1477208116_kreativ_006-e1422567125671
Məqalələrim

Azərbaycanda şirkətlər niyə çökür?

     Azərbaycan iş dünyası nə qədər də bu gün stabil görünsə də, biznesdə olan insanlar bu sakitlik örtüyünün altında nə qədər problemlərin olduğunu, bir neçə böyük şirkətlərin artıq çökdüyünü və bu çökmələrin davam edəcəyini yaxşı bilir və görür. Gün ərzində görüşdüyüm və bizneslə yaxınlığı olmayan insanların adətən verdiyi suallar bunlar olur : Bəs necə oldu axı, bizim o qədər böyük bizneslərimiz vardı – indi necə oldu ki, bir dəfədə zəiflədilər? Niyə bizim sahibkarlar bunu öncədən düşünmədilər və tədbirli olmadılar?
     Xaricdən geri döndükdən sonra artıq 16 ildir ki, Azərbaycan iş dünyasının içindəyəm. Biznesin necə formalaşdığını, sahibkarların hansı mərhələlərdə necə qərarlar verdiklərini çox yaxşı görmüşəm, şirkətlərin və böyük holdinqlərin daxilində olan prosesləri çox yaxından izləmişəm və birbaşa iştirakçısı olmuşam. Buna görə də mənim üçün bu gün Azərbaycan biznesində baş verənlər və sahibkarlarımızın qarşılaşdığı vəziyyəti əslində NORMAL olduğunu düşünürəm.
     Normal o mənada yox ki, belə də olmalıdır. Xeyir, əslində belə olmamalı idi.
     Normal o mənada ki, illərlə etdikləri və etmədikləri indi qarşılarına çıxır.
     Neftin qiymətinin 120 $ və ölkəyə böyük pul kütləsiin gəldiyi dövrlərdə böyük miqyaslı sahibkarlarımız və işadamlarımız özlərini çox uğurlu qəbul etsələr də, onların işlərini izləyən peşəkarlar bu şirkətlərin kiçik çalxantıda necə sarsılacağını rahatca görürdü.
Biznes sahiblərinin və idarəçilərinin iqtisadiinkişafın sürətli olduğu dövrlərdə baxışları və düşüncə tərzləri haqqında qısaca gördüklərimi yazıram.
     1. Biznesə yüngül səyahət kimi baxmaq. Neftin bol və 120 $ olduğu dövrdə insan əlinə bir parça qəzet alıb küçəyə çıxsaydı, maksimum yarım saatda onu kiməsə satardı. İnsanlarda istehlak partlayışı vardı sanki. “Uğurlu” şirkətləridən birinin sahibinə dedim ki, sənin saıcıların satmır – müştəri alır. Sənin satıcın satmağı özünə layiq bilmir, başqa şansı olmadığına görə bu işə gəlib. 
     Böyük dövriyyələrin olduğu dövrdə şirkətlər məhsul çatdırmaqda çətinlik çəkirdi. Və təbii ki, belə bir halda biznesmenlərimiz biznesi yüngül səyahət kimi görürdülər. Əsas o idi ki, xaricdən malı gətirəsən, gömrükdən “bir təhər” keçirəsən və gerisi özü özlüyündə həll edilirdi. Türkiyədə 100 dollara, yəni 78 manata alınan kostyum Bakıda 600 manata satılırdı. 
     2. Day-daya güvənmə. Sirr deyil ki, bəzi bizneslər, sırf “mənim də biznesim var” sözləri xatirinə açılmış bizneslər idi. Bu kimi şirkətlərin məqsədi bir dəyər ortaya çıxarmaq, müştərini məmnun etmək, biznesi böyütmək deyildi – bir insanın eqosunu tətmin etmək üçün olduğuna görə, gəlir, xərc və mənfəət hesablamaları da aparılmırdı. Bu kimi şirkətlər, konkret dotasiyalar sayəsidə yaşayırdılar. Beyni ölmüş və süni nəfəs alma cihazına bağlanmış xəstə kimi. İki devalvasiya və pul kütləsinin azalmasından sonra day-daydan gələn pul axını durdu və nəticədə də….biznes bağlanmalı olur.
     3. Həyata cəhrayı eynəklə baxma. Əksər sahibkarlar dünyada baş verən prosesləri izləmirdi, bu proseslərin bizim ölkəyə təsiri haqqında düşünmürdü və ən əsası da, qətiyyən biznes və idarəçilik mövzusunda heç bir bilik və savada malik olmadıqlarına görə, gələcəklə əlaqəli hərhansısa plan qurmurdu. Neftin daim 120 $ səviyyəsində qalacağına inananlar bir yana, neftin bitməyəcəyini düşünənlər də vardı. Böyük və tanınmış bir şirkətdə rəhbər vəzifədə işləyən bir insan mənə “neft bitmir axı, müəllim” demişdi. 
     4. İşləyərək öyrənmə. Mərmərə Universitetində oxuduğum dərslərdən idarəçi yetişdirmə mövzusunda yadımda qalan məqamlardan biri : – “on the job training” və “off the job training”. Şirkətlərdə rəhbər vəzifələrə gətirilən dost, qohum, əqrəba, tanış və əsgərlik dostları ancaq “on the job training” keçirdilər. Yəni, öncəki həyatında iki pişik belə idarə etməmiş insanlar şirkət və ya departament rəhbəri təyin edilirdi və “əşşi, bir təhər öyrənəcək də işi” deyilirdi. Şirkətlərin gəlirləri o qədər yüksək idi, kiminsə səhvlərinə göz yummaq kimi luksları vardı. Təbii ki, bir anda böyük vəzifə alan və kresloya oturan insanlar şirkətə savadsızlığı ilə zərər verməklə bərabər həm də qarşısında çıxan və özü üçün təhlükə kimi gördüyü hər bilikli insanı əzməyə bə şirkətdən uzaqlaşdırmağa çalışırdı. Tibbi oxumayan insan əməliyyat edərək həkim ola bilər mi? 
     5. Səthi yanaşma. Bütün bunların nəticəsində də təbii ki, biznesə qarşı səthi yanaşma vardı. Şirkətlərdə ancaq 2 şöbə işləyirdi : satış və xəzinədarlıq. Marketinq, reklam, insan resursları, maliyə kimi olduqca vacib işlərə barmaq arası və lazımsız xərc kimi baxılırdı. Böyük və yüzlərlə əməkdaşı olan şirkətlər var ki, insan resurlsarının idarə olunması sistemi yoxdur, marketinq və reklamı təsadüfi insanların nəzarətindədir, tarixi boyunca maliyə analitikası olmayıb.

     İndi isə Siz düşünün… 
     Biznesə səthi baxılır, şirkətin məqsədi gəlir əldə etmək deyil və dotasiyalara iynəsində oturub, rahat və komfortlu ab-havası var, idarəçisi peşəkar deyil və biznesin bünövrəsi olan heç bir fəaliyyət yoxdur.
     Bütün bunlar baş verdiyi halda şirkət NİYƏ ÇÖKMƏSİN?
     Axı çökməsi üçün olmaması gərəkən HƏR ŞEY EDİLİB.

     Bu vəziyyət bu gün davam edir mi? 
     İnsanların həyatlarında olduğu kimi : kimisi nəticə çıxarır və dərhal ölçülər götürərək vəziyyəti xilas edir, kimisi isə olduğu kimi davam edir və çökür. 
     Bu gün Azərbaycan biznesində böyük dəyişiklilər baş verməkdədir və baş verəcək. Qazananlar güclü və böyüklər olmayacaq – dəyişənlər və davamlı dəyişməyə və inkişaf etməyə hazır olanlar olacaq.

 
 

 
 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *