mechanism_battlement_technology
Məqalələrim

Azərbaycanda biznes. Ancaq biznes mi günahkardır?

“Azərbaycanda biznes inkişaf etmir; insan resurslarının inkişafına ölkəmizdə biznes lazım olduğu qədər diqqət ayırmır; azərbaycanlı işadamı öz biznesinin effektivliyini artırmır; orta miqyaslı firmalar hər zaman orta miqyasda qalacaqlar və böyük düşünə bilmədiklərinə görə çətin ki, böyüyə bilərlər; şirkət sahibləri daimi inkişafın əhəmiyyətini anlamırlar, keyfiyyətli və peşəkar personalı cəlb edə bilmirlər və saxlaya bilmirlər” – bunlar ölkəmizdə olan biznes haqqında danışdığımız zaman daim istifadə etdiyimiz söz yığınıdır və əsas vurğu onadır ki, şirkətlərin başına gələnlərdə onlar özləri günahkardırlar.

Təklif edirəm ki, biznesimizdə olan vəziyyətə fərqli bir tərəfdən baxaq : bu gün olan vəziyyətinə görə biznes özü günahkardır?

Əslində biznes ətraf mühitdə baş verənlərin əks olunmasıdır və özü özlüyündə inkişaf edə bilməz. Heç bir ölkədə biznes ayrı bir vahid olaraq işləmir və öz seçimlərinə görə tək məsuliyyət daşıya bilməz. Biznesin inkişafına dövlət müdaxiləsi, mülikiyyət haqqının qorunması, şirkətlər haqqında məlumatların investorlar üçün açıqlığı və şəffalığı, şirkətlərin əlavə maliyələşmə imkanları, mütəxəssislərin və peşəkarların tapmaq və işə götürmək imkanı kimi vacib meyarlar təsir edir.

Ölkənin institusional inkişafı nə deməkdir və hansı institutlardan söhbər gedir? Stabil inkişafını təmin etmək üçün biznesə hansı dəstək lazımdır?

Biznesin inkişafına təsir edən əsas və vacib institutlar bunlardır :

– Sərmayə bazarı ;

– Əmək bazarı ;

– Hüquqi ortam ;

– Dövlət tənzimlənməsi və dəstəyi.

Bu maddələrin hər birini ayrı ayrılıqda incələyək və bunların biznes üzərində təsirini gözdən keçirək.

Sərmayə bazarı

Öz inkişafında böyük sıçrayış edən istənilən qərb şirkəti  öz həmləsinin maliyələşdirilməsi üçün bir neçə seçimə malikdir. Aşağı faizlərlə kredit alma imkanı (ucuz kreditlər) ilə bərabər qərb dünyasında biznes  öz şəffaflığına görə investisiyalar üçün “açılma” imkanına malikdir. 

Biznesini inkişaf etdirmək istəyən bizim biznesmenimizin nə kimi alternativləri var? Yaxşı inkişaf etməmiş  finans bazarları və ÇOX yüksək faizlərlə kredit verən banklar.

Bizim biznesmenimiz sərmayə bazarına müraciət edə bilmir, çünki dəqiq, əsaslı və şəffaf məlumatlar olmadan potensial investorlar vəsait yatırmaqdan çəkinirlər. Qərbdə sərmayə bazarları bu kimi problemləri etibarlı maliyə hesabatları, dinamik analitiklər cəmiyyəti və aqressiv, müstəqil maliyə mətbuatı vasitəsi ilə  minimuma endirirlər. Təəssüflər olsun ki, sərmayə bazarlarının işləməsini təmin edən bütün institusional mexanizmlər bizdə ya mövcud deyildirlər, yə da ki effektiv deyillər.

 

Əmək bazarı

Şirkətlərdə mövcud olan ikinci sərmayə tipi – insan sərmayədir. Orta miqyasda şirkəti olan bir işadamına “inkişaf etmək üçün nəyin çatmır?” sualını verəndə bir çox hallarda cavab “kadrlar” olacaq. Böyümək istəyən kiçik və orta miqyaslı biznes kadrları hardan almalıdır? Əməkdaşlarına həm yüksək maaş, həm bonus ödənişləri, həm daha da yaxşı iş rejimi və sosial paketlər təmin edən böyük şirkətlərdən mi qopardsın?

İdarəçiləri hazırlayan biznes məktəbləri var mı bizim ölkəmizdə? Idarəçi kadrların əksikliyi biznesin ən böyük sıxıntılarından biridir. Bu səbəbə görə də şirkətlər yaxın xaricdən “mütəxəssisləri” itxal etmək məcburiyyətindədir. Böyük şirkətlər bu problemi rahat şəkildə həll edirlər – xaricdən təlimçi, instruktor və ya məsləhətçiləri dəvət edə bilirlər və ya öz idarəçilərini təhsil almaq üçün xaricə göndərə bilərlər. Orta çaplı biznes nə  etməlidir? Orta və üst səviyyəli idarəçilərin olmamasına görə 90-cı illərdə və 2000-ci illərin başlanğıcında Türkiyədən çox sayda mütəxəssislər ölkəmizə ixrac edilmişdir.

Günümüzdə ölkəmizdə diplom sahibi olan çox sayda insan var və hər il minlərlə məzunlar universitetləri bitirir və ali təhsi aldıqları halda sənəd alırlar. İstənilən bir şirkətdə işləyən insan resursları şöbəsi rəhbərinə sual verin – müsahibə keçirdiyi universitet məzuları və onların bilikləri haqqında nə kimi təəssüratı var?

Biz daim qeyri neft sektorunun inkişafı haqqında danışırıq. Təsəvvür edin ki, 100 zavod və fabrik inşa etdik və bunlar üçün lazım olan bütün avadanlıqları aldıq. Bəs sonra? Bu zavodlar üçün minlərlə mühəndisləri hardan tapacayıq?

Problem zavodların inşa edilməsi və avadanlıqların alınması deyil. Bizim problemimiz də elə odur ki, biz hər şeyi satın alırıq, amma özümüzə aid olanı yetişdirmirik.

Hüquqi ortam

Sözsüz ki, hüquq orqanlarının fəaliyyəti biznesi dəstəkləyən əsas meyarlardan biridir.  Bir çox hallarda qanunlara uyğun olaraq işləmə  imkanı xarici investorların müəyyən ölkədə fəaliyyət göstərmək haqqında qərarına təsir edən məqam olur.

Ümumi hüquqi ortam, dövlət orqanları və qurumları ilə əlaqələrdə qanunlara uyğun olaraq fəaliyyət həyata keçirmə, müqavilələrin icra olunması üçün effektiv mexanizmlərin mövcud olması və istifadə edilməsi, kontrakt öhdəliklərinin yerinə yetirilməməsi halında məhkəmələrin ədalətli qərar vermələri kimi məqamlar biznein inkişadfı üçün mühim şərtlərdir.

Tərəflərin müqavilələrə görə öhdəliklərini yerinə yetirmələrini məcbur edən tədbirlərin olmaması halında şirkətlər fəaliyyətlərində rahat olmurlar. Kontraktların icra olunmasını təmin edən mexanizmlərin olması ölkə iqtisadiyyatının vacib xüsusiyyətidir.

Zəyif hüquq institutlarının təbii nəticəsi odur ki, kiçik və orta biznes özünü böyük biznes və dövlət qurumları qarşısında onlara xidmət və mallar təqdim edərkən zəyif hissedəcəkdir və az ehtimal var ki, qanun tərəfindən qorunması təmin ediləcək.

Dövlətin müdaxiləsi

Dövlət tərəfindən şirkətlərin fəaliyyətlərinə müdaxilənin olması və dövlət orqanlarının hərəkətlərinin öncədən təxmin etmə imkanı biznesin inkişafına birbaşa təsir edən meyyarlardır. Təbii ki, bunlara əlavə olaraq dövlət dəstəyinin olması və korrupsiyanın olmaması da vacibdir.

Indi isə küçəyə bir daş və onun üzərinə bir limon qoyun : 10 dəqiqə sonra 15 nazirlik, dövlət qurumları, komissiya nümayəndələri gələcək. Heç kim işadamına necə və hansı formada köməyə ehtiyacı olduğunu soruşmayacaq, ancaq fərqli formalarda onu dartışdıracaqlar və fərqli “icazələr” və “xidmətlərin” tariflərini deyəcəklər.

 

Bizim ölkədə bu problemlər necə həll edilirlər?

Bizim ölkəmizdə hal-hazırda bu istiqamətlərdən hər birində nələr baş verir? Bu problemləri həll etmək üçün şirkətlər nələr edirlər?

Böyük, monopoliyalaşmış biznes bu sahələrdə olan əksiklikləri və sərmayə, kadr, dövlət dəstəyi və hüquqi ortam mövzularında institusional strukturların zəyifliyini özü həll edir : hardasa administrativ mexanizmlərin istifadəsi ilə, əlavə vəsaitlərin ayrılması, xaricdən təlimçilər, idarəçilər vəmütəxəssislərin cəlb edilməsi ilə. Bəs orta və kiçik biznes nə etsin?

Orta biznes inkişaf və fəaliyyətlərinin genişləməsi üçün əlavə sərmayəni hardan alsın? Banklardan anormal dərəcədə yüksək faizlə kredit alsın?

Kadr məsələsini necə həll etsin? Orta miqyaslı biznes xaricdən özü üçün təlimçi və ya ekspert dəvət edə bilər mi? Və ya güclü bir yerli mütəxəssis uğrunda böyük bizneslə rəqabət apara bilər mi təmin etdiyi şərtlər mövzusunda?

Dövlət dəstəyi? “Krışası” olmayan “yiyəsiz” orta biznes “ağıllanana qədər” çox sayda zərbə, cəza və aktlar alacaq.

Nəticədə nə olur? Ölkədə vacib institutların olmadığın və mövcud olanların fəaliyyətlərinin qeyri effektiv olduğuna görə ancaq kiçik və orta biznes zərər çəkmir, həm də ümumi olaraq biznes, istehlakçı və iqtisadiyyat əziyyət çəkir. Güclü və böyük şirkətlər daha da gücləndikləri halda orta və kiçik biznes gün keçdikcə zəyifləyir.

Biznesin yalnızlığı

Biznes yalnız ola bilməz və olmamalıdır. Biznes özü özünə inkişaf edə bilməz. Biznes ölkənin tərkib hissəsidir. Və biznesi dəstəkləyən mühim institusional strukturların inkişafı olmadan ölkədə iş dünyası inkişaf edə bilməz.  

Qərb biznesinin və Steve Jobs və Jack Weltch kimi məşhur idarəçilərin mqvəffəqiyyətləri yalnız onların idarəçi olaraq qabiliyyət və bacarıqlarının nəticəsi deyildir. Çox istərdim Apple dizaynı üzərində mükəmməlçi yanaşması ilə işləyən Steve Jobsun eyni anda həm də onun şirkətini  yoxlayan dövlət qurumları ilə çəkişmələrini görüm.

 

Bu məsələlərin həllini mən necə görürəm?

Birinci növbədə, hansısa sahəni inkişaf etdirmək üçün biz ilk öncə dürüst olmalıyıq və zəyif olduğumuzu qəbul etməliyik. Irəliyə doğru sıçrayış etmədən öncə öz zəyif tərəflərimizi qəbul edəcək qədər cəsarətli olmalıyıq.

Biznesin inkiaşfı üçün uzun müddətli və bütov strategiya olmaldır, və bu strategiya içində biznesə maneçilik törədən BÜTÜN hallar və qurumların fəaliyyəti və biznesin inkişafı üçün bütün çatışmamazlıqlar analiz edilməlidir. daha sonra isə bütün bu maddələri bir bir təfərrüatlı işləmək lazımdır. biznesə nəfəs almağa imkan və dəstək verilmədlir.

Gözəl bir bitki yetişdirmək üçün onu ancaq sulamaq kifayət etmir : doğru nisbətdə iqlim, hava, günəş, gübrə, qayğı lazımdır. eynisi biznesə də aiddir. Biz isə gün biznesə ancaq gübrənin verildiyini görürük :)

Biznesi yalnız və lazım olan dəstək verilmədən qoyduqdan sonra biz bu gün qarşımıza çıxanı görürük : zəyif, axsayan və inkişaf edə bilməyən biznes. Və bizlər, narazı müştərilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *