, Gəncə şəhərində yerləşən Ramada oteli.

     Bu otelin ərazinisə daxil olduğunuz andan insan sanki bir qayğı çəmbərinə alınır.

     İdman zalında, restoranlarda, receptionda personal ÇOX diqqətcil, qayğıkeş, nəzakətli və mədənidir. Anlayırsınız ki, verdiyiniz sual və ya istəyiniz artıq Sizi probleminiz deyil – otel həll yolunu üzərinə alır.

     Oteldə işləyən personal Gəncə şəhəri sakinləridir. Düşünün. Gəncədə yerləşən bir oteldə Gəncə şəhəri sakinləri işləyir və bu otelin xidmət səviyyəsi sözün tam anlamında MÜKƏMMƏLDİR.

     Bakıda belə hər 5 ulduzlu oteldə gözlədiyimiz xidmətin 5 ulduz səviyyəsində olmadığı halda, Gəncə şəhərində ən yüksək səviyyədə xidmətin olması çox təəccübləndirici, həm də xoş bir haldır.

    Bakıda fərqli sahələrdən şirkət rəhbərləri və sahibləri ilə ünsiyyətim zamanı xidmət keyfiyyəti haqqında danışanda adətən eşitdiyimiz bəhanə “keyfiyyətli insan resursunun olmamasıdır”. Mənim isə əsas arqumentim budur ki, hazır kadr axtarmaq lazım deyil – doğru şəxsi keyfiyyətləri olan insanları seçmək və onları yetişdirmək lazımdır. Bu isə, böyük zəhmət, səbir, enerji və zaman tələb edir. Bizim biznesimiz isə, məlum olduğu kimi, möcüzələrə inanır və xidmətin keyfiyətini də satın almaq istəyir. Mümkün deyil, çünki keyfiyyətli xidmət edən əməkdaşları illərlə çiçək kimi bəsləmək lazımdır.

     Bir dəfə otelin rəhbərinə bu xidmət səviyyəsinə çatmaları ilə əlaqəli sual verdim və aldığım cavab, gözlədiyim tərzdə oldu :  “biz daim əməkdaşlarımızın üzərində işləyirik və çox nadir hallarda kabinetdə oluram”.

     Belə bir xidməti istənilən şirkətdə və qurumda qurmaq mümkündür. Bunun üçün bir neçə əsas məqam var :

  • “Doğru” dəyərlərə və şəxsi keyfiyyətlərə sahib olan insanlar seçilməlidir. Inkişafa meyilli, müştərinin qayğısına qalmaq istəyən, dürüst insanlarla uzun yola çıxmaq mümkündür ;
  • Biznesdə işin qurulması uzun prosesdir. Doğru dəyəqlərə malik olan insanlar seçilsələr belə, onların yetişdirilməsi zaman alacaq və bunun üçün də rəhbər səbirli olmalıdır, çünki bu iş vaxt və enerji tələb edir ;
  • Rəhbər, kabinetdə oturub tapşırıqlar verən deyil, daim insanların üzərində işləyən, onlara davranış, danışıq tərzi və bədən dili ilə, müştəri ilə ünsiyyəti ilə nümunə olmalıdır.

     Bu məqaləni niyə yazdım?

     Gəncə şəhərində beynəlxalq səviyyədə mükəmməl xidmət verən bir şirkətimiz var. O şirkətdə işləyənlər, yüksək xidməti təqdim edənlər xaricilər və ya başqa planetdən gələnlər deyil – öz Azərbaycanlılarımızdır.  Gəncədə yaşayan insanlardır.

ramada

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *